Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-835/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əlizadə Xədicə Nahid qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəzərov Xalid Xaliq oğlunun, zərərçəkmiş şəxs Şahbazov Yavər Vəli oğlunun, təqsirləndirilən şəxs Məmmədov Rövşən Bəhruz oğlunun iştirakları ilə, Məmmədov Rövşən Bəhruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək müəyyə n etdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Məmmədov Rövşən Bəhruz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məmmədov Rövşən Bəhruz oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Sabunçu ərazisində yerləşən Şahbazov Yavər Vəli oğluna məxsus nömrəsiz fərdi evin daş hasarından aşaraq həyətinə qanunsuz daxil olmuş, sonra isə həyətyanı sahədə tikilmiş evin ön hissəsinin sağ tərəfində yerləşən yataq otağının plastik pəncərəsini əli ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağındakı masanın üzərində olan özgənin Yavər Şahbazova məxsus qiyməti 1000 manat olan bir ədəd “Asus” markalı noutbuku, üzərində 100 manat dəyərində 099-236-6868 saylı mobil nömrə olan, 700 manat dəyərində “862358063305048”, “862358063305055” imei kodlu bir ədəd “Xiaomi Redmi Note 11S” markalı mobil telefonu və çarpayının üzərindəki yastığın altından 600 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Şahbazov Yavər Vəli oğluna ümumilikdə 2400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir . Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-29-11/2-141/2024 saylı, 11 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Məmmədli kəndi, Yeni Yaşayış massivi, Abşeron rayonunun mülkiyyətindədir. Sözügedən əraziyə inzibati olaraq Sabunçu rayonu xidmət edir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 16 fevral tarixli 2/2 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024-dən görünür ki, Məmmədi kəndi Abşeron rayonu ərazisinə daxildir. Həmçinin, Sabunçu rayonunun inzibati ərazi dairələrində Məmmədli qəsəbəsi yoxdur. Bundan başqa, Sabunçu rayon icra hakimiyyətinin rəsmi veb saytına baxış zamanı Bakı şəhəri Sabunçu rayonuna daxil olan qəsəbələr arasında Məmmədli qəsəbəsinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs çıxış edərək hər biri ayrı-ayrılıqda işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Dövlət ittihamçısı həmin ərazinin Sabunçu RPİ-nin inzibati ərazisi hesab olunduğunu və həmin əraziyə polis idarəsinin əməkdaşları tərəfindən xidmət aparıldığını qeyd edərək aidiyyat qaydalarının pozulmadığını hesab edərək işin məhkəmə baxışına verilməsini bildirmişdir. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə cinayət əməlinin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, 10 oktyabr 2023-cü il tarixdə baş vermiş cinayət hadisəsinin törədildiyi yer isə Abşeron rayonu olduğundan, cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada “yalnız” ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Məmmədov Rövşən Bəhruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi məhkəmə aidiyyəti pozulmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəra ra a l d ı: Məmmədov Rövşən Bəhruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-835/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-835/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver