Məhkəmə qərarları › İş №1(008)-836/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-836/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-836/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalid oğlunun, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-374/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X4 iştirakçısı, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi otmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan ünvan 3 ünvanında yerləşən fərdi evin qarşısına gələrək orada bir qədər müşahidə apanb ətrafdan heç kimin onun hərəkətlərini görmədiyinə tam əmin olduqdan sonra evin hasarından aşmaq yolu ilə evin həyətinə qanunsuz daxil olmaqla evin həyətindən ümumi dəyəri 110 manat olan 13 mm diametr ölçülü, ümumi uzunluğu 60 metr olan armatur və 120 manat dəyərində 10x10 ölçülü, ümumilikdə 6 metr uzunluğunda dəmir şvelleri gizli talamaqla Zərərçəkmiş şəxs 230 (iki yüz otuz) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 1,755 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 20 fevral 2023-cü il tarixdə, saat təxminən 16:30 radələrində Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffa sellofan bükümdə saxladığı təmiz çəkisi- 1,755 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, işləmədiyindən maddi vəziyyətinin pis olduğu üçün oğurluq yolu ilə pul əldə etmə məqsədi ilə 11 fevral 2023-cü il tarixdə, saat 15.00 radələrində qonşusu Zərərçəkmiş şəxs Mixaylovişə məxsus yaşayış olmayan evindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə sonuncunun evinin hasarından aşmaq yolu ilə evin həyətinə daxil olmuş, həyətdə olan müxtəlif ölçülərdə olan dəmir şveller və armaturları götürüb hasardan küçə tərəfə atmış, bundan sonra hasardan küçəyə tərəf aşaraq oradan çıxmışdır. Oğurladığı armatur və dəmirləri olan hissələri isə hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı ‘‘dəmir yığan" avtomobilin tanımadığı sürücüsünə 20 manata satmış, həmin məbləği isə öz şəxsi problemlərinə xərcləmişdir. Bundan başqa təxminən 3-4 aya yaxındır ki, o, psixotrop maddə metamfetamin istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır, sonuncu dəfə 20 fevral 2023-cü il tarixdə günorta saatlannda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yalnız üzdən tanıdığı, adım və soyadım, eləcə də istifadəsində olan mobil telefon nömrəsini bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümündə psixotrop maddə metamfetamin alıb əynindəki tünd boz rəngli cins şalvann sağ yan cibinə qoymuş və istifadə etmək üçün üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsinə gəlmişdir. 20 fevral 2023-cü il tarixdə, saat 16.30 radələrində ünvan 1 ünvanının qarşısında piyada gedərkən iki nəfər milki geyimdə olan şəxslərin ona yaxınlaşıb Sabunçu RPİ 15-ci Polis bölməsinin əməkdaşları olduqlanı bildirərək adını, soyadını, eləcə də psixotrop maddə və ya psixotrop maddə istifadə edib-etmədiyini soruşmuşlar. Polis əməkdaşlarının bu barədə məlumatlarının olduğunu başa düşüb psixitrop maddə metamfetamin istifadəçisi olduğunu səmimi etiraf etmiş, bundan sonra polis əməkdaşları ona birlikdə 15-ci Polis bölməsinə getməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə həmin bölməyə getmişdir. Polis bölməsində xidməti otaqda polis əməkdaşlanndan biri ona psixotrop maddə metamfetamin aludəçisi olmağında şübhəli bilindiyi üçün Sabunçu RPl 15-ci PBnin əməkdaşlan tərəfindən şübhəli şəxs qismində saxlanılması və polis bölməsinə gətirilməsi barədə məlumat vermişdir. Onun razılığı alınmaqla müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtanş aparılmasına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həmin polis əməkdaşı üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmiş, o, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən içərisində psixitrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşmuş, o, bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin psixotrop maddəni 20 fevral 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adım və soyadım bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını göstərmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Oğurluq cinayəti ilə bağlı zərərçəkmiş şəxsə vurulmuş zərər tam ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə 15-cİ Polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə edərək üzərində saxlaması və daşıması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə raportla məruzə olunmaqla yoxlanılması məqsədi ilə “X1” Azerbaycan Respublikasının Qanununun 10, 11 və 12-ci maddələrinin və Cinayət- Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, Sabunçu RPİ 15-ci PB-nin polis sahə inspektoru, polis kapitanı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu İlə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsinə gedərək məlumatda göstərilən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən etmişlər. Sonuncuya yaxınlaşıb özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirib onu 15-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə 15-ci PB-yə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Faiq Bədəlov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, eləcə də üzərində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub- olmamasının soruşulmuş, sonuncu videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtanşın keçirilməsinə etirazının olub-olmamasının soruşulmuş, Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Sonuncuya təhqiqatçı Faiq Bədəlov tərəfindən üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə varsa təqdim etməsinin təklif olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs üzərində metamfetamin olduğunu bildirib əynində olan tünd boz rəngli cins şalvann sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxaraaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümün təhqiqatçı Faiq Bədəlov tərəfindən açıldıqda içərisindən aşkar olunmuş ağ rəngli kristallardan ibarət kütləni iştirakçılara və videokameraya nümayiş etdirmiş, eləcə də həmin kütlənin nə olması barədə Təqsirləndirilən şəxs sual verilmiş, sonuncunun təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş kütlənin psixotrop maddə metamfetamin olduğunu deyərək, həmin gün, günorta saatlarında Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Zərərçəkmiş şəxs və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Zərərçəkmiş şəxs telefon vasitəsi ilə əlaqə saxlayaraq ona vurulmuş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində tikilmiş yaşayış olmayan fərdi yaşayış evinin həyətidir (i.v.11-13). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş, ağ rəngli kristal şəklində olan maddəyə oxşar maddəni çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı saxlanılan şəxsdən üzərində başqa hər hansı predmetin olubolmamasını soruşaraq özü saxlanılan şəxsin üzərini bir daha yoxlamış, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddənin istifadəçisi olduğunu və öz istifadəsi üçün həmin gün Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir ( i.v. 81-82). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2023cü il tarixli, 6/1043 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Ne161” dairəvi möhür əksi və "...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...Şübhəli şəxs Təqsirləndirilən şəxs- imza, iştirak etdilər-iki imza, qablaşdınldı: F.Bədəlov-imza.." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 1,755 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i.v. 90-94). “Maddi sübut kimi tanıma haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 1,755 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq-1,655 qram metamfetaminin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v.158). “Maddi sübut kimi tanıma haqqında” 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.160). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 01 aprel 2023-cü il tarixli, 1173 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 162-163). “İfadənin yerində yoxlanılması haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir (i.v.188-190). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamayaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur (i.v.51). “Şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 20 fevral 2023-cü il tarixdə, saat 16:30-dan tutulmuş hesab edilmişdir (i.v. 72). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 4(008)-156/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında azad edilmişdir (i.v.130-134). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.135- 136). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 01 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, 16 may 2018-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində AR Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir (i.v. 149-150). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(008)-374/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 18 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.151-157). Azərbaycan Respublikası Medalının İ-6843, İ-6154, İ-3622, İ-4033, İ-20594 nömrəli vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (i.v.191-192). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətləri və X3 iştirakına görə dəfələrlə medallarla təltif olunmasını (AR CM-nin 59.2-ci maddəsi), AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir) nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən azadlıq hüququ məhdudlaşdırılmaqla islah olunmasının mümkün olması qənətinə gəlir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(008)-374/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, hazırki hökmlə təyin edilən cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(008)-374/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, onun həm 1(008)-374/2023 saylı cinayət işi, həm də hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı müddətlər qəti cəzadan bir günə iki gün hesabı ilə çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli 1(008)-374/2023 saylı cinayət işi üzrə təyin edilmiş cəzanın icrası ilə əlaqədar 05 iyun 2023cü il tarixdə Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(008)-374/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(008)-374/2023 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, hazırki cinayət işi üzrə 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 1(008)-374/2023 saylı cinayət işi üzrə təyin edilmiş cəzanın icrası ilə əlaqədar 05 iyun 2023-cü il tarixdə Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,655 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar