Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-838/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Astara rayonu, Səncərədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Səncərədi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, yeni tikilidə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 21 radələrində etibarnamə əsasında “İrşad Electroniks MMC"-nin mülkiyyətində olan “Ford Transit" markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Balaxanı-Sabunçu yolu ilə Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə əməl etməklə yol- nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib həmin ünvanda qarşı əks yolun Təqsirləndirilən şəxs hərəkətdə olduğu zolağıyla hərəkət edən mopedçi X6 avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, ağciyərlərə və böyrəkətrafı yumşaq toxumalaraqansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlər alınmasına və baş beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və qişalarına qansızma ilə əlaqədar baş beyin maddəsinin əzilməsindən ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də sürücü kimi işləyir. Hazırda “Ford Tranzit” markalı, ağ rəngli **-JV-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. Həmin şirkətdə iki ildən çoxdur ki, işləyir. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, iş yoldaşı Orxan ilə işdən evə Binəqədi-Balaxanı şossesi ilə avtomobili 2-ci Mədən deyilən yerdə üzü Sabunçu qəsəbəsinə doğru idarə edirmiş. Daha sonra təxminən 125-130 metr irəlidə onun hərəkət zolağında olan mopedçinin əks istiqamətə yəni ona tərəf hərəkət zolağıyla hərəkət etməsini görmüş, bir dəfə avtomobilinin işıqlarını yandırıb-söndürmüş, ona xəbərdarlıq etmiş, 40 metr məsafə qət etmişdir. Həmin vaxt avtomobili 40-50 km sürətlə idarə etmiş, aralarında 7-8 metr məsafə qalandan sonra isə sükanı sola bursa da, əyləci bassa da mopedlə toqquşmuşdur. O, mopedi görəndən təxminən 50-51 metr məsafə qət edəndən sonra onunla toqquşmuş , moped onun hərəkət zolağının asfalt hissəsinin sağ kənarıyla hərəkət etmişdir. O, mopedi görən zaman dərhal avtomobili saxlamamış və avtomobili sol çəkərək idarə etməklə hadisənin qarşısını alacağını güman etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, X8 onun atası olmuşdur. 23 aprel 2023 tarixdə, saat 21 radələrində o, evdə olarkən polisdən məlumat alıb xəbər tutmuşdur ki, Balaxanı qəsəbəsi, 2-ci Mədəndə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə atasının idarə etdiyi mopedlə Ford markalı avtomobil toqquşub atası hadisə zamanı dünyasını dəyişmişdir. Hazırda cinayət nəticəsində vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və o, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır, onunla çox zaman birlikdə ünvanlara sifariş aparırlar. Təqsirləndirilən şəxs “Ford” markalı **-JV-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 23 aprel 2023 tarixdə, saat 20 radələrində Sovqatla birlikdə Sabunçu qəsəbəsinə doğru Mehdiabad qəsəbəsindən yola çıxmışlat, saat 21 radələrində Balaxanı-Sabunçu yolu ilə üzü Sabunçu qəsəbəsinə doğru Sovqat avtomobili idarə etmiş, 2-ci Mədən deyilən yerdə saatda 50 km sürətlə Sovqat avtomobili idarə edib hərəkətdə olarkən təxminən 120 metr irəlidə onların yolunun əksi ilə bir mopedin hərəkət etməsini görmüşlər. Bu zaman həmin mopedi hərəkət etdirən şəxs hərəkət edərək yolun sağ kənarından onların yolunun orta hissəsinədək hərəkət edib onlarla üzbəüz getməyə başlamış, həmin moped təxminən 50-60 km sürətlə hərəkət etmişdir. Bu zaman Sovqat avtomobilin əyləcini basıb sükanı sola bursa da mopedlə Ford markalı avtomobil toqquşmuşdur. Sovqat dərhal avtomobili saxlamış, onlar avtomobildən düşüb polisə və həkim briqadasına zəng edib məlumat vermişlər. Sonra xəsarət alan şəxsi 3 saylı ŞKX-na həkimlərin köməyilə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 aprel 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2ci Mədən ərazisində baş vermiş, hadisə yerində “Ford” markalı avtomobilin bir metr uzunluğunda tormoz izi vardır (i.v.11-20). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 23 aprel 2023-cü il tarixli, 1/2176 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.22). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Ford” markalı avtomobilin ön və yan şüşə hissələri əzilmiş və yararsız hala düşmüşdür (i.v.29-34). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 3-13-16/2-59003/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2017-ci il taridə 22 avqust 2027-ci il tarixədək etibarlı olan AF 123387 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (i.v.57). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X11 tərəfindən verilmiş məhkəmətibbi ekspertizasının 12 may 2023-cü il tarixli, 118 nömrəli rəyindən görünür ki, mərhum X5 meyitində baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, ağciyərlərə və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin yuxarı və aşağı ətraflarının əzilmiş yaraları, qançır və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən, mərhumun ölümündən az əvvəl 23 aprel 2023-cü il tarixdə və şəraitdə, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhumun ölümünə səbəb alın sümüyünün kəllə əsasın keçən xətti sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir (i.v.61-65). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 iyun 2023-cü il tarixli, 8/1528 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən müəyyən olunan məlumatlar, yəni sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin hərəkətin əksi istiqamətində hərəkətdə olan mopedi gördüyü andan yaranması və təhlükə yaranan anda nəqliyyat vasitələri arasında 50 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə hərəkətin əksi istiqamətində hərəkətdə olan mopedi gördüyü andan deyil, mopedin qarşı sol hərəkət zolağına çıxdığı andan yaranır və təhlükə yaranan anda nəqliyyat vasitələri arasında 50 metrdən dəfələrlə böyük məsafə olmuşdur. İstintaq orqanı tərəfindən müəyyən edilən məlumatlar real hadisə mexanizminə uyğun olmadığından “Ford” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını ala bilməsi ilə bağlı hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq orqanı tərəfindən təqdim edilən məlumatlara əsasən mopedin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.76-79). “İfadənin yerində yoxlanılması haqqında” 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və onun mopedi idarə edən şəxsi görüdüyü anda aralarında 129 metr məsafənin olması müəyyən edilmişdir (i.v.85-88). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 iyul 2023-cü il tarixli, 3-16-16/2-8/2067 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Ford Transit” markalı, 90- JV-771 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. mopedin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.93-97). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 27 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.41). Zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən notarial qaydada verilmiş 17 may 2023-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heş bir şikayət və tələbi yoxdur (i.v.67). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.128). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İfadənin yerində yoxlanılması istintaq hərəkətini özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 213 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-838/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-838/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver