Məhkəmə qərarları › İş №1(008)-84/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-84/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-84/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Cəbrayıl rayonu, Sarıcallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsi 286 nömrəli baxçanın yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin yanvar ayından 01 may 2024-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində yerləşən "xxxx" MMC avtomobillərin təmiri müəssisəsində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrinin satışı mağazasının çöl hissəsində qeyd olunan müəssisənin həyətinə yerə yığılmış ümumi dəyəri 4250 manat olan 17 ədəd avtomobilin arxa stupiça qol qarışıq ehtiyyat hissələrini, ümumi dəyəri 2100 manat olan 7 ədəd avtomobil mühərrikinin alt travesini, ümumi dəyəri 2250 manat olan 30 ədəd avtomobil mühərrik qollarını, ümumi dəyəri 1500 manat olan 30 ədəd avtomobil mühərrikinin üst qapaqlarını, ümumi dəyəri 1080 manat olan 27 ədəd avtomobil mühərrik kollektorlarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 11180 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 təxminən 10 ilə yaxındır ki, tanıyır. Süleyman işlənmiş avtomobil ehtiyat hissələrinin satış ilə məşğuldur. O, ehtiyat hissələrini mağazanın qarşısına yığmışdır. Həmin malların gecə də nəzarətsiz qaldığını bildiyi üçün və maddi sıxıntıları olduğundan oğurluq etmək qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayından tutulduğu vaxta qədər olan müddətə təxminən 5-6 dəfə həmin yerdən mallar oğurlayaraq dəmir yığanlara 40-50 manata sataraq xərcləmişdir. Sonuncu dəfə isə 01 may 2024-cü il tarixdə saat 04 radələrində tək özü yenidən həmin avtomobil ehtiyat hissələrinin olduğu mağazaya gedərək mağazanın qarşısında olan adını bilmədiyi bir neçə ehtiyat hissəsi götürərək yaşadığı evin həyətinə aparıb yığmışdır. Səhərə yaxın taksi sürücüsü olan Ramizə zəng edərək oğurladığı malları “Koroğlu” metrostansiyasına aparacağını demiş və Ramizlə yeddi manata razılaşmışdır. Ramiz onu tanıdığı üçün yaşadığı həyətə gəlmişdir. Bu zaman Süleyman özü onun yaşadığı evin həyətinə gələrək malları oğurladığını aşkar etmiş və dərhal polisə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Oğurladığı ehtiyat hissələrini satdığı şəxslərə həmin əmlakın oğurluq olması barədə heç bir məlumat verməmişdir. Həmçinin Ramizə də oğurluq barədə heç nə deməmiş, ona həmin ehtiyat hissələrinin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Oğurladığı ehtiyat hissələri ağır və çox olduğundan onları bir dəfəyə aparmağı mümkün deyildi, ona görə də həmin yerə ayrı ayrı vaxtlarda həmin ehtiyat hissələrinin qalan hissələrini götürmək üçün gəlib bir neçə dəfəyə aparmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2021-ci il tarixdən Sabunçu rayonu, ünvan 1ndə yerləşən "xxxx" MMC avtomobillərin təmiri kiçik müəssisəsində həm çilingər işləyir, həm də icarə əsasında götürdüyü mağazada avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olur. Qeyd olunan mağaza kiçik olduğu üçün avtomobil ehtiyyat hissələrinin bir hissəsini qeyd olunan müəssisənin həyətində saxlayır. 2024-cü ilin əvvəllərindən hiss etməyə başlamışdır ki, çöl hissədə yerə yığdığı ehtiyat hissələrinin bir qismi yoxdur. Bundan sonra bir qədər gözləmişdir ki, ola bilsin ki, hesablamalarda özü səf edir. Lakin, aradan bir müddət keçdikdən sonra görmüşdür ki, bir neçə ehtiyyat hissəsi də yoxdur. Bundan sonra bilmişdir ki, kimsə oğurluq edir. Müəssisənin həyətində video müşahidə kameralarına baxsa da oğurluq hadisəsini aşkar etməmişdir. Çünki həmin müşahidə kameraları ehtiyat hissələrinin qoyulduğu yeri qeydə almırdı. 2024-cü ilin təxminən aprel ayında dostu Şahid1 zəng vurub ona bu barədə məlumat vermişdir ki, əgər şübhələndiyi bir hal olsa ona məlumat versin. Belə ki, Süleyman hərdən bekar olanda onun yanına gəlib gedir. 02 may 2024-cü il tarixdə müşahidə kameralarına baxanda görmüşdür ki, bir nəfər şəxs bir ədəd mühərriki çiyninə qoyub aparır. Həmin görüntünü telefonu ilə çəkib “whatsapp” vasitəsilə Süleymana göndərmişdir ki, bəlkə tanıyar. Süleyman da həmin görüntüyə baxdıqdan sonra ona zəng vurub bildirmişdir ki, görüntüdə olan şəxs müəssisənin yaxınlığında yaşayan Asim adlı şəxsdir, sonuncu müəssisənin yaxınlığında məcburi köçkünlər üçün nəzərdə tutulmuş yataqxanada yaşayır. Bundan sonra Süleymandan xahiş etmişdir ki, həmin şəxsin yaşadığı evi tanıdığı üçün evlərinə getsin. Bir neçə saat keçdikdən sonra Süleyman ona zəng vurub bildirmişdir ki, Asimin yaşadığı həyətə gedibdir, həyətinə daxil olduqda həyətdə Toyota markalı avtomobilin olduğunu, Asimin oğurlayaraq həyətdə yığdığı avtomobil ehtiyat hissələrini avtomobilə yüklədiyini görmüşdür. Süleymandan xahiş etmişdir ki, bu barədə polisə məlumat versin. Süleyman da onun xahişi ilə polisə məlumat verərək 13-cü PŞ-də ərizə yazmışdır. Asim adlı şəxs 2024-cü ilin yanvar ayından may ayına qədər olan müddət ərzində ona məxsus ümumilikdə 11180 manat məbləğində avtomobil ehtiyat hissələrini oğurlamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqlarını, ona vurulmuş maddi ziyanın qismən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən “Könül“ MMC avtomobillərin təmiri kiçik müəssisəsinin müdiri dostu Zərərçəkmiş şəxsdur. Həmin müəssisədə işləməsə də dostuna arabir kömək etmək üçün müəssisəyə gedir, həm də avtoehtiyat hissələri üçün müştəri tapanda müəssisəyə aparır. Həmin müəssisə həm də avtoehtiyat hissələrinin satışı ilə məşğuldur. Satılan avtomobil ehtiyyat hisssələri “Mercedes” markalı avtomobilə məxsus işlənmiş ehtiyat hissələridir, həmin ehtiyat hissələri çox olduğundan onların bir hissəsi yeşiklərin içərisində yığılıb üzəri tentlə bağlanmışdır. Dostu Sehran 2024-cü ilin təxminən aprel ayında ona zəng edərək bildirmişdir ki, ehtiyat hissələrinə nəzər yetirdikdə bir neçə yeşiyin boş olduğunu, içərisindəki ehtiyat hissələrinin yerində olmadığını, oğrulandığını aşkar etmişdir. Müəssisənin həyətində video müşahidə kameraları olsa da, həmin ehtiyat hissələrinin qoyulduğu yeri kameralar qeydə almırdı, ona görə də oğurluq edən şəxsin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, işçilər tərəfindən həmin ehtiyat hissələrinin bir çox hissəsi, yəni əsas və qiymətli olanları müşahidə kamerasının qeydə aldığı yerə yığılmışdır ki, oğurluq edən şəxsi müəyyən etmək mümkün olsun. 02 may 2024-cü il tarixdə evdə olduğu zaman Sehran ona mobil telefonla zəng edərək oğurluq hadisəsinin müşahidə kameralarında əks olunduğunu bildirmiş, görüntülərdə əks olunan şəxsi tanıyıb-tanımamağını bilmək üçün müşahidə kamerasının qeydə aldığı görüntünü “whatsapp” vasitəsilə ona göndərmişdir. Videogörüntüyə baxanda oğurluq edən şəxsin müəssisənin yaxınlığında yaşayan Asim adlı şəxs olduğunu, həmin şəxsin ehtiyat hissələrindən bir ədəd mühərriki çiyninə qoyub apardığını müəyyən etmişdir. Asim adlı şəxsi müəssisənin yaxınlığında məcburi köçkünlər üçün nəzərdə tutulmuş yataqxanada yaşayır. Evdən çıxaraq bir-başa Asimin yaşadığı ünvana getmiş, onun həyətinə daxil olduqda həyətdə “Toyota” markalı avtomobilin olduğunu, Asimin oğurlayaraq həyətdə yığdığı müəssisəyə məxsus avtomobil ehtiyat hissələrini avtomobilə yüklədiyini görmüşdür. Asimə yaxınlaşıb nə üçün belə hərəkət etdiyini soruşduqda o, ehtiyacı olduğundan oğurluq etdiyini bildirmişdir. Avtomobilin sürücüsü ilə də həmin vaxt sorğu sual etdikdə o, ümumilikdə üç dəfə Asimin yaşadığı həyətdən avtomobil ehtiyat hissələrini onun idarə etdiyi avtomobilə yükləyib Sabunçu rayonu ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparıb satdığını bildirmişdir. Həmin sürücünün dediyinə görə Asim həmin ehtiyat hissələrini satdığı metal qəbulu məntəqəsində özünün usta olduğunu, həmin materialların özünə məxsus olduğunu bildirmişdir. Bu barədə Sehrana xəbər etdikdə Sehran ondan xahiş etmişdir ki, hadisə barədə polisə müraciət etsin. Bundan sonra hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Toyota X Lux” markalı **-VZ-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Asim əvvəllər bir neçə dəfə taksi lazım olanda onunla əlaqə saxlamış və ona qeyd olunan avtomobili ilə taksi xidməti göstərmişdir. xx.xx.2024-cü il tarixdə Asim ona zəng vurub özünə məxsus yaşadığı evdə tullantı metal olduğunu, həmin metalları aparıb metal qəbulu məntəqəsinə satmaq işdəyini, metalları aparmaq üçün yaşadığı evə gəlməyini bildirmiş, bundan sonra onun yaşadığı Suraxanı rayonu 80 nömrəli orta məktəbin yaxınlığında yerləşən baxçanın həyətinə getmişdir. Asim həyətdə olan metalları avtomobilə yığanda bir nəfər şəxs yaxınlaşıb həmin metalların ona məxsus olduğunu bildirmişdir. Sonra həmin şəxs polisə məlumat verdiyi üçün 13-cü PŞ-nin əməkdaşları gəlib onları polis şöbəsinə aparmışdır. Polis şöbəsində ona məlum olmuşdur ki, əslində həmin metallar Asimin özünə məxsus deyilmiş, sonuncu həmin metalları bir gün əvvəl oğurlamışdır. Lakin, qeyd etdiyi kimi əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsidir. Hadisə yeri həmin küçədə fəaliyyət göstərən avtomobil ehtiyyat hissələri mağazasının qarşısıdır. Cinayət işinin 30-cu vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 04 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-67-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi və saxlanıldığı X1 azad olunması barədə” 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Vüqar Hadinin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 06 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 94-cü vərəqində olan “Diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİnin İstintaq Şöbəsinin müstəntiqi X2, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 01 may 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində yerləşən "xxxx" MMC avtomobillərin təmiri müəssisəsində yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrinin satışı mağazasında baş vermiş oğurluq hadisəsini əks etdirən videogörüntülər və fotoşəkillərin olduğu bir ədəd DVD formatlı diskə keçirilmiş baxışdan görünür ki, həmin diskdə 01 ədəd MP4 formatlı videofayl və 03 ədəd foto şəkil vardır. Həmin videofayl açıldıqda 01 dəqiqə 02 saniyəlik müddətdə davam edən videogörüntünün olması müəyyən edilir. Videogörüntüyə baxış keçirilərkən müəyyən edilir ki, görüntü 01 may 2024-cü il tarixdə saat 05:14 radələrində qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin obyektdən avtomobil ehtiyat hissələrinin hissə-hissə olmaqla daşıyıb oğurlaması əks olunur. Diskdə olan foto şəkillərdə isə Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid2 məxsus avtomobilin yük yerinə yükləyib daşıması məqsədi ilə istifadə etdiyi avtomobil, həmin avtomobilin sürücüsü Şahid2 Təqsirləndirilən şəxs ilə birlikdə avtomobil ətrafında şəkilləri öz əksini tapır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan qismən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş zayanın qismən ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar