Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-840/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə, gecə saat 02 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən iki dirək arasında olan məsafadən bir metrinin dəyəri 3,30 AZN olan TTP 50x2 tipli 100 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-yə ümumilikdə 330 AZN maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 aprel 2022-ci il tarixdə, gecə saat 02 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən üç dirək arasında olan məsafadən bir metrinin dəyəri 2,60 AZN olan TPP 30x2 tipli 110 metr uzunluğunda dövlət və ya ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-yə ümumilikdə 226,60 AZN maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, iş materiallarına Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi orderi əlavə edilsə də, iş materiallarında olan (səh 30) “Müdafiəçinin təqdim edilməsi barədə” 24 aprel 2022-ci il tarixli protokoldan başlayaraq “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar da daxil olmaqla təqsirləndirilən şəxsin iştirakı ilə keçirilən bütün istintaq hərəkətlərini protokollarının, “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarların heç biri vəkil Müdafiəçi tərəfindən imzalanmamış, lakin müdafiəçinin adı formal olaraq həmin sənədlərdə əks olunmuşdur. Göstərilən bu hal cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin iştirakı ilə həyata keçirilən bütün istintaq hərəkətlərinin onun müdafiəçisinin iştirakı olmadan keçirilməsinə, onun barəsində qəbul edilmiş bütün prosessual qərarlarla təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı olmadan tanış edilməsinə, bununla da onun müdafiə hüququnun kobud pozulmasına dəlalət edir. Həmçinin, hazırlıq iclasında dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu qeyd edərək cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarında olan sənədlərdə, yəni “şübhəli şəxsin tutulması haqqında”, “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi və ona bu barədə bildirişin verilməsi barədə”, “müdafiəçinin təqdim edilməsi barədə”, “şübhəli şəxsin dindirilməsi”, “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında qərarın surətinin, hüquq və vəzifələrinə dair bildiriş verilməsi”, “təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi haqqında”, “təqsirləndirilən şəxsin dindirilməsi”, “ifadənin yerində yoxlanması haqqında”, “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat vermə haqqında”, “təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokollarda, “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlarda müdafiəçinin iştirakı qeyd olunsa da, həmin sənədlərin hər hansı birində müdafiəçinin imzasının olmaması müəyyən edilmişdir.Müstəntiq tərəfindən tərtib edilmiş sənədlərdə müdafiəçinin imzasının olmaması onun cinayət işinin başlandığı tarixdən məhkəməyə göndərilənədək olan müddət ərzində müdafiəsiz qalmasını göstərməklə ibtidai istintaq zamanı müdafiəçinin iştirakının birmənalı olaraq şübhə altına alır. Həmçinin, cinayət işinə əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs maddi imkanı aşağı olduğundan dövlət büdcəsi vəsaiti hesabına onun müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan və təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edildikdən sonra guya şübhənin və ittihamın mahiyyəti ona izah edilməklə etirafedici ifadələr vermiş, ibtidai istintaqın sonunadək iş materiallarında olan sənədlərdə hər hansı vəsatətin olmadığı göstərilmişdir. Halbuki, hüquqi yardım almaq istədiyini bildirən şəxs real şəkildə müdafiəçi ilə təmin edilmiş olsaydı, ona hüquq və vəzifələri izah olunardı və qanunla özünün müdafiəsi üçün dəlillər gətirə, etiraz və vəsatətlər verə, eləcə də, qanunla ona verilmiş hüquqlardan istifadə edə bilərdi. Lakin o, bu hüquqlardan məhrum edilmişdir. Həmçinin, bu hallar şübhəli və təqsirləndirilən müdafiə hüququnun, hüquq və vəzifələrinin izah edilməməsi, tam və düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə əldə edilmiş sübutların iş üzrə gələcəkdə sübut kimi qəbul edilməsini şübhə altına almaqla sübutlar siyahısından xaric edilməsinə əsaslar yaradardı. Beləliklə, müstəntiq tərəfindən ibtidai istintaq dövründə müdafiəçinin real iştirakı təmin edilməyərək qanunun tələbinə zidd olaraq formal prosessual hərəkətlər yerinə yetirilmişdir və bununla da nəticədə məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin müəyyən etdiyi və dövlət ittihamçısının vəsatətdə göstərdiyi hallarla razı olduqlarını bildirərək işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-ci maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, hüquqlarını izah etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. 90.7.2-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüquqlarını həyata keçirir. 91.5.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququnu həyata keçirir. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dövlət ittihamçısının vəsatətində qeyd etdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiqlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-840/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-840/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver