Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-840/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Neftçala rayonu Dördlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu Dördlər kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əla keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə yanğın söndürən vəzifəsi üzrə işə düzəltməyə kömək göstərmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib Zərərçəkmiş şəxs1 inam və etibarını qazanmış, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda Şahid1 həmin vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib vahid niyyətlə əhatə edilən qəsdlə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni Yaşayış massivi Əlövsət Quliyev küçəsində nömresiz evin həyətində 05 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində sonuncudan 3500 manat, 09 sentyabr 2022-ci ildə saat 13 radələrində həmin ünvanda 2000 manat, 13 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində eyni ünvanda 1000 manat və 18 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində həmin ünvanda 800 manat məbləğində pul alaraq verdiyi vədə əməl etməyərək etibardan suiistifadə etmə ve aldatma yolu ilə aləraq Zərərçəkmiş şəxs1 cəmi 7300 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs2 “Opel Astra" markalı **-FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ucuz qiymətə satışda olduğunu, həmin avtomobili ucuz qiymətə alıb sonra baha qiymətə satmaqla əlavə pul qazanacaqları barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib Zərərçəkmiş şəxs2 inam və etibarını qazanmış, sonuncunu özünə inandırıb həmin avtomobili almaq üçün Zərərçəkmiş şəxs2 yalan vəd verib vahid niyyətlə əhatə edilən qəsdlə sonuncunun yaşadığı ünvan 1 ünvanında 05 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Həsən Qembərovdan 3500 manat və 10 dekabr 2022-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 2000 manat məbləğində pul alaraq verdiyi vədə əməl etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə alaraq Zərərçəkmiş şəxs2 cəmi 5500 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun barəsində etdikləri şikayət ərizələri ilə bağlı bildirmişdir ki, o, Həsəni bir neçə il əvvəl tanımışdır. Onun Həsənlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. O, Həsənlə tanış olduqdan sonra onunla birlikdə Rusiya Federasiyasına gedib ev-tikinti sahəsində birlikdə işləmişlər. 2022-ci ilin avqust ayında o, Həsənlə birlikdə olarkən sonuncu ona Zahir adlı qohumunun oğlu X3 Nazirliyində işə qəbul etdirmək istədiyini demiş və Zahirə kömək etməyini xahiş etmişdir. O, Həsənə bununla bağlı maraqlanacağını, iş olduğu halda çalışıb Hüseyni işə qəbul etdirəcəyini demişdir. O, Həsənə Zahirlə görüşüb söhbət etmələrini bildirmiş, bir neçə gün sonra o, tanışları Mehman və Coşqunla birlikdə Mehdiabad qəsəbəsində olarkən Həsən ona zəng edərək Zahirlə yanına gəlmək istədiklərini demiş, o da Həsənə Mehdiabad qəsəbəsində olduğunu, oraya gəlmələrini demişdir. Həmin gün Həsən Zahirlə birlikdə gələrək onunla görüşmüşdür. Zahir oğlu Hüseyni işə qəbul etdirmək istədiyini demiş, bu işdə kömək etməyini xahiş etmişdir. O, Zahirə çalışıb Hüseyni işə qəbul etdirəcəyini, bunun üçün pula ehtiyacın olduğunu demişdir. Zahir Hüseynin işə qəbul olunması ilə bağlı lazım olduğu qədər pul verəcəyini demişdir. O, Zahirə Hüseynin sənədlərini və təxminən 7000-7500 manat pul hazırlamasını demişdir. Pula ehtiyacı olduğu üçün o, Zahirin oğlu X3 Nazirliyinə işə qəbul etdirməyini, pulu isə özünə götürüb ehtiyaclarını qarşılamağını qərara almışdır. Razılaşaraq evə getmişlər. 05 sentyabr 2022ci il tarixdə saat 12 radələrində o, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni Yaşayış massivinə Zahirin yaşadığı evə getmişdir. O, Zahirdən oğlu Hüseynin sənədlərini və pulun yarısını istəmişdir. Həmin vaxt Zahir Hüseynin sənədlərini və 3500 manat pul vermişdir. O, Zahirə pulun qalan hissəsini də bir neçə gün ərzində verməsini, 2022-ci ilin sentyabr ayının sonlarında Hüseynin işə qəbul olunacağını demişdir. 09 sentyabr 2022-ci ildə saat 13 radələrində yaşadığı evdə o, Zahirdən 2000 manat, 13 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində 1000 manat və 18 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində 800 manat, cəmi 7300 manat məbləğində pul almışdır. Lakin, onun pula ehtiyacı olduğu üçün Zahirin verdiyi pulu xərcləmişdir. O, tanışı Mehmana Zahirin oğlunun işə qəbul olunmasına kömək etməsini demişdir. Mehman isə əvvəl bu barədə kömək edə biləcəyini desə də, sonradan heç bir kömək edə bilməyəcəyini bildirmişdir. Zahir oğlunun işi ilə maraqlananda o, vaxt qazanmaq üçün evdə olan Fövqəladə Hallar Nazirliyinin geyim formasını Hüseynə vermiş, Hüseynə yalandan işə qəbul olunduğunu demişdir. Sonrakı müddətdə Zahir aldadıldığını bilmiş, ondan pulunu istəmişdir. Maddi imkanı olmadığı üçün o, Zahirin puluni qaytara bilməmişdir. 2023-cü ilin yanvar ayında o, Zahirə cəmi 2000 manat pul qaytarmışdır. Bundan başqa 2022-ci ilin dekabr ayında Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşamış tanışı Firdovs adlı şəxs ona Almaniya Respublikasına gedəcəyini, özünə məxsus Opel Astra markalı ** FH *** dövlət qeydiyya nişanlı avtomobili 7000 manata satışa qoyduğunu demişdir. O, avtomobilə baxaraq yaxşı vəziyyətdə olduğunu görmüş, həmin avtomobili ucuz qiymətə alıb baha qiymətə satmağın mümkün olduğunu, bu yolla əlavə qazanc əldə etməyin mümkün olduğunu görmüşdür. Onun pulu olmadığı üçün bu barədə tanışı Həsənə demiş və Həsəndə avtomobili almaq üçun 7000 manat pul istəmişdir. Həsən ona 4000 manat pul verməyə razı olmuşdur. 2022-ci illin dekabr ayının əvvəllərində Həsən ona 4000 manat məbləğində pul vermiş, o "Ravon R3" markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında götürmüş, həmin avtomobili icarəyə vermiş, qalan pulu ödəyə bilmədiyindən aralarında olan razılığa əsasən avtomobili aldığı şəxs Firdovsiyə qaytarmışdır. Avtomobil alıb satmaq adı ilə Həsəndən cəmi 4000 manat almışdır. Həsəndən şəxsi ehtiyacları ilə bağlı hadisədən əvvəl 1500 manat borc istəmiş, Həsən də ona borc vermişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayında o, oğlu Hüseyni işə qoymaq istəmişdir. Həmin ərəfədə qardaşının qudası olan Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Elnurun onun oğlu Hüseynin işə qəbul olunmasına kömək edə biləcəyini demişdir. Bundan sonra Həsən Mehdiabad qəsəbəsində Qədim şəhər restoranında onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Həmin vaxt Elnur əvvəllər tanımadığı Mehman adlı şəxslə birlikdə gəlmişdir. Söhbət əsnasında Elnur ona oğlu Hüseynin sənədlərini toplayıb Elnura verməyini, bundan sonra Hüseyni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi X6 Xidmətinə yanğın söndürən vəzifəsi üzrə işə qəbul etdirəcəyini demişdir. Elnur şəxsi əlaqələrindən və işgüzar nüfuzundan istifadə edərək Hüseyni işə qəbul etdirmək üçün adını bildirməyi müəyyən şəxslərlə görüşəcəyini, Hüseyni işə qəbul etmələrini xahiş edəcəyini bildirmişdir. Mehman onların yanından getdikdən sonra Elnur ona Hüseyni işə qəbul etdirmək üçün 7000 manat pul verməli olduğunu, həmin məbləğ pulu verdikdən sonra Hüseynin 2022-ci ilin sentyabr ayının sonlarınadək işə çıxacağını və yüksək məbləğdə maaş alacağını demişdir, o, Elnura inanmış və Hüseyni işə qəbul etdirmək üçün 7000 manat pul verməyə razı olmuşdur. Onların söhbəti burada yekunlaşmış və yaşadıqları evə getmişlər. Bundan sonra o, Hüseynin barəsində yaşayış yerindən arayış almış, şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və digər sənədlərini toplamışdır. 05 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Elnur Kürdəxanı qəsəbəsi Yeni Yaşayış massivi Əlövsət Quliyev küçəsində yerləşən onun yaşadığı ünvana gələrək Hüseynin işə qəbul olunması ilə bağlı pulun yarısını verməyini demişdir. Həmin vaxt o, yaşadığı evin həyətində oğlu Hüseynin yanında Elnura 3500 manat pul və Hüseynin sənədlərini vermişdir. Elnur ona Hüseynin sənədlərini aparıb Kadrlar idarəsinə verəcəyini, bir neçə gün sonra gəlib pulun qalan hissəsini də götürəcəyini, 2022-ci ilin sentyabr ayının sonlarında Hüseynin işə çıxacağını demişdir. Bundan sonra Elnur getmiş, 09 sentyabr 2022-ci ildə saat 13 radələrində Elnur yenidən onun yaşadığı ünvana gəlib Hüseynin işə qəbul olunması ilə bağlı pul istəmişdir. O, yaşadığı evin həyətində Hüseynin yanında Elnura 2000 manat pul vermişdir. 13 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Elnur yenidən yaşadığı ünvana gəlmiş və Hüseynin işə ilə bağlı pul istəmişdir. O, yaşadığı evin həyətində Hüseynin yanında Elnura 1000 manat pul vermişdir. Bununla da, o, Elnura 6500 manat pul vermişdir. Onun Elnura 500 manat verəcəyi qalmışdır. 18 sentyabr 2022-ci il tarixdə saat 11 radələrinda Elnur yenidən yaşadığı ünvana gələrək Hüseynin işə qəbul olunması ilə bağlı ondan 800 manat pul istəmişdir. Elnur ona artıq Hüseynin işə qəbul edildiyini, bir neçə gün sonra Hüseynin işə qəbul olunması ilə bağlı əmr veriləcəyini və Hüseynin işə çıxacağını demişdir. O, Elnura 500 manat pul verməli olduğunu desə də, Elnur ondan 800 manat pul istəmiş, əlavə xərclərin yarandığını demişdir. O, yaşadığı evin həyətində oğlu Hüseynin yanında Elnura 800 manat pul vermişdir. Bir neçə gün sonra Elnur onun yaşadığı ünvana gələrək Hüseynə fövqəladənin əməkdaşlarının geyindiyi paltardan bir dəst verərək bir neçə gün sonra Hüseynin işə çıxacağını demişdir. Lakin, Hüseynin işə qəbul olunması ilə bağlı əmr verilməmiş, Fövqəladə Hallar Nazirliyindən Hüseyni çağırmamışlar. O, Elnur tərəfindən aldadıldığını bildikdən sonra Elnurdan pulunu tələb etmişdir. Elnur hər dəfə müxtəlif bəhanələr gətirib onu gözlətmiş və vaxtı uzatmışdır. O, şikayət edəcəyini bildirdikdən sonra Elnur 07 yanvar 2023-cü il tarixdə ona məxsus bank kartına 2000 manat pul köçürmüşdür. Lakin, Elnur onun qalan 5300 manat pulunu qaytarmamışdır. Bu səbəbdən o, 10 fevral 2023-cü il tarixdə Elnurun barəsində şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin sonlarında Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində təsadüfən tanış olmuşdur. Bundan sonra o, Elnurla birlikdə Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərində ev-tikinti işlərində usta işləmişlər. Onun Elnurla yaxşı münasibəti olmuşdur. 2022-ci ilin avqust ayında onlar Azərbaycanda olmuşlar. Həmin vaxt o, Elnurla söhbət edərkən sonuncu ona şəxsi əlaqələrinin geniş olduğunu, müraciət edən şəxs olduğu halda Fövqəladə Hallar Nazirliyinə işə qəbul etdirə bildiyini demişdir. Həmin ərəfədə onun qohumu Zərərçəkmiş şəxs1 ona oğlu Hüseyni işə qəbul etdirmək istədiyini demişdir. O, Zahirə Elnur adlı tanışının olduğunu, Elnurun bir dəfə ona şəxsi əlaqələrinin geniş olduğunu, uyğun gələn şəxsi Fövqəladə Hallar Nazirliyinə işə qəbul etdirə bildiyini, Elnurla görüşüb bu barədə söhbət etməsini demişdir. Zahir ona Elnurla görüşmək istədiyini demiş və Elnurla Zahiri görüşdürməyini xahiş etmişdir. 2022-ci ilin avqust ayının sonlarında o, Zahirlə birlikdə Mehdiabad qəsəbəsində yerləşən restoranda Elnurla görüşmüşlər. Elnur Mehman adlı şəxslə birlikdə gəlmişdir. Söhbət əsnasında Zahir oğlu Hüseyni işə qəbul etdirmək istədiyini demişdir. Elnur Zahirə geniş əlaqələrindən istifadə edib bir ay müddətində Hüseyni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi X6 Xidmətinə yanğın söndürən vəzifəsi üzrə işə qəbul etdirəcəyini, Hüseynin 2022-ci ilin sentyabr ayında işə çıxacağını demişdir, Mehman oradan durub getdikdən sonra Elnur Hüseyni işə qəbul etdirmək üçün Zahirdən 7000 manat pul istəmişdir. Zahir oğlu Hüseyni işə qəbul etdirəcəyi halda Elnura 7000 manat pul verməyə razı olmuşdur. 2022-ci ilin sentyabr ayında Zahir ona zəng edərək hissə-hissə olmaqla Elnura əvvəlcə 3500 manat, sonra bir dəfə 2000 manat, bir dəfə 1000 manat, sonuncu dəfə isə 800 manat olmaqla cəmi 7300 manat pul verdiyini demişdir. 2022-ci ilin dekabr ayında Elnur onunla görüşüb "Opel Astra” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı bir minik avtomobilinin olduğunu, həmin avtomobilin sahibinin Almaniya Respublikasına gedəcəyini, bu səbəbdən avtomobili ucuz qiymətə satdığını demişdir. Elnur həmin avtomobili almaq üçün ondan 4000 manat pul istəmişdir. Elnur onun pulu ilə avtomobili almalarını, sonra isə baha qiymətə satıb əlavə pul qazanmalarını demişdir. O, Elnuru tanıdığı üçün sonuncuya inanmış və avtomobili almaq üçün Elnura 4000 manat pul verməyə razı olmuşdur. 05 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Elnur onun yaşadığı ünvana gəlmişdir. O, yaşadığı ünvan 2 ünvanında Elnura 4000 manat pul vermişdir. Lakin Elnur ona bildirdiyi həmin avtomobili almamışdır. Beləliklə, də Elnur onu aldadıb 4000 manat pulunu ələ keçirmişdir. Həmin ərəfədə o, Elnurun Zahiri də aldatdığını, Zahirin oğlu Hüseyni işə qəbul etdirmədiyini bilmişdir. O, Elnura onun və Zahirin pulunu qaytarmasını, əks halda barəsində şikayət edəcəklərini demişdir. Buna baxmayaraq Elnur onun pulunu qaytarmamışdır. Bu səbəbdən o, 09 fevral 2023-cü tarixdə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə şikayət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobil alqı satqısı üçün həqiqətəndə 4000 manat vermiş, lakin Təqsirləndirilən şəxs əlavə olaraq şəxsi ehtiyacları ilə bağlı 1500 manat borc vermişdir, ümumilikdə Təqsirləndirilən şəxs ona 5500 manat məbləğində verəcəyi olduğundan polis nölməsinə ərizə ilə müraciət edərkən ona dəymiş ziyan kimi 5500 manat məbləğ göstərmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayında o, Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində işə qəbul olunmaq istəmişdir. Həmin vaxt atası ona qohumu Həsənin vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi X6 Xidmətinə yanğın söndürən vəzifəsi üzrə işə qəbul etdirəcəyinə söz verdiyini demişdir. Atası bunun üçün Elnurun 7000 manat pul istədiyini demişdir. O, atası ilə birlikdə sənədlərini toplamışdır. 05 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Elnur Kürdəxanı qəsəbəsi Yeni Yaşayış massivi Əlövsət Quliyev küçəsində yerləşən yaşadıqları ünvana gələrək onun işə qəbul olunmağı ilə bağlı pulun yarısını istəmişdir. Həmin vaxt atası həyətdə Elnura 3500 manat pul və onun sənədlərini vermişdir. Elnur sənədlərini aparıb Kadrlar idarəsinə verəcəyini, bir neçə gün sonra gəlib pulun qalan hissəsini də götürəcəyini, 2022-ci ilin sentyabr ayının sonlarında işə çıxacağını demişdir. 09 sentyabr 2022-ci ildə saat 13 radələrində Elnur yenidən gəlib pul istəmişdir. Atası Zahir onun yanında Elnura 2000 manat pul vermişdir, 13 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Elnur yenidən onun yaşadığı ünvana gəlmiş və qalan pulu istəmişdir. Atası Zahir onun yanında Elnura 1000 manat pul vermişdir. 18 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Elnur yenidən onun yaşadığı ünvana gələrək atasından 800 manat pul istəmişdir. Elnur artıq işə qəbul olunduğunu, bir neçə gün sonra işə qəbul olunmağı ilə bağlı əmr veriləcəyini və işə çıxacağını demişdir. Atası evin həyətində onun yanında Elnura 800 manat pul vermişdir. Bir neçə gün sonra Elnur yaşadığı ünvana gələrək ona bir dəst forma vermişdir. Elnur onu təbrik edərək işə qəbul olunduğunu, bir neçə gün sonra işə çıxacağını demişdir. Lakin, onun işə qəbul olunmağı ilə bağlı əmr verilməmiş, onu nazirliyinə çağırmamışlar. Onlar Elnur tərəfindən aldadıldığını bildikdən sonra atası Elnurdan pulunu tələb etmişdir. Elnur hər dəfə müxtəlif bəhanələr gətirmişdir, 07 yanvar 2023-cü il tarixdə Elnur pulun 2000 manatını qaytarsa da, qalan pulu qaytarmamışdır. Bu səbəbdən atası Zahir 10 fevral 2023-cü il tarixdə Elnurun barəsində şikayət etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti ev 111-də qeydiyyatda olmuş və Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zəngəzur küçəsi Yeni məhəllədə yaşamışdır. O, Təqsirləndirilən şəxs 2022-ci ilin yay fəslində tanışı Coşqunun vasitəsi ilə tanımışdır. Onun Elnurla qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. 2022ci ilin avqust ayında o, Coşqun və Elnurla birlikdə olarkən Elnur Rusiya Federasiyasında birlikdə işlədiyi tanışı Həsənin gələcəyini, birlikdə oturub çay içmələrini demişdir. O, Coşqun ve Elnurla birlikdə Mehdiabad qəsəbəsində yerləşən çayxanaya getmişlər. Sonra hamin çayxanaya Həsən və Zahir adlı şəxslər gəlmişlər. X5 qohumu olduğunu, Zahirin oğlunu Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə xidmətində işə düzəltmək istədiyini demişdir. Elnur isə Zahirə oğlunu işə düzəldə biləcəyini demişdir. Həmin mövzuda Elnur, Zahir və Həsən söhbət etmişlər. O, isə həmin şəxslərin söhbətinə müdaxilə etməmişdir. Bundan sonra o, Coşqunla birlikdə Elnurla sağollaşıb getmişdir. Sonradan Həsən ona Elnurun Zahirdən 7300 manat pul aldığını, lakin, Elnurun Zahirin oğlunu Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə xidmətində işə düzəltmədiyini demiş, Elnurun Zahiri aldatdığını demişdir. O, isə X4 barəsində polis orqanlarına şikayət etməsini məsləhət görmüşdür.(i.v.136-138); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinin baxışının aparılması haqqında 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.6-9); hadisə yerinə baxış keçirilməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.26-28); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.45); zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.55); cinayət işi üzrə axtarış elan edilməsi haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün tutularaq istintaqa gətirilməsi qərara alınmışdır (i.v.75); Axtarışda olanın tutulması barədə 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi yaxınlığında tutularaq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir(i.v.80); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.91); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutula ittiham elan olunmuşdur. (i.v.101-102); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-463/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmişdir(i.v.123-129); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.130-132); 25 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir(i.v.139- 141); 28 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir(i.v.142- 143); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Dadaşov X1 rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, əmək haqqından 20% tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.4-cü bəndinə əsasən təyin olunmuş islah işləri cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Abşeron rayon polis idarəsində olan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v.144-145); İfadənin yerində yoxlanılması haqqında 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni Yaşayış massivi Əlövsət Quliyev küçəsi nömrəsiz evin həyətində və Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2in həyətində ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərilən xüsusatları hadisə yerində göstərərək bir daha təsdiq etmişdir, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir(i.v.147-150); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, təkrar olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs2 “Opel Astra" markalı **- FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ucuz qiymətə satışda olduğunu, həmin avtomobili ucuz qiymətə alıb sonra baha qiymətə satmaqla əlavə pul qazanacaqları barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib Zərərçəkmiş şəxs2 inam və etibarını qazanmış, sonuncunu özünə inandırıb həmin avtomobili almaq üçün Zərərçəkmiş şəxs2 yalan vəd verib vahid niyyətlə əhatə edilən qəsdlə sonuncunun yaşadığı ünvan 1 ünvanında 05 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Həsən Qembərovdan 3500 manat və 10 dekabr 2022-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 2000 manat məbləğində pul alaraq verdiyi vədə əməl etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə alaraq Zərərçəkmiş şəxs2 cəmi 5500 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 avtomobil alqı-satqısı üçün ona cəmi 4000 manat məbləğində pul vermiş, əvvəlcədən şəxsi ehtiyaclarına görə Zərərçəkmiş şəxs2 1500 manat borc almış, ona cəmi 5500 manat verəcəyi olduğundan şikayət ərizəsində Zərərçəkmiş şəxs2 dəymiş ziyanın məbləğini 5500 manat göstərmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları təsdiqləyərək Təqsirləndirilən şəxs avtomobil alqı satqısı üçün həqiqətəndə 4000 manat verdiyini, lakin Təqsirləndirilən şəxs əlavə olaraq şəxsi ehtiyacları ilə bağlı 1500 manat borc verdiyindən, ümumilikdə Təqsirləndirilən şəxs ona 5500 manat məbləğində verəcəyi olduğundan polis bölməsinə ərizə ilə müraciət edərkən ona dəymiş ziyan kimi 5500 manat məbləğ göstərmişdir. Göründüyü kimi verilmiş ittihamda istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 cəmi 5500 manat məbləğində pulunu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etdiyini qeyd etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri ilə hazırki cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş ziyanın məbləğinin 4000(dörd min) manat olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandığından, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın miqdarının 4000(dörd min) manat olması müəyyən edilməli, həmin hissədə ittihamdan “xeyli miqdarda” ifadəsi xaric edilməlidir. Məhkəmə qeyd edir ki, ittihamın həcminin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən Təqsirləndirilən şəxs hazırki ittiham olunduğu cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrarən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini(CM- 59.1.12), zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83-cü maddəsinə əsasən ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-840/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-840/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver