Məhkəmə qərarları › İş №1(008)-840/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-840/2025

09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-840/2025 09.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs- xx.xx.2004-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, restoranda ofisiant işləyən, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 21 iyul 2025-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda olan zaman, həmin vaxt oradan keçərək yaşadığı evə getmək istəyən Zərərçəkmiş şəxs arxasıyca təxminən 40 metr məsafəni getmiş, küçədə ona maneə törədə biləcək şəxslərin olmamasından əmin olduqdan sonra zərərçəkmişin həmin an danışaraq əlində saxladığı 01 ədəd “ Samsung ” markalı mobil telefonu əlindən alaraq açıq yolla ələ keçirib hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 150 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə işlədiyi “Altun” şadlıq evindən çıxdıqdan sonra yaşadığı Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4 saylı ünvana gələrkən yolda özü üçün “Qo” adlı spirtli içki almışdır. Həmin içkidən o, hissə-hissə olmaqla ümumilikdə 7 ədəd alıb içmişdir. Bundan sonra halının pisləşməsini hiss etmiş və demək olar ki, ağlı başından getmişdir. Həmin gün saat artıq təxminən 03 radələrində həmin məhəllədə qonşuluqda yaşayan Xəyalənin əlində telefonla keçməsini görmüşdür. O, nə üçün bilmir amma qərara gəlmişdir ki, sonuncunun arxasınca getsin və əlində olan mobil telefonu alaraq qaçsın. Bu minvalla o, bir qədər ətrafa baxmışdır ki, ətrafda kimsə olmasın ki, əməlini yerinə yetirə bilsin və təxminən 70-80 metr Zərərçəkmiş şəxs arxasınca gedərək qaranlıq küçədə anidən sonuncuya arxadan yaxınlaşmış və sonuncunun sağ əlində tutduğu mobil telefonu dartaraq qaçmağa başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs qışqırmağa başlamış və onun arxasınca qaçmağa başlamış lakin sonuncu ona çata bilməmişdir. Bundan sonra o, gecələmək üçün Səlmi nənəsigilə getmişdir. Növbəti gün Neftçilər metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs mobil telefonunu 20 manata ödəniş qarşılığında satmışdır və günorta saatlarında 20 yanvar metrostansiyasından taksiyə oturaraq Saatlı rayonuna getmişdir. O, Zərərçəkmiş şəxs qarşı hər hansı fiziki qüvvə işlətməmişdir. Törətdiyi əməldən çox peşmandır. İlk dəfə belə bir hadisə törətmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Bakıxanov qəsəbəsində yerləşən iş yerindən çıxıb yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evinə gedərkən mobil telefon ilə danışarkən anidən arxadan bir nəfər şəxs ona yaxınlaşaraq sağ əlində tutduğu mobil telefonu dartmış və qaçmağa başlamışdır. Bu zaman o, şok yaşamışdır lakin özünü itirməyərək orada olan şəxslərdən birinin ona köməklik göstərəcəyinə ümid edərək uca səslə qışqırmağa başlamış və bir qədər həmin şəxsin arxasınca qaçmağa cəhd göstərmişdir lakin həmin şəxsə çata bilməmişdir. Hadisə nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə AR CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4 ünvanında yol kənarına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; - şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə AR CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02:43-də Zərərçəkmiş şəxs Sabunçu rayonu, Q.Vəzirov küçəsi ilə piyada hərəkət edir. Daha sonra xarici görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs Zərərçəkmiş şəxs arxasınca qaçır. Daha sonra saat 02:45-də Təqsirləndirilən şəxs bənzəyən şəxs yol ayrıcında müşahidə kamerasının qarşısında təxminən 30-40 saniyə ərzində dayanaraq sağa-sola baxır. İlk baxışdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir qədər də qaranlıq küçəyə daxil olmasını və kənardan onun heç kəsin görə bilməyəcəyi şəraitin yaranmasını gözləyir, saat 02:45-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs getdiyi küçə istiqamətinə hərəkətə başlayır. Saat 02:45:45 saniyədə qışqırıq səsləri eşidilməyə başlanır, uca səslə qışqıran şəxs Zərərçəkmiş şəxsdır. Saat 02:46:07-də Zərərçəkmiş şəxs nə isə qışqıraraq gəldiyi küçə ilə geri qaçır. Məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə həmin videogörüntülərə baxış keçirilmiş və baxış protokolunda qeyd edilənlərə uyğun olduğu müəyyən olunmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisənin görünütülərini özündə əks etdirən 01 ədəd CD disk sübut kimi qiymətləndirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər....” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, AR CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza təyin edilməli, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Rayon (Şəhər) Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanmalıdır. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2025-ci il tarixdən 04 sentyabr 2025-ci il tarixədək tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar