Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-842/2025 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Xıdırlı ərazi dairəsi, Əhmədavar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Bayramağalı küçəsi, döngə 2, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,784 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 22 sentyabr 2025-ci il tarixdə saat 21:14-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda üstünün yoxlanılması zamanı, əynində olan şalvarının cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,784 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 sentyabr 2025-ci il tarixdə saat təxminən 17-18 radələrində Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin adını, soyadını bilmədiyi şəxsə 20 manat pul verib şəxsi istifadəsi üçün 01 büküm metamfetamin almış və onu əynindəki şalvarın cibinə qoymuşdur. 22 sentyabr 2025-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında olarkən iki polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, sonra polis əməkdaşları ona vəkillə təmin edilmək hüququnun olduğunu izah etmiş amma o imtina etmişdir. Daha sonra polis əməkdaşları üzərində qanunla qadağan edilən nəsə varsa təqdim etməsini istəyəndə o şalvar cibindən 01 büküm çıxarıb vermiş, bükümün içərisində psixotrop maddə metamfetamin var imiş. Bundan sonra onun üzərinə axtarış aparılmış, təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən qablaşdırılmış, sonra polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 15-ci PByə getmişlər. 15-ci PB-nin inzibati binasında o, şübhəli şəxs qismində tutulmuş, daha sonra vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə hüquq və vəzifələri ona izah olunmuş, sonra yenə vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən qablaşdırılmış 01 bükümə baxış keçirilmişdir. Polis əməkdaşları bükümdən aşkar edilən maddənin nə olduğunu soruşanda o, səmimi şəkildə bu maddənin metamfetamin olduğunu və onu Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsə 20 manat verib şəxsi istifadəsi üçün aldığını söyləmişdir. Daha sonra üzərindən götürülüb qablaşdırılmış metamfetamin olan bükümə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və həmin maddə qablaşdırılıb möhürləndikdən sonra orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu əməlin ifşası üçün 22 sentyabr 2025-ci ildə əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibinə özü ilə yanaşı Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin polis sahə inspektoru X6 daxil edilmişdir. Aparılan əməliyyat tədbirləri nəticəsində 22 sentyabr 2025-ci il saat 21:14 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra Təqsirləndirilən şəxs vəkillə təmin edilmək hüququ izah olunmuş amma o imtina etmişdir. Bundan sonra üzərində qanunla qadağan edilən nəsə varsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs şalvarın cibindən 01 büküm çıxarıb vermişdir. Bükümün içində psixotrop maddə olduğunu və o, həmin maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsə 20 manat verməklə şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən 15-ci Polis Bölməsinə gətirilmiş, bölmənin xidməti otaqlarından birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra təhqiqatçı vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və qablaşdırılmış zərfə baxış keçirmiş, zərfdə Təqsirləndirilən şəxs götürülmüş içində kütlə olan büküm var imiş. Təhqiqatçı bükümün ona məxsus olub-olmadığını soruşanda Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu və içindəki maddənin metamfetamin olduğunu, onu Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsə 20 manat verib şəxsi istifadəsi üçün aldığını söyləmişdir. Təhqiqatçı bükümün ekspertizaya göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmiş, daha sonra həmin büküm yenidən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 06-07-ci vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 22 sentyabr 2025-ci il tarixdə, saat 21:14 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında olan zaman saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf selofana bükülmüş ağ rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs bu psixotrop maddəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanımadığı, eyni zamanda adını və yaşadığı yeri bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf selofana bükülmüş psixotrop maddəyə bənzər kütlə sonuncudan götürülmüşdür. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2025-ci il tarixdə saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 sentyabr 2025-ci il tarixdən saat 21:14-dən hesablanmışdır. Cinayət işinin 27-29-cu vərəqlərində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-yə daxil olmuş məlumat əsasında 22 sentyabr 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 21:14-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanda üzərinə baxış keçirilmiş və üzərində aşkar olunaraq götürülmüş şəffaf rəngli selofana bükülmüş, spesifik iyə malik metamfetaminə bənzər maddənin qablaşdırıldığı zərfə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə baxış keçirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübutun qablaşdırıldığı zərfə baxış keçirən zaman Təqsirləndirilən şəxs bu psixotrop maddəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanımadığı, eyni zamanda adını və yaşadığı yeri bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, 01 ədəd şəffaf rəngli selofana bükülmüş, spesifik iyə malik, metamfetaminə bənzər büküm yenidən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər» 161 saylı möhürü ilə möhürlənərək götürülmüş, baxış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2025-ci il tarixli, 6/3143 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 161” dairəvi möhür əksi, “saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,784 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 71-72-ci vərəqələrində olan “Diskə baxış keçirilməsi haqqında” 24 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Diskdə olan «VİD-20250923- D WA0006.MP4» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 4 dəqiqə 30 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, günün qaranlıq vaxtı 2 nəfər mülki geyimdə olan polis əməkdaşı piyada hərəkətdə olan şəxsə iti addımlarla yaxınlaşırlar və onu yaxalayırlar. Daha sonra həmin şəxsdən özünü təqdim etməsi xahiş olunur və həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılma səbəbini, saxlanıldığı tarixi, saatı, ünvanı bildirir və polis əməkdaşları özlərini təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirir və müdafiəçinin hüququndan istifadə edə biləcəyini qeyd edir, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakından imtina edir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd bükülünü çıxararaq təqdim edir. Polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “psixotrop maddə” olduğunu, həmin maddəni Balaxanı qəsəbəsindən tanımadığı şəxsə 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Diskdə olan «VİD-20250923-WA0005.MP4» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 3 dəqiqə 30 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 15-ci PB-nin inzibati binasında, xidməti otaqda ilk olaraq 15-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Xalid Qurbanlı, daha sonra ardıcıllıqla polis əməkdaşları, Təqsirləndirilən şəxs və Müdafiəçi özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirəciyini bildirir və Təqsirləndirilən şəxs vəkilin iştirakıyla buna etiraz etmir. Bundan sonra təhqiqatçı zərfi açır və içərisindəki bükülünü Təqsirləndirilən şəxsa göstərərək ondan təqdim etdiyi bükülünün kimə məxsus olduğunu soruşur, Təqsirləndirilən şəxs isə həmin bükülünün özü təqdim etdiyi bükülü olduğunu təsdiq edir, təhqiqatçı həmin kütləni kimdən aldığını, və vaxt və haradan aldığını soruşduqda Təqsirləndirilən şəxs həmin maddəni Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 (iyirmi) manat pul verməklə həmin gün səhər şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirir və Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir və bununla da çəkiliş sona çatır. Cinayət işinin 82-84-cü vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fərid Rzayevin 24 sentyabr 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 85-86-cı vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 16 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2025-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 7559 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 117-119-cu vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 03 dekabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,784 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut hesab olunması, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 0,734 qram qalığın saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülməsi barədə 22 sentyabr 2025-ci il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd diskin maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 121-127-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 dekabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) bükümdə olan təmiz çəkisi 0,784 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 03 dekabr 2025-ci il tarixdə maddi sübut kimi tanınmasının nəzərə alınması, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və ondan aşkar edilərək götürülmüş əşyaya baxış keçirilməsi və götürülməsi zamanı çəkilmiş videogörüntülər olan diskin 03 dekabr 2025-ci il tarixdə maddi sübut kimi tanınmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(008)-842/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Sabunçu RPİ-nin 15-ci PŞ-nin xx.xx.2026-cı il tarixli, 49-4/2- 1908 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı üzrə axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 0,784 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun hökmlə təyin olunmuş və çəkilməmiş qalan cəzasının 03 ay 16 gün hissəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərarına əsasən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 22 sentyabr 2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 01 fevral 2026-cı il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 01 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,734 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-842/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-842/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver