Məhkəmə qərarları › İş №1(008)-845/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-845/2025

27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-845/2025 27.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, qanunla qadağan edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq tarixi məlum olmayan 2023-cü il və 2024-cü ilin iyun ayınadək olan müddət ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2022ci il tarixdə ********** qeydiyyat nömrəsi əsasında X2 xüsusi mülkiyyətində olan ünvan 2nin 0,05 HA ölçüdə ərazisini daşla hasarlayıb üzərinə darvaza qoymaqla qanunla qadağan edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4693 saylı bağ sahəsi ona çıxarışla verilmişdir, həmin torpaq sahəsi 0,12 hektar olmuşdur. Emin Mehdiyevin idda etdiyi torpaq sahəsi 2005-ci ildə Kürdəxanı Bələdiyyəsi tərəfindən onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin üç tərəfini yadında qalmadığı tarixdə çoxdan hasarlamış, sonradan isə 2024-cü ilin may ayının sonları, iyun ayının əvvəllərində isə həmin torpaq sahəsinin daş hasarının hasarlanmamış hissəsini daş hasarla tikdirib darvaza qoydurmuşdur. Həmin torpaq sahəsinin Emin Mehdiyevə məxsus olmasını bilməmiş, heç vaxt həmin torpaq sahəsində də Emin Mehdiyevi görməmişdir. Həmçinin həmin torpaq sahəsi ilə bağlı heç kim ona torpaq sahəsinin kiməsə məxsus olmasını bildirməmişdir. Tikinti işlərini o, həyata keçirmiş, bunu ustalar da təsdiq edər. Hasarlama aparılaraq dəmir darvaza qoyduğu torpaq sahəsinə dair onda heç bir sənəd yoxdur. Torpaq sahəsində hasar tikib darvaza qoysa da torpaq sahəsində heç bir tikinti aparmamışdır. Həmin torpaq sahəsinə dair inzibati məhkəmədə iddia da qaldırmışdır. Həmin sahəni 2005ci il tarixdən tutduğundan hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Odur ki, iş üzrə icraata cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, bir neçə dəfə həmin torpaq sahəsini sənədləşdirmək üçün müxtəlif orqanlara müraciətlər etmiş, lakin imtina gəlmişdir. Həmin torpağa dair heç bir sənədi olmasa da, ora işıq çəkmişdir, işıq pulu ödəmişdir. Sonradan əlil olduğundan işıq pulundan azad edilmiş, ödəməmişdir. Qəbzləri hazırda təqdim edə bilmir. 2025-ci ilin mayına qədər onun istifadəsində olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən ərazisi 0.05 Ha olan 4694 saylı bağ sahəsi ona məxsusdur. Həmin bağ sahəsinə dair 21 dekabr 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona **********67 nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi əvvəlcə 0.12 hektar olmaqla X1 məxsus olmuş, sonuncu həmin ərazinin 0.05 hektar hissəsini Nizami Əliyev adlı şəxsə satmış, o da həmin bağ sahəsini Nizami Əliyevdən 2022-ci il tarixdə almışdır. O, torpağı alan zaman həmin torpaq sahəsi üç tərəfindən hasarlanmış vəziyyətdə olmuş, iki ayda bir dəfə olaraq ona məxsus həmin bağ sahəsinə gedərək nəzarət etmişdir. O, 15 iyun 2024-cü il tarixdə yenidən bağ sahəsinə gedən zaman bağ sahəsinin yol tərəfdə olan hasarlanmamış hissəsinə hasar çəkildiyi və darvaza qoyulduğunu aşkar etmiş, bu barədə orada yaşayan qonşulardan kimsə ona demişdir ki, onun bağ sahəsinin arxa tərəfində yerləşən bağ sahəsinin sahibi Emin adlı şəxs tərəfindən qapı qoyularaq hasara alınmışdır. O, Emin adlı şəxslə görüşüb ona hansı əsasla ona məxsus bağ sahəsini hasarlayıb darvaza qoyduğunu soruşduqda Emin ona bildirmişdir ki, həmin ərazi 2005-ci ildən onun anasına verilmişdir və bağ sahəsinin hasarının tikilməsi və darvazanın qoyulması anası Sevda tərəfindən edilmişdir. Bundan sonra o, polisə müraciət etmişdir, araşdırma aparılmış, əraziyə baxış keçirilməsindən ötrü Əmlak Məsələləri Dövlər Xidmətindən mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən əraziyə baxış keçirilən zaman həmin torpaq sahəsinin kordinatlarının ona məxsus bağ sahəsinə dair çıxarışda göstərilən torpaq sahəsinin ölçüləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, sonuncu dəfə bağ sahəsində 2024-cü ilin may ayında olmuş, həmin vaxt bağ sahəsində hər hansı tikinti aparılmamış, darvaza qoyulmamış və hər hansı hasarlama işləri görülməmişdir. O, həyətyanı sahədə hasarlama və darvaza qoyulmasını xx.xx.2024-cü il tarixdə aşkar etmişdir. Həyətyanı sahədə olan köməkçi tikili heç kim tərəfindən tikilməmiş, o, torpaq sahəsini alarkən köməkçi tikili torpaq sahəsində artıq olmuşdur. 2025-ci ilin iyun ayında o, həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 19 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.15-17); Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən alınmış çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4694 saylı, 0,05 Ha ölçüdə torpaq sahəsi X2 xüsusi mülkiyyətidir, həmin çıxarış xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır(i.v.18); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən alınmış xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-26245/**********426245 nömrəli məktubdan, foto görüntü və sxematik xəritədən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0,05 ha təşkil edir. Sahə üzərində köməkçi tikili mövcuddur. Baxış keçirilən torpaq sahəsi Ləhiş bağ sahəsi, 4694 saylı bağ sahəsi olmaqla X2 adına qeydiyyatdan keçmiş bağ sahəsinə uyğun gəlir(i.v.23-25); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 126.1, 228.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa o, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Amnistiya aktının tətbiq edilməsi barədə 17 yanvar 2025-ci il tarixli qərara əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2026-cı il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs verilmiş 050876 nömrəli əlillik vəsiqəsindən görünür ki, o, Azərbaycan Respublikası Ərazi Bütövlüyünün müdafiəsi zamanı İ qrup əlildir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yazılı vəsatət verərək AR CM-nin 75-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad olunmağına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, yuxarıda göstərilən məzmunda ifadə vermişdir ki, məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs özüdə sözügedən torpaq sahəsinə məxsus hər hansı sənədi olmadığını, 2005-ci il tarixdən onun istifadəsinsə olduğunu, əvvəlcədən həmin torpaq sahəsinin 3 tərəfini hasara alsa da, 2024-cü ilin may ayının sonları, iyun ayının əvvəllərində isə həmin torpaq sahəsinin daş hasarının hasarlanmamış hissəsini daş hasarla tikdirib darvaza qoydurduğunu bildirmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, torpaq sahəsinə məxsus hər hansı sənədi olmamasını, torpaq sahəsinin 2005-ci ildən onun istifadəsində olmasını göstərməklə dolayıda olsa təqsirini etiraf etmişdir. Lakin, o, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini əsas gətirərək iş üzrə icraata müddətin keçməsi əsası iə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunla qadağan edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs verilmiş ittihamın obyektiv cəhəti torpaq sahəsini özbaşına hasarlamada ifadə olunmuşdur. Torpaq sahəsini özbaşına hasarlama dedikdə, şəxsin torpaq sahəsinə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin sahənin ətrafına müxtəlif materiallardandaşdan, kərpicdən, taxtadan, ağacdan, dəmirdən və s.-dən istifadə etməklə sədd(divar) çəkməsi başa düşülməlidir. Səddin hasar hesab edilməsi üçün mühüm əlamət sındırmadan, dağıtmadan, güclü fiziki(mexaniki və s.) təsir etmədən onu aşmağın(keçməyin) və hasarı keçmədən torpaq sahəsinə daxil olmanın mümkünsüzlüyüdür. Əməlin hasarlama kimi qiymətləndirilməsi üçün hasarın hündürlüyünün, yerə möhkəm bərkidilib bərkidilməməsinin əhəmiyyəti yoxdur. Hasar çəkilsə də, torpaq sahəsinə hasarı aşmadan keçmək mümkündürsə, bu hasarlama əməlinin törədilib başa çatdırılmaması deməkdir və bu halda əməl hasarlamaya cəhd kimi tövsif edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özü də ifadəsində sözügedən torpaq sahəsinin 3 tərəfini çoxdan, dəqiq yadında qalmadığı tarixdə hasarladığını bildirsədə belə, bu hələ torpaq sahəsini özbaşına hasarlama sayıla bilməzdi. Belə ki, torpaq sahəsinin bir tərəfi açıq olduğundan, torpaq sahəsinə daxil olmanı mümkünsüz etmədiyindən, bu hal torpaq sahəsini özbaşına hasarlaması hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət əməli formal tərkibli cinayətdir və torpaq sahəsinin özbaşına hasarlandığı andan başa çatmış hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində 2024-cü ilin may ayının sonları, iyun ayının əvvəllərində həmin torpaq sahəsinin daş hasarının hasarlanmamış hissəsini daş hasarla tikdirib darvaza qoyduğunu göstərmişdir. Bu xüsusat iş üzrə zərərçəkmiş şəxs X2 ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; Göründüyü kimi, verilmiş ittihama əsasən, eləcədə məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən, yəni həm təqsirləndirilən şəxsin, həmçinin zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlara uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən 4694 saylı sözügedən bağ sahəsinin hasarlanaması 2024-cü ilin may ayının sonları, iyun ayının əvvəllərində başa çatdığından, göstərilən müddətdən iki il keçmədiyindən şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı vəsatəti əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Lakin cəzadan azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.1-ci bəndində əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; 1.12-ci bəndinə əsasən qadınlar; 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 43-cü bəndinə əsasən CPM-in 39.1.12ci maddəsində nəzərdə tutulmuş hal olduqda (təqsirləndirilən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduqda) və müdafiə tərəfi həmin bəraətverici sayılmayan əsasla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə CPM-in 44.2.2-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsi təyin olunmuş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi və bu maddə ilə ona cəzanın təyin edilməsi (cinayətlərin məcmusu olduqda, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) haqqında qərarlardan sonra şəxsin CPM-in 39.1.12-ci maddəsində göstərilən əsasla həmin cəzadan azad edilməsi haqqında qərar əks etdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs 60 yaşından yuxarı olmaqla qadın olmasını, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsini, əməlin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə amnistiya aktı (“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi Qərarı) tətbiq olunmaqla təyin edilmiş cəzadan azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar