Məhkəmə qərarları › İş №1(008)-846/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-846/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-846/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Yeniarx kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə, saat 07 radələrində qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs olduğu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanının qarşısında onun telefonuna cavab verməməsi səbəbindən qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq və təpik ilə onun baş, qol, ayaq və bədəninin müxtəlif nahiyələrindən vurub, ona sol aşıq-baldır oynağında ağrı simptomu eləcə də, qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bayır topuq və sağ gicgah nahiyələrinin dərialtı hematomaları, sol dirsək oynağı, sağ said nahiyələrinin qançırları, sol diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. Təxminən üç il əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuş, aralarında sevgi münasibətləri yaranmışdır. 11 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək işdən çıxdıqdan sonra rəfiqəsigilə gedəcəyini, telefonunda problem olduğu üçün ona zəng çatmayacağını bildirmişdir. O, İlhaməyə rəfiqəsigildə olduğu zaman telefonunu söndürməməsini, onunla əlaqə saxlamasını bildirmişdir. 12 avqust 2023-cü il tarixdə gecə saatlarından başlayaraq səhər saat 05:00-dək İlhaməyə zəng etməsinə baxmayaraq onunla əlaqə saxlaya bilməmiş, səbri tükəndiyi üçün İlhamənin rəfiqəsigilə getməyi qərara almışdır. O, İlhamənin rəfiqəsi Şahnisəgilə gedərək İlhaməni çağırmış, İlhamə evdən çıxaraq ona məxsus avtomobilə əyləşmiş, avtomobildə olduqları zaman telefonu söndürməsini İlhaməyə irad tutmuş, İlhamə ona telefonunda problem olduğunu bildirərək onunla mübahisə etmişdir. İlhamənin hərəkətlərindən əsəbləşdiyi üçün onu yumruqla vurmuş, İlhamə avtomobildən enərək qaçmağa çalışdığı üçün o, dərhal avtomobildən düşərək İlhaməni vuraraq yerə yıxmış, İlhamənin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirmişdir. Daha sonra İlhamə onun əlindən çıxaraq rəfiqəsinin evinə girmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə təxminən üç il əvvəl tanış olmuş, aralarında sevgi münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs onun qısqandığı üçün aralarında bir neçə dəfə mübahisə yaranmışdır. 11 avqust 2023-cü il tarixdə, saat 20 radələrində işdən çıxdığı zaman Təqsirləndirilən şəxs zəng edərək rəfiqəsigilə gedəcəyini, telefonunda problem olduğu üçün zəng çatmayacağını bildirmişdir. 12 avqust 2023-cü il tarixdə, saat 05 radələrində Ruslan ona zəng edərək harada olduğunu soruşmuş, o, Ruslana olduğu yerin ünvanını bildirmişdir. Həmin gün, saat 07 radələrində Təqsirləndirilən şəxs onun olduğu yerə, yəni, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanına gələrək onu çağırmış, o, küçəyə çıxaraq Ruslana məxsus avtomobilə əyləşmişdir. Avtomobildə olduqları zaman Ruslan onunla mübahisə edərək yumruqla onun baş nahiyəsinə zərbə endirmiş, o, avtomobildən enərək oradan uzaqlaşmağa çalışmışdır. Ruslan avtomobildən enərək onu yerə yıxaraq onun qol, ayaq və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpik və yumruq zərbələri ilə vurmuş, daha sonra Ruslanın əlindən qaçaraq rəfiqəsinin yaşadığı evə getmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 19-21-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 15 avqust 2023-cü il tarixli, 1963 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol aşıq-baldır oynağında ağrı simptomu eləcə də, qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bayır topuq və sağ gicgah nahiyələrinin dərialtı hematomaları, sol dirsək oynağı, sağ said nahiyələrinin qançırları, sol diz oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarının 54-cü vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 31 avqust 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə bildirmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar