Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-855/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 1 ünvanının həyətində olarkən qonşusu Zərərçəkmiş şəxslə bacısının evinin qapısının açarını ona verməmələri səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü taxta parçası ilə bir dəfə qəsdən sonuncunun baş nahiyəsinə, yumruq zərbələri ilə bir neçə dəfə sifətindən, sinəsindən, qollarından, əllərindən və belindən vuraraq ona beyin silkələnməsi ilə müşayiət olunan başın dərialtı hematomaları, sol gözyuvasıaltı, burun, döş qəfəsi, sol bazu, sağ bazu, sol əl və bel nahiyələrinin qançırları, sol əl nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 15 avqust 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı ünvana gələrkən evlərinin həyətindən səs-küy gəldiyini eşidərək tez həyətə daxil olmuş, həyətə daxil olduğu zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs anası Nailə ilə mübahisə etdiyini, evlərinin arxa tərəfinə açılan qapının açarını istədiyini görmüşdür. Anası açarı verməkdən imtina etdiyi üçün Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, anasından evə keçməyini xahiş etmiş, anası Nailə evə girərək qapını bağladıqdan sonra Zərərçəkmiş şəxs hərəkətlərindən əsəbləşdiyi üçün yerdən taxta parçası götürərək bir dəfə onun baş nahiyəsinə zərbə endirmiş, daha sonra yumruqla ona bir neçə zərbə vurmuşdur. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun qonşusudur. 15 avqust 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 1 ünvanına gedərək Təqsirləndirilən şəxs qapısını döymüş, qapını ona Cavidin anası Nailə Osmanova açmışdır. O, Nailə Osmanovadan bacısına məxsus evin açarını istəmiş, lakin, sərxoş olduğu üçün Nailə Osmanova açarı ona verməkdən imtina etmişdir. Nailə Osmanovanın hərəkətlərindən əsəbləşdiyi üçün onunla sözlə mübahisə etmiş, daha sonra onların olduğu yerə Cavid Osmanov gəlmişdir. Cavid həyətə gəldikdən sonra anasından evə girməsini tələb etmiş, anası evə girdikdən sonra Cavid ondan anası ilə mübahisə etməsinin səbəbini soruşdumuşdur. O, Cavidə anasının onun bacısına məxsus evin açarını ona vermədiyini bildirmiş, Cavid onu təhqir edərək həyətdən çıxamasını tələb etmişdir. O, Cavidə açarı verməyəcəkləri təqdirdə heç yerə getməcəyini bildirmiş, bundan sonra Cavid yerdən taxta parçası götürərək bir dəfə onun baş nahiyəsinə zərbə endirmiş, daha sonra onun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 31-32-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Sabunçu rayon şöbəsinin 21 avqust 2023-cü il tarixli, 2027 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs beyin silkələnməsi ilə müşayiət olunan başın dərialtı hematomaları, sol gözyuvasıaltı, burun, döş qəfəsi, sol bazu, sağ bazu, sol əl və bel nahiyələrinin qançırları, sol əl nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarının 63-cü vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 01 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmiş, 04 avqust 2017-ci il tarixdə cərimə cəzasını tam ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs də, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-855/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-855/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver