Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-856/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmiş, subay, hazırda heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 25 iyul 2023-cü il tarixdə, saat 00:07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 12 ünvanında yerləşən yaşayış binasının həyətində olan zaman yaşadığı evinə gələn qonşusu Zərərçəkmiş şəxs görüb yaxınlaşaraq ona guya sosial şəbəkədə təhqir etdiyinə əsassız ittiham edib heç bir əsaslı səbəb olmadan mübahisə edərək nalayiq sözlərlə təhqir edib özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydam, yəni insanlar arasında bərqarar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək sol göz nahiyəsindən yumruqla zərbə vurmuş, evdən götürdüyü mətbəx bıçağından silah qismində istifadə edərək sol çənə nahiyəsinə bir dəfə zərbə endirməklə qəsdən Zərərçəkmiş şəxs sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma aid, sol çənə nahiyəsinin kəsilmiş səthi yarası sağlamlığa zərərvurmayan xəsarətlərə aid bədən xəsarətləri yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır.Bir neçə ay əvvəl instagram sosial şəbəkəsində kimsə onun parolunu sındırıb onun profilinı daxil olmuşdur. Məhəmmədə uşaqlıqdan xaker dediklərindən və Məhəmmədin belə şeylərdən məlumatlı olduğundan onun profilini sındıran şəxsin Məhəmməd olduğunu düşünmüşdür. 24 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixdə keçən gecə Məhəmmədi həyətdə görən zaman ona yaxınlaşmış və profilinə daxil olan şəxsin onun olub-olmadığını soruşmuşdur. Məhəmməd onun profilinə daxil olmadığını bildirmişdir. O, Məhəmmədə həmin şəxsi tapmaqda ona köməklik göstərməsini xahiş etmiş, Məhəmməd isə ona kömək istəməyəcəyini, “get nə bilirsən elə” demişdir. Bu zaman o, Məhəmmədin üzündən iki dəfə şillə vurmuşdur. Bundan sonra Məhəmməd onun ünvanına nalayiq söyüşlər işlədən zaman öncədən həyətdəki skamyanın yanında yerə qoyduğu məişət bıçağı ilə yavaşdan Məhəmmədin çənəsinə vurmuşdur. Bundan sonra olar aralaşıb getmişlər. O, evdən götürdüyü həmin bıçağı zibil qutusuna atmışdır. O, özünü yalnız Məhəmmədə xəsarət yetirməsində təqsirli bilir. Əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs özü ilə götürdüyü məişət bıçağını zibilə atmaq üçün evdən götürdüyünü, təsadüfən həmin vaxt Məhəmmədi gördüyünü, əlindəki bıçağı yerə qoyaraq Məhəmmədlə söhbət etdiyini, Məhəmməd söyüş söydükdən sonra həmin bıçağı yerdən götürərək ona xəsarət yetirdiyini, hadisə vaxtı hadisə yerində Məhəmmədlə ondan başqa kənar şəxsin olmadığını, heç kəsin hadisəyə şahid olmadığını, ümumiyyətlə hadisə vaxtı hər hansı səs-küyün olmadığını, onların normal səs tonuyla danışdıqlarını, hər hansı kənar şəxsin onların səsini eşitməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixdə keçən gecə həyətdə olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun instagram profilini sındırıb onun profilinə daxil olub-olmadığını soruşmuş, o, isə belə bir şey etmədiyini, ümumiyyətlə belə işlərlə məşğul olmadığını bildirmişdir. Bu zaman Azər ona həmin şəxsi tapmaqda ona kömək etməsini bildirmiş, o isə qarışmaq istəmədiyini və ona kömək edə bilməyəcəyini demişdir. Bundan sonra Azər onun üzünə iki dəfə şillə vurmuş, o isə bundan əsəbləşərək Azərin ünvanına nalayiq sözlər işlətmişdir. Bu zaman Azər qəfildən yerdə olan bıçağı götürərək onun çənə nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs hadisənin yaşadıqları binanın həyətində baş verdiyini, hadisə zamanı Azərlə söhbətlərinin adi qaydada, heç bir səs-küy olmadan davam etdiyini, Azərin onun üzünə şillə vurmasını və çənəsindən bıçaqla vurmasını görən hər hansı üçüncü şəxsin olmadığını, istintaq zamanı da müstəntiqə hadisə zamanı kiminsə hadisəyə şahid olmadığını bildirdiyini, Azərlə adi qaydada aralaşdıqlarını, hadisə zamanı hər hansı ictimai qaydanın pozulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin müstəntiqsı Şahid ifadəsində göstərmişdir ki, 25 iyul 2023-cü il tarixdə saat 00:07-də Sabunçu RPİ-nin 13-cü PŞ-də növbətçilik cədvəli üzrə xidməti növbədə olan zaman vətəndaş Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi və üzünə bıçaqla xəsarət yetirməsi barədə DİN-nin “102” xidmətinə verdiyi məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi-12A ünvanında olmuş, hadisə yerində zərərçəkmişin iştirakı iiə hadisə yerinin fotoşəkilləri çəkilərək hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, 13-cü X3 Şirinovun ərizəsini alaraq ona Sabunçu MTE-dən müainədən keçməsi üçün təliqə vermişdir. O, hadisə yerində olan zaman Zərərçəkmiş şəxs sol gözünün şişməsini və soi çənəsində kəsiklə müşahidə olunan xəsarət olmasını görmüşdür. Hadisə yerində olan zaman ətrafda hadisə şahidləri olmamış və hadisə ilə bağlı hər hansı bir şəxs ərizə ilə 13-cü PŞ-yə müraciət etməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid cinayət işi üzrə təhqiqatın özü tərəfindən aparıldığını, hadisə baş verən zaman hadisəyə şahid olmuş hər hansı şəxsin müəyyən olunmadığını, əslində əməldə AR CM-nin 128-ci maddəsinin əlamətlərinin olduğunu gördüyünü, sadəcə bıçaqla xəsarət olduğundan işi AR CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat şəklində məhkəməyə vermədiyini və istintaqa göndərdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 3 ünvanın qarşısıdır. Həmin yer açıq ərazidir. Yaxınlıqda hər hansı ictimai iaşə obyekti yoxdur (i.v 9- 11). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin “canlı şəxsin ekspertizası”na dair 28 iyul 2023-cü il tarixli, 1769 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözyuvası ətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma, sol çənə nahiyəsinin kəsilmiş səthi yarası müəyyən edildi. Xəsarətlərdən sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma bərk küt əşya təsirindən, sol çənə nahiyəsinin kəsilmiş səthi yarası isə kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərann təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən ol gözyuvasıətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, sol çənə nahiyəsinin kəsilmiş səthi yarası sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlan üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v 15-16). “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə, saat 19:00da tutulmuşdur (i.v.35). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2023-cü il tarixli, 4(008)- 623/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.89-92). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzasının 04 y 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 15 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır (i.v.95-96). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 1(008)-199/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.97-101). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin “canlı şəxsin ekspertizası”na dair 08 avqust 2023-cü il tarixli, 13/1769 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma; sol çənə nahiyəsinin kəsilmiş səthi yarası müəyyən edildi. Xəsarətlərdən sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma bərk küt əşya təsirindən, sol çənə nahiyəsinin kəsilmiş səthi yarası isə kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, sol çənə nahiyəsinin kəsilmiş sətiri yarası sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlan üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs əlavə məhkəmə-tibbi ekspertizasından keçirilərkən(xx.xx.2023-cü il) onun sifətində ilkin ekspertiza zamanı (xx.xx.2023-cü il) aşkar olunmuş xəsarətlərdə müddətinə uyğun sağalma getmişş, heç bir kobud çapıq toxuma, eləcə də assimetriya aşkar edilməmişdir. Bu da onu deməyə əsas verir ki, vət. M. N. Şiri novun sifət nahiyəsində silinməz hesab olunan xəsarət(xəsarət izləri) müəyyən olunmadı (i.v.105-107). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 25 iyul 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 25 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 12 ünvanında yerləşən yaşayış binasının həyətində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzünə iki dəfə şillə vurmuş, bundan sonra zərərçəkmiş şəxsin onun ünvanına nalayiq sözlər deməsi səbəbindən evdən götürərək özü ilə gətirərək həyətdə olan skamyanın yanında yerə qoyduğu bıçaqla Zərərçəkmiş şəxs çənəsindən vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 25 iyul 2023-cü il tarixdə baş vermiş hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 12 ünvanında yerləşən yaşayış binasının həyətində baş vermiş, həmin vaxt həyətdə hər hansı kənar şəxs (şəxslər) olmamış, kənardan da hadisəni hər hansı kənar şəxs (şəxslərin) görməsi, hadisənin baş verməsi ilə əlaqədar hər hansı ictimai qaydanın pozulması müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, belə olan halda təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduğu halda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.3-cümaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Hazırki iş üzrə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, o, sərbəst ifadəsini verdikdən sonra təhqiqatçı və müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq hadisə vaxtı hadisə yerində Məhəmmədlə Şirinovla ondan başqa kənar şəxsin olmadığını bildirmiş, bu hal zərərçəkmiş şəxs tərəfindən də ibtidai araşdırma zamanı təsdiq edilmiş, zərərçəkmiş şəxs də ona ünvanlanmış suallara cavab olaraq hadisə zamanı ətrafda kənar şəxslərin olmadığını göstərmişdir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin müstəntiqsı Şahid isə hadisə vaxtı hadisə yerində olmamış, sadəcə müstəntiq tərəfindən sanki bu kimi işlərdə şahidin olması şərtmiş kimi formal olaraq şahid olaraq göstərilmişdir. Halbuki, Şahid hadisənin şahidi olmamaqla sadəcə cinayət işi üzrə təhqiqat araşdırmasını həyata keçirmiş və məhkəmə iclasında verilmiş suallara cavab olaraq hadisə yerində kənar şəxslərin olmasının müəyyən edilmədiyini, təhqiqat araşdırması nəticəsində təqsirləndirilən şəxsin əməlində AR CM-nin 128-ci maddəsinin əlamətlərinin olduğunu gördüyünü, sadəcə bıçaqla xəsarət olduğundan işi AR CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat şəklində məhkəməyə vermədiyini və istintaqa göndərdiyini bildirmişdir. Göründüyü kimi, 25 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 12 ünvanında yerləşən yaşayış binasının həyətində baş vermiş hadisə zamanı hadisə yerində heç kəsin olmaması, hadisəyə hər hansı kənar şəxsin şahidlik etməməsi, hadisə yerində yalnız təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin olması, bununla da ictimai mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərin baş verməməsi, yəni ictimai qaydanın pozulmaması mübahəsiz qaydada müəyyən edilmişdir. Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisənin ictimai yerdə ictimai yerdə baş verməsinə baxmayaraq hadisə vaxtı hadisə yerində heç kəsin olmaması, həmin hadisəni birbaşa görən bir nəfə şəxsin belə müəyyən edilməməsi Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünən odur ki, istintaq orqanı iki hala istinad edərək şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlmişdir: 1. Hadisənin heç bir əsaslı səbəb olmadan baş verməsi; 2. Hadisənin ictimai yer hesab olunan yaşayış binasının həyətində baş verməsi. Həmin hallara münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməli nəticəsində ictimai qaydanın pozulmadığı, cəmiyyət açıqca hörmətsizliyin ifadə edilmədiyi halda hadisənin ictimai yerdə baş verməsi, hadisənin səbəbsiz və ya cüzi səbəblə baş verməsi hələ özü-özlüyündə şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlməsi üçün yetərli hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, zərərçəkmiş şəxsi digər şəxslərin görmədiyi şəraitdə deyil, məhz digər şəxslərin görməsinin mümkün olduğu şəraitdə vurar və ya səs-küy salaraq (halbuki, məhkəmə iclasında həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş hadisə vaxtı səslərini ümumiyyətlə qaldırmadıqlarını, normal səs tonuyla danışdıqlarını, onların səsinin kənardan hər hansı bir şəxs tərəfindən eşidilməsinin mümkün olmadığını bildirmişlər) hadisə yerinə digər şəxslərin də gəlməsinə nail olardi ki, bu hal isə nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, hadisə nəticəsində hər hansı ictimai qaydanın pozulmadığı halda öz ehtimalları əsasında şəxs ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-856/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-856/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver