Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-858/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndə Şahid, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Ağsu rayonu Daşdəmirbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, Ağsu rayonu Daşdəmirbəyli kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, yeni yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 09 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, yeni yaşayış massivində nömrəsiz evdə yaşayan baldızı X1 evində yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs gec saatlarında küçədə olduğuna və görəcəyi işlərində ona kömək etmədiyinə görə irad bildirməsinə sonuncu etiraz etdiyinə görə əlləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyənin və döş qəfəsinin qançırları, sol kürək və sol said nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə baldızı X1 təzyiqi qalxdığından arvadı Nigar baş çəkməsi üçün Nəcabətin təxminən 200 metr aralıda, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, yeni yaşayış massivində yerləşən nömrəsiz evinə getmişdir. Həmin tarixdə, saat 22 radələrində evinə gələrkən oğlu Zərərçəkmiş şəxs məhəllədə uşaqlarla oturub söhbət etdiklərini görmüş, İzzətin məhəllədə avara uşaqlarla gecə saatlarında boş bekar oturmasına, tərbiyəsinin pozulacağından narahat olaraq İzzətə demişdir ki, avaraavara gəzməsin, faydalı işlə məşqul olsun, bekar oturmaqdansa tullantı dəmirlər var, həmin dəmirləri doğrayıb toplamağa gedir, onunla birgə gedib köməklik etsin. İzzət ona etiraz edərək öz yaşıdlarının yanında onunla kobud danışmışdır O, İzzətin siqaret çəkməsi və içki içməsindən, tərbiyəsiz uşaqlarla oturub durmasından narahat olmuşdur. Hadisə günü o, İzzətə irad bildirdikdə İzzət ona cavab qaytarmış və o, əsəbləşərək İzzətə şillə vurmuş, sonra isə onu təpiklə vurmaq istəsə də təpiyi ona dəyməmişdir. Oğlunda aşkar edilmiş xəsarətləri o, yetirməmişdir. Arvadı Nigar oğlunu öyrətmiş və İzzət özü gözünü və başını qapıya çırpmışdır ki, onu şərləyib tutdursunlar. O, İzzətə rəydə göstərilən xəsarətləri yetirməmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə evlərindən təxminən 200 metr aralıda, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan xalası Nəcabət Məmmədovanın təzyiqi qalxdığından anası Şahid baş çəkməsi üçün xalasının evinə getmişdir. O, saat 23 radələrində məhəllədə uşaqlarla söhbət edərkən işdən evə qayıdan atası Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, dəmir boru kəsməyə köməklik göstərsin. Onun həvəsi olmadığına görə atası ilə razılaşmamış, sözündən çıxdığından atası onu yaşıdlarının yanında təhqir etmişdir. O, uşaqların yanında pərt vəziyyətə düşdüyündən bir başa xalasının evinə gedərək bu barədə anasına və xalasına danışmışdır. Həmin anda atası Təqsirləndirilən şəxs xalasının evinə gələrək ona irad bildirmiş, onu qeyrətsiz və tərbiyəsiz adlandırmışdır. O, Qulunun iradından əsəbləşərək xalasının evinin qapısına yumruq və kəllə vurmuş, atası onun etirazına əsəbləşmişdir. O, atasının üzünü görməsin deyə həyətə düşmüş, atası Quluda onun dalınca həyətə düşmüşdür. Həyətdəki söyüd ağacının yanında atası Təqsirləndirilən şəxs yumruqla onun sol gözündən, daha sonra yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamış, anası Nigar, xalası Nəcabət və bacısı Mədinə atası Təqsirləndirilən şəxs əl-qolunu tutaraq atasını sakitləşdirmiş, atası Təqsirləndirilən şəxs xalasının evindən uzaqlaşıb getmişdir. Atası gecə birgə yaşadıqları evlərinə qayıtmışdır. Hazırda atası ilə barışmır və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2003-cü ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, birgə nigahlarından 2 övladları olmuşdur. 2006-cı ildə hazırda yaşadıqları Balaxanı qəsəbəsi, 2-ci Mədəndə yerləşən 3 sot torpaq sahəsi almışlar, həmin torpaq sahəsində 2 otaqdan ibarət ev tikdirdikdən sonra həmin ili Bakı şəhərinə qeyd olunan evə köçmüşlər. Həmin evdə oğlu İzzət, qızı Mədinə və əri Qulu ilə birgə yaşamağa başlamışlar. Sonradan Qulu dəfələrlə həbs olunaraq cəzaçəkmə müəssisəsində olmuşdur. O, 2022-ci ilin fevral ayında cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Həmin vaxtdan evlərində tez-tez mübahisələri olmuşdur. 09 iyul 2022-ci il tarixdə evindən təxminən 200 metr aralıda, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən, yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan bacısı Nəcabət Məmmədovanın təzyiqi qalxdığından baş çəkməsi üçün Nəcabətin evinə getmişdir. Saat 23 radələrində oğlu İzzət əsəbi halda Nəcabətin evinə gələrək məhəllədə olarkən X7 ilə birgə boru kəsməyə getməsini tələb etdiyini, İzzət razılıq vermədiyinə görə Qulunun İzzəti təhqir etdiyini bildirmişdir. Həmin vaxt Qulu bacısı Nəcabətin evinə gələrək İzzətə irad tutmuş, İzzəti qeyrətsiz və tərbiyəsiz adlandırmışdır. İzzət Qulunun iradından əsəbləşərək bacısının evinin qapısına yumruq və kəllə vurarkən Qulu İzzətin bu kimi etirazına əsəbləşmiş, İzzət həyətə düşəndə Qulu da İzzətin dalınca həyətə düşmüş, bacısının həyətindəki söyüd ağacının yanında yumruqla İzzətin sol gözündən, daha sonra yumruq və təpiklə bədənin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. O, Zərərçəkmiş şəxs xəsarətlər yetirərək sağlamlığına ziyan vurmuşdur. Hazırda zərərçəkmiş tərəf olaraq, yəni zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsi bağışlamır və ondan şikayətçidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanıdır (i.v.4- 5). Məhkəmə Tibb Ekspertiza və X4-Təcrübi və tədris birliyinin Sabunçu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1523 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvası ətrafı nahiyənin və döş qəfəsinin qançırları, sol kürək və sol said nahiyələrinin sıyrıqları müəyyən edildi, xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti 09 iyul 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.15-16). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs hadisədən sonra çəkilmiş fotoşəkillərindən görünür ki, Zərərçəkmiş şəxs sol göz və gözətrafı, o cümlədən, sol kürək nahiyyələrində xəsarətlər vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək hadisə günü oğluna sadəcə şillə vurduğunu, oğlunun öz başını və gözünü qapıya çırparaq onda aşkar edilmiş xəsarətləri özünün özünə yetirdiyini göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin hazırkı ifadəsini onun istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxsin və şahidin ifadələri, işin həqiqi halları ilə əlaqəli şəkildə tədqiq edərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadələri səmimi və həqiqəti əks etdirən ifadələr kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələr iş üzrə dindirilmiş digər şəxslərin ifadələri ilə uyğunluq təşkil etmiş və o, həmin ifadəsində baldızının həyətindəki söyüd ağacının yanında yumruqla Zərərçəkmiş şəxs sol gözündən, daha sonra yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü “Zərərçəkmiş şəxs öz gözünü və başını qəsdən qapıya vurması”na dair dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, anlaqlı bir şəxsin öz başını qapıya qəsdən vurması absurd olmasına baxmayaraq mümkün olsa da, lakin gözünü qapıya çırpması və özünə fotoşəkillərində göstərilən xəsarətləri yetirməsi məntiqli və real deyil. Bundan savayı, məhkəmə istintaqının əvvəlində təqsirləndirilən şəxs hadisə vaxtı oğlu İzzətə ancaq şillə vurduğunu bildirsə də, zərərçəkmiş şəxs dindirildikdən sonra yalnız şillə deyil, təpiklə vurmağa cəhd etdiyini də etiraf etmişdir ki, bu da təqsirləndirilən şəxsin ifadələrini öz müdafiəsi istiqamətində qurmaqla ifadələrində səmimi olmamasına dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələrin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli hökmü ilə AR CM-nin 127.1-ci maddəsi ilə 01 il islah işləri cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il islah işləri cəzasına və 3800 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 aprel 2013-cü il tarixli hökmü ilə AR CMP-nin 128-ci maddəsi ilə təqsirli bilinib AR CM-nin 67.1 və 68.2-ci maddəsinə əsasən 06 ay müddətə azadlıqdan məhrum etmə və 3800 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2013-cü il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli biinib AR CM-nin 66.5-ci maddəsinə əsasən 07 ay azadlıqdan məhrum etmə və 3800 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib AR CM-nin 66.5-ci maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3800 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə ona AR CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş və üzərinə qəti olaraq 04 il 10 ay müddətə azadlıqdna məhrum etmə cəzasıvə 3800 manat cərimə cəzası saxlanılmış, 17 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 fevral 2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib AR CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 3800 manat cərimə cəzasına məhkum edilmişdir (i.v. 55-58). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.86). Abşeron Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 1(012)-51/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 3800 manat cərimə cəzası ilə tam birləşdirilməklə üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3800 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 sentyabr 2010-cu il təvəllüdlü (X3) azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (AR CM-59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir (Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayəti məhkumluğu ödənilmədiyi dövrdə törətsə də, AR CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan AR CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır). Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmü ilə təyn edilmiş 3800 manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 ay müddətə azadlığın məhdudlaşdırılması və 3800 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-858/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-858/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver