Məhkəmə qərarları › İş №1(008)-858/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-858/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-858/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8, İnzibati binada qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən binaların zirzəmilərində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 470 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və 28 fevral 2023-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində fəaliyyət göstərən “Vedi” marketin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb 13-cü polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan parça gödəkçənin iç hissəsində saxladığı bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 470 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 ilə yaxındır ki, narkotik vasitə marixuanadan istifadə edir, istifadə etdiyi narkotik vasitə marixuananı Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 28 fevral 2023-cü il il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində “Mirzə” kimi tanıdığı şəxsdən 500 manata istifadəsi üçün bir ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə marixuana almış və Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə qayıtmışır. Həmin gün, təxminən saat 21:10 radələrində Bakıxanov qəsəsində fəaliyyət göstərən “Vedi” marketin qarşısı ilə piyada gedərkən, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları olduqlarmı bildirərək adını, soyadını soruşmuşlar. O, polis əməkdaşlarına Özünü təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, əynində olan gödəkçənin iç hissəsində saxladığı sellofan bağlamada narkotik vasitə marixuana olduğundan o, tez bir zamanda oradan yayınmaq istəsə də, lakin polis əməkdaşları buna imkan verməmişlər, başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində narkotik vasitə marixuananın olmasından məlumatları var, buna baxmayaraq özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə getməsini təklif etmişlər. O, da səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 13-cü polis şöbəsinə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra video çəkliş vasitəsi ilə üzərində şəxsi axtanş aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermiş, vermişdir, çünki üzərində narkotik vasitə marixuana olduğundan istəməmişdir ki, müdafiəçi bunu özü gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bundan sonra video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtanş zamanı polis əməkdaşı ona Üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan gödəkçənin iç hissəsində saxladığı içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofan bağlamanı və həmin gödəkçənin sağ cibindən bir ədəd Prima markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bağlama polis əməkdaşarı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə marixuana aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bağlamadan aşkar olunmuş ot kütlələrinin nə olduğunu soruşduqda, o, səmimi olaraq bağlamanın içərisindən aşkar edilən ot kütlələrinin qurudulmuş marixuana olduğunu deyərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində “Mirzə” adlı şəxsdən 500 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götrülmüş içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofan bağlama qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona verilən ittihamda özümü təqsirli bilmir, çünki heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, özü narkoman olmuş, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı satış məqsədilə yox, öz şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 28 fevral 2023-cü il tarixdə, saat 21:10 radələrində Sabunçu RPİ-nin 13-cü polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində fəaliyyət göstərən “Vedi” marketin qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər, lakin həmin şəxs üzərində heç bır sənədinin olmadığını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Həmin vaxt həmin şəxsin əynində olan parça gödəkçəsinin iç hissəsində qara rəngli polietilen bağlama saxladığını görmüşlər. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, onlar həmin şəxsi işlədikləri Sabunçu RPİ-nin 13-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs də, onlarla razılaşmış və onu qeyd etdiyi polis bölməsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən binaların zirzəmilərində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirilməsi ilə bağlı raportla bölmənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması 13-cü polis bölməsinin təhqiqatçısı, polis mayoru İlham Babayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı İlham Babayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan parça gödəkçənin iç hissəsində saxladığı bir ədəd qara rəngli polietilen bağlamanı masanın üzərinə qoymuş, sonra həmin gödəkçənin sağ cibindən bir ədəd Prima markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi qara rəngli polietilen bağlama təhqiqatçı İlham Babayev tərəfindən açıldıqda içərisindən yaşımtıl rəngli xırdalanmış və qurudulmuş halda spesifik qoxuya malik, qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd Prima markalı siqaret qutusuna təhqiqatçı İlham Babayev tərəfindən baxış keçirilmiş, baxış zamanı siqaret qutusundan qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nəsə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın içərisindən aşkar olunmuş bitki mənşəli kütlənin qurudulmuş marixuana olduğunu deyərək, Maştağa qəsəbəsi ərazisində “Mirzə” adlı şəxsdən 500 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir.Bu zaman Təqsirləndirilən şəxs əynində olan parça gödəkçənin iç hissəsində saxladığı bir ədəd qara rəngli polietilen bağlamanı və həmin gödəkçənin sağ cibindəki bir ədəd Prima markalı siqaret qutusunu masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bağlama təhqiqatçı İlham Babayev tərəfindən açıldıqda içərisindən yaşılımtıl rəngli bitki mənşəli kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın içərisindən aşkar olunmuş bitki mənşəli kütlənin qurudulmuş marixuana olduğunu deyərək Maştağa qəsəbəsi ərazisində Mirzə adlı şəxsdən 500 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində bitki mənşəli kütlə olan bağlama təhqiqatçı İlham Babayev tərəfindən qablaşdırılmış, möhürlənmiş, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən İmzalanmışdır (i.v. 28-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli, 7/311 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ” yazı və imzalar olan zərfdə polietilen bağlamada bir ədəd sellofanın içərisində təmiz çəkisi 470,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (i.v.36-39). “Maddi sübut kimi tanıma haqqında” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 470 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi tanınması, həmin qurudulmuş marixuananın tədqiqatdan sonra 469,95 qram qalığın saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v.84). Məhkəmə-narkoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli, 2251 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.109-110). “Elektron məlumat daşıyıcına baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə müxtəlif sms mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və sms-i yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir: I. 02.10.2022-ci il tarixdə, saat 05:09-da ***-***-**-** saylı mobil nömrədən. ***-***- **-** saylı mobil nömrəyə - Mənəm Kamran qardaşım nömrəmi tanimadin o sün vacavda vazdimäa sənə sadıq vari kola düz aosda qayaya elşadla bir yerde alacam 15 manatım təmiz yarı verdə qağaya. 2, 04.10.2022-ci il tarixdə, saat 23:57-də ***-***-**-** mobil nömrədən. ***-***-**-** saylı mobil nömrəyə - Oaaa nevnedin isvi? alindira bildin qardaş im qızda 20 manat var ağrıyır necə köməy eliyək mənə görə qaqam alindirmaq olar?

3. 06.10.2022-ci il tarixdə, saat 06:23-də ***-***-**-** mobil nömrədən. ***-***-**-** saylı mobil nömrəyə - Fərid qardaşım ikimizin canı getdik temaya görə. K. alındı P.qaldı seher saat ildə davı evdən çıxanda verib gedəcək Dasın məndədi narahat olma Broo )).

4. 15.10.2022-ci il tarixdə, saat 21:47-də ***-***-**-** mobil nömrədən. ***-***-**-** saylı mobil nömrəyə - Turxan qardaşımsan əlin girən yer varsa bir cet kola götürərdin qurban sənə.

5. 26.10.2022-ci il tarixdə, saat 15:39-da ***-***-**-** mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə - Qardaşım sen hardasan? Mənim vanımda adam var gedirəm məhləvə qovacam bloka bir verə deyəcəm götür qardaşım tema məndədi

6. 28.10.2022-ci il tarixdə, saat 06:17-də ***-***-**-** mobil nömrədən, 50-672-68- 68 saylı mobil nömrəyə — Qapın ağzında das var qoydum dasın usdunə gotür set. Goy rəngdə kagızdadı.

7. 02.12.2922-ci il tarixdə, saat 11:49-da ***-***-**-** mobil nömrədən, ***-***-**-** mobil nömrəyə - Başqa söz devirəm vallah yarı kola alinar indi? tez mənə xəbər elə ureyim.

8. 24.12.2022-ci il tarixdə, saat 20:53-də ***-***-**-** mobil nömrədən. ***-***-**-** mobil nömrəyə - Natiq qardaşım 50 manat təmiz qul versəm 1 Q. Torpas alınar təmiz?Bir cetdə das qret elivərsən qardasva.

9. 06.01.2023-cü il tarixdə, saat 03:33-də ***-***-**-** mobil nömrədən. ***-***-**-** mobil nömrəyə - Natiq axşamın xeyir. Məndə 1 qram torpaq var ot var.sa barter eliyərəm varsa vızv at mənə.

10. 21.01.2023-cü il tarixdə, saat 01:36-da ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - Səni özümə yaxın bilib zəng vuram səndə adamı it kimi qapırsan kiminsə yanındasan. Axsam belə deyildin ama. Bir az kola olsa gəldə padvala təkəm gözləyirəm. 11.xx.xx.2022-ci il tarixdə, saat 15:58-də ***-***-**-** mobil nömrədən. ***-***-**-** mobil nömrəyə - kamiw salam ata evdəyəm xəstəvəm duranda gəl bizə? iki saat vawar silin qapıs in döydüm acmadiz.puluvnan pt kola lazimdi mənə olsa. Gətir öpürəm gözləyirəm.

11. 06.10.2022-ci il tarixdə, saat 16:49-da ***-***-**-** saylı mobil nömrədən, ***-***- **-** mobil nömrəyə - Salam Kamran necəsiz mənə kola lazimdi saat 7 8 zə yarı kola lazımdı həl ədə bilərsən.

12. 10.10.2022-ci il tarixdə, saat 01:36-da ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə — Mənəm elməddin qapını ac 13 manat var bidənə torpağ lazımdı.

13. 26.12.2022-ci U tarixdə, saat 00:06-da ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə — Qaqa necəsən qaqa Məndə 5 azn var biləm azdi kola alınsa bir damci qardaşına komək et sabahda 5 verərəm.

14. xx.xx.2023-cü il tarixdə, saat 12:09-da ***-***-**-** saylı mobil nömrədən, ***-***-**- ** saylı mobil nömrəyə - kontur atıram natiknen daniwki 25 manat veririk bilməsin mənləsən deki 03 pt. 03 kola vere bilərsə gedib sotürərdik mənədə xəbər elə.

15. 26.01.2023-cü il tarixdə, saat 06:34-də ***-***-**-** savlı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə — Gəlsən mənə biraz patı gətir imkan varsa.

16. xx.xx.2023-cü il tarixdə, saat 19:11 -də ***-***-**-** savlı mobil nömrədən, ***-***-**- ** savlı mobil nömrəyə - Mənim va pulumu yada malımı gətirmiyen qeyrətin sikim sən mənə sikis gəlirsən (i.v.126-150). “Sübutların qiymətləndirilməsi haqqında” 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunması və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd diskin maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.157-166). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, iş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS mətnləri səsləndirilərək təqsirləndirilən şəxsdən həmin nömrənin ona məxsus olub-olmaması, yazan şəxslərin onun tanışlarının olub-olmamasına dair sual ünvanlandıqda o, ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, ona yazan və özünün yazdığı şəxslərin tanışları olduqlarını, həmin SMS-ləri istifadəçi kimi yazdığını bildirsə də, SMS-lərin mətnlərindən açıq-aydın ayrı-ayrı şəxslərin ondan pul müqabilində narkotik vasitələri istəməsinin səbəbi soruşulduqda isə Təqsirləndirilən şəxs susaraq suala cavab verə bilməmişdir. Bununla yanaşı, yuxarıda sadalanan SMS yazışmaları tədqiq edilməklə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitəni də (narkotik vasitənin çəkisi də nəzərə alınmaqla) satış məqsədi ilə əldə etməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə, saat 21:10-dan tutulmuş hesab edilmişdir (i.v.16). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.75-77). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.78-80). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi məhkəməyə göndərilmişdir (i.v.118-119). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 1(008)- 858/2023 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 469,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar