Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-872/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsi 87-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi - 0,290 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 15 may 2023-cü il tarixdə saat 16:00 dəqiqədə Bakı şəhəri Sabunçu rayonu Şəhər şossesində yerləşən MS Oİl yanacaq doldurma məntəqəsinin yaxınlığında nömrəsiz fərdi evin qarşısında Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb həmin polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı eynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi - 0,290 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2-3 ildir ki, o, kokos kimi tanıdığı narkotik vasitə heroin istifadə etmişdir. O, istifadə etdiyi narkotik vasitə heroini Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə o, 14 may 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Şəhər Şossesində yerləşən MS OİL yanacaq doldurma məntəqəsinin yaxınlığında “Nemes" ləqəbi ilə tanıdığı Vüqar adlı şəxsdən 15 manat pulun müqabilində istifadəsi üçün bir ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır. O, həmin heroinin bir qismini istifadə etmiş, bir qismini isə sellofan bükümdə sonra istifadə etmək üçün üzərində saxlamışdır. 15 may 2023-cü il tarixdə saat 16:00 radələrində o, Bakı şəhəri Sabunçu rayonu Şəhər Şossesində yerləşən MS OİL yanacaq doldurma məntəqəsinin yaxınlığında nömrəsiz fərdi evin kənarındakı yolda olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları olduqların bildirmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan o tez bir zamanda oradan yayınmaq istəsə də, polis əməkdaşları ona imkan verməmişlər. O, polis əməkdaşlarının onun üzərində narkotik vasitə olmasından məlumatlarının olduğunu başa düşmüş buna baxmayaraq o, sərbəst buraxılmaq üçün özünü çox şübhəli aparmamışdır. Polis əməkdaşları onu sorğu-sual etmiş, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməyindən, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində ondan şübhələndiklərini demiş, birlikdə Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə getməyini təklif etmişlər. O, səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında 12-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində onun şəxsiyyəti müəyyən olunmuş, sonra otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və dövlət hesabına təyin olunmuş müdafiəçini təqdim etmişdir. Ona video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olması bildirilmişdir. Müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması üçün o, özü ərizə ilə müraciət etmişdir. O, müdafiəçisinin onun təqdim etmiş olduğu narkotik vasitə heroini görməsini istəməmişdir. Bundan sonra polis əməkdaşı üzərində saxlanması daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofan bükümün içərisindəki narkotik vasitə heroini çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin sellofan büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı onun təqdim etdiyi sellofan bükümdən aşkar olunmuş kütlənin nə olduğunu soruşmuş, o, səmimi olaraq sellofan bükümünün içərisindən aşkar edilmiş kütlənin “kokos" kimi tanıdığı narkotik vasitə heroin olduğunu, 14 may 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Şəhər Şossesində yerləşən MS OİL yanacaq doldurma məntəqəsinin yaxınlığında “Nemes” ləqəbi ilə tanıdığı Vüqar adlı şəxsdən 15 manata istifadəsi üçün aldığını bildirmişdir. Ondan götürülmüş büküm qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və sonra ona qarşı hər hansı bir təzyiq göstərilməmişdir, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, 15 may 2023-cü il tarixdə saat 16 radələrində o, 12-ci polis şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Şəhər şossesi MS OİL yanacaq doldurma məntəqəsinin yaxınlığında nömrəsiz fərdi evin qarşısında xidmət apararkən bir nəfər şəxsin şübhəli hərəkətlər etdiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini həmin şəxsə təqdim etmiş və o, həmin şəxsdən kim olduğunu, harada yaşadığını soruşmuş, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişdir. Həmin şəxs özü haqqında məlumat verməmiş, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirib qaçmağa çalışmışdır. O, Vüqarla birlikdə həmin şəxsi saxlamış və qaçmasına imkan verməmişlər. O, həmin şəxsin narkotik vasitə istifadə edən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş şəxs olduğunu görmüşdür. Bundan sonra o, həmin şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasından şübhələnmişdir. Həmin şəxsin üzərində qanunla nəzərdə tutulmuş qaydada şəxsi axtarış aparılması üçün 12-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində yoxlama zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. O, Vüqarla birlikdə Təqsirləndirilən şəxs 12-ci polis şöbəsinə aparmaqları ilə bağlı polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişlər. Raportun icrası polis şöbəsinin təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 7 saylı Vəkil Bürosundan müdafiəşi dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkilə etirazının olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış aparacağını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq şəxsi axtarışın Müdafiəçi iştirakı olmadan keçirilməsini bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi xidməti otağı tərk etmişdir. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişlər. Digər polis əməkdaşı isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya və predmet olduğu halda təqdim etməsini təklif etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya, predmetin olmadığını demişdir. Təqsirləndirilən şəxs üzəri nəzarət qaydasında yoxlanılmış, lakin, sonuncunun üzərindən başqa maddə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir ədəd bükümdəki maddənin “kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni yanacaq doldurma məntəqəsinin arxa tərəfində 15 manat pulun müqabilində Vüqar adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı bükümü açmış, içərisində qəhvəyi rəngli heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən içərisində heroinə bənzər maddənin olduğu bir ədəd büküm ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Şəxsi axtarış zamanı Elvin heroini yanacaq doldurma məntəqəsinin arxa tərəfində Vüqar adlı şəxsdən 15 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “kakos” olduğunu, Sabunçu rayonu Şəhər şossesi MS Oil yanacaq doldurma məntəqəsinin yanından Vüqar adlı şəxsdən 15 manata İstifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs 2 ilə yaxındır narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.25-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2831 nömrəli 16 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksləri olan, "...Saxlanılan şəxs: "İmza" Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,290 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir(i.v. 35-38); Əşyanın maddi sübut hesab edilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 0,290 qram miqdarında narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, heroinin 0,050 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,240 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 № 69" mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir(i.v.48-49); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.56-57); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.76-78); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.80-81); DVD diskə baxış keçirilməsi haqqında 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin təhqiqatçısının xidməti otağına daxil olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb 12-ci polis şöbəsinə gətirildiyini, üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmiş, etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını, müdafiəçinin iştirakını tələb etmədiyini bildirmişdir. Sonra təhqiqatçı Tural Təhməzli üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs bir ədəd bükümdəki maddənin “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni yanacaq doldurma məntəqəsinin arxa tərəfində 15 manat pulun müqabilində Vüqar adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı bükümü açmış, içərisində qəhvəyi rəngli heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya, predmetin olmadığını demişdir. Təqsirləndirilən şəxs üzəri nəzarət qaydasında yoxlanılmış, üzərindən başqa maddə, əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən içərisində heroinə bənzər maddənin olduğu bir ədəd büküm ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmış, video çəkiliş 05 dəqiqə 42 saniyə müddətində davam edərək bitmişdir(i.v.101); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2023-cü il tarixli 5509 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 118-119); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami rayon polis idarəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir(i.v. 121-122); sübutların qiymətləndirilməsi haqqında 6 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.123-130); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 15 may 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,290 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı(CPM-132), 65(altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,240 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-872/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-872/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver