Məhkəmə qərarları › İş №1(008)-876/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-876/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-876/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “LEQAL” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Özbəkistan Respublikası Fərqanə vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, “Seid” marketdə satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd soyuq silah hesab edilən kastet-bıçağı əldə edib Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində “Karyer yolu” adlanan əraziyə üzərində gəzdirmiş, 21 iyun 2023-cü il tarixdə saat 01:50 radələrində həmin ərazidə özünü şübhəli apardığından Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin İnzibati binasına gətirilmiş, orada üzərinə video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş soyuq silah hesab edilən kastet-bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə saat 01:50 radələrində, Nardaran qəsəbəsində “Karyer yolu” adlanan ərazidə olarkən mülki formada, özünü polis əməkdaşı kimi təqdim edən şəxs ona yaxınlaşaraq kim olduğunu və gecə saatlarında burada nə etdiyini ondan soruşmuş və özü də cavabında qonaq gəldiyini, yolu tanımadığı üçün azdığını bildirmişdir. Həmin polis əməkdaşı şübhələndiyi üçün onu polis bölməsinə dəvət etmişdir. 42-ci Polis Bölməsinin növbətçi hissəsində üzərinə vıdeogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində qanunla saxlanılması, gəzdirilməsi qadağan edilmiş hər hansı bir maddə, əşya və ya predmet olduğu halda təqdim etməsi ona təklif olunmuşdur. Bu sözlərdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd bıçağı çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bıçaqlar 7-8 ildir ki, ondadır. O, bıçaqlardan qara tiyəli olan ov dükanından özü almış, digərini isə ona hədiyyə vermişlər. Həmin bıçaqları bir neçə dəfə aparıb dostlarına göstərmişdir, həmin gündə bıçağı bağdan evə aparmaq üçün götürmüşdür. Aşkar olunmuş bıçaqlar ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Qara tiyəli bıçağı ərzaq məhsulları doğramaq üçün üzərində gəzdirmiş, digər kastetli bıçaq isə hədiyyə olduğu üçün suvenir kimi üzərində gəzdirmişdir. Həmin bıçaqlarla hər hansı bir cinayət törətmək niyyətində olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 iyun 2023-cü il tarixdə axşam saatlarında inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, «Karyer yolu» ərazisində bir nəfər piyada hərəkətdə olan şəxsin şübhəli olduğunu görüb onu saxlamış, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişdir. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək yayınmaq istəmiş, eləcə də nəsə gizlətdiyi və dağınıq cavab verməyi onda şübhə yaratmışdır. Bundan sonra o, həmin şəxsi 42-ci polis şöbəsinə dəvət etmişdir. Bölmədə həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Bölmənin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə vizual baxış zamanı cibində bıçağa bənzər nəsə olduğu görünmüşdür. Daha sonra oraya hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmışdır. Təqsirləndirilən şəxs axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd dəmir materialdan qara rəngli tiyəsi olan qatlanaraq açılıb-bağlanan bıçağı və 01 ədəd dəmir materialdan olan dəmir tiyəsində «beşbarmaq» formasında tutacağı olan, qatlanaraq açılıb-bağlanan bıçağı və 01 ədəd «West» markalı siqaret qutusunu, habelə 01 ədəd qara rəngli sellofan paketdən 01 ədəd mobil telefonun enerji ötürücüsünü, 01 ədəd alışqanı, 01 ədəd qara rəngli pul kisəsini təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs qara rəngli tiyəsi olan bıçağı ov dükanından aldığını, «beşbarmaq» formasında tutacağı olan bıçağı isə ona hədiyyə verildiyini, həmin bıçaqları dostlarına göstərmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra 02 ədəd bıçaq zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı polis kapitanı İsa Süleymanov tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs oğlu tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs soyuq silah hesab edilən kastet-bıçağı konkret olaraq haradan əldə etməsi barədə məlumatı olmamış, sonuncunun dostlarına göstərmək üçün üzərində gəzdirdiyini bildimişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:50 radələrində Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.15); şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyun 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli dəmir materialdan tiyəsi olan qatlanaraq açılıb-bağlanan bıçağı və 1 ədəd dəmir materialdan olan dəmir tiyəsində “beşbarmaq” formasında tutacağı olan, qatlanaraq açılıb-bağlanan bıçağı və 1 ədəd “Vest” markalı siqarət qutusunu, 1 ədəd qara rəngli sellofan paketdən 1 ədəd mobil telefonun enerji ötürücüsünü, 1 ədəd qara rəngli alışqanı 1 ədəd qara rəngli pul qabını təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bıçaqların nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulan zaman o, həmin bıçaqlardan qara rəngli tiyəsi olanını ov dükanından aldığını, digərini isə hədiyyə verildiyini, həmin bıçaqları dostlarına göstərmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş bıçaqlar qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüş və Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir(i.v.26-27); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli, 3/995 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet - zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaqdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deçici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir(i.v. 33-36); təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə ittiham elan olunmuşdur (i.v.45-46); təqsirləndirilən şəxsin həbsdən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.54-55); baxış keçirilməsi haqqında 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 21 iyun 2023-cü il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasında xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılması hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd soyuq silah hesab edilən kastet-bıçağı təqdim edir. Daha sonra həmin soyuq silah zərfə qoyularaq qablaşdırılmışdır(i.v.58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v.65); Sübutların qiymətləndirilməsi barədə 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağının aşkar edilməsi hissəsinə görə sonuncunun əməlində cinayət tərkibi olmadığından barəsində həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir (i.v.68-71); Məhkəmə istintaqı zamanı 01 ədəd CD diskə baxış keçirilmiş, diskdə olan videogörüntülər şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyun 2023-cü il tarixli protokola uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 21 iyun 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici və vurucuəzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar