Məhkəmə qərarları › İş №1(008)-88/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-88/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-88/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,280 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib üstündə saxlayaraq daşımış, Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxxxx 2020-ci il saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağları massivində saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə aparılmış və orada onun üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qısa qol gödəkçənin ön sağ cibindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, əldə edib üstündə saxlayıb daşıdığı şəxsi istehlak miqdarında artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ümumi təmiz çəkisi 0,280 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülərək sənədləşdirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir neçə aydır narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, narkotik vasitə heroini ineksiya yolu ilə qəbul edir. xx.xx.2020-ci il saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmiş və orada küçədə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşaraq onda narkotik maddə heroin olub-olmadığını soruşmuş, həmin şəxs ona narkotik maddə heroinin bir bükümünü 10 manata satdığını bildirmişdir. O, həmin şəxsdən 30 manata 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülümüş heroin almış, şəxsi istifadəsi üçün üstündə saxlamışdır. xx.xx.2020-ci il tarixdə aldığı 3 büküm heroindən iki bükümünü ineksiya yolu ilə istifadə etmiş və bir büküm heroini isə daha sonra istifadə etməsi üçün üstündə saxlamışdır. xx.xx.2020-ci il saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlarında küçə ilə gedən zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb onu 42-ci PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 42-ci polis bölməsinə getmiş və orada polis əməkdaşları onun üstünə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları videoçəkiliş ilə onun üstünə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları onun üzərində hər hansı qanunla qadağan olunmuş maddə və ya əşyanın olub olmadığını soruşmuş, o, üzərində olan bir büküm heroini əynində olan qara rəngli qısa qol gödəkçənin ön sağ cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Tutduğu əməldən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 42-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağlar massivində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik maddə qəbul etməsi barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin gün saat təxminən 12:30 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağları massivində küçədə onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq, özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyətini soruşduqda, özünün Təqsirləndirilən şəxs bildirməsinə görə şübhəli şəxs qismində Sabunçu rayon polis idarəsinin 42-ci PB-nə dəvət etmişlər. 42-ci PB-də xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən video çəkilişdən istifadə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçənin ön sol cibindən “VEST” markalı siqaretin içərisində 2-ədəd şpris, bir ədəd şüşə balon, kiçik sellofan və həmin qara rəngli qısaqol gödəkçənin ön sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm aşkar edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində narkotik maddə heroin vardır və həmin heroini xx xxxxxxxx 2020-ci il tarixdə Maştağa qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata 3 ədəd bükümdə heroin almışdır. Həmin bükümlərdən 2 bükümün xx.xx.2020-ci il tarixdə özü istifadə etmişdir. Aşkar edilmiş bir ədəd büküm açıldıqda içərisində narkotik maddə olan heroinə bənzər maddə olduğunu görmüşlər. Cinayət işinin 19-cu vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Tamerlan Baxşəliyev və Şahid1 iştirakı ilə Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçənin ön sol cibindən “VEST” markalı siqaretin içərisində 2-ədəd şpris, bir ədəd şüşə balon, kiçik sellofan paket və həmin qara rəngli qısaqol gödəkçənin ön sağ cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd içində heroinə bənzər maddə olan büküm aşkar edilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1873 saylı ekspert rəyindən görünür ki, üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi 0,280 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,230 qramdır. Cinayət işinin 60-62-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Muxtar Muxtarovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, azadlığa buraxılmışdır. Cinayət işinin 63-64-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,230 qram heroin, iki ədəd şpris və bir ədəd şüşə flakon maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 79-80-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2629 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-85-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. X1 (arvadı), X4 (oğlu), X6 (qızı) onun ailə üzvləridir. Cinayət işinin 77-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışında verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik maddə olan heroin əldə edib saxlamaqla daşıması əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X2 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 0,230 qram heroin, 2 ədəd şpris və şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,230 qram heroin, 2 ədəd şpris və şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar