Məhkəmə qərarları › İş №1(008)-88/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-88/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-88/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Südeyub oğlunun, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü cinayətlərin məcmusu üzrə cəzalarının toplanması hissəsində dəyişdirilərək, qəti olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, xx xxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “Rövşən” adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobildə səyyar qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan “Poz-Qazan” lotereya biletlərinin satıldığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Yolu şossesində yerləşən “Bolmart” marketin qarşısına gəlmiş, birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, əmlak sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaları üçün avtomobili bir qədər kənarda və mühərriki işlək vəziyyətdə saxlayıb müşahidə aparmış, şəxsiyyəti istintaqa məlum olmayan şəxs isə avtomobildən düşərək səyyar qaydada "xxxx" ASC-yə aid olan “Poz-Qazan” lotereya biletlərini satan Zərərçəkmiş şəxs yaxınlaşaraq guya 50 manatlıq əskinazı olduğunu və iki ədəd «10 manatlıq» nominaldakı biletləri almaq istədiyini bildirərək, Zərərçəkmiş şəxs pulu xırdalamasından ötrü yaxınlıqda yerləşən “Topaz” mərc oyunları ofisinə girməsindən istifadə edərək sonuncunun mülkiyyətində olmaqla xüsusi quraşdırılmış masanın üzərinə müvvəqqəti nəzarətsiz qoyduğu 95 ədəd, hər biri 9 manat 40 qəpik, cəmi 893 manat dəyərində «10 manatlıq» nominalındakı lotereya biletlərini götürüb gizli talayaraq oradan uzaqlaşmaq istəyərkən, Zərərçəkmiş şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsin əməllərini görüb, təqib etməklə arxası ilə qaçmasından ifşa olunacaqlarını və planlaşdırdıqları gizli talama cinayətini həyata keçirə bilməyəcəklərini dərk edərək gizli talamaya yönəlmiş hərəkətlərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən açıq talama cinayətinin törədilməsinə yönəldib, bu hərəkətlərini inadla davam etdirərək əmlakını geri tələb edən Zərərçəkmiş şəxs məhəl qoymayaraq sonuncunun gözü qarşısında ələ keçirdiyi həmin lotereya biletlərini əynində olan gödəkcəsinin sol cibinə qoyub onun, həmçinin cinayət qrupunun digər üzvləri Təqsirləndirilən şəxs1 və “Rövşən” adlı şəxsin birgə gözlədikləri hadisə yerinin yaxınlığında mühərriki işlək vəziyyətdə olan avtomobilə tərəf qaçarkən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin təqib olunduğunu görüb avtomobilin arxa sağ qapısını açaraq tez bir zamanda avtomobilə daxil olmasına şərait yaratması və Təqsirləndirilən şəxs1 avtomobilini həmin anda hərəkətə gətirməsi ilə özgənin əmlakı olan 95 ədəd, hər biri 9 manat 40 qəpik, cəmi 893 manat dəyərində «10 manatlıq» nominalındakı lotereya biletlərini açıq talayıb ələ keçirərək avtomobillə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 893 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Təqsirləndirilən şəxs2 tanışı Fəxri vasitəsi ilə tanımışdır. 01 fevral 2023-cü il tarixdə, saat 21 radələrində məhəllədə olduğu zaman Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq tanışına məxsus pulu götürmək üçün Bakı şəhəri, Sabunçu rayonu ərazisinə getmək lazım olduğunu, xidmət haqqı olaraq ona 10 manat veriləcəyini, həmçinin, avtomobilinə 10 manatlıq benzin vurulacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmış, onlar birlikdə ona məxsus “VAZ-2106” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “20 Yanvar” dairəsi yaxınlığına gəlmiş, orada onun əvvəllər tanımadığı, Təqsirləndirilən şəxs2 tanışı olan iki nəfər şəxs avtomobilə əyləşmiş, birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Yolu şossesində yerləşən “Bolmart” marketin yaxınlığına gəlmişlər. Həmin vaxt, Təqsirləndirilən şəxs2 tanışı olan, lakin, adını bilmədiyi şəxs yaxınlıqda yaşayan qohumugildən pul götürəcəyini bildirərək avtomobildən enmiş, təxminən 10-12 dəqiqə sonra geri qayıdaraq avtomobilə əyləşmiş, o, avtomobilin mühərrikini işə salaraq oradan uzaqlaşmışdır. Yolda olarkən arxa oturacaqda əyləşən şəxsin lotereya saydığını görərək ondan nə baş verdiyini soruşmuş, həmin şəxs lotereya biletlərinin səyyar satış məntəqsindən oğurladığını bildirmişdir. Daha sonra onlar yenidən “20 Yanvar” dairəsi yaxınlığına gəlmiş, həmin vaxt, avtomobildə olan digər şəxs avtomobildən enərək orada yerləşən kafelərdən birinə girərək oğurlanmış 27-28 ədəd lotereya biletlərini oradakı şəxsə satmışdır. Baş vermiş oğurluq hadisəsi tərəflərindən əvvəlcədən planlaşdırılmamış, o, lotereya biletlərinin oğurlandığını yolda öyrənmişdir. Cinayət işinin istintaqı zamanı ifadəsinin oxumadan imza etmiş, həmçinin, müstəntiq tərəfindən ona 2 ədəd boş vərəqə imza etdirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 onun tanışıdır. İttiham aktında tərəflərindən özgənin əmlakı olan 95 ədəd, hər biri 9 manat 40 qəpik, cəmi 893 manat dəyərində «10 manatlıq» nominalındakı lotereya biletlərini açıq talayıb ələ keçirərək avtomobillə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 893 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən soğunçuluq edildiyi qeyd olunsa da, o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil sərnişin qismində olmuş, lakin, avtomobildə olan digər şəxs tərəfindən lotereya biletlərinin oğurlanmasından məlumatı olmamışdır. Həmçinin, sürücüdən əlavə, avtomobildə olan digər iki şəxsin kim olduğunu xatırlamır. Polis İdarəsində olarkən cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişdir. Polis əməkdaşı tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyandan 450 manat ödənilməsini bildirib, təqsirləndirlən şəxslərə qarşı şikayətinin olmadığını, lakin dəymiş ziyanın qalan hissəsini tələb etdiyini bildirərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesində yerləşən “Bolmart” marketlə üzbəüz səyyar qaydada "xxxx" Açıq Səhimdar Cəmiyyətinə aid “Poz-Qazan” lotereya biletlərinin satışı ilə məşğul olmuşdur. O, lotereyaları şirkətin metronun “Neftçilər" stansiyasında yerləşən ofisindən nağd şəkildə 6 faiz qiymətindən aşağı alaraq Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində yerləşən “Bolmart” marketlə üz-üzə, Zabrat qəsəbəsindən üzü Herdər Əliyev prospekti istiqamətində sağ səkidə şirkətin ona 400 manata satdığı masanın ətrafına sellofan çəkərək satışını həyata keçirmişdir. 01 fevral 2023-cü il tarixdə, saat 21 radələrində lotereya biletlərinin satışı həyata keçirərkən, əvvəllər tanımadığı, 32-33 yaşlı, qara buğdayı, orta bədən quruluşlu şəxs ona yaxınlaşaraq 10 manatlıq lotereya biletinin olub-olmamasını soruşmuş, o, 10 manatlıq lotereya biletlərinin oğurlanmasından ehtiyat etdiyi üçün biletləri masanın altında saxlamış, hər qutuda 50 ədəd 10 manatlıq lotereya olan 2 qutu lotereyanı masanın alt hissəsindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin şəxs qutudan 2 ədəd 10 manatlıq lotereya seçib götürmüş, ondan 50 manata xırdasının olub-olmamasını soruşmuş, özünə də xırda pul lazım olduğu üçün pul xırdalamaq məqsədi ilə yaxınlıqda yerləşən “Topaz” mərc oyunları məntəqəsinə daxil olmuş, təxminən 1-2 dəqiqə sonra topaz məntəqəsindən çıxarkən həmin şəxsin ona məxsus satış məntəsindən lotereyaları götürərək qaçıdığını görmüşdür. O, dərhal həmin şəxsin arxasınca qaçaraq onu tutmağa çalışmış, lakin, həmin şəxs onu gözləyən “VAZ- 2106” markalı, dövlət qeydiyyat nömrə nişanının sonu 636 olan avtomobilin arxa oturacağına əylşərək oradan uzaqlaşmışdır. Avtomobildən sürücüdən əlavə üç nəfər şəxs olmuş, lakin, hava qaranlıq olduğu üçün həmin şəxslərin üzünü görməmişdür. Baş vermiş soyğunçuluq əməli nəticəsində ona məxsus hər biri 9 manat 40 qəpik olan, cəmi 893 manat dəyərində 95 ədəd 10 manatlıq lotereya oğurlamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı Sabunçu RPİ-nin inzibati binasında olarkən telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 səs yazısını qeydə almış, həmin vaxt Təqsirləndirilən şəxs2 təxminən 28-29 ədəd lotereya biletinin oğurlandığını bildirmişdir. Cinayət işinin 67-68-ci vərəqəsində olan 27 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 82-ci vərəqəsində olan Təqsirləndirilən şəxs2 öz xətti ilə yazaraq imzası ilə təsdiq edilmiş ifadəsindən görünür ki, 01 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs1 və digər iki tanışı ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Yolu şossesində yerləşən “Bolmart” marketin qarşısında səyyar qaydada "xxxx" Açıq Səhimdar Cəmiyyətinə aid olan “Poz-Qazan” lotereya biletlərinin satışını həyata keçirən şəxsə məxsus 29 ədəd lotereya biletlərini ələ keçirərək avtomobillə hadisə yerindən uzaqlaşmışlar. Lakin, ittiham aktında 95 ədəd 10 manatlıq lotereya biletinin oğurlandığı qeyd olunduğu üçün özünü təqsirli bilmir. Cinayət işinin 85-ci vərəqəsində olan 27 sentyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılması nəzərə alınmışdır. Cinayət işinin 87-ci vərəqəsində olan 02 oktyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 02 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 125-127-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-756/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Seymur Həsənovun vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 128-129-cu vərəqəsində olan 04 oktyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 153-158-ci vərəqəsində olan Şirvan Şəhər Məhkəməsinin 1(032)- 62/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 özgə əmlakını ələ keçirmək məqsədi ilə 26 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində zərərçəkmiş şəxs X1 məxsus Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən “Ən ucuz market Mil” mağazasına girərək həmin mağazanın giriş hissəsində satıcının olduğu yerdəki masanın üzərindəki hər birinin dəyəri 5 manat olan 77 ədəd və hər birinin dəyəri 10 manat olan 34 ədəd, ümumi dəyəri 725 manat olan “poz qazan” uduş kartlarını gizli olaraq talayıb, zərərçəkmiş şəxs X1 ümumilikdə 725 manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanılmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 159-cu vərəqəsində olan Zərərçəkmiş şəxs 13 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, cinayət hadisəsi nəticəsində ona vurulmuş ziyanın 450 manatı Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 142-144-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bundan başqa, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qərarı ilə Kəpəz Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs2 barəsində qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan başqa, Göygöl Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 19 noyabr 2020-ci tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli hökmü cinayətlərin məcmusu üzrə cəzalarının toplanması hissəsində dəyişdirilərək, qəti olaraq 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan başqa, Suraxanı Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının tətbiqinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinin müraciəti (təqdimatı) təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq olunmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 həmin cəzasının xx.xx.2021-cı il tarixi üçün çəkilməmiş 06 ay 16 günlük hissəsi 06 ay azaldılmış, o, qalan 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını xx.xx.2021-ci il tarixindən etibarən tam çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən dərhal azad edilmişdir. Cinayət işinin 145-146-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 965/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi qismən etirafedici, ibtidai istintaq zamanı verdikləri tam etirafedici ifadələri ilə, digər iş materialları ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaqla soyğunçuluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 “…Avtomobildə olmasına baxmayaraq baş vermiş soyğunçuluqdan məlumatının olmadığını, polis İdarəsində olarkən cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişdir. Polis əməkdaşı tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır......” deməsi və eləcə də, digər Təqsirləndirilən şəxs1 “.... Baş vermiş oğurluq hadisəsi tərəflərindən əvvəlcədən planlaşdırılmamış, o, lotereya biletlərinin oğurlandığını yolda öyrənmişdir. Cinayət işinin istintaqı zamanı ifadəsinin oxumadan imza etmiş, həmçinin, müstəntiq tərəfindən ona 2 ədəd boş vərəqə imza etdirilmişdir....” deməsi məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin özlərini müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. İş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 bundan əvvəlki məhkumluğu da məhz olan “poz qazan” uduş kartlarını gizli olaraq talaması ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanın bir hissəsini könüllü olaraq ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Eləcə də, məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və əməlində cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Göygöl Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, iş üzrə yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin 1(032)- 62/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini Şirvan Şəhər Məhkəməsinin 1(032)-62/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 - 66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 barəsində Şirvan Şəhər Məhkəməsinin 1(032)-62/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Mülki iş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 23 may 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin 1(032)-62/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 04 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar