Məhkəmə qərarları › İş №1(008)-883/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-883/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-883/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs X1 hüquqi varisi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, fərdi qaydada taksi sürücüsü işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, bir zərərçəkmiş şəxsin isə ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə, saat 20.45 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Kia-Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, Zabrat qəsəbəsindən şəhər istiqamətində hərəkət zolağında 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hadisə baş verən sahədə hərəkətin intensivliyini, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək hərəkətini davam etdirib həmin küçədə “Merinos” mağazasının qarşısında yolu sol tərəfdən sağ tərəfə keçən piyadalar X2 və Zərərçəkmiş şəxs1 avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, dalağın əzilmiş-cırılmış yarası (dalaq cərrahi üsulla çıxarılmışdır), sol körpücük, sol bud, sağ baldır və sol incik sümüklərinin qapalı sınıqları, sol dirsək nahiyyəsinin əzilmiş yarası, alın nahiyyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, eləcə də, Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilməsi, başbeyin yumşaq qişasına və mədəciklərinə qansızma, sağ gicgah-təpə və sağ dirsək oynağı nahiyyələrinin əzilmiş yaraları, sol diz oynağının qapalı sınığı, ikitərəfli pnevmotoraks, sol peritonarxası, sidik kisəsi və hər iki böyrək nahiyyələrinin hematomaları, bədən səthinin çoxsaylı qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs X1 hüquqi varisi X3 və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 02 il olar ki, Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir. 26 iyul 2022-ci il tarixdə taksi fəaliyyəti göstərmək məqsədilə tanışı Cavid Baxşəliyevdən onun qohumu Anar Hüseynova məxsus “Kia-Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmək istədiyindən həmin tarixdə, saat 20.45 radələrində qeyd edilən avtomobilin texniki vəziyyətini yoxlamaq üçün Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosseində, Zabrat qəsəbəsindən şəhər istiqamətdə hərəkət edərkən, “Merinos” mağazasının yaxınlığında sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəfildən yolun hərəkət hissəsinə çıxaraq yolu soldan sağa keçərkən yolu keçən piyadaları vurmamaq üçün əyləci sıxmağına baxmayaraq hadisənin qarşısını ala bilməmiş və onları idarə etdiyi “Kia-Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə vurmuşdur. O, dərhal avtomobili saxlayıb onlara köməklik göstərmişdir. Həmin vaxt təsadüfən yoldan keçən X12 avtomobilini saxlayaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaxınlıqda fəaliyyət göstərən X8 aparmış, bir neçə saatdan sonra isə Zərərçəkmiş şəxs2 həmin xəstəxanada öldüyünü bilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs X1 hüquqi varisi X4 ilə barışmışdır. Göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 26 iyul 2022-ci il tarixdə, saat 20:45 radələrində anası Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində yerləşən “Merinos” mağazasının arxasında olan evlərinə getmələri üçün yolu keçərkən yol ayrıcında dayanmışlar. Bu zaman Zabrat qəsəbəsindən şəhər istiqamətində hərəkət edən, markası və dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobil qarşısında olan avtomobili ötmək istəyərkən qarşı yola çıxmış və onları vurmuşdur. Aldıqları xəsarətlər nəticəsində hər ikisi huşlarını itirmişlər. Anası aldığı xəsarətlər nəticəsində ölmüş, özü isə cərrahi əməliyyat olunmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı olmuşdur. 26 iyul 2022-ci il tarixdə, saat 20:45 radələrində yaşadığı mənzildə olarkən qonşulardan yaxınlıqdakı yolda avtomobilin piyadaları vurduğunu eşidib hadisə yerinə getmiş, orada olarkən yol-nəqliyyat hadisəsi zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs2 və övladı Zərərçəkmiş şəxs1 vurularaq xəsarət aldıqlarını, eləcə də onların hər ikisinin X12 briqadası tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıldıqlarını öyrənmişdir. 27 iyul 2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən həmin klinikada vəfat etmiş, qızı Zərərçəkmiş şəxs1 isə “Bakı Sağlamlıq Mərkəzi”ndə stasionar müalicəsini davam etdirir. Hazırda təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun oğlu Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə, saat 20:45 radələrində idarə etdiyi “Kia Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində, Zabrat qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuşdur. O, oğlu Təqsirləndirilən şəxs dəvəti ilə hadisə yerinə gəlmiş və X12 briqadası tərəfindən həmin şəxslər 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılmışdır. 27 iyul 2022-ci il tarixdə radələrində Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən həmin klinikada vəfat etmişdir. Zərərçəkmiş şəxs1 isə orada tibbi əməliyyat olunmuş və müalicəsini “Bakı Sağlamlıq Mərkəzi”ndə davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə hadisə barədə məlumat alan kimi dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına gəlmiş, orada Zərərçəkmiş şəxs2 qardaşı və həyat yoldaşı Yaqub Dadaşovla tanış olmuş, onlara Zemfira Hacıyevə və Zərərçəkmiş şəxs1 cərrahi əməliyyat və müalicə olunmaları üçün maddi yardım göstərəcəyini bildirmiş, qohumu Rasim Hüseynovla birlikdə klinikada olarkən Zərərçəkmiş şəxs2 həyat yoldaşı Yaqub Dadaşov və qardaşı onlara yaxınlaşıb dəfn, 3, 7, 40, və 1 il mərasimlərini təşkil etmələrini, qəbirstanlıqda yer almalarını və baş daşı düzəltdirmələrini, eləcə də digər xərcləri ödəmələrini tələb etmişlər. O, qəbirstanlıqda 450 manat ödəyib dəfn üçün yer almış, yas mərasimini təşkil etmək üçün onların tələb etdikləri mərasim evinin Vəli adlı sahibi ilə danışmış və 100 manat ilkin ödəniş etmişdir. Həmin gün X5 Dadaşovanın cərrahi əməliyyat olunması üçün başqa xəstəxanaya köçürülməsini tələb etmiş, Yaqub Dadaşovun bu tələbi ilə də razılaşıb Zərərçəkmiş şəxs1 əməliyyat olunması məqsədilə “Tramatologiya” xəstəxanasına aparılmasını təklif etmiş və bütün xərcləri ödəyəcəyini bildirmişdir. X13 və onun qohumlarının Zərərçəkmiş şəxs1 məhz “Bakı Sağlamlıq Mərkəzi”ndə əməliyyat olunmasını tələb etmişlər, həmin vaxt maddi imkanı olmadığından razılaşma da, sonradan zərərçəkmiş tərəfə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ona ümumi tanışları Cavid Baxşəliyevlə onun qohumuna məxsus “Kia Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmək üçün şifahi razılaşmışlar. O, avtomobilin sahibinin gəlib Kənana etibarnamə verəcəyini bildirmişdir. Həmin gün,saat 20.45 radələrində Təqsirləndirilən şəxs qeyd edilən avtomobili yoxlamaq istədiyini bildirmiş və ondan birlikdə getmələrini xahiş etmişdir. O da razılaşaraq sərnişin qismində avtomobilin qabaq oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs avtomobili Sabunçu rayonu, Zabrat qəsəbəsindən şəhər istiqamətində, Şəhər şossesində yerləşən “Merinos” mağazasının yaxınlığında təxminən 60 km/saat sürətlə idarə edərkən yolun solundan sağa keçən iki piyadanı vurmuşdur. Təqsirləndirilən şəxs dərhal avtomobili saxlamış və onlar kömək etmək məqsədilə piyadalara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs bu vaxt təsadüfən yoldan keçən X12 avtomobilini saxladıb piyadaları avtomobilə qoyaraq yaxınlıqda olan 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesidir (i.v.5-14). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 26 iyul 2022-ci il tarixli, 1/3891 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.15). Təqsirləndirilən şəxs adına verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi 27 noyabr 2030-cu il tarixədək qüvvədədir (i.v. 17). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 mərhum Zərərçəkmiş şəxs2 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının 16 avqust 2022-ci il tarixli, 180 nömrəli rəyindən görünür ki, baş-beyin maddəsinin əzilməsi, baş-beyin yumşaq qişasına və mədəciklərinə qansızma, sağ gicgah-təpə və sağ dirsək oynağı nahiyyələrinin əzilmiş yaraları, sol diz oynağının qapalı sınığı, ikitərəfli pnevmotoraks, sol peritonarxası, sidik kisəsi və hər iki böyrək nahiyyələrinin hemotomaları, bədən səthinin çoxsaylı qançırları.Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs2 xəstəxanaya daxil olmasından (xx.xx.2022-ci il tarixdə, saat 20:55-də) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə, saat 03.30-da xəstəxanada baş vermişdir (i.v 24-28). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 mərhum Zərərçəkmiş şəxs2 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının 26 avqust 2022-ci il tarixli, 1772 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, dalağın əzilmişcırılmış yarası (dalaq cərrahi üsulla çıxarılmışdır), sol körpücük, sol bud, sağ baldır və sol incik sümüklərinin qapalı sınıqları, sol dirsək nahiyyəsinin əzilmiş yarası, alın nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (i.v.66-69). “TŞX-nin TŞ9-008 nömrəli kamerasında qeydə alınmış videogörüntüyı baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə quraşdırılmış TŞ 9-008 1, TŞ 9-008 2 və TŞ 9-008 3 nömrəli kameralar vasitəsi ilə qeydə alınmış videogörüntülərə baxış keçirilmiş, baxış zamanı 26 iyul 2022-ci il tarixdə, saat 29:39:59-dan saat 20:50:00-dək olan müddət ərzində TŞ 9-008 1, TŞ 9-008 2 və TŞ 9-008 3 nömrəli kameralar vasitəsi ilə qeydə alınmış (hər biri 10 dəqiqə 01 saniyə olmaqla) videogörüntülərdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində yolun hər iki istiqamətində nəqliyyat vasitələri və piyadaların hərəkəti müşahidə olunsa da, cinayət işi üzrə əhəmiyyət kəsb edən görümtülər aşkar edilməmişdir (i.v.97). “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası”nın 28 sentyabr 2022-ci il tarixli 8/2440 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Kia-Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.100- 103). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.104-111). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs X1 hüquqi varisi X3 və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPMin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 05 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.78). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.133-134). Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə istintaqı zamanı verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərər ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən məhkəmə istintaqı zamanı verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərər ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməklə Zərərçəkmiş şəxs1 sağlamlığına dəyə biləcək ziyanın azaldılmasını (CM-59.1.11), Zərərçəkmiş şəxs1 və digər Zərərçəkmiş şəxs2 yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş tərəfin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın zərərçəkmiş tərəfə könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların müstəsna hallar kimi qiymətləndirilərək Təqsirləndirilən şəxs barəsində AR CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsini xahiş etsə də, hazırkı halda məhkəmə AR CM-nin 62-ci maddəsinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilməsi üçün müstəsna halları müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddəsinin tətbiqi üçün cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halların və ya cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olması vacibdir ki, hazırki halda məhkəmə cinayət işinin materiallarını və iş üzrə müəyyən olunmuş halları qarşılıqlı araşdıraraq təqsirləndirilən şəxs barəsində qeyd edilən halların hər hansı birinin müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətə münasibətdə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın (həm cəzanın növünə, həm də təyin edilmiş cəzanın müddətinə münasibətdə) təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar