Məhkəmə qərarları › İş №1(008)-886/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-886/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-886/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2lər, bina 5, mənzil 21-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qayğısına qalmalı olduğu halda özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz, zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoymuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər Kliniki xəstəxanasının doğum şöbəsində doğduğu çəkisi 2600 qram, boyu 48 sm olan qız uşağını valideyni kimi qayğısına qalmalı olduğu, özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan həmin yenidoğulmuş qız uşağını bilə-bilə 17 iyul 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanında quraşdırılmış məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutunun içərisində sahibsiz buraxmaqla köməksiz, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoymuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2lər, bina 5, mənzil 21də yaşayır. Təxminən 4 ildir ki, həyat yoldaşından rəsmi qaydada boşanıb. O, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Xəyal adlı şəxsdən hamilə qaldığını bildikdən sonra Xəyala bu barədə məlumat vermiş, lakin, uşağı dünyaya gətirməsinə razı olmamışdır. O, maddi imkanı olmadığı üçün vaxtında tibbi müdaxilə ilə hamiləliyi sonlandıra bilməmişdir. Xətai rayonu ərazisində yerləşən qadın məsləhətxanasına getdiyi zaman oradakı həkim hamilələyin müddətinə görə ona hamiləliyi sonlandırılmasının mümkün olmayacağını bildirmişdir. 15 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər Kliniki xəstəxanasının doğum şöbəsində qız uşağı dünyaya gətirmiş, maddi imkanı zəif olduğu və ailə üzvləri tərəfindən həmin uşaq qəbul edilməyəcəyi üçün ilk öncə uşaq evinə müraciət etmiş, şəxsiyyət vəsiqəsi olmadığı üçün uşaq evinin rəhbərliyi tərəfindən onun müraciətindən imtina edilmişdir. 17 iyul 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanına gələrək bir qədər gəzişmiş, daha sonra uşağı, hazırladığı uşaq yeməyi və bezlərini məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutunun içərisinə qoyaraq bir qədər kənarda dayanıb uşağın götürülməsini gözləmişdir. Bir müddət sonra əvvəllər tanımadığı bir nəfər şəxs məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutuya yaxınlaşaraq uşağı götürüb, ətrafa nəzər yetirmiş, həmin şəxs onu gördüyü üçün o, dərhal oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Bir neçə saat sonra polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində şahid göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Çaparidze küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. 17 iyul 2023cü il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanında quraşdırılmış məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutuların yaxınlığından keçərkən tullantılarının atılması üçün nəzərdə tutulmuş qabdan uşaq səsi gəldiyini eşidərək qaba yaxınlaşmışdır. O, qabın içərisinə baxdığı zaman bir neçə günlük körpə uşağın, həmin uşağın yanında isə sellofan paket içərisində hazır vəziyyətdə olan uşaq yeməyi və uşaq bezinin olduğunu görmüşdür. O, qutudan uşağı götürərək ətrafa nəzər yetirmiş, bir qədər aralıda dayanmış qadın onu görərək dərhal oradan uzaqlaşmışdır. O, ilkin olaraq DİN-nin 102 xidmətinə, daha sonra Səhiyyənin TTY 103 Qaynar xəttinə zəng edərək məlumat vermiş, həkimlər tərəfindən uşaq ilkin müayinə edilərək xəstəxanaya aparılmışdır. Cinayət işinin 3-cü vərəqəsində olan 17 iyul 2023-cü il tarixli xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər Kliniki xəstəxanasının doğum şöbəsində qız uşağı dünyaya gətirmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan 18 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 36-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-572/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair təqdimat və vəsatətin təmin olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işinin 37-ci vərəqəsində olan 20 iyul 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 2051 saylı, 25 iyul 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə de Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri aparılması mümkündür. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, öz hərəkətlərinin mahiyyətini dərk etmək və baş vermiş hadisəni düzgün qavrayaraq təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar olunmur. İnadkarlıq, məsuliyyətsizlik, laqeydlik, özünümüdafiə etməyə meylilik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri atlında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli hallan düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Cinayət işinin 58-ci vərəqəsində olan AZ İİİ seriyalı, 679430 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 49-50-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X1 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, himayəsində bir azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, islah işləri cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddəti islah işləri cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar