Məhkəmə qərarları › İş №1(008)-89/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-89/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-89/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ncəf oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,216 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 19 may 2023-cü il tarixdə, saat 01:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən 2-ci stasionar postun qarşısında özünü şübhəli apardığına görə Daxili İşlər Nazirliyinin X4 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli pencəyin sol iç döş cibindən 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,216 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan bir neçə müddətdir ki, istifadə edir və istifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alır. 19 may 2023-cü il tarixdə, 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində piyada gəzərkən “Anqallıq” adlanan ərazidə yerdən tapdığı 01 ədəd kibrit qutusunu açaraq içərisinə baxmış, kibrit qutusunun içərisində “nəşə” adlanan narkotik vasitə marixuana olduğunu görmüşdür. O, şəxsi istifadəsi üçün içərisində narkotik vasitə marixuana olan kibrit qutusunu əynində olan qara rəngli pencəyin sol iç döş cibinə qoyaraq üzərində daşımışdır. Həmin gün, yəni, 19 may 2023-cü il tarixdə, saat 01:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən 2-ci stasionar posta çatdığı zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli pencəyin sol iç döş cibindən 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, sorğu zamanı, təqdim etdiyi kibrit qutusunda “nəşə” adlanan narkotik vasitə marixuana olduğunu, 19 may 2023-cü il tarixdə, 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində piyada gəzərkən “Anqallıq” adlanan ərazidə yerdən taparaq üzərində daşıdığını bildirmişdir. Daha sonra onun üzərindən aşkar olunan kibrit qutusunun içərisində olan maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilərək şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsi daşıyır. 19 may 2023-cü il tarixdə, saat 01:15 radələrində ƏÇPA-nın 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən 2-ci stasionar postda xidmət aparan zaman bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, lakin, onlar həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 42-ci Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli pencəyin sol iç döş cibindən 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, sorğu zamanı, təqdim etdiyi kibrit qutusunda “nəşə” adlanan narkotik vasitə marixuana olduğunu, 19 may 2023-cü il tarixdə, 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində piyada gəzərkən “Anqallıq” adlanan ərazidə yerdən taparaq üzərində daşıdığını bildirmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunda olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 5-ci vərəqəsində olan 19 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması barədə 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli pencəyin sol iç döş cibindən 01 ədəd kibrit qutusunun içərisində ot şəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 33-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 7/734 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,216 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruldulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə quruldulmuş marixuananın qalıq çəkisi 5.166 qramdır. Cinayət işinin 62-64-cü vərəqəsində olan 20 may 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Əli Məsimovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 65-66-cı vərəqəsində olan 20 may 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-74-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 3030 nömrəli, 19 may 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 92-93-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 2291 nömrəli, 16 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 96-102-ci vərəqəsində olan 06 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5.166 qram narkotik vasitə marixuana məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 18 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdən saat 01:15-dən 20 may 2023-cü il tarix saat 15:35-dək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü (saatlar nəzərə alınmaqla) nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 5.166 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 5.166 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar