Məhkəmə qərarları › İş №1(008)-89/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-89/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-89/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan qanunsuz olaraq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,504 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində 29 aprel 2024-cü il tarixdə saat 17:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Ayxan” marketin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına gətirilərək, polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,504 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi – 0,199 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və o6 iyun 2024-cü il tarixdə 21:20-də Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi – 0,199 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda hər iki epizod üzrə özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclasında verilən suallara cavab olaraq Zabratda marketdən çıxarkən 2 nəfər mülki geyimli şəxsin yaxınlaşaraq onu polis şöbəsinə dəvət etdiyini, orada video çəkilişlə üzərinə şəxsi axtarış keçirildiyini və üzərindən metamfetamin aşkar olunduğunu bildirmişdir. İkinci dəfə polis şöbəsində üzərində şəxsi axtarış keçirildikdə də üzərindən metamfetamin çıxıdığını, polis şöbəsində olduğu zaman və istintaq müddətində ona təsir təzyiq olmadığını, ifadələrini sərbəst iradəsi ilə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin əməliyyat müvəkkili, Şahid2 ifadəsində bildirmişdir ki, 29 aprel 2024-cü il tarixdə polis bölməsinə vətəndaş Təqsirləndirilən şəxs barədə narkortik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun rəhbərliyi və Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 29 aprel 2024-cü il tarixdə, saat 17:05 radələrində radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Ayxan” marketin yaxınlığında hərəkətdə olan zaman saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət edilmişdir. Polis bölməsində hüquq vəzifələri izah edilmiş, barəsində tutma protokolu tərtib edilmiş və vəkil dəvət edilmişdir. Bundan sonra onun barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş, Bu zaman O, vəkilin iştirak etməməsi barədə ərizə yazmışdır, bundan sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükülünü çıxardıb təqdim etmiş və həmin bükülüyə baxış keçirilən zaman həmin bükülüdə təmiz çəkisi 0,504 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddə aşkar edilərək göturülmüş maddi sübut kimi qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilərək orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərində şəxsi axtarış və götürülmə keçrilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabunçu RPİnin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Sucəddin oğlunun elan edilmiş ifadəsində göstərilmişdir ki, 29 aprel 2024-cü il tarixdə polis bölməsinə vətəndaş Təqsirləndirilən şəxs barədə narkortik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və 29 aprel 2024-cü il tarixdə, saat 17:05 radələrində radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Ayxan” marketin yaxınlığında hərəkətdə olan zaman saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət edilmişdir. Polis bölməsində hüquq vəzifələri izah edilmiş, barəsində tutma protokolu tərtib edilmiş və vəkil dəvət edilmişdir. Bundan sonra onun barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş, Bu zaman O, vəkilin iştirak etməməsi barədə ərizə yazmışdır, bundan sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükülünü çıxardıb təqdim etmiş və həmin bükülüyə baxış keçirilən zaman həmin bükülüdə təmiz çəkisi 0,504 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddə aşkar edilərək göturülmüş maddi sübut kimi qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilərək orada olan iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərində şəxsi axtarış və götürülmə keçrilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 elan edilmiş ifadəsində göstərilmişdir ki, hazırda Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 06 iyun 2024-cü il tarixdə saat 21:20-də Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, ünvan 3 ünvanının qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması şübhəsi yarandığı üçün həmin şəxsi işlədikləri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmiş və polis şöbəsinə aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində psixotrop maddə olan metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs baş təhqiqatçı polis mayoru Fərhəng Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilmiş və Atakişiyev video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “patı” olduğunu deyərək, 06 iyun 2024-cü il tarixdə saat 16 radələrində “Nərimanov” metrostansiyası yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 7 (yeddi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ağ rəngli kristalşəkilli maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş, daha sonra bu barədəprotokol tərtib edilmiş və oradakı iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid4 elan edilmiş ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş içərisində şəffaf rəngli Kristal formada olan maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə olan “patı” olduğunu, həmin maddəni 06 iyun 2024-cü il tarixdə, Nərimanov metrostansiyası yaxınlığında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 7 (yeddi) manata öz istifadəsi üçün aldığını bildirmişdir (Cild 1, i.v. 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3159 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 161” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,199 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild 1, i.v. 33-36). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, bu psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı, qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı yeri bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (Cild 1, i.v. 128-129) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2359 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 161” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,504 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild 1, i.v.135-138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 02 may 2024-cü il tarixli, 2886 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomanitya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.202-203). “Sübutların qiymətləndirilməsi haqqında” 31 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən təmiz çəkisi 0,504 qram olan psixotrop maddə metamfetamin tədqiqata sərf edildikdən sonra qalıq qalmış hissənin 01 may 2024-cü il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən təmiz çəkisi 0,199 qram olan psixotrop maddə metamfetamin tədqiqata sərf edildikdən sonra qalıq qalmış hissənin 08 iyun 2024-cü il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə 29 aprel 2024-cü il və 06 iyun 2024-cü il tarixlərdə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disklər maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2359 saylı və 07 iyun 2024-cü il tarixli 3- 16-16/2-6/3159 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 02 may 2024-cü il tarixli, 2886 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut kimi tanınması nəzərə alınmışdır (Cild 2, i.v.41-52). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 29 aprel 2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə, saat 17:05-dən tutulmuş hesab edilmişdir (cild 1, i.v.108). “Şübhəli şəxsin tutulması haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə, saat 21:20-dən tutulmuş hesab edilmişdir (cild 1, i.v.15). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilməsi qərara alınmışdır. (cild 1, i.v.73-75). “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.76-79). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmünə əsasən AR CM-nin 207-ci maddəsi ilə xuliqanlıqda təqsirli bilinərək qəti olaraq 09 ay islah işləri cəzasına məhkum edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən AR CM-nin 226-1-ci maddəsi ilə təqsirli bilinərək qanunsuz narkotik maddə istifadə etməyə görə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən AR CM-nin 226-1-ci maddəsi ilə təqsirli bilinərək qanunsuz narkotik maddə istifadə etməyə görə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.06..2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qanunsuz narkotik maddə istifadə etməyə görə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qanunsuz narkotik maddə istifadə etməyə görə 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qanunsuz narkotik maddə istifadə etməyə görə 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qanunsuz narkotik maddə istifadə etməyə görə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qanunsuz narkotik maddə istifadə etməyə görə 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Abşeron RPİ tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə qanunsuz narkotik maddə istifadə etməyə görə cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 1. i.v.184-187). Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 1(012)-35/2025 saylı, 15 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun tutulduğu 02 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini təkrar törətməsi (AR CM-nin 61.1.1-ci maddəsi) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirildiyi və məhkəmə iclasında cinayət işinə baxıldığı dövrdə yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Abşeron Rayon Məhkəməsinin 1(012)-35/2025 saylı, 15 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, X1 Abşeron Rayon Məhkəməsinin 1(012)-35/2025 saylı, 15 yanvar 2025-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CMnin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-35/2025 saylı, 15 yanvar 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki və cinayət işi cinayət işi üzrə tutulduğumüddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və onun başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə cazası çəkməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-35/2025 saylı, 15 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaq müddəti zamanı 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək 02 gün, 29 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək 02 gün, 16 avqust 2024-cü il tarixdə 01 gün müddət, digər cinayət işi üzrə tutulduğu 02 gün müddət, cəmi 07 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 0,454 qram metamfetamin və 0,149 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 190 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili və müdafiəçisi Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq və məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar