Məhkəmə qərarları › İş №1(008)-895/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-895/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-895/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 15 oktyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində oğlu Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində aralarında yaranmış münaqişə nəticəsində Zərərçəkmiş şəxs baş nahiyyəsinə qənd qabı ilə zərbə vuraraq ona ənsə nahiyyəsinin iki ədəd əzilmiş yaraları ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, oğlu Elsevər evləndikdən sonra onlarla münasibətləri pisləşmiş və oğlu ailəsi ilə birlikdə onların birlikdə yaşadığı evdən çıxaraq başqa yerə köçmüşdür. Onun həyat yoldaşı kreditə notebook alaraq oğlu Elsevər vermişdir. Lakin onun bundan xəbəri olmamışdır. 15 oktyabr 2022-ci il tarixdə işdə olan zaman gəlini Elvira ona zəng etmiş və Elsevərə niyə notebook alındığını və onlar ilə barışmaq istəmədiklərini bildirmişdi. O, ilk öncə nə baş verdiyini anlamamış və həmin tarixdə. saat 13 radələrində qızının yaşadığı evə getmişdir. Həmin ünvanda yemək yemiş və spirtli içki qəbul edərək yatmışdır. Həmin tarixdə, saat 20 radələrində oyanaraq yaşadığı evə getmiş və evdə olan zaman Elvira və oğlu Elsevər yaşadığı ünvana gəlmişlər və mübahisə etməyə başlamışlar. Mübahisə zamanı oğlu onun sinə nahiyyəsindən vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra oğlu ilə gəlini onu döyməyə başlamışlar. Daha sonra onlar otaqdan getmək istəyərkən o, stolun üzərində olan qənd qabını oğlu tərəfə atmış və qəndqabı Elsevərin başına dəymişdir. O, törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, oğlunun və gəlininin onu döyməsi ilə bağlı utandığından polisə məlumat verməmişdir, lakin hadisədən 3 gün sonra həkim müəyinəsindən keçdikdə onda xəsarət aşkar edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə Şahid ilə ailə həyatı qurmuş və bu nikahdan iki övladları var. Ailə qurduğu vaxtda Maştağa qəsəbəsi, Savalan yaşayış massivində valideyinləri yaşadığı evdə yaşamağa başlamışdır. Həmin ünvanda təxminən 6 il yaşadıqdan sonra atası Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid ilə mütəmadi mübahisə etməyə başlamışdır. Buna görə həmin ünvanda ayrılaraq başqa ünvanda yaşamağa davam etmişlər. O, uşaqları üçün notebook almaq istəmiş, lakin maddi imkanı buna yol verməmişdir. O, yoldaşının əlillik pensiyası kartı ilə kreditə notebook götürmək istəsə də, pensiya məbləği az olduğundan ona kreditlə notebook verməmişlər. O, anasından öz pensiya kartı ilə kreditə notebook götürməsini xahiş etmişdir. Anası kreditlə notebook götürərək ona vermişdir. Sonra anası onun ailəsi ilə yaşadığı evə gedərək həyat yoldaşını nalayiq formada söymüşdür. Bundan sonra 15 oktyabr 2022-ci il tarixdə o və həyat yoldaşı Elvira anasından niyə belə etdiyini soruşmaq və bir də belə etməməsini demək üçün valideynlərinin yaşadığı evə getmişlər. Həmin gün atası sərxoş olmuşdur. Aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı atası stolun üzərində olan qabları onlara tərəf atmağa başlamışdır. Lakin o, başını əydiyindən qablar ona dəyməmişdir. Sonra atası əlində qənd qabı ilə onun üzərinə gəldikdə o, başını aşağı əyərək atasının əlindən həmin qənd qabını almağa çalışanda atası qənd qabı ilə onun baş nahiyyəsinə vurmuşdur. Bu barədə həyat yoldaşı 102 Xidmətinə zəng edərək polisə müraciət etmişdir. O, hazırda Təqsirləndirilən şəxs şikayətçidir, onu bağışlamır və həbs olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2015-ci ildə X1 ilə ailə həyatı qurmuş və bu nikahdan iki övladları var. Ailə qurduğu vaxtda Maştağa qəsəbəsi, Savalan yaşayış massivində Elsevərin valideyinləri yaşadığı evdə yaşamağa başlamışdır. Həmin ünvanda təxminən 6 il yaşadıqdan sonra qayınatası Təqsirləndirilən şəxs onunla mütəmadi mübahisə etməyə başlamış, onun haqqında hər yerdə nalayiq sözlər demişdir. Buna görə həmin ünvandan ayrılaraq həyat yoldaşı və uşaqları ilə birlikdə başqa ünvanda yaşamağa davam etmişlər. Bir gün Elsevərin anası notebook alaraq onlara vermişdir. Bundan sonra qayınanası onlara gələrək onun ünvanına nalayiq sözlər işlətmişdir. O, bu barədə Elsevərə demişdir. 15 oktyabr 2022-ci il tarixdə, o və əri Zərərçəkmiş şəxs həmin məsələ ilə bağlı Maştağa qəsəbəsi, Savalan yaşayış massivində Elsevərin valideyinləri yaşadığı ünvana getmişlər. Həmin gün qayınatası yenə sərxoş olmuşdur və aralarında mübahisə başlamışdır. Qaynatası nalayiq formada onları evdən qovmuşdur. Onlar getmək istəyərkən qayınatası onlara tərəf külqabı və stolun üstündə əlinə keçən digər əşyaları atmışdır. Təqsirləndirilən şəxs əlində qəndqabı ilə Elsevərin üzərinə gələrkən Elsevər onun əlində olan qənd qabını əlindən almağa çalışmış və bu zaman Təqsirləndirilən şəxs həmin qəndqabını Elsevərin baş nahiyyəsinə vurmuşdur. Sədrlik edənin sualına cavab olaraq şahid bildirmişdir ki, nə o, nə də həyat yoldaşı X3 əl qaldırmamış və onu vurmamışlar. Bu artıq üçüncü dəfədir ki, onlar qayınatasının bu kimi hərəkətlərinə görə polisə müraciət edirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 oktyabr 2022-ci il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində baş vermişdir (i.v.11-13). 16 oktyabr 2022-ci il tarixli, 1/2325 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, həmin tarixdə, saat 00:20 radələrində Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur (i.v.20). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X5 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 2464 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ənsə nahiyəsinin iki ədəd əzilmiş yaraları müəyyən edilmiş, xəsarətlər bərk küt əşya təsirindən törənmiş, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.24-25). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.63). “Sübutların qiymətləndirilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 64-65); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar