Məhkəmə qərarları › İş №1(008)-899/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-899/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-899/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X4 iştirakı ilə xx xxxxx 1987-ci il tarixdə Ağcabədi rayonu, Kəhrizli kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Ağcabədi rayonu, Kəhrizli kəndində kəndində qeydiyyatda olan və yaşayan, barəsində«polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə, saat 01:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi ilə hərəkətdə olarkən sola doğru, «Lukoil» yanacaq doldurma məntəqəsinə dönmə manevri etməklə, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə riayət etməyərək, yəni yol ayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməli, yol ayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından), arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməklə manevr etməli olması barədə tələblərə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub qarşıdan əks istiqamətdə hərəkətdə olan, sağ tərəfdən gələn «Tufan M-50» markalı mopedlə ehtiyatsızlıqdan toqquşaraq mopedin sürücüsü Zərərçəkmiş şəxs sol diz qapağının qapalı sınığı, sağ budun qançırı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Toyota Prius» markalı, «az ** RS ***» dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında BC kateqoriyalı sürücülük vəsiqəmlə idarə edir. 20 mart 2023-cü il tarixdə, saat təxminən 01:00 radələrində «Toyota Prius» markalı, «az ** RS ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsi ilə saatda 20-30 km sürətlə hərəkət edib yolun sağ tərəfində olan «Lukoil» YDM-nə etmək üçün sola doğru dönmə əməliyyatı etdikdə sağ tərəfdən gələn mopedi vurmuşdur. Hadisə nəticəsində mopedin sürücüsü yerə yıxılmışdır. Avtomobili saxlayıb həmin mopedin sürücüsünə ilk tibbi yardım göstərib onu xəstəxanaya aparmışdır. Mopedin gəlməsini ümumiyyətlə görməmişdir. Həmin yerdən sola dönmək qadağandır, çünki həmin yolda düzxətt işarəsi vardır. Sərnişin və ya yük avtomobilində olmamışdır. Hadisə zamanı idarə etdiyi «Toyota Prius» markalı, «az ** RS ***» dövlət qeydiyyat nişanlı avtomobil tezniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, münasibəti yoxdur. Yetkinlik yaşına çatmasa da 2023-cü ilin yanvar ayından etibarən dolanışıq məqsədi ilə «Tufan M50» markalı mopedi tanışı E.E.Ağayevdən icarə əsasında götürərərək «Wolt partnyor» şirkətindən onlayn qeydiyyatdan keçərək sifarişləri ünvanlara çatdırmaqla kuryerlik fəaliyəti ilə məşğul olur. Moped sürməyi isə bir ildən çoxdur ki, öyrənmiş və sürür. 19 mart 2023-cü il tarixdə, saat 22:45 radələrində işini bitirdikdən sonra idarə etdiyi «Tufan M 50» markalı mopedi «Nefçilər» metrostansiyasının yaxınlığından ustadan götürdükdən sonra, Qaraçuxur qəsəbəsinə yaşadığı evə getmək məqsədi ilə Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi ilə «Lukoil» YDM-in qarşısı ilə düzünə «Tufan M50» markalı mopedi 40 km/saat sürətlə idarə edərək gedərkən, əks istiqamətli yolda düzünə hərəkətdə olan «Toyota-Prius» markalı boz rəngli avtomobil ani anda qoşa xətt nişanlanma xəttini icazə verilməyən yerdən sola doğru ani anda döndərib onun hərəkətdə olduğu yola çıxmışdır. Həmin vaxt ona çatmağına 10 metr məsafə qalmış və o, mopedi sağa çəkmək istəsə də artıq hadisənin qarşısını almağa imkanı olmamışdır. Moped həmin «Toyota Prius» markalı avtomobilə sağ tərəfdən çırpılmış və zərbədən havaya qalxıb dövrə vuraraq yerə yıxılmışdır. Hadisə nəticəsində başındakı kasqası iki yerə bölünmüş, üzündə burnu əzilmiş, qaşı partlamış, sol ayağı diz hissədən zədələnmişdir. Hadisədən sonra sürücü ona yaxınlaşaraq onu öz avtomobilinə qoyaraq X10 xəstəxanasına aparmışdır. Xəstəxanada həmin sürücü özünün təqdim etməsindən sonra adının Əlizamin olmasını bilmiş və ondan anası Vüsaləyə zəng etməsini demiş və nömrəsini vermişdir. Daha sonra anası Vüsalə həmin xəstəxanaya gəlmiş və Travmatologiya xəstəxanasına aparılmış, orada ona məlum olmuşdur ki, sol diz qapağının sümüyü də sınmışdır. Xəstəxanada ayağına gips qoyulmuş və ambulator olaraq müalicə olunmuşdur. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin 8/1603 saylı, 16 iyun 2023-cü il tarixli məhkəmə yol nəqliyyat hadisələri eskpertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Toyota Prius» markalı, «az ** EL ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında»Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 637 saylı, 06 mart 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol diz qapağının qapalı sınığı, alın nahiyəsinin əzilmiş yarası və sağ budun qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Xəsarətlərdən sol diz qapağının qapalı sınığı və sağ budun qançırı qərarın təsviri hissəsində göstərilən 19 mart 2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, alın nahiyəsinin əzilmiş yarası isə müayinə olunan şəxsin məhkəmə-tibbi ekspertizasından (29 mart 2023-cü il) 14-16 gün əvvəl olmaqla onun X6 müraciət tarixindən (14 mart 2023-cü il) əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, lakin xəsarətin hansı şəraitdə alınmasının təhqiqat yolu ilə araşdırılması daha məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 16 sentyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaya görə-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən əza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, törədilmiş əməlin ehtiyatsızlıqdan törəməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə X2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət işinin materiallarında olan 10 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən, saat 17:00 radələrindən tutulmuş hesab edilmişdir (səh.,82). Cinayət işinin materiallarında olan 11 avqust 2023-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,94). Təqsirləndirilən şəxsin dindirilməsi 11 avqust 2023-cü il traixdə saat 11:30 radələrində başlanmış, saat 12:15 radələrində bitmişdir (səh., 107). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 11 avqust 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (səh.,110). Cinayət işinin materiallarında olan 21 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatı onun İŞ-nə təqdim edilənədək dayandırılmışdır (səh.,116). Cinayət işinin materiallarında olan 16 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Sabunçu RPİ-in İŞ-nə könüllü olaraq gəlmişdir (səh.,123). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 16 sentyabr 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (səh.,126). Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlrə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN**********1, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən «01» (bir) il, «03» (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, «01» (bir) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixə kimi «01» (bir) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «03» (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, «01» (bir) il, «02» (iki) ay, «29» (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN**********1, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar