Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-9/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-937/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Kürdəmir rayonu, Atakişili Ə/D, Atakişili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,896 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2022-ci il tarixdə, saat 14:50 radələrində Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən “Pirşağı” marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, 15-ci polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi 0,896 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən “Pirşağı” marketin yaxınlığında olarkən Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları onu Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmiş, o, etiraz etməyərək polis bölməsinə getmişlər. Polis bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə döyüldyü üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. O, iki gün Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında, bir gün Sabunçu RPİ-nin MSY-də saxlanılmışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru vəzifəsində xidmət edir və polis kapitanı rütbəsi daşıyır. 17 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, 09:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Pirşağı” marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, 17 oktyabr 2022-ci il tarixdə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 10-cu vərəqəsində olan 17 oktyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 31-32-ci vərəqəsində olan şəxsi axtarış və götürülmə aparılması barədə 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 41-42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli, 6/6006 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №161” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... ” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.896 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroin qalıq çəkisi 0.846 qramdır Cinayət işinin 83-85-ci vərəqəsində olan 19 oktyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Canpolad Nağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 86-88-ci vərəqələrində olan 19 oktyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan 20 oktyabr 2022-ci il tarixli maddi sübut kimi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.846 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 108-109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 24 dekabr 2022-ci il tarixli, 7822 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-117-ci vərəqəsində olan 06 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 105-106-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək «02» (iki) il «11» (on bir) ay «26» (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 30 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şahid2 istifadəsində olan +**********15 saylı mobil nömrənin 17 oktyabr 2022-ci il tarixdə, saat 14:43-15:11 vaxt aralağında anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağları ərazisini göstərmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 314/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 27 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Kərimov X3 RPİ-nin əməkdaşları tərəfindən tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 937/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək «01» (bir) il «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş «02» (iki) il, «11» (on bir) ay, «26» (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan «02» (iki) il, «04» (dörd) ay, «03» (üç) gün hissəsi, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, «01» (bir) il «02» (iki) ay «01» (bir) gün azadlıqdan məhrum etmə kimi nəzərə alınaraq hal-hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilmiş və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Polis bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-937/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-937/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-937/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-937/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.846 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-937/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-937/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.846 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-9/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-9/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver