Məhkəmə qərarları › İş №1(008)-90/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-90/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-90/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1960-cı ildə Füzuli rayonu, Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də hüquqşünas işləyən, əvvəllər məhkum olunmuş, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü vəkil kimi təqdim edib Zərərçəkmiş şəxs aldadaraq 1-ci Qarabağ Müharibəsinin əlilləri üçün nəzərdə tutulmuş Dövlət tərəfindən təşkil olunan mənzil növbəsində dayanmış sonuncunun 2014-cü ildə şəhid olan oğlu X1 adında olan növbəsini Zərərçəkmiş şəxs adına keçirilməsi və həmin mənzili alınması adı ilə yalan vədlər verib aldadaraq bunun müqabilində 3000 manatın verilməsinin zəruriliyini bildirib, 2022-ci ilin iyun ayının ortalarında ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 700 manatı, 2022-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda 1300 manatı və sonuncu dəfə 2022-ci ilin avqust ayının ortalarında eyni ünvanda 1000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid2 Sərhad oğlunu o, təxminən 2016cı ildən etibarən tanıyır. Həmin ərəfədə o, Xətai rayonunda yerləşən ofisində tanış olmuşdur. Həmin vaxtı Faiqin bank problemlərini həll etmişdir, həmin ofisdə o, hüqüqşünas kimi çalışırdı. Faiq müştərisi olmuşdur və bununlada Faiqlə aralarında münasibət yarandı. 2022-ci ilin iyun ayında Faiq ona müraciət edib bir nəfər qadının ev məsələsinin həll edə bilib bilmədiyini soruşmuşdur. Faiq ona demişdir ki, həmin qadın Zərərçəkmiş şəxs ev məsələsi var bu məsələni həll etmək lazımdır. O razılaşmış və Faiq onu Səbinə ilə ilk dəfə Səbinənin yaşadığı Sabunçu qəsəbəsində yerləşən evində görüşmüşdür. Həmin vaxtı orada o, Səbinə, Faiq və Səbinənin oğlu Uğur olmuşdular. Səbinəyə o, özünü hüquqşünas kimi təqdim etmişdir və Səbinə ona demişdir ki, oğlu X4 Qarabağ müharibəsinin iştirakçısı olub və 2-ci qrup əlil olmuşdur, 2014-cü ildə şəhid olmuşdur. Sağ olduğu müddətdə Dövlət tərəfindən imtiyazlı mənzillə təmin olunması üçün növbəyə durmuşdur, lakin oğlu şəhid olduğuna görə həmin mənzil Dövlət tərəfindən onların ailəsinə verilməmiş və mənzilin alınması üçün oğlununu əvəzinə növbəyə durmağ istədiyini bildirmişdir. O, Səbinəyə bildirmişdir ki, bu məsələni həll etmək üçün əvəzinə bir neçə instansiyalara, İcra Hakimiyyətinə, Məhkəmələrə, sorğular verəcək və bu işə görə Səbinədən 1400 manat məbləğində zəhmət haqqı kimi istəmişdir. Səbinəyə demişdir ki, 1400 manatı o bu işin həlli üçün almır, 1400 manatı o, zəhmət haqqı kimi Səbinənin əvəzinə ərizələri və sorğuları yazdığına görə alır. Səbinə razılaşmış və demişdir ki, ona həmin pulu hissə hissə verəcək. Həmin vaxtı ilkin olaraq Səbinə ona oğlu Uğurun və tanışı Faiqin yanında öz evində 500 manat vermişdir. Həmin pulu Səbinə ona işini görmək üçün zəhmət haqqı kimi vermişdir. O da Səbinədən pulu götürüb Səbinənin adından Ağdam rayon İcra Hakimiyyətinə, Prezident Administarasiyasına, Sabunçu rayon İcra Hakimiyyətinə, Sabunçu rayon məhkəməsinə müraciətlər yazmışdır. O, həmin müraciətləri kompyuterdə özü çap edib Səbinəyə imzalatdırmış və Səbinənin adından poçtla göndərmişdir. İkinci dəfə təxminən bir aydan sonra 2022-ci ilin iyul ayının ortalarında o, Səbinənin evinə gedib Səbinədən əlavə olaraq zəhmət haqqı kimi 400 manat almış, Səbinə ona 400 manatı verəndə yanlarında heç kim olmamışdır. Üçüncü dəfə o, Səbinə ilə 2022-ci ilin avqust ayının əvvəllərində Səbinənin evində görüşüb Səbinədən 300 manat zəhmət haqqı kimi almış və həmin vaxt yanlarında heç kim olmamışdır. Sonuncu dəfə isə 2022-ci ilin sentyabr ayının əvvəllərində o, Səbinənin evinə gedib Səbinədən zəhmət haqqı kimi 200 manat almışdır. Müxtəlif instansiyalara Zərərçəkmiş şəxs adından yazdığı müraciətlərə imtina cavabları gəldiyinə görə Səbinə Dövlət tərəfindən imtiyazlı evlə təmin edilmədi. Buna görədə Səbinə ona narazılıqlarını bildirməyə başlamış, işini həll etmədiyi üçün ona verdiyi 1400 manat pulu geri istəməyə başlamışdır. O da Səbinəyə izah etmişdir ki, 1400 manatı işinin həlli üçün götürməmişdir, həmin pulu zəhmət haqqı kimi onun əvəzinə müraciətləri yazdığına görə götürmüşdür. Lakin Səbinə onunla mübahisə etmiş, ondan şikayət edəcəyini bildirdiyinə görə o, 2024-cü ilin aprel ayında Səbinənin bank kartı hesabına iki dəfəyə 300 manat və 700 manat, ümumi olaraq 1000 manat məbləğində pulu göndərmişdir. Sonradan həmin ilin dekabr ayında Səbinəyə 2000 manat məbləğində pul ödəmişdir. Bir daha qeyd edir ki, o özünü Səbinəyə vəkil kimi təqdim etməmiş, Səbinəyə dövlət tərəfindən imtiyazlı mənzillə təmin olunacağı barədə vədlər verməmiş və Zərərçəkmiş şəxs 3000 manat məbləğində pulu almamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 onun oğlu olmuşdur. Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğuna görə həmin vaxtı 2-ci qrup əlil olmuşdur. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 20 dekabr 2008-ci il tarixli sərəncamına əsasən oğlu Coşqun Piriyev mənzil növbəsinə durmuşdur və Dövlət tərəfindən Coşquna mənzil verilməli idi. 2014-cü ildə oğlu “Aprel döyüşlərində” iştirak etdiyinə görə şəhid olmuşdur. Oğlunun mənzil məsələsini həll etmək üçün o, müxtəlif instansiyala müraciət etmişdir, lakin ona müsbət cavab verilmirdi və oğlunun əvəzinə mənzil növbəsinə dura bilmirdi. Buna görədə tanışlarına müraciət etmişdir ki, ona bir vəkil tapısınlar ki, o bu məsələni qanuni yolla həll edə bilsin. Umumi tanışlarının vasitəsi ilə o, Şahid2 tanımışdır. Faiqin nömrəsini ona vermişdilər ki, o, həmin şəxslə əlaqə saxlasın ki, həmin şəxs ona bir məsləhətli vəkil tutsun. Faiqlə o, telefon vasitəsi ilə əlaqə saxlamış və öz məsələsi barədə Faiqə ətraflı məlumat vermişdir. Faiq ona demişdir ki, Tahir adlı vəkillə onu tanış edəcək, həmin vəkil onun işini həll edəcək. O, etiraz etməmişdir. 2022-ci ilin iyun ayının ortalarında oğlu Şahid1lə birlikdə yaşadığı evində olan zaman Faiq Təqsirləndirilən şəxs ilə birlikdə onun evinə gəldilər. O, həmin vaxtı onları ilk dəfə görürüdü, Faiqlə aralarında qiyabi tanışlıq olsa da, Tahiri ümumiyyətlə tanımırdı. Faiq onu Tahirlə tanış edəndə Tahir özünü ona Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib onun məsələsini dinləyəndən sonra ona söz vermişdir ki, asanlıqla onun işini həll edə biləcək. Tahir demişdir ki, uzun müddətdir ki vəkil işləyib, bu kimi məsələləri asanlıqla həll edə bilir. Tahir ona vəd verdi ki, şəhid olan oğlu Coşqun Piriyevin əvəzinə onu Dövlət tərəfindən mənzililə təmin olunmağına görə növbəyə salacaq və Dövlət tərəfindən o, məzillə təmin olunacaq, buna görə də ondan bu işin həlli üçün 3000 manat məbləğində pulu istəmişdir. O, həmin qiymətə razılaşmış və Tahirə bildirmişdir ki, həmin pulu ona hissə hissə verəcək. Tahir razılaşdığına görə o Tahirə ilkin olaraq öz evində oğlu Uğurun və Faiqin yanında 700 manatı vermişdir. Təxminən 10 gündən sonra Tahir onunla telefon əlaqəsini yaradıb ondan yenə də 1300 manat məbləğində pulu istəmişdir. Həmin pulu o, 2022-ci ilin iyul ayının əvvəllərində toplayıb Tahirə öz evində oğlu Uğurun yanında vermişdir. Təxminən 20 gündən sonra 2022-ci ilin iyul ayının axırlarında Tahir yenə də onun evinə gəlmiş, ondan bu işin həlli üçün əlavə olaraq 2000 manat istəmişdir. O Tahirə bildirmişdir ki, artıq 2000 manat məbləğində pul vermişdir və onlar bu işin həlli üçün 3000 manata razılaşmışdılar. O isə ondan 4000 manat istəyir. Tahir demişdir ki, məhkəmədə əlavə xərclər çıxmışdır və ona görə 2000 manat lazımdır. O, Tahirə demişdir ki, 2000 manat pulu yoxdur, bir aya təqaüdünü alıb 1000 manat düzəldib ona verə bilər. Tahir çıxıb getmiş və onunla 2022-ci ilin avqust ayının ortalarında əlaqə saxlayıb pulun verilməsinin zəruriliyini bildirmişdir. O, 1000 manat pulu düzəltmiş və yaşadığı evində oğlu Uğurun yanında Tahirə vermişdir. Bununla da o, Təqsirləndirilən şəxs cəmi olaraq 3000 manat məbləğində pul vermişdir. Bundan sonra o, Tahirlə telefon əlaqəsi yaradanda Tahir müxtəlif bəhanələr gətirib onun işini uzatmağa başlamış, zənglərinə nadir hallarda cavab vermişdir. O da görmüşdür ki, Tahir onu aldadır, buna görədə Faiqə zəng vurub demişdir ki, Tahiri onunla o tanış edib, bildirmişdir ki, şikayət edəcək, şikayətində onun da adını qeyd edəcək, Tahirə desin ki, onun pulunu qaytarsın. O, bunu Faiqə 2024-cü ilin fevral mart aylarında demişdir, Faiq də ondan səbrli olmağını xahiş etmiş və Tahiri məcbur etmişdir ki, onun pulunu qaytarsın. 2024-cü ilin aprel ayında Tahir ona məxsus olan bank kartına 300 manat bir və təxminən 10 gündən sonra 700 manat göndərmişdir. Bununla da Tahir ondan aldığı 3000 manatdan 1000 manatını qaytarmış, 2000 manatı isə dekabr ayında qaytarmışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası, X2 isə onun qardaşıdır. Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 20 dekabr 2008-ci il tarixli sərəncama əsasən Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğuna görə həmin vaxtı 2-ci qrup əlil olan qardaşı Coşqun Piriyev mənzil növbəsində olmuş, dövlət tərəfindən mənzillə təmin edilməyi gözləmişdir. 2014-cü ildə qardaşı Coşqun “Aprel döyüşlərində” iştirak etdiyinə görə şəhid olmuşdur. Bundan sonra anası qardaşına verilməli olan mənzil məsələsini həll etmək üçün müxtəlif orqanlara müraciət etmişdir, lakin müsbət cavab verilmirdi. Belə ki, qardaşının əvəzinə mənzil növbəsinə dura bilmirdi. Buna görə də, tanışları vasitəsilə vəkil tapmaq üçün Şahid2 adlı şəxslə əlaqə saxlayaraq ona bu işin həlli üçün vəkil tapması və köməklik göstərməsi xahiş edilmişdir. Bundan sonra Faiq, Tahir adlı vəkili məsləhət görmüşdür. Daha sonra 2022-ci ilin iyun ayının ortalarında anası ilə birlikdə Sabunçu rayonunda yerləşən evlərində olan zaman Faiq və Təqsirləndirilən şəxs ora gəlmişdir. Faiq onları Tahirlə tanış edəndə Tahir özünü ona Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib onların məsələsini dinləyəndən sonra söz vermişdir ki, asanlıqla bu işi həll edə biləcək. Tahir uzun müddətdir ki, vəkil işlədiyini, bu kimi məsələləri asanlıqla həll edə bildiyini bildirərək vəd verdi ki, şəhid olan qardaşı Coşqun Piriyevin əvəzinə dövlət tərəfindən mənzililə təmin olunmağına görə onları növbəyə salacaq, onlar məzillə təmin olunacaq. Bu işin həlli üçün də 3000 manat istəmişdir. Onlar həmin qiyməti hissə-hissə ödəməyə razılaşaraq ilkin olaraq 700 manat vermişdirlər. Daha sonra mütəmadi telefon əlaqələri saxladıqdan 10 gün sonra Tahir yenə də 1300 manat məbləğində pul istəmişdir. Həmin pulu 2022-ci ilin iyul ayının əvvəllərində Tahirə öz evlərində vermişdirlər. Təxminən 20 gündən sonra 2022-ci ilin iyul ayının axırlarında Tahir onlardan bu işin həlli üçün əlavə olaraq 2000 manat istəmişdir. Anası Tahirə bildirmişdir ki, artıq 2000 manat məbləğində pul vermişdir və onlar bu işin həlli üçün 3000 manata razılaşmışdılar. Tahir demişdir ki məhkəmədə əlavə xərclər çıxmışdır və ona görə 2000 manat lazımdır. Anası Tahirə demişdir ki, 2000 manatı yoxdur, bir aya təqaüdünü alıb 1000 manat düzəldib verə bilər. Sonra 2022-ci ilin avqust ayının ortalarında 1000 manat pul yaşadığı evlərində onun yanında Tahirə verilmişdir. Bundan sonra anası Tahirlə telefon əlaqəni yaradanda Tahir müxtəlif bəhanələr gətirib işi uzatmağa başlamışdır. Artıq zənglərə ləng cavab verdiyi üçün onlar anladılar ki, Tahir onları aldadır. Buna görə anası Faiqlə əlaqə saxlayıb ondan şikayət edəcəklərini bildirmişdirlər. Faiq isə səbrli olmağını xahiş edərək Tahiri məcbur etmişdir ki, pulu geri qaytarsın. 2024-cü ilin aprel ayında Tahir anasına məxsus olan bank kartına 300 manat bir və təxminən 10 gündən sonra 700 manat pul göndərmişdir. Təxminən 2024-cü ilin sonunda Teymur yerdə qalan 2000 manat pulu qaytarmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı Ayxan Səfərov tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 3 ünvanıdır. Cinayət işinin 11-ci vərəqində olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 918 nömrəli Sərəncamından görünür ki, X1 1 nəfər ailə üzvü ilə İİ qrup “Qarabağ” müharibəsi əlili kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması qeyd edilmişdir. Cinayət işinin 38-ci vərəqində olan “Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 011251 nömrəli Vəsiqənin surətindən görünür ki, X2 İİ qrup müharibə əlilidir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona qəti olaraq 6 (altı) il 2 (iki) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) il 2 (iki) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. xx.xx.2016-cı ildə şərti cəzası başa çatmışdır. Cinayət işinin 53-cü vərəqində olan Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 49-1/2-23859 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sabunçu RPİ-nin İŞ tərəfindən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.2024-cü il tarixdə 54958 nömrəli axtarış işi açılmış xx.xx.1960-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs MSY-nə təhvil verilmişdir. Cinayət işinin 89-cu vərəqində olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın 1000 manatını 2024-cü ilin aprel ayında qaytarmışdır. Hal-hazırda qalan 2000 manatı ödədi. Təqsirləndirilən şəxs ona vurduğu 3000 manat ziyanı tam ödədiyinə görə, onun heç bir şikayəti yoxdur. Cinayət işinin 90-92-ci vərəqində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyindən, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə cəza təyin edilməməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar