Məhkəmə qərarları › İş №1(008)-903/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-903/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-903/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Qubadlı rayonu, Mahruzlu kəndində anadan olan, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 11 noyabr 2022-ci il tarixdə Sabunçu rayon Məhkəməsinin hökmü ilə CMnin 234.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 09 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02 il 05 ay bir gün çəkilməmiş cəzası qalmış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanda yerləşən Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı açıq yaşıl metallik rəngli **- TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində minib, qabaq oturacaqda əyləmiş, hərəkətə başlayandan 30 saniyə sonra avtomobilin salonunda maqnitofonun altında yerləşən saxlanc yerində olan Zərərçəkmiş şəxs məxsus 37 manat nağd pulunu Zərərçəkmiş şəxs gözü qarşısında götürüb cibinə qoyaraq Zərərçəkmiş şəxs pulu qaytarmaq tələbinə məhəl qoymayıb açıq talama yolu ilə ələ keçirib, avtomobildən düşüb uzaqlaşaraq və Zərərçəkmiş şəxs 37 manat ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, məhkumluğu var, narkotik vasitə aludəçisidir, hazırda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, tez-tez Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə gedir, müalicə olunur. 19 avqust 2023 tarixdə saat 15 radələrində dispanserə getmiş, orada verilən dərmanlardan içmiş, saat 18:30 radələrində oradan çıxıb, hava isti olduğundan təxminən 1 kilometr uzaqlıqda yerləşən sərnişin dayanacağına getməyə həvəsi olmamış, bu an dispanserin qarşısında olan adını sonradan Araz kimi bildiyi taksi sürücüsünü və onun idarə etdiyi Toyota markalı avtomobili görmüş, şəxsən xahiş etmişdir ki, onu həmin dayancağa aparsın. O da ona etiraz etmədiyindən qabaq oturacaqda əyləşmiş, həmin sürücü avtomobildən düşmüş sərnişinin qalmış əşyasını verməyə getmiş, həmin vaxt avtomobilin saxlanc yerini açıb oradan pul götürmüşdür, həmin pulun miqdarını dəqiq xatırlamır, təxminən 17-20 manata qədər olmuşdur. Sonradan avtomobildən düşüb getmiş, sürücü Zərərçəkmiş şəxs avtomobili arxasınca sürərək pulun verilməsini tələb etmiş, o isə qaçıb çıxıb getmiş, pulu xərcləmişdir, əməlindən səmimi peşmandır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 19 avqust 2023 tarixdə saat 15 radələrində dispanserə getmiş, orada verilən dərmanlardan içmiş, saat 18:30 radələrində oradan çıxıb, hava isti olduğundan təxminən 1 kilometr uzaqlıqda yerləşən sərnişin dayanacağına getməyə həvəsi olmamış, bu an dispanserin qarşısında olan adını sonradan Araz kimi bildiyi taksi sürücüsünü və onun idarə etdiyi Toyota markalı avtomobili görmüş, şəxsən xahiş etmişdir ki, onu həmin dayancağa aparsın. O da ona etiraz etməmiş, qabaq oturacaqda əyləşmiş, Araz adlı şəxs avtomobili idarə etmiş, təxminən bir neçə saniyə sonra o, sürücüdən 1 manat pul istəmiş, pulunun olmadığını və adının Tapdıq olmasını demişdir. O da etiraz etməyib avtomobilin saxlanc yerində pulların içindən ona 1 manat pul vermişdir. Sonra qalan pulları yerinə qoymuşdur. Təxminən 30 saniyə sonra o, tamahı çəkdiyindən və pulunun olmadığından qərara gəlmişdir ki, həmin saxlanc yerində olan pulları götürüb qaçıb getsin. Qəflətən o, Arazın gözünün qarşısında açıq yolla həmin saxlanc yerində olan 3 ədəd 10 manatlıq əskinazı 1 ədəd 5 manatlıq əskinazı və iki ədəd 1 manatlıq əskinazı ümumilikdə 37 manat pulu sağ əli ilə götürüb şalvarının cibinə qoymuşdur. Bu zaman sürücü avtomobilini saxlayıb ondan pulunu geri qoymağı tələb etmiş, o, bu zaman avtomobilin qapısını açıb qaçaraq uzaqlaşmış, yolüstü başqa bir “Vaz” markalı avtomobilə minmiş, tanımadığı sürücüdən onu Bilgəh qəsəbəsinə aparmasını xahiş etmiş, o, avtomobili hərəkət etdirib təxmini 100 metr irəliləyəndən sonra pullarını ələ keçirdiyi sürücü avtomobili ilə yaxınlaşıb səs-küy salmış, o da avtomobildən düşüb qaçıb çıxıb evə getmiş, 37 manatı öz xeyrinə xərcləmişdir, hadisə barədə heç kimə heç nə deməmişdir. Sonrakı gün polislər onu saxlayıb şöbəyə gətirmişlər. Əməlində peşmandır. O, açıq talama yolu ilə 37 manat pulu ələ keçirmişdir. X2 yanında 19 avqust 2023 tarixdə saat 18-30 radələrində 5-7 dəqiqə aralığında baş verib. O sürücüyə bıçaq çıxarmamış, zor tətbiq etməmiş, açıq yolla pulları saxlanc yerindən tamah məqsədi ilə götürmüşdür. Adının Tapdıq olmasını əslən Qubadlı rayonundan olmağını sürücüyə tanışlıq zamanı demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Toyota Prius markalı **- TH-*** dövlət nömrə nişanlı avtomobili 5 aydır ki, etibarnamə ilə idarə edir, taksi kimi fəaliyyət göstərir. 19 avqust 2023-cü il tarixdə saat 18 radələrində Maştağa qəsəbəsi, Narkoloji Dispanserin yaxınlığına müştəri gətirib düşürtmüş, ödənişini almış, saat 18-30 radələrində Narkoloji Dispanserin qarşısından keçərkən əvvəllər tanımadığı adını sonradan ona Tapdıq kimi dediyi şəxs avtomobilinə əl edərək saxlatdırmış, həmin Tapdıq adlı şəxs ondan xahiş etmişdir ki, təxminən 1 km irəlidə olan sərnişin dayanacağına aparıb düşürtsün, hava isti olduğundan onun həmin şəxsə yazığı gəlmiş, o, qabaq oturacağa əyləşmiş təxminən 200-300 metr avtomobili hərəkət edəndən sonra o, anasının xəstə olmasını deyərək ondan 1 manat pul istəmiş, o, da etiraz etməyərək avtomobilin maqnitofonunun alt hissəsində olan saxlanc yerində pullarını götürüb oradan ona bir manat pul vermiş, qalan pullarını oraya qaytarıb qoymuş, təxminən 30 saniyə sonra Tapdıq gözünün qarşısında həmin saxlanc yerində olan 3 ədəd 10 manatlıq əskinazı 1 ədəd 5 manatlıq əskinazı və iki manatlıq əskinazı əli ilə götürüb şalvarının cibinə qoymuşdur. Bu zaman o, avtomobilini saxlayıb ondan pulunu geri qoymağı tələb etmiş, Tapdıq adlı şəxs bu zaman avtomobilin qapısını açıb qaçaraq uzaqlaşmış, o, avtomobildən düşüb onun dalınca qaçsa da o, yolüstü başqa bir Vaz markalı avtomobilə minmişdir. O, dərhal avtomobilinə qayıdıb həmin avtomobili təqib edib qışqıraraq onun pulunu götürməsini demiş, bu zaman avtomobil saxlamış, Tapdıq adlı şəxs avtomobildən düşüərək naməlum istəqamətə qaçıb getmişdir. Ona 37 manat maddi ziyan dəymiş, X1 yanında 19 avqust 2023 tarixdə saat 18- 30 radələrində 5-7 dəqiqə aralığında baş vermişdir. Sonra o, polisə məlumat vermiş, ərizə yazmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maşağa Buzovna yolu ilə Ruhi əsəb dispanserinə gedən yolun kəsişməsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin və hadisənin baş verdiyi avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 11-15); cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 44); İfadənin yerində yoxlanılması haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisənin harada baş verməsini və şəraiti göstərmiş, bununla bağlı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v.59); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-659/2023 saylı, 22 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamışdır (i.v.78-85); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 22 avqust 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2013-cü il tarixli Gəncə Hərbi Məhkəməsinin hökmü ilə CM-nin 329.1, 331.2, 134, 54, 66.3-cü maddəsinə əsasən N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilmiş, AR CM-nin 70-ci maddəsinə əsasən N ay şərti sınaq müddəti təyin olunmuşur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 09 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.96-97, 98-103); Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-733/2023 saylı, xx.xx.2022-ci il tarixli hökmü və onun icrası barədə xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarəyə gələrək qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-733/2023 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 09 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixadək 04 ay 17 gün hissəsi çəkilmiş, 02 il 05 ay 01 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək sürücü avtomobildən düşmüş sərnişinin qalmış əşyasını verməyə getdiyi zaman avtomobilin saxlanc yerini açıb oradan pul götürdüyünü, həmin pulun miqdarını dəqiq xatırlamadığını, təxminən 17-20 manat olduğu barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tapdıq qabaq oturacağa əyləşmiş, təxminən 200-300 metr avtomobili hərəkət edəndən sonra o, anasının xəstə olmasını deyərək ondan 1 manat pul istəmiş, o, da etiraz etməyərək avtomobilin maqnitofonunun alt hissəsində olan saxlanc yerində pullarını götürüb oradan ona bir manat pul vermiş, qalan pullarını oraya qaytarıb qoymuş, təxminən 30 saniyə sonra Tapdıq gözünün qarşısında həmin saxlanc yerində olan 3 ədəd 10 manatlıq əskinazı 1 ədəd 5 manatlıq əskinazı və iki manatlıq əskinazı əli ilə götürüb şalvarının cibinə qoymuşdur. Bu zaman o, avtomobilini saxlayıb ondan pulunu geri qoymağı tələb etmiş, Tapdıq adlı şəxs bu zaman avtomobilin qapısını açıb qaçaraq uzaqlaşmış, o, avtomobildən düşüb onun dalınca qaçsa da o, yolüstü başqa bir Vaz markalı avtomobilə minmişdir. O, dərhal avtomobilinə qayıdıb həmin avtomobili təqib edib qışqıraraq onun pulunu götürməsini demiş, bu zaman avtomobil saxlamış, Tapdıq adlı şəxs avtomobildən düşüərək naməlum istəqamətə qaçıb getmişdir. Ona 37 manat maddi ziyan dəymişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən hadisənin təfərrüatlarını zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi baş verməsini bildirərək onun pulunu açıq talama yolu ilə ələ keçirdiyini bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini(CM-59.1.12), əməlini etiraf edərək peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan 26 iyul 2013-cü il tarixli Gəncə Hərbi Məhkəməsinin hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-733/2022 nömrəli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-733/2022 nömrəli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-733/2022 nömrəli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, hazırki hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-733/2022 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02(iki) il 05 (beş) ay 01 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 02 (iki) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli(CM-67.1), 20 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(008)-733/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02(iki) il 05 (beş) ay 01 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 02 (iki) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 20 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs verildiyi) gündən 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar