Məhkəmə qərarları › İş №1(008)-906/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-906/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-906/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlu sədrliyi Məhkəmə iclas katibi X1 Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Həşı̇ mov İsmayil Zöhrab oğlunun Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası 7 Saylı Vəkil Bürosunun vəkili Abdullayev Yusı̇ f İsmayil oğlunun iştirakları ilə 23 dekabr 1975-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, Azərbaycan Respublikası Miqrasiya Xidmətinin 06 yanvar 2022ci il tarixli ******* saylı qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, qeydiyyat ünvanı Rusiya Federasiyası Voronej vilayəti Rossoş rayonu Staraya Kalitva kəndi Podqornaya küçəsi ev 28 ünvanında daimi qeydiyyatda olan və Azərbaycan Respublikasında sonuncu qeydiyyat ünvanı Göygöl şəhəri, Hummel küçəsi ev 90 ünvanı olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Həşı̇ mov İsmayil Zöhrab oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Kəlbəcər Rayon Məhkəməsi tərəfindən baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 14 iyul 2016-cı il tarixdə idarə etdiyi “Kia Rio” markalı O 1** MM *** dövlət nömrə nişanlı avtomobil ilə Moskva şəhəri Sadovaya - Karetnaya küçəsindən Sadovaya -Suxarevskaya küçəsi istiqamətində yolun sağ hərəkət hissəsində ikinci zolaqda hərəkətdə olduğu zaman RF Yol hərəkət qaydalarının 1.3 bəndini pozaraq yol hərəkətinin iştirakçısı kimi Qaydaların ona şamil olan tələblərinə əməl etməmiş, RF Yol hərəkət qaydalarının 1.5 bəndini pozaraq hərəkət üçün təhlükə yaratmış, bu da zərər vurmaya səbəb olmuş, RF Yol hərəkət qaydalarının 8.1 bəndini pozaraq ikinci zolaqda ən kənar sağ zolağa yerdəyişmə manevrini yerinə yetirərkən hərəkət üçün təhlükə, həmçinin digər yol hərəkəti iştirakçıları üçün maneə yaratmış, RF Yol hərəkət qaydalarının 10.1 bəndini pozaraq qaydaların tələblərinə riayət etmək üçün nəqliyyat vasitəsinin hərəkətinə daim nəzarət etmək imkanı verməyən, idarə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri və vəziyyəti, yol və yol hərəkəti üçün vaxtında aşkar edə biləcəyi təhlükə yarandıqda, nəqliyyat vasitəsi dayanana qədər sürəti azaltmaqla yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün mümkün tədbirlər görməyib, həmin tələblərə riayət etməyərək A.Y. Penyayevin idarə etdiyi “BMV Sİ000 RR” markalı 9225 BB 77 dövlət nömrə nişanlı motosikletlə toqquşmuş, toqquşma nəticəsində “BMV Sİ000 RR” markalı 9225 BB 77 dövlət nömrə nişanlı motosikletin hərəkət trayektoriyası dəyişmiş və beton hasara çırpılmış, nəticədə A.Y. Penyayevə üzün sıyrıqları-bədənin sıyrıqları, qasıq nahiyələrinin kəsilmiş yaraları, perineum, bel nahiyəsinin kəsilməsi, sağda kürək xətti ilə arxa aksiller xətt arasında arxa nahiyənin toxuma və əzələlərinin əzilməsi, gluteal əzələlərə keçid ilə 7.8 qabırğanın solunda, bel əzələlərinin əzilməsi, vətərlərin qırılması; yerdəyişmə ilə 6-cı döş fəqərəsinin onurğalı prosesinin sınığı, 6-cı döş fəqərəsinin tağlarının sınığı, yerdəyişmə ilə 12-ci döş və 1-ci bel fəqərələri arasında fəqərəarası diskin qopması, onurğanın 1-ci və 2-ci fəqərələrinin sınıqları yerdəyişmə ilə vertebra, onurğa kanalında maye qan, 12-ci döş və 1-ci bel fəqərələri səviyyəsində onurğa beyninin membranlarının və maddəsinin qopması, onurğa beyninin geniş yayılmış epidural və subdural qansızması, arxa uzununa bağlara, sarı bağlara qansızma, parasternal xətt boyunca sol qabırğaların GB sınıqları, döş sümüyünün gövdəsinin 3 qabırğa səviyyəsində subperiostal sınığı, parietal plevranın zədələnməsi ilə skapulyar xətt boyunca 2-12 sağ qabırğanın sınığı, 2sınıqları paravertebral xətt boyunca 7 sol qabırğa, ağciyərlərin qançırları, perikardın yırtılması, retrosternal yağ toxumasında qansızmalar, ağciyər gövdəsinin xarici qabığının yırtılması, ürəyin yırtılması, enən aortanın divarının natamam cırılması, aşağı vena kavasının yırtılması; pubik simfızin qırılması, əzələ qırılmaları ilə sakroiliak oynaqların qopması, çanaq sümüklərinin qırıqları, 1-5 bel fəqərələrinin eninə proseslərinin çoxfraqmentli avulsion sınıqları, böyük omentumun yırtılması, hepatoduodenal bağda qansızmalar, qaraciyərin, dalağın, yoğun və nazik bağırsağın mezenteriyasının qopması, bağırsaqların mezenteriyasında qanaxmalar, prostat vəzinin, sidik kisəsinin divarlarının yırtığı, sağ böyrəyin subkapsulyar yırtığı, sol baldır sümüyünün başının qapalı oynaq daxili çoxhissəli sınığı, sol dirsək oynağının hemartrozu, sol dirsək sümüyünün olekranonunun qapalı sınığı, yerdəyişmə ilə sol radiusun orta üçdə birinin diafizinin qapalı xırdalanmış sınığı, bilək sümüklərinin qapalı parçalanmış sınıqları, çiyin əzələlərinin əzilməsi, sıyrıqlar, sol üst ekstremitələrin çürükləri, əlin arxasında əzik yara, sağ yuxarı ətrafın sıyrıqları, qançırlar, yerdəyişmə ilə sağ bud sümüyünün yuxarı və orta üçdə birinin diafizinin qapalı çoxhissəli sınığı; sağ aşağı ətraf nahiyəsində qançırlar və sıyrıqlar, yumşaq toxumalarda qanaxmalar, yerdəyişmə, yumşaq toxumalarda qansızma ilə sol bud sümüyünün orta üçdə birinin diafızinin qapalı çoxhissəli sınığı, sol aşağı ətrafların sıyrıqları kimi insan həyatı üçün təhlükə əlamətinə görə insan həyatı üçün təhlükəli sağlamlığa ciddi zərər vurmaya (Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 24 aprel 2008-ci il tarixli N 194n əmrinə “İnsan sağlamlığına vurulan zərərin şiddətinin müəyyən edilməsi üçün tibbi meyarların təsdiq edilməsi haqqında” Əlavənin 6.1. bəndi) aid edilən xəsarətlər yetirməklə A.Y. Penyayevin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, A.Zərərçəkmiş şəxs1 ölümü ilə bağlı cinayət işi Rusiya Federasiyası ərazisində fakta görə 03 avqust 2016-cı il tarixdə başlanmış, 06 dekabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 3-cü hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə Rusiya Federasiyasının ərazisini tərk etmiş və bu səbəbdən 06 dekabr 2017-ci il tarixdə onun barəsində beynəlxalq axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə Bakı şəhərində saxlanılaraq, Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna təhvil verilmiş və həmin rayon prokurorluğunun təqdimatı əsasında, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 fevral 2022-ci il tarixli 4(003)-51/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Bundan sonra Rusiya Federasiyası Baş Prokurorluğunun Azərbaycan Respublikası səlahiyyətli orqanlarına ünvanlanmış 16 may 2022-ci il tarixli “Cinayət təqibinin həyata keçirilməsi haqqında sorğusu” əsasında cinayət işi Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının ərazisində törətdiyi cinayətə görə öz qanunvericiliyinə müvafiq cinayət təqibinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Kəlbəcər Rayon Prokurorluğuna daxil olmuş və rayon prokurorluğunun 17 avqust 2022-ci il tarixli 05/528çıx nömrəli məktubu ilə cinayət işi istintaqın davam etdirilməsi üçün Kəlbəcər Rayon Polis Şöbəsinə göndərilmişdir. 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materialları Kəlbəcər Rayon Məhkəməsinə 06 oktyabr 2022-ci il tarixdə daxil olmuş, iş üzrə məhkəmənin hazırlıq iclası 21 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işinin Kəlbəcər Rayon Məhkəməsində baxılmasını arzu etdiyini bildirmişdir. Kəlbəcər Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində sonuncu yaşayış yerinin ünvan 2 ünvanında olması və bu faktin öz əksini Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-51/2022 saylı iş üzrə 05 fevral 2022- ci il tarixli qərarında tapması, həmçinin şəxsin bu barədə yazılı ərizəsi əsası ilə cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması zamanı müəyyən edilmişdir ki, cinayət işinin 2-ci cildinin 199-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarışın nəticəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl şəhəri, Hummel küçəsi ev 90 ünvanında qeydiyyatda olmuşdur. Təqsirləndirilən şəxsin yaşayış yerinin ünvan 2 ünvanında olmasını təsdiq edən hər hansı sənəd cinayət işi materiallarında mövcud deyildir, bu barədə yalnız təqsirləndirilən şəxsin ərizəsi mövcuddur. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı bildirdi ki, iş materialları ilə Təqsirləndirilən şəxs Göygöl şəhəri, Hummel küçəsi ev 90 ünvanında qeydiyyatda olması öz təsdiqini tapmışdır. Bununla əlaqədar hazırki cinayət işinin məhkəmədə baxılması ilə əlaqədar məhkmələr arasında yaranan fikir ayrılığının həll edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, özü əvvəllər Göygöl şəhəri, Hummel küçəsi ev 90 ünvanında qeydiyyatda olmuşdur. Sonradan Rusiya Federasiyasına köçmüş,həmin dövlətin vətəndaşlığını qəbul etmişdir. Cinayət hadisəsindən bir neçə gün sonra atasının xəstəliyi ilə əlaqədar Göygöl şəhərinə gəlmiş, hazırda ünvan 2 ünvanında yaşayır. Barəsində olan cinayət işinin məhkəmə aidiyyatı ilə bağlı fikrini Kəlbəcər Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında bildirmişdir. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Həşı̇ mov İsmayil Zöhrab oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyatinə dair məhkəmələr arasında fikir ayrılığı olduğundan məhkəmə aidiyyatinə dair yaranmış fikir ayrılığı həll edilməsi üçün hazırki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidr. Belə ki, cinayət işinin 2-ci cildinin 199-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarışın nəticəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl şəhəri, Hummel küçəsi ev 90 ünvanında qeydiyyatda olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli Qərarı). Göründüyü kimi, qanunverici hər hansı bir şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsi bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işinin baxılması ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında axırıncı yaşayış yerinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında ünvan 4 ünvanı olduğundan Kəlbəcər Rayon Məhkəməsi tərəfindən həmin sənədlərdə əks olunan məlumata əsaslanaraq məhkəmə aidiyyəti məsələsi həll edilməli olduğu halda, təqsirləndirilən şəxsin yaşayış yeri ilə bağlı müvafiq sənədlərə və elektron daşıyıcıda əks olunan məlumatlara əsaslanmadan, yalnız təqsirləndirilən şəxsin yazılı ərizəsi və qətimkan tədbiri məsələsinin həll edilməsi barədə qərarı əsas götürülməklə cinayət işi baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, bununla da məhkəmə aidiyyatı qaydası pozulmuşdur. Belə ki, hətta iş materiallarında təqsirləndirilən şəxs Həşı̇ mov İsmayil Zöhrab oğlunun ünvan 2 ünvanında faktiki yaşadığını təsdiq edən müvafiq sənəd mövcud olduğu halda belə, həmin şəxs barəsində cinayət işi onun Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə, yəni Göygöl şəhəri, Hummel küçəsi ev 90 ünvanı üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə də, təqsirləndirilən şəxs Həşı̇ mov İsmayil Zöhrab oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyatina dair Kəlbəcər Rayon Məhkməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi arasında fikir ayrılığı yaranmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 77.1-1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxır. Məhkəmə hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsi ilə hazırki məhkəmə arasında aidiyyat qaydalarına dair fikri ayrılığı olduğundan qeyd olunan məsələnin həlli ilə bağlı cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 77-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Həşı̇ mov İsmayil Zöhrab oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyatinə dair yaranmış fikir ayrılığı həll edilməsi üçün hazırki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar