Məhkəmə qərarları › İş №1(008)-908/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-908/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-908/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Gədəbəy rayonu, Qarabulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə, saat 21:30-da icazə verilən maksimum yük 1650 kq olan nəqliyyat vasitəsinə 2.000 kq yükləmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasını Qanununun 57-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla idarə etdiyi, texniki cəhətdən saz olan “Ford Transit” markalı, **-EZ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor göl ətrafı adlanan ərazidə üzü H.Əliyev prospekti istiqamətində soldan ikinci zolaqla saatda 60-70 km sürətlə hərəkətdə olan zaman sürücü «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib həmin qaydaları pozararaq yolu keçən piyada X5 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan vuraraq sonuncuya baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq qəlpəli sınıqları və həmin səviyyədə sol təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ tərəfli lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınıqları, ağciyərin və qaraciyərin əzilmiş-cırılmış yaraları, sağtərəfli hemotoraks (sağ plevra boşluğuna qanın yığılması), döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumala qansızma, başın, gövdənin, hər iki yuxarı və aşağı ətrafların qançır və sıyrıqları kimi ümumilikdə sağlamlğa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan xəsarətlər alaraq Bahar Yusubovanın ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 02 avqust 2022-ci il tarixdə Dərnəgül bazarından tikinti materialları alıb idarə etdiyi yük avtomobilinə yükləyərək Gədəbəy rayonuna satmaq üçün aparmış, lakin alver edə bilmədiyinə görə Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. İçi dolu yüklə olan avtomaşını ilə Bakı şəhərinə gəlib Z.Bünyadov prospekti ilə Olimpiya stadionunun arxa yolu ilə üzü H.Əliyev prospekti istiqamətində idarə etdiyi “Ford Transit” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60-70 km sürətlə Böyükşor göl ətrafı adlanan üç zolaqlı nəqliyyat axını yolu ilə soldan ikinci zolaqla hərəkətdə olan zaman Olimpiya Stadionunun arxasında olan nəqliyyat axını yolunda piyada zolağını keçdikdən təxminən 15-20 metr irəlidə ani bir vaxtda yolu soldan sağa keçən qadın iti yerişlə yolu əks istiqamətə keçən zaman idarə etdiyi avtomobilin qabaq orta sağ hissəsi ilə piyadanı vurmuşdur. Hadisədən dərhal sonra avtomobili saxlayaraq maşından düşüb xəsarət alan naməlum qadını qucağına alıb yolun kənarına çəkmiş və ətrafına tanımadığı insanlar toplaşaraq onlardan biri təcili tibbi yardıma zəng edərək hadisə yerinə çağırmışlar və hadisə yerinə TTY briqadası gələrək xəsarət alanı müayinə olunması üçün 3 saylı şəhər klinik xəstəxanasına apardıqlarına və xəstəxanada həkimlərin səylərinə baxmayaraq idarə etdiyi avtomobillə vurduğu qadın vəfat etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, X7 onun qızıdır və o, Bakı şəhərində fərdi əməklə məşğul olduğuna görə Bakı şəhərində kirayədə yaşayırmış. 03 avqust 2022-ci il tarixdə yaşadığı Tovuz rayonunda olan zaman hazırda xatırlamadığı tanışlarından biri ona zəng edərək demişdir ki, qızı Bahar yol nəqliyyat hadisəsi zamanı xəsarət alıb və o, hazırda xəstəxanadadır. Bundan sonra o, dərhal evdən çıxararaq Bakı şəhərinə gələn zaman məlum olmuşdur ki, 03 avqust 2022ci il tarixdə qızı Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Olimpiya stadionunun arxasında yerləşən parkda gəzdikdən sonra evə getmək üçün yolu keçən zaman hərəkətdə olan yük maşını onu vurmuş və hadisə nəticəsində qızı Bahar vəfat etmişdir. Bundan sonra o, Bakı şəhərinə gələrək qızı Baharın meyitini Bakı şəhəri, Sabunçu rayonu morqundan qəbul edərək Tovuz rayonu, Alakol kəndində apararaq dəfn etmişdir. Dəfn mərasiminin xərci və digər xərclər hadisəni törətmiş Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, “Böyük Şor” qəsəbəsi, “Göl ətrafı” adlanan yoldur (i.v.6-13). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 03 avqust 2022-ci il tarixli, 2/8257 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.14). AR DİN-nin BDYPİ Web portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi 15 noyabr 2028-ci il tarixədək qüvvədədir (i.v. 15). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X12 mərhum X3 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli, 187 nömrəli rəyindən görünür ki, mərhum X2 meyitinin üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Başbeyin maddəsinin əzilməsi. Baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma. Sol təpə-gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası. Sağ tərəfli İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğalarının yerini dəyişən qapalı, qəlpəli sınıqları. Ağciyərin və qaraciyərin əzilmişcırılmış yaraları. Sağtərəfli hemotoraks (sağ plevra boşluğuna qanın yığılması). Döş qəfəsinin və qarının yumşaq toxumalarına, perotona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma. Başın, gövdənin, hər iki yuxarı və aşağı ətrafların qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən mərhumun ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən 03 avqust 2022-ci il tarixdə və şəraitdə, yəni avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq, qəlpəli qınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12-14 saat əvvələ uyğun gəlir (i.v 54-58). Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 8/2412 nömrəli rəyindən görünür ki, “Ford Transit” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.62-65). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, məhkəmə-tibb ekspertizasının 29 avqust 2022-ci il tarixli, 187 nömrəli və məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 8/2412 nömrəli rəyləri sübut kimi qiymətləndirilmişdir (i.v.66-68). Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən daxil olmuş mətubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən sorğuda göstərilən müvafiq məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə istintaqı zamanı verilmiş və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: 15 və 341 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2012-ci il təvəllüdlü (X9) və 08 aprel 2014-cü təvəllüdlü (X10) övladları var (i.v.19 və 21). Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, onun təqsirləndirilən şəxsdən gələcəkdə də şikayət və tələbi olmayacaqdır (i.v.52). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 18 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.53). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.83-84). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), himayəsində iki azyaşlı övladının olmasını (AR CM 59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi çıxışında Təqsirləndirilən şəxs barəsində AR CM-nin 70-ci maddəsinin tətbiq edilməklə ona təyin ediləcək əsas cəzanın şərti olaraq tətbiq edilməsini, əlavə cəzanın isə ümumiyyətlə təyin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etməməklə onun cəmiyyətdən tam təcrid edilmədən və cəzasını real olaraq çəkmədən islah olunmasını mümkün hesab etmir. Müdafiəçinin təqsirləndirilən şəxs barəsində AR CM-nin 70-ci maddəsinin tətbiq edilməklə ona AR CM-nin 263.2-ci maddəsinin sanksiyasında təyin edilməsi nəzərdə tutulmuş əlavə cəzanın təyin edilməməsinə dair dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın təyin edilməməsi yalnız AR CM-nin 62-ci maddəsinin tətbiq edilməsi ilə mümkün olduğundan müdafiəçi tərəfindən təyin edilməsi imperativ qaydada nəzərdə tutulmuş əlavə cəzanın təyin edilməməsinin əsası kimi AR CM-nin 70-ci maddəsinə istinad edilməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Müdafiəçi əlavə cəzanın təyin edilməməsinin əsası kimi AR CM-nin 70.4-cü (Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər) maddəsinə əsaslansa da, məhkəmə qeyd edir ki, qanunverici həmin maddədə şəxs barəsində AR CM-nin 70-ci maddəsi ilə tətbiq edilməklə əsas cəzanın şərti hesab edilməsinə baxmayaraq bu halın əlavə cəzaların təyin edilməsini istisna etmədiyini nəzərdə tutsa da, müdafiəçi həmin normanı “Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilməyə də bilər” kimi şərh etməyə çalışmışdır. Halbuki, həmin normanın məqsədi AR CM-nin 70-ci maddəsinin əsas cəzaya münasibətdə tətbiqi zamanı bu halın əlavə cəzanın tətbiqini istisna etmədiyini vurğulamaqdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsinin yalnız AR CM-nin 62-ci maddəsinin tətbiq edilməsi ilə mümkün olduğunu vurğulayaraq hazırki halda AR CM-nin 62-ci maddəsinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilməsi üçün müstəsna halları müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddəsinin tətbiqi üçün cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halların və ya cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olması vacibdir ki, hazırki halda məhkəmə cinayət işinin materiallarını və iş üzrə müəyyən olunmuş halları qarşılıqlı araşdıraraq təqsirləndirilən şəxs barəsində qeyd edilən halların hər hansı birinin müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs münasibətdə təyin edilməsi məcburi olan əlavə cəzanı təyin edilməməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar