Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-909/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, B.ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 20 sentyabr 2021ci il tarixdən başlayaraq övladları 13 sentyabr 2004-cü il təvəllüdlü X2 və 26 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 120,00 manat olmaqla, iki uşağa cəmi 240,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 fevral 2022-ci il tarixli, 2(078)-36/2022 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 27 yanvar 2023-cü il tarixli, 3(078)- 44/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 03 mart 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 26 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 3680,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismənm təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, müxtəlif ünvanlarda fəhlə kimi işləyir, aylıq gəliri təxminən 400 manat təşkil edir. Zərərçəkmiş şəxs ilə 2003-cü ildə evlənmiş, birgə nikahlarından X4 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2021-ci ildə Zərərçəkmiş şəxs ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Məhkəməsində iddia qaldırmış, məhkəmənin 04 fevral 2022-ci il tarixli, 2(078)-36/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və övladları sonuncunun himayəsinə verilərək əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 120,00 manat, iki uşağa cəmi 240,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 13 sentyabr 2004-cü il təvəllüdlü Nəzrin Məmmədovanın və 26 sentyabr 2007-ci il təvəllüdlü Nurlan Məmmədovun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Naxçıvan şəhər icra və probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 27 yanvar 2023cü il tarixli, 3(078)-44/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, bundan sonra qətnamə icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə göndərilmiş və həmin şöbənin icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Yenidən evlənmiş, himayəsində iki azyaşlı uşağı olduğundan, kirayədə yaşadığından alimenti ödəyə bilmir, lakin ödəməkdən boyun qaçırmır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2003-cü ildə evlənmiş, birgə nikahlarından X4 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2021-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Məhkəməsində iddia qaldırmış, məhkəmənin 04 fevral 2022-ci il tarixli, 2(078)- 36/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxtdan övladları onun himayəsinə verildiyi üçün əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 120,00 manat, iki uşağa cəmi 240,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 13 sentyabr 2004-cü il təvəllüdlü N.Məmmədovanın və 26 sentyabr 2007-ci il təvəllüdlü N.Məmmədovun yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Naxçıvan şəhər icra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 27 yanvar 2023-cü il tarixli, 3(078)-44/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Övladı universitetə qəbul olunduğundan onun pula ehtiyacı olmuş, hazırda onun tutulmağını istəməsə də pulun ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 20 sentyabr 2021ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 120,00 manat, iki uşağa cəmi 240,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 13 sentyabr 2004-cü il təvəllüdlü X2 və 26 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 fevral 2022-ci il tarixli, 2(078)-36/2022 saylı qətnaməsi icra edilməsi üçün Naxçıvan şəhər icra və probasiya şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 27 yanvar 2023-cü il tarixli, 3(078)- 44/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilmişdir. Əlavə olaraq ifadəsində onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs faktiki yaşayış yeri Naxçıvan şəhər icra və probasiya şöbəsinin icra məmuru tərəfindən müəyyən edildiyi üçün həmin qətnamə icra olunması məqsədilə Bakı şəhəri Sabunşu rayon icra şöbəsinə göndərildikdən sonra icraata qəbul edilərək ona yeni müddət təyin edilsə də sonuncu hərəkətsizliyini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilmiş xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan MR Naxçıvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-36/2022 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, 20 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay 1 uşaq üçün sabit məbləğdə 120 manat olmaqla iki uşaq üçün cəmi 240(iki yüz qırx) manat miqdarında aliment tutularaq 13 sentyabr 2004-cü il təvəllüdlü X2 və 26 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir(i.v.11-17); İcraata başlamaq haqqında 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Təqsirləndirilən şəxs göndərilmişdir (i.v.24-25); Naxçıvan MR Naxçıvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.26-28); Naxçıvan MR Naxçıvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir(i.v.44-46); Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş aliment ödənişləri barədə cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixədək ödənilməli olan 4080 manat məbləğindən 400 manat ödənilmiş, 3680 manat qalıq borc qalmışdır(i.v.65); Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X1 Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə CM-nin 242-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya qərarının 3.1ci maddəsinə əsasən azad edilmişdir. Bundan başqa X6 hərbi məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən CM-nin 243, 42 maddələrinə əsasən 05 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilərək hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmışdır. Bundan başqa, AZərbaycan Respublikası Ağır Cinayətlərə X9 Məhkəmənin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixli 914 saylı Azərbaycan Respublikası Prezidentinin Əfv Fərmanı ilə cəza çəkməkdən azad olunmuşdur. ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Xətai rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 07 ay 29 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir (i.v.105); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.122-123); Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.130-131); Elektron məhkəmə sistemindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli iki azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını(CM-59.1.4), əməlindən peşman olmasını(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Naxçıvan Hərbi Tribunalının xx.xx.1998ci il tarixli, X6 hərbi məhkəməsinin xx.xx.1999-cu il tarixli, Azərbaycan Respublikası Ağır Cinayətlərə X9 Məhkəmənin xx.xx.2000-ci il tarixli, ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluqları CM-nin 83-cü maddəsinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs göstərilən hökmlər üzrə olan məhkumluqları ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, B.ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, B.ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-909/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-909/2023
27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver