Məhkəmə qərarları › İş №1(008)-91/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-91/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-91/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,165 qram olan tündqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 06 sentyabr 2024-cü il tarixdə saat 00:10-da ünvan 3 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb 13-cü PŞ-ya aparılaraq, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,165 qram olan xeyli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Sabunçu rayon məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 29 dekabr 2023-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 27 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təxminən 15 il olar ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələri adlarını və anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən, müxtəlif ünvanlardan və qiymətlərə öz istifadəsi üçün alıb istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 05 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsindən üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata bir büküm narkotik vasitə olan heroin alıb öz istifadəsi üçün üzərimdə saxlayıb yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsinə gətirməklə daşımışdır. 06 sentyabr 2024-cü il tarixdə saat 00:10-da ünvan 5 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini və xidməti vəsiqələrini təqdim edib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyi təklif etmişdirlər. Üzərində narkotik vasitə heroin olduğundan, eyni zamanda şəxsiyyətini təsdiq edən sənəd olmadığından həyəcanlanmış və tez bir zamanda polis əməkdaşlarından yayınıb çıxıb getməyə cəhd etmişdir. Polis əməkdaşı onun hərəkətlərindən şübhələnib təklif etmişdirlər ki, birlikdə Sabunçu RPİ-nin 13-cü PŞ-yə getsin. Artıq yayına bilməyəcəyini başa düşüb etiraz etməyib polis əməkdaşı ilə birlikdə 13-cü PŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən ona şöbəyə gətirilməsinin səbəbi izah edilmiş, üzərində şəxsi axtarış aparılacağı, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı bildirilib, vəkil seçmək üçün ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim olunmuşdur. Siyahını nəzərdən keçirib vəkil Müdafiəçi Talib oğlu tərəfindən hüquqlarının müdafiə olunmasını istədiyini bildirib, bu barədə tərtib olunmuş ərizəyə imza etmişdir. Vəkil dəvət olunaraq ona təqdim olunmuş, vəkilin iştirakı ilə bir daha təhqiqatçı tərəfindən ona şöbəyə gətirilməsinin səbəbi və hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən öncə təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etmək təklif edilmişdir. Əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən Suraxanı rayonu Bülbülə qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manata aldığı bir büküm gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli olan narkotik vasitə heroini, sol yan cibindən isə özünə məxsus qara rəngli “Fly” markalı mobil telefonu çıxradaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən büküm və telefon götürülərək, bükümə baxış keçirilmişdir. Səmimi olaraq etiraf edib bildirmişdir ki, həmin bükümün içərisində olan maddə heroindir, onu öz istifadəsi üçün 05 sentyabr 2024-cü il tarixdə almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi heroindən başqa qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təhqiqatçı tərəfindən büküm müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra, bununla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğu onun və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşı tərəfindən saxlanılıb polis şöbəsinə aparılarkən və şöbədə olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə 06 sentyabr 2024-cü il tarixdə saat 00:10da inzibati ərazidə xidmət apararkən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsində bir nəfər əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı, polis şöbəsinə aparılıb təhvil verildikdən sonra şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs hərəkətlərindən, onları gördükdə daha da həyəcanlandığını görüb həmin şəxsin üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmet saxlamasından şübhələnib ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını deyib, onlardan aralanıb getmək istədiyi üçün birlikdə 13-cü PŞ-yə getməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs artıq qaçıb gedə bilməyəcəyini anlayıb onlarla birlikdə 13-cü PŞ-yə getmişdir. Təqsirləndirilən şəxs saxlanılıb, polis şöbəsinə aparılıb təhvil verməsi ilə bağlı tərəflərindən 13-cü PŞ-nin rəhbərliyinə raportla məruz edilmişdir. Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis mayoru Rafiq Babayevə həvalə edilmişdir. Rafiq Babayev tərəfindən xidməti otaqda onların iştirakları ilə Təqsirləndirilən şəxs şöbəyə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmiş, ona üzərində şəxsi axtarış keçirilməsi zərurəti olduğu, hüquqlarını müdafiə etməkdən ötrü dövlət hesabına vəkil dəvət olunacağı bildirilib, vəkil seçmək üçün vəkillərin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahıdan vəkil seçmiş, təhqiqatçı həmin vəkili dəvət edərək Təqsirləndirilən şəxs təqdim etmiş, vəkilin iştirakı ilə təkrar Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi deyilmişdir. Təqsirləndirilən şəxs xahiş etmişdir ki, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilsin, bu barədə ərizə yazmışdır. Vəkil xidməti otaqdan çıxdıqdan sonra onun və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Bunlan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü və şalvarın sol yan cibindən bir ədəd «Fly» markalı mobil telefonu çıxarıb masa üzərinə qoymuşdur. Bükümün içərisində olan maddənin tərkibi barədə maraqlandıqda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün 05 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsindən anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış keçirilmiş, təqdim etdiyi telefon və bükümdən başqa üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təhqiqatçı tərəfindən bükümə və telefona baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Qeyd olunanlarla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu onun, Şahid1 və saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürməni aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli toz şəkilli olan maddəni və sol cibindən qara rəngli “Fly” markalı mobil telefonu çıxararaq təqdim etdi. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin el arasında “kakos” deyilən narkotik vasitə olmasını, həmin maddəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata alıb öz istifadəsi üçün üzərində saxladığını bildirdi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.24- 26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4477 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,165 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (i.v.34-38); DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 07 sentyabr 2024-cü il tarixli protokolan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd “DVD” yaddaş daşıyıcısına köçürülərək protokola əlavə olunmuş videogörüntüyə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: diskdə “20240905_233258” adı ilə qeydə alınmış bir ədəd qovluq var. Həmin qovluğa baxış keçirdikdə 05 dəqiqə 21 saniyə davam edən videogörüntünün olduğu müəyyən edildi. Baxış zamanı görüntüdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağız bükümü və şalvarın sol yan cibindən 01 ədəd “Fly” markalı mobil telefonu çıxarıb masa üzərinə qoyduğu, təhqiqatçı tərəfindən həmin bükümə və mobil telefona baxış keçirildiyi, təhqiqatçının həmin bükümdə nə kimi maddənin olması, haradan və hansı tarixdə əldə etməsi barədə sualına Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 05 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsindən anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata alıb üzərində saxlayıb daşıdığını, mobil telefon özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümdən başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmiş götürülməmişdir. Saxlanılıb polis şöbəsinə gətirilən zaman hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalıbqalmaması ilə bağlı təhqiqatçı tərəfindən verilmiş suala Təqsirləndirilən şəxs hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 01 ədəd büküm və 01 ədəd mobil telefon müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (i.v 50-51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 143 maddəsinin 3-cü hissəsinin və 83 maddəsinin 3-cü hissəsi ilə istintaq edilən 49832 nömrəli cinayət işi üzrə 17 may 1992-ci il tarixdə CPM-nin 7-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Ukrayna Respublikası Xarkov şəhər Dzerjinsk rayon məhkəməsinin 07 dekabr 2007-ci il tarixli hökmü ilə CM-nin 190-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 1 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ukrayna Respublikası Xarkov şəhər Dzerjinsk rayon məhkəməsinin 11 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 186-cı maddəsinin 2-ci hissəsi, 185-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sabunçu rayon məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 29 dekabr 2023-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 27 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v.93-95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7704 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.126-127); Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 1(008)-736/2022 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234,1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən istintaq müddəti zamanı 04 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmışdır(i.v.102-110). Sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri müəyyən edilmədiyindən barəsində həmin hissə üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 0,165 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,115 qram çəkidə narkotik vasitə heroinin Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işinin materiallarından müvafiq sənədlərin kserosurətləri çıxarılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Sabunçu RPİ-nin 13-cü PŞ-yə göndərilməsi qərara alınmışdır(i.v.128-135); «Azerfon MMC»-nin 28 oktyabr 2024-cü il tarixli AZF/LGL-9786/24 nömrəli məktubuna əlavə olunaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, özündə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş - ***-***-**-** saylı mobil nömrə ilə 05 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD disk yaddaş daşıyıcısına tərəfimdən baxış keçirilən zaman müəyyən edilmişdir ki, 077- 813-19- 63 saylı mobil nömrə ünvan 7 ünvanında qeydiyyatda olan X4 adma qeydə alınmışdır. Baxış zamanı ***-***-**-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan mobil nömrələr arasında iş üçün əhəmiyyət kəsb edən SMS mesajların göndərildiyi aşkar edilmişdir: 1.11 iyul 2024-cü il saat 06:01:19-da ***-***-**-** saylı mobil nömrədən 070-915- 45-67 saylı mobil nömrəyə «Yako sabanis heir necasus emin necadi.yako bidena kowa kurtka vartep.teza senin razmerin.bidena yarim kola i pati on manatih» 2.25 iyul 2024-cü il saat 19:08:59-da ***-***-**-** saylı mobil nömrədən 070-343-45- 67 saylı mobil nömrəyə «Gmin ə zdesğ.brat ne zaderjivay menə. Zdesğ stoətğ paleva»; 3.10 avqust 2024-cü il saat 18:43:46-da ***-***-**-** saylı mobil nömrədən 070-561- 31-63 saylı mobil nömrəyə «RƏXİM BRAT NA 5 MANAT.SDELAY DA BELOQO.QƏLİM MƏN»; 4. 28 avqust 2024cü il saat 14:35:04-də ***-***-**-** saylı mobil nömrədən 070-577- 45-67 saylı mobil nömrəyə «M PRİEDU DAM.HƏS QOVORİT KLƏNUSĞ DETĞMİ NETU.ODİN ÇERVONİY SDELAY DA UKOLİMSA»; 5.31 avqust 2024-cü il saat 23:14:26-da ***-***-**-** saylı mobil nömrədən 077-813- 19-63 saylı mobil nömrəyə «Utrom bılo v 100raz luçşelgto tema xuynə»(i.v.113-114,125). Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd edilən yazışmalara münasibətdə ona verilmiş suallara cavabında bildirmişdir ki, həmin yazışmada özü üçün narkotik və ya psixotrop maddə əldə edilməsi üçün müraciət etmişdir. Həmin smslər onun telefon nömrəsindən göndərilmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:10 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.68-70); Qətimkan tədbiri seçilməsi haqqında 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.71-72); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,165 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Tələbnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 27 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), 06 sentyabr 2024-cü il tarixdən 07 sentyabr 2024-cü il tarixədək saatlarla hesablanmaqla şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” və 01 ədəd CD disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 ( səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdən 07 sentyabr 2024-cü il tarixədək saatlarla hesablanma nəzərə alınmaqla şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,115 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar