Məhkəmə qərarları › İş №1(008)-912/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-912/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-912/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilməsi barədə X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X8 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 qarşı böhtan xarakterli məlumatların yayılmasına dair şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb olunaraq “03” (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X8 şikayətini onunla əsaslandırmışdır ki, X6 “Azərbaycan Reallığı” İnformasiya Agentliyinə müraciət edərək dələduzluğun qurbanı olduğunu bildirərək qarşılaşdığı hallara dair açıqlamasında bir neçə ay bundan öncə Nihad adlı şəxslə tanış olduğunu, ona xaricdən satış məqsədi ilə avtomobil gətirməyə söz verən Nihad Əliyevin onun 140-150 min manat dəyərində olan evini ələ keçirdiyini və bu işdə digər dələduzların əməlinin olduğunu bildirib. X9 evini girov qoyub və ondan 55000 manat faizlə pul götürüb. Hətta 3-4 ay ona faiz ödəyib. “Azərbaycan Reallığı” İnformasiya Agentliyinə olunan müraciət sonradan “Patrul.az”-ın xəbər portalında “Onlar hələ də azadlıqdadırlar. İnsanların pul və mülkiyyətini ələ keçirən dələduz şəbəkə haqqında sensassion faktlar” adlı yazı yer alıb. Bununla da o, hesab edir ki, X6, onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yayaraq onu ağır cinayətlərdə ittiham və böhtan etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Xüsusi ittihamçı X8 şikayətini müdafiə edərək, “Azərbaycan Reallığı” İnformasiya Agentliyində və “Patrul.az” saytında X6 onun barəsində böhtan xarakterli məlumatlar yaymaqla onun cəmiyyət içindəki nüfuzuna ləkə gətirdiyindən işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 xüsusi ittiham qaydasında verilmiş şikayətin tamamilə əsassız olduğunu, onun tərəfindən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində hər hansı bir təhqir və böhtan xarakterli məlumatı yaymadığını bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X2 xüsusi ttiham qaydasında verilmiş şikayətin tamamilə əsassız olduğunu bildirərək icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin «zəruriliyi» əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün «ciddi ictimai tələbatın» mövcud olubolmadığını müəyyən etməlidirlər. Bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Həmin Qərarın 11-ci bəndinə əsasən xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qanunazidd əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 tərəfindən törədilməsinə dair sübutlar müəyyən olunmadığından, yəni “Azərbaycan Reallığı” İnformasiya Agentliyində yayılan məlumata dair ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətə sübutlar əlavə edilmədiyindən, eləcə də “Patrul.az” saytında yayılan məlumatların X6 tərəfindən və ya onun sifarişi əsasında verilməsinə dair mötəbər sübutlar əlavə olunmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən X5 X4 qarşı təhqir və böhtan xarakterli məlumatların yayılmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməli olmasına baxmayaraq hazırkı şikayətdə X5 doğulduğu il və məşğuliyyət növü qeyd olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilməsi barədə X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərarın surəti xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göndərilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar