Məhkəmə qərarları › İş №1(008)-913/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-913/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-913/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Abdulla Hikmət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 25 avqust 2023-cü il tarixdə X6 facebook.com sosial şəbəkəsindəki özünə məxsus profilində X8 şəxsiyyətinə təhqir və böhtanla dolu məlumatlar, ictimaiyyət arasında nüfuzuna xələl gətirən status paylaşmışdır. Həmin vaxt cavabdehin bu hərəkətlərinə bir o qədər də önəm verməyərək, məsələni şişirtmək istəməsə də, cavabdeh cəzasız qalmasından istifadə edərək “Facebook” sosial şəbəkəsinin özünə aid “Abdulla Efendizade” səhifəsində barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymaqda davam etmişdir. Şikayət olunan şəxs həmin səhifəsinin 25 avqust 2023-cü il tarixdə şəklini paylaşmaqla statusunda barəsində aşağıdakı sözləri yazmışdır: “Vəkil Mehman Muradov. Səhv etmirəmsə bu vəkil 4-5 il əvvəl CM-in 178.3.2 maddəsi ilə ittiham olunurmuş və hətta Kürdəxanıda da bir müddət “yatmışdı”. Mən onu əlqandallı Yasamal məhkəməsində görmüşdüm. Deyirlər kamerada hətta onu qapı yanında yatızdırırlarmış. İndi bu adam vəkildir. Soruşdum dedilər kiməsə atdığı külli miqdarda pulları qaytardığı üçün onu buraxıblar. Amma hər bir halda onun reputasiyası pozulub məncə. Bir dəfə “atan ” vəkil həmişə atar”. Daha sonra qeyd edilən yazını yerləşdirəndən sonra 5 nəfər bəyənmə tıkı basılmış və 7 şəxs paylaşmışdır. Əfəndizadə Abdulla bir neçə saat sonra yenə həmin paylaşımı edərək 3 şəxs tərəfindən bəyənmə tıkı basaraq 3 nəfər tərəfindən əlavə olaraq paylaşdırmışdır. Əfəndizadə Abdulla cinayətkar əməlini 29 avqust 2023-cü il tarixdə davam etdirərək özünə məxsus “Abdulla Efendizade” profilindən onun mətbuata verdiyi açıqlamanı paylaşaraq Keçmiş dələduz (178.3.2. üzrə işi olub) nə zamandan “tanınmış vəkil” oldu yoxsa onu “rasskrutka” edirlər? yazaraq onu təhqir edərək ağır cinayət törətməkdə ittiham etmişdir. Qeyd edilən yazını 1 nəfər bəyənməklə 1 nəfər paylaşmışdır. Beləliklə qeyd edilən paylaşımlarda şikayət olunan şəxs barəsində “dələduz”, “reputasiyası pozulub”, “bir dəfə “atan” vəkil həmişə atar” sözlərini yazıda işlətməklə törətdiyi cinayəti (təhqir və böhtan) davam etdirmişdir. Qeyd edilənləri təsdiq etmək üçün şahid X9 (Abşeron rayonu Xırdalan şəhəri, Zərdabi küçəsi, dalan 2, döngə 1, ev 8A, Sumqayıt şəhəri, Bulvar küçəsi, 59F, blok 5, mənzil 47) izahatında göstərmişdir ki, 24saat.org xəbər saytının baş redaktorudur. Mütamadi olaraq xəbər əldə etmək üçün sosial şəbəklərdən istifadə edir. 25 avqust 2023-cü il tarixdə X5 facebook sosial şəbəkəsində məxsus olan “Abdulla Efendizade”profildən Mehman Muradlı barədə 25 avqust 2023-cü il tarixdə “Vəkil Mehman Muradov. Səhv etmirəmsə bu vəkil 4-5 il əvvəl CM-in 178.3.2 maddəsi ilə ittiham olunurmuş və hətta Kürdəxanıda da bir müddət “yatmışdı”. Mən onu əlqandallı Yasamal məhkəməsində görmüşdüm. Deyirlər kamerada hətta onu qapı yanında yatızdırırlarmış. İndi bu adam vəkildir. Soruşdum dedilər kiməsə atdığı külli miqdarda pulları qaytardığı üçün onu buraxıblar. Amma hər bir halda onun reputasiyası pozulub məncə. Bir dəfə “atan” vəkil həmişə atar” və 29 avqust 2023-cü il tarixdə Mehman Muradlının mətbuata açıqlamasını paylaşaraq “Keçmiş dələduz (178.3.2. üzrə işi olub) nə zamandan “tanınmış vəkil” oldu Yoxsa onu “rasskrutka” edirlər?” yazısını görmüşdür. X3 izahatında göstərmişdir ki, fərdi sahibkar olmaqla yanaşı mütamadi olaraq sosial şəbəkə istifadəçisidir. “Səadət Salmanlı” adlı facebook istifadəçisi özünə məxsus profildən “Abdulla Efendizade” adlı profilin “ Vəkil Mehman Muradov. Səhv etmirəmsə bu vəkil 4-5 il əvvəl CM-in 178.3.2 maddəsi ilə ittiham olunurmuş və hətta Kürdəxanıda da bir müddət “yatmışdı ”. Mən onu əlqandallı Yasamal məhkəməsində görmüşdüm. Deyirlər kamerada hətta onu qapı yanında yatızdırırlarmış. İndi bu adam vəkildir. Soruşdum dedilər kiməsə atdığı külli miqdarda pulları qaytardığı üçün onu buraxıblar. Amma hər bir halda onun reputasiyası pozulub məncə. Bir dəfə “atan” vəkil həmişə atar” paylaşımmı görmüş, bundan sonra “Abdulla Efendizade” adlı profilin paylaşımlarına baxmışdır. “Abdulla Efendizade” adlı profildə Mehman Muradlı barədə 25 avqust 2023-cü il tarixdə “ Vəkil Mehman Muradov. Səhv etmirəmsə bu vəkil 4-5 il əvvəl CM-in 178.3.2 maddəsi ilə ittiham olunurmuş və hətta Kürdəxanıda da bir müddət “yatmışdı”. Mən onu əlqandallı Yasamal məhkəməsində görmüşdüm. Deyirlər kamerada hətta onu qapı yanında yatızdırırlarmış. İndi bu adam vəkildir. Soruşdum dedilər kiməsə atdığı külli miqdarda pulları qaytardığı üçün onu buraxıblar. Amma hər bir halda onun reputasiyası pozulub məncə. Bir dəfə “atan” vəkil həmişə atar” və 29 avqust 2023-cü il tarixdə Mehman Muradlının mətbuata açıqlamasını paylaşaraq “Keçmiş dələduz (178.3.2. üzrə işi olub) nə zamandan “tanınmış vəkil” oldu Yoxsa onu “rasskrutka” edirlər? ” yazısının görməsini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmçinin qeyd olunmalıdır ki, Qərarının 4cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (X11rşı, 27 mart 1996-cı il). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (De Haes və Gijsels Belçikaya qarşı və Kolombani və digərləri Fransaya qarşı). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (Lingens Avstriyaya qarşı). Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Qeyd edilən qərarın 12-ci maddəsində göstərilir ki, Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Şikayət verilən şəxs Əfəndizadə Abdulla MAPS arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatdadır. Facebook sosial şəbəkəsi kütləvi nümayiş etdirilən informasiya resursudur ki, Əfəndizadə Abdulla bu informasiya resursu vasitəsi ilə təhqirə yol vermiş və ağır cinayət törətməkdə ittiham edərək böhtan atmışdır. Göstərilənlərə əsasən X6 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edərək barəsində hökm çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 vəsatət verərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verdiyini, buna görə də hazırki şikayətin icraatının dayandırılmasını xahiş etmişdir. Müdafiəçi Məmmədov X2 Abdulla Hikmət oğlu tərəfindən verilmiş vəsatəti müdafiə etdiyini bildirmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Təqdim olunmuş sənədlərdən görünür ki, X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Bakı şəhəri Sabunu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Hazırki şikayət ərizəsində Bakı şəhəri Sabunu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilən pozuntular aradan qaldırılsa da, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmiş, onun hansı əməlinə görə CM-nin 147.2-ci, hansı əməlinə görə CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması göstərilməmişdir ki, bu da şəxsə qarşı irəli sürülmüş ittihamın aydın olmamasına və onun əməllərinə ayrı-ayrılıqda qiymət verilə bilməməsinə dəlalət edir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Azərbaycan Respublikasının CM-nin: 147.2-ci maddəsinə əsasən böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Göründüyü kimi, şikayət ərizəsində X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onun hansı əməlinə görə CM-nin 147.2-ci, hansı əməlinə görə CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması göstərilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar