Məhkəmə qərarları › İş №1(008)-914/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-914/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-914/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, , satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,963 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz ünvanda yerləşən evin qarşısına qədər daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-nə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,963 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik tərkibli maddələrdən istifadə edir, narkotiki Sabunçu rayonu, Balaxanı qəsəbəsindən asanlıqla tapa bilir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində evdən çıxaraq birbaşa Balaxanı qəsəbəsinə narkotik alması üçün getmişdir. Orada heç bir anket məlumatını bilmədiyi, üzdən tanıdığı şəxsdən 20 manata bir dəfə istifadə etməsi üçün “patı” yəni tiryək almışdır. O, həmin bükümü əynində olan ağ rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində piyada gedərkən iki şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan anket məlumatlarını soruşmuş, o, Təqsirləndirilən şəxs olduğunu demiş, polis əməkdaşları onu üzərinə baxış keçirilməsi üçün Sabunçu RPİ 15-ci PB-yə dəvət etmişlər. O, başa düşmüşdür ki, polis əməkdaşları cibində tiryəkin olmasını bilirlər, polis əməkdaşları imkan yaratmamışlar ki, cibindəki tiryəki tullasın. O, etiraz etmədən həmin əməkdaşlarla 15-ci Polis bölməsinin inzibati binasına gəlmişdir. 15-ci PB-də ona özünün siyahıdan seçdiyi vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah edilmiş, bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, bildirmişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir. Bu barədə ərizə yazmışdır. Təhqiqatçının xidməti otağında üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. O, əynində olan ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən heç bir əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən qara rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş büküm narkotik tərkibli maddə “patı”dır, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 20 manata almışdır. Onun təqdim etdiyi tiryək polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, və polis əməkdaşları tərtib edilmiş protokolu və zərfi imzalamışlar. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən 15-ci PB rəhbərliyinə raportla məruzə etmiş, bununla əlaqədar PB-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, saat 14:10-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşadığı ünvanın yaxınlığında onun və 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs 15-ci PB-nə gətirilməsi barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 15-ci PB-nin təhqiqatçısına tapşırılmışdır. Təqsirləndirilən şəxs bölməyə gətirilən andan şəxsi axtarışı aparılanadək müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Əlövşət Bağırov tutulan andan təhqiqatçı tərəfindən hüquqları izah olunmuş, özünün siyahıdan seçdiyi müdafiəçi ilə təmin edilmiş, öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdır. 15-ci PB-nin inzibati binasında, təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bununla əlaqədar etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub- olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisində qara rəngli maddənin olması görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa heçnə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş büküm narkotik tərkibli maddə “patı”dır, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 20 manata almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan 1 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, həmin zərf özü, Təqsirləndirilən şəxs və həmkarı Şahid2 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarışı barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23); şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, qara rəngli, xırda kristal formalı, spesifik iyə malik olmayan maddəni çıxardaraq könüllü təhvil vermiş, bu narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20 (iyirmi) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş xırda kristal formalı, spesifik iyə malik olmayan maddə olması aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş xırda kristal formalı, spesifik iyə malik olmayan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərəl götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/4079 nömrəli 30 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksi və “...Vət. Təqsirləndirilən şəxsn üzərindən aşkar edilərək götürülmüş maddi sübut; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: iki imza, Təhqiqatçı: Fərmail İmanov- imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -1,963 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v. 33-36); CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, videoçəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 15-ci PB-nin təhqiqatçısı saxlanılan Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirir, bununla əlaqədar etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofandakı bükümü çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və üzərindən heç bir əşya aşkar edilmir. Təhqiqatçı tərəfindən büküm açılarkən içərisindən qara rəngli maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş büküm narkotik tərkibli maddə “patıdır, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 20 manata almışdır. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi 1 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır. (i.v.50-51); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.68-70); Qətimkan tədbirinin seçilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.71-72); Maddi sübut kimi tanıma haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,963 qram narkotik vasitə tiryək iş maddi sübut kimi tanınmış, tədqiqata 0,1 qram sərf edilməsi nəzərə alınmaqla 1,863 qram tiryək qalıqları saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2023-cü il tarixli 5511 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.82-83); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Xətai rayon Xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 143 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmiş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1998-ci il Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 2 ilə endirilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 01 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir(i.v.89-91); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyul 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 19-cu qrafasına əsasən təmiz çəkisi 1,963 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xətai rayon Xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli, Xətai rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmləri üzrə olan məhkumluqları ödənildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 29 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı(CPM- 132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 1,863 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar