Məhkəmə qərarları › İş №1(008)-919/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-919/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-919/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 7,712 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən “Kirov” adlanan dairənin yaxınlığına qədər daşımış, özünü şübhəli apardığına görə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində həmin ərazidə xidmət aparan Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 8-ci Patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş, həmin gün orada üzərinə keçrilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan, naməlum mənbədən əldə edib saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 5,995 qram və bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 1,717 qram, ümumi təmiz çəkisi 7,712 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə marixuana növündən istifadə edir. Marixuananı adətən Bakı şəhərinin müxtəlif yerlərindən alır. Gündəlik bir-iki siqaretə marixuana dolduraraq çəkir. xx.xx.2021 -ci il tarixdə günorta saatlarında o, marixuana almaq üçün metronun “Koroğlu” stansiyasının yaxınlığına gəlmiş, orada üzdən tanıdığı, kişi cinsindn olan bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 30 manata narkotik vasitə marixuana almışdır. Aldığı marixuana qəzetin vərəqəsinə bükülmüş halda olmuş, o, marixuananı yaşadığı ünvana aparıb bir hissəsini sonra istifadə etməsi üçün siqaretin gümüşü kağızına bükmüş, qalan hissəsini isə selofan kəsiyinə bükmüş və gündəlik geyindiyi qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün axşam saat 12-dən sonra o, araq almaq üçün yaşadığı ünvandan çıxıb “Kirov” dairəsinin yaxınlığında yerləşən 24 saat işləyən marketə getmiş, yolda gedərkən iki nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq suallar verməyə başlamışlar. Üzərində narkotik vasitə marixuana olduğundan həyəcanlanmış və polis əməkdaşlarından yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları buna imkan verməmiş və ona 14-cü PB-nə getməyi təklif etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 14-cü PB-nə getmiş, orada hüquq və vəzifələri izah edilmiş və müdafiəçi dəvət edilmişdir. Ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya saxladığı təqdirdə təqdim etsin. Həmin vaxt o, əynindəki şalvarının sol yan cibindən iki büküm marixuananı və üzərindəki alışqanla siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əmkdaşları siqaret qutusunun içərisini yoxlayıb siqaret qutusu ilə alışqanı ona qaytarmışlar. Təqdim etdiyi bükümləri isə açmışlar. Həmin vaxt bükümlərdə marixuana olmasını aşkar etmişlər. Sorğu zamanı o, marixuana bükümləri necə və haradan əldə etməsini ifadəsində göstərdiyi kimi qeyd etmişdir. Ondan aşkar edilmiş bükümlər qablaşdırılmış, qablaşdırılmış zərfi iştirakçılar imza etmişlər. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu iştirakçılar imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in ÇPAnın 8-ci Patrul Bölüyünün polis nəfəri polis serjantı Şahid2 Elsəvər oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ildən DİO-da və tutduğu vəzifədə xidmət edir, polis serjantıdır. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində DİN-in ÇPA-nın 8-ci Patrul Bölüyünün polis nəfəri polis serjantı Şahid1 ilə birlikdə Sabunçu rayonu Maştağa qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmişlər, bu zaman yaxınlaşdıqları şəxs həyəcanlanaraq özünü daha da şübhəli aparmağa başlamış, sonra onlar həmin şəxsə Sabunçu RPİ-nin 14-cü PB-nə getməyi təklif etmişlər. Saxladıqları şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 14- cü PB-nə getmiş, PB-də müəyyən edilmişdir ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hərəkətləri ilə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı onarda şübhə yaratdığından PB-də xidməti otaqların birinə dəvət edilərək təhqiqatçı Firon İsgəndərov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı Firon İsgəndərov tərəfindən şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bununla bağlı Müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edilmişdir. Sonuncu etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı Müdafiəçi iştirak etməməsini xahiş etmişdir. Bundan sonra onun, polis serjantı Flüseyn Flüseynlinin və 14-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 iştirakları ilə təhqiqatçı Firon İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofana və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüləri təqdim etmiş və bildirmişdir ki, həmin bükülülərin içərisində olanlar narkotik vasitə marixuanadır, həmin narkotik vasitəni 20 oktyabr 2021-ci il tarixdə metronun “Koroğlu” stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata almışdır. Bükümlər açılaraq baxılmış və orada olan maddənin otşəkilli olmaqla narkotik vasitə marixuanaya bənzədiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Vegas” markalı siqaret və bir ədəd alışqan aşkar edilmişdir. “Vegas” markalı siqaret və bir ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmış, aşkar edilmiş marixuana isə qablaşdırılmış, qablaşdırılmış zərf PB-nin 100 nömrəli möhürü ilə möhürlənmişdir. Möhürlənmiş zərfi o, Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaları imzalamışlar. Bildirilmişdir ki, aşkar edilmiş marixuananın çəkisi, tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəkdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokola o, Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in ÇPA-nın 8-ci PB-nün polis nəfəri Şahid1 digər Şahid2 Elsəvər oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Sabunçu RPİ-nin 14-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bununla bağlı etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd bükümü təqdim etmiş, bükülülərin içərisində narkotik vasitə marixuana olduğunu, 20 oktyabr 2021-ci il tarixdə Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır ( i.v. 23-24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 24 oktyabr 2021-ci il tarixli, 7/1094 saylı rəyindən görünür ki, tədqiqata tədim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün N 100” dairəvi möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək....” yazı və imzalar olan bir ədəd şəffaf selofan kəsiyi bükümündə təmiz çəkisi 5,995 qram və bir ədəd gümüşü kağız kəsiyi bükümündə təmiz çəkisi 1, 717 qram olmaqla, ümumi çəkisi 7,712 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir (30-34). “Maddi sübut kimi tanıma haqqında” 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,712 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, qalıq qalmış 7,612 qram qurudulmuş marixuana saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v.64). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 yanvar 2022-ci il tarixli, 342 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və alkoqolun qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 92-93). Məhkəmə-ambulator psixiatrik ekspertizasının 24 dekabr 2021-ci il tarixli 3071 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda “üzvi mənşəli şəxsiyyət pozuntusu” (F 07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar (anamestik məlumatlara görə başından zədə alması, əsəbi olması, qıcıqlara qarşı həssas olması, bununla əlaqədar psixiatriya xəstəxanasında stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “RPX-da” “Üzvi mənşəli şəxsiyyət pozuntsu, psixopatabənzər davranışla" diaqnozu ilə stasionar müalicədə olması, İİ dərəcə əlil olması), hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (əhval ruhiyyənin dəyişkən olması, emosional sferanın dayanıqsızlığı və s.) sübut edir. Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, törətdiyi əçəl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (i.v.95-96). “Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı olan görüntüləri özündə əks etdirən diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.112-117). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 24 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 24 oktyabr 2021-ci il tarixdə, saat 01:10-dan tutulmuş hesab edilmişdir (i.v. 14). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.57-60). “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.61-62). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.73-74). Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2023-cü il tarixli, 3/13-49-1/3-1554 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə, saat 11:00-da saxlanılaraq istintaq hərəkətlərinin aparılması üçün təqdim edilmişdir (i.v.103). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v.107-108). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2006-cı il təvəllüdlü (X3), 10 sentyabr 2009-cu il təvəllüdlü (X1) və 14 mart 2015-ci il təvəllüdlü (X2) uşaqları var. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1(008)-919/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis şöbəsi tərəfindən məhkəməyə 14 noyabr 2023-cü il tarixdə daxil olmuş 11 noyabr 2023-cü il tarixli, 14/2-53304 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının, psixi xəstəlikdən əziyyət çəkdiyini (AR CM-nin 59.2), himayəsində bir azyaşlı uşağının (AR CM-nin 59.1.4) olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu (Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdə, saat 01:10-da tutulmuş, 25 oktyabr 2021-ci il tarixdə, saat 16:40-dan 17:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır), istintaq zamanı axtarış qərarı əsasında tutularaq saxlanıldığı müddət, o cümlədən, məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlanıdığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət (saatlarla hesablama nəzərə alınmaqla), istintaq zamanı 16 sentyabr 2023-cü il tarixdə tutularaq saxlandığı 01 gün müddət, məhkəmə istintaqı zamanı tutularaq 11 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 gün, cəmi 09 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 18 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 7,612 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 88,70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar