Məhkəmə qərarları › İş №1(008)-92/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-92/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-92/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə saat 23 radələrində X7 mülkiyyətində olan və etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet EPİCA” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı-Zabrat yolu ilə Kürdaxanı qəsəbəsi istiqamətində 60 km/saat sürətlə idarə edərək, qarşıda hərəkətdə olan avtomobili ötmə əməliyyatı etmək məqsədi ilə əks istiqamətli hərəkət zolağına çıxıb, «Omid» tikinti materialları mağazasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin 1.3 üfüqi nişanlanma xətlərini kəsib keçmək qadağandır kimi tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib həmin qaydaları pozaraq qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olan Şahid1 etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə idarə etdiyi “Chevrolet EPİCA” minik markalı avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 baş beyin silkələnməsi, çənə, sol bud sümüklərinin, sağ əlin İ və İV barmaqların yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilən, “Kia Rio” minik markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol bud sümüyünün yerini dəyişən qapalı sınığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilən, həmin avtomobildə arxa sağ oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin yerini dəyişən açıq, sağ bud, hər iki əng, almacıq və burun sümüklərinin qapalı sınıqları, sol gözün ağlı qişasına qansızması ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilən və həmin avtomobildə arxa sol oturacaqda sərnişin qismində əyləşmiş X5 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sağ alın-təpə sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı, sol almacıq sümüyünün yerini dəyişən qapalı sınığı, ikitərəfli hemopnevmotoraks, ağciyərlərin kontuziyası (əzilməsi), dalağın əzilib-cırılması (dalaq cərrahi üsulla çıxarılmışdır), diafraqmanın, qaraciyərin, mədəaltı vəzin, maddə arteriyası şaxəsinin və piyliyin əzilmiş-cırılmış yaraları, başın əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəli xəsarətlərin almasına və sonuncunun aldığı xəsarətlərdən 29 iyul 2024-cü il tarixdə saat 01:30-da müalicə aldığı X10 kəllə tağı və əsası sümüklərinin sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi və yumşaq qişalarına qansızmadan ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 12 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsindən tanışı və qonşuluqda yaşayan X4 işdən idarə etdiyi «Chevrolet EPİCA» minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə götürüb yaşadıqları ünvan 3 ünvanına getmək qərarına gəlmişdir. Özü sükan arxasında, Röyalə isə onun sağ tərəfində qabaq oturacaqda sərnişin qismində əyləşmişdir. Zabrat qəsəbəsi istiqamətindən Məmmədli qəsəbəsi istiqamətində sol zolaqla hərəkətdə olarkən Məmmədli qəsəbəsində fəaliyyət göstərən «Omid» mağazasının yaxınlığında onunla eyni istiqamətdə, Məmmədli qəsəbəsi istiqamətində bir qədər ondan irəlidə hərəkətdə olan dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə onun avtomobilini sağ tərəfindən vurduğuna görə məcbur olub əks yola avtomobili idarə etmiş, nəticədə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olmuş «KİA RİO» minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı-qarşıya gəlib toqquşmuşdur. Sonradan huşunu itirmiş və baş verənləri xatırlamır. Röyalədən başqa avtomobilində sərnişin olmamışdır. Araşdırma zamanı ona məlum olmuşdur ki, «KİA RİO» minik markalı avtomobildə sürücü və 5 nəfər sərnişin olmuşdur. İdarə etdiyi avtomobilin sürəti saatda təxminən 60 km. olmuşdur. «KİA RİO» minik markalı avtomobilin sürəti barədə isə dəqiq bir söz deyə bilməyəcəkdir. Çünki hadisə ani bir zamanda baş vermişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərdi ki, mərhum X9 onun əridir. Elnur Dərnəgül qəsəbəsi ərazisində yerləşən «Taxta Bazarı» kimi adlanan bazarda fəhlə işləyib ailəni dolandırmışdır. 12 iyul 2024-cü il tarixdə saat 19 radələrində əri Elnur onunla telefon vasitəsi ilə əlaqə saxlamış, evə nə kimi ərzaq lazım olduğunu soruşmuş, o Elnura bir neçə ərzaq almasını demişdir. Bir qədər sonra Elnur təkrar zəng edib işdən çıxdığını, ərzaqları aldığını və yaşadıqları evin yaxınlığında yerləşən mağazada qoyduğunu, gedib oradan götürməyi, özü isə iş yoldaşı Sərvanın yaşadığı Abşeron rayonu Məmmədi qəsəbəsindəki evə qonaq gedəcəyini demişdir. Həmin günü saat 20-21 radələrində Elnur təkrar onunla telefon vasitəsi ilə əlaqə saxlamış, uşaqlarla maraqlanmış və ola bilsin ki, evə gəlməyəcəyini, Sərvangildə qalacağını demişdir. 12 iyul 2024-cü ildə artıq gecə saatları olduğundan və Elnurun gəlmədiyini görüb başa düşmüşdür ki, o iş yoldaşı Sərvanın evində qalacaqdır və onu narahat etməməkdən ötrü təkrar ona zəng etməmişdir. 13 iyul 2024-cü il tarixdə isə Elnurun telefonuna zəng etdikdə telefona cavab verən özünü polis əməkdaşı kimi təqdim etmiş şəxs 12 iyul 2024cü il tarixdə saat 22-23 radələrində Sabunçu rayonu Zabrat-Məmmədli yolunda «KÍA RİO» markalı və «Chevrolet» markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı «KİA RİO» markalı avtomobildə sərnişin qismində olmuş əri X5 aldığı xəsarətlərlə tibb müəssisəsinə yerləşdirildiyini demişdir. Bundan sonra o, qohumları ilə birlikdə Elnurun olduğu xəstəxanaya getmiş, onun səhhəti ilə maraqlanmışdır. Məlum olmuşdur ki, Elnur ağır bədən xəsarətləri almış və komaya düşmüşdür. 29 iyul 2024-cü il tarixdə Elnur aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdir. Elnurun meyitini Bərdə rayonu Kələntərli kəndində yerləşən qəbirstanlıqda dəfn etdirmişdirlər. Sonda zərəçəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 12 iyul 2024-cü il tarixdə saat 22 radələrində Kürdəxanı qəsəbəsi Zakir Yusifov küçəsi ev 25 ünvandan yaşadığı ünvana getmək üçün taksi fəaliyyəti ilə məşğul olan «KİA RİO» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxada sağ tərəfdə oturacaqda sərnişin qismində əyləşmişdir. Araşdırma zamanı adını bildiyi Şahid1 avtomobili Zabrat-Məmmədli yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirmişdir. Avtomobildə ondan başqa 5 nəfər sərnişin olmuşdur. Sərnişinlərdən biri qabaq sağ oturacaqda, digərləri onunla arxa oturacaqda, bir nəfər azyaşlı uşaq isə yük hissəsində olmuşdur. Sonradan bilmişdir ki, həmin uşaq sürücü Elçinin uşağıdır. Məmmədli-Zabrat yolu ilə hərəkətdə olarkən sürücü Elçin avtomobili sol zolaqla idarə etmişdir. Sürücü avtomobili yüksək sürətlər idarə etmiş, lakin avtomobilin sürəti barədə dəqiq bir söz deyə bilməyəcəkdir. Hatda özü bir neçə dəfə sürücü Şahid1 xəbərdarlıq etmişdir ki, avtomobili asta sürətlə idarə etsin. Məmmədli qəsəbəsində «Omid» marketin qarşısında əks yol ilə Məmmədli qəsəbəsi istiqamətində olmuş «Chevrolet EPİCA» markalı avtomobilin sürücüsü qəflətən avtomobil ilə onların yoluna çıxmış və ani zamanda hər iki avtomobillər qarşı-qarşıya gəlib toqquşmuşdur. Sonradan huşunu itirmiş və baş verənləri xatırlamır. «Chevrolet EPİCA» markalı avtomobilin sürəti barədə dəqiq bir söz deyə bilməsə də, həmin avtomobilin sürücüsü çox sürətlə avtomobili idarə edib, ani bir zamanda öz yolundan qarşı yola çıxaraq nəticədə qəza baş vermişdir. Sonda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 12 iyul 2024-cü il tarixdə saat 22 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən Pirşağı dairəsindən yaşadığı evə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan «KİA RİO» markalı, 77-DH- 125 dövlət qeydiyyat nişanlı avtomobilə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Araşdırma zamanı adını bildiyi Şahid1 avtomobili Zabrat-Məmmədli yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirirdi. Avtomobildə ondan başqa 4 nəfər sərnişin arxa oturacaqda əyləşmişdirlər, 1 nəfər uşaq isə yük hissəsində olmuşdur. Sonradan bilmişdir ki, həmin uşaq sürücü Elçinin uşağıdır. Məmmədli-Zabrat yolu ilə hərəkətdə olarkən sürücü Elçin avtomobili sol zolaqla idarə etmişdir. Yatdığı üçün avtomobilin sürəti barədə heç bir söz deyə bilməyəcəkdir. Məmmədli qəsəbəsində «Omid» marketin qarşısında əks yol ilə Məmmədli qəsəbəsi istiqamətində olmuş «Chevrolet EPİCA» markalı avtomobilin sürücüsü qəflətən avtomobil ilə onların yoluna çıxmış və ani zamanda hər iki avtomobilər qarşı-qarşıya gəlib toqquşmuşdur. Sonradan huşunu itirmiş və baş verənləri xatırlamır. Sonda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 12 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində işlədiyi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən telefon mağazasından tanışı və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə birlikdə Orxanın idarə etdiyi «Chevrolet EPİCA» markalı avtomobilə əyləşib yaşadıqları Sabunçu rayonu Kürdəxanı qəsəbəsi 810 saylı məcburi köçkünlər massivinə getmək qərarına gəlmişdir. Orxan sükan arxasında, o isə Orxanın sağ tərəfindən qabaq oturacaqda sərnişin qismində əyləşmişdir. Avtomobili Orxan idarə edirdi. Zabrat qəsəbəsi istiqamətindən Məmmədli qəsəbəsi istiqamətində sol zolaqla hərəkətdə olarkən Məmmədli qəsəbəsində fəaliyyət göstərən «Omid» mağazasına çatmamış Orxan onlarla bir istiqamətdə, Məmmədli qəsəbəsi istiqamətində qarşılarında hərəkətdə olan dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobili ötüb keçmək üçün əks yola avtomobili idarə etmiş və ani bir zamanda qarşıdan Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olmuş «KİA RİO» markalı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Sonradan huşunu itirmiş və baş verənləri xatırlamır. Hadisə zamanı ondan başqa avtomobildə sərnişin olmamışdır. Araşdırma zamanı ona məlum olmuşdur ki, həmin «KİA RİO» markalı avtomobildə sürücü və 5 nəfər sərnişin olmuşdur. Sonda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, «KİA RİO» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid4 məxsusdur. 2023-cü ilin noyabr ayında heç bir yerdə işləmədiyi üçün gündəlik icarəyə avtomobil götürüb taksi kimi istifadə edib ailəsini dolandırmaq qərarına gəlmişdir. Rail ilə razılaşmışdır ki, o, özünə məxsus «KİA RİO» markalı avtomobili idarə etmək üçün ona verəcək, o da gündəlik olaraq 20 manat Railə verəcəkdir. 12 noyabr 2023-cü il tarixdə Şahid4 ona «KİA RÍO» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 12 iyul 2024-cü il tarixdə saat 22-23 radələrində idarə etdiyi avtomobil ilə Məmmədli qəsəbəsindən 4 nəfər sərnişin götürüb Məmmədli qəsəbəsi istiqamətindən «Koroğlu» stansiyası istiqamətində idarə etdiyi avtomobil ilə hərəkətdə olmuşdur. Həmin vaxtı yük hissəsində azyaşlı oğlu Azər də olmuşdur. Sərnişinlərdən biri onun sağ tərəfindən qabaq oturacaqda, digərləri arxa oturacaqda əyləşmişdirlər. Avtomobili təxminən saatda 50 km. sürətlə, sol zolaqla idarə edirdi. Məmmədli qəsəbəsində «Omid» marketin qarşısında əks yol ilə Məmmədli qəsəbəsi istiqamətində olmuş «Chevrolet EPİCA» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən avtomobil ilə onun yoluna çıxmış, hadisənin qarşısını almaq üçün sükanı bir qədər sağ istiqamətdə çevirmək istəmiş, lakin həmin avtomobilin onun avtomobilinə çatmasına 5-6 metr qalmışdı, ona görə də artıq bunu bacarmamış və hər iki avtomobilər qarşı-qarşıya gəlib toqquşmuşdurlar. Sonradan huşunu itirmiş və baş verənləri xatırlamır. Araşdırma zamanı ona məlum olmuşdur ki, «Chevrolet EPİCA» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü və sağ qabaq oturacaqda 1 nəfər sərnişin olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, «Chevrolet EPİCA» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili kənardan vuran və ya həmin avtomobilin qarşısına maneə çıxıb-çıxmadığını görməmişdir. Övladı Şahid2 tək yaşadıqları evdə qoymamaqdan ötrü onu hadisə baş verən günü özü ilə götürmüşdür. Sərnişinlər avtomobilə əyləşdikdən sonra oğlu Azər özü yük hissəsinə keçib orada uzanıb telefonla oynayırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Yusif oğlu ifadəsində bildirmişdir ki, 12 iyul 2024-cü il tarixdə saat 22 radələrində Sabunçu rayonu Məhəmmədli qəsəbəsindən yaşadığı Səbail rayonu Bayıl qəsəbəsinə getmək üçün orada yerləşən “Araz” marketin qarşısından taksi fəaliyyəti ilə məşğul olan «KİA RİO» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa oturacaqda ortada sərnişin qismində əyləşmişdir. «KİA RİO» markalı avtomobilin sürücüsü əvvəllər tanımadığı, araşdırma zamanı adını bildiyi Şahid1 avtomobili Zabrat-Məmmədli yolu ilə Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirirdi. Avtomobildə ondan başqa 4 nəfər sərnişin olmuşdur. Sərnişinlərdən biri qabaq sağ oturacaqda, digərləri arxa oturacaqda əyləşmişdirlər. Məmmədli-Zabrat yolu ilə hərəkətdə olarkən sürücü Elçin avtomobili sol zolaqla idarə edirdi. Avtomobilin sürəti barədə məlumatı olmayıb, buna görə də bu barədə heç bir söz deyə bilməyəcəkdir. Məmmədli qəsəbəsində «Omid» marketin qarşısında əks yol ilə Məmmədli qəsəbəsində istiqamətində olmuş «Chevrolet EPÍCA» markalı avtomobilin sürücüsü qəflətən avtomobil ilə onların yoluna çıxmış və ani zamanda hər iki avtomobilər qarşı-qarşıya gəlib toqquşmuşdur. Sonradan huşunu itirmiş və baş verənləri xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, «KİA RÍO» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. 2023-cü ilin noyabr ayında avtomobili gündəlik icarəyə vermək qərarına gəlmiş və beləliklə də Şahid1 adlı şəxslə tanış olub həmin avtomobili gündəlik 20 manat olmaqla ona icarəyə vermişdir. Avtomobili idarə etmək üçün Elçinə notariat kontorunda təsdiq edilmiş etibarnamə vermişdir. 13 iyul 2024-cü iİ tarixdə səhər saatlarında Elçin onunla əlaqə saxlayıb bildirmişdir ki, 12 iyul 2024-cü il tarixdə saat 22-23 radələrində «KİA RÍO» markalı avtomobil ilə Məmmədli qəsəbəsi istiqamətindən «Koroğlu» metrostansiyası istiqamətində təxminən saatda 50 km sürətlə hərəkətdə olarkən qarşıdan, yəni Zabrat qəsəbəsi istiqamətindən Məmmədli qəsəbəsi istiqamətində hərəkətdə olmuş «Chevrolet EPİCA» markalı avtomobilin sürücüsü qəflətən öz hərəkət yolundan onun hərəkət yoluna çıxmış, məsafə az olduğu üçün avtomobili qaçırda bilməmiş və avtomobillər qarşı-qarşıya dəyib toquşmuşdur. Sonradan ona məlum olmuşdur ki, avtomobillərdə olmuş sərnişinlər və hər iki avtomobilin sürücüləri xəsarət almışdırlar. Baş vermiş hadisə zamanı ona məxsus «KİA RÍO» markalı avtomobil deformasiyaya uğramış və onun təmirinə xeyli məbləğdə pul tələb olunur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid5 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 5-9-cu vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Zabrat yoludur. Yolun hərəkət hissəsi – düz, örtüyün növü – asvalt beton, örtüyün vəziyyəti – quru, yol örtüyünün eni – 12 metr, hərəkət zolaqlarının sayı - 4, hərəkət hissəsinin eni – 12 metrdir. Cinayət işinin 21-ci vərəqində olan “Görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cümşüdov Məhəmmədəli Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərini rəhbər tutub protokolu ondan ötrü tərtib etmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirilərkən hadisə yerinin yaxınlığında, yol kənarında fəaliyyət göstərən «Omid» mağazasında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə hadisə anını qeydə almış, 01 ədəd DVD yaddaş daşıyıcısına köçürülməklə protokola əlavə olunmuş videogörüntüyə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı görüntüdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı-Zabrat yolunun əks olunduğu, hərəkət zolaqlarının sayı 4, hər istiqamətdə 2 hərəkət zolağının olduğu, havanın qaranlıq saatlarına təsadüf etdiyi, yolun küçə işıqları ilə işıqlandırıldığı, havanın yağmursuz olduğu müəyyən edilir. Görüntüdə avtomobil yolu ilə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi müşahidə olunur. Müşahidə kamerası vasitəsi ilə «KİA RİO» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sabunçu rayonu Kürdəxanı-Zabrat yolu ilə Zabrat dairəsi istiqamətində sol zolaqla hərəkət edərkən, qarşı istiqamətdə (Məmmədli qəsəbəsi istiqamətində) hərəkətdə olmuş «Chevrolet EPİCA» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin anidən əks yola çıxaraq, «KİA RİO» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğu, zərbədən hər iki avtomobilin yolun torpaqlı boş sahəsinə doğru hərəkət edib dayandıqları görünür. Cinayət işinin 85-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 144-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1868 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin yerini dəyişən açıq, sağ bud, hər iki əng, almacıq və burun sümüklərinin qapalı sınıqları, sol gözün ağlı qişasına qansızma müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 12 iyul 2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Cinayət işinin 186-187-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1869 nömrəli rəydən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs sağ baldır və burun sümüklərinin qapalı sınıqları; alın və burun nahiyəsinin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 12 iyul 2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Cinayət işinin 188-190-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1870 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 baş beyin silkələnməsi, çənə, sol bud sümüklərinin, sağ əlin İ və İV barmaqların yerini dəyişən, qapalı sınıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 12 iyul 2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Cinayət işinin 191-192-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1871 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sol bud sümüyünün yerini dəyişən, qapalı sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 12 iyul 2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Cinayət işinin 205-211-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 169 nömrəli rəydən görünür ki, X1 meyitində baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sağ alın-təpə sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı, sol almacıq sümüyünün yerini dəyişən qapalı sınığı, ikitərəfli hemopnevmotoraks, ağciyərlərin kontuziyası, dalağın əzilibcırılması, diafraqmanın, qaraciyərin, mədəaltı vəzin, mədə arteriyası şaxəsinin və piyliyin əzilmiş-cırılmış yaraları, başın əzilmiş-cırılmış yaraları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəricəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi və yumşaq qişalarına qansızma olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 01:30-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Cinayət işinin 214-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, 8/2626 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Epica” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 221-234-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirilərkən hadisə yerinin yaxınlığında, yol kənarında fəaliyyət göstərən «Omid» mağazasında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış, özündə hadisə anını əks etdirən 01 ədəd DVD-ə köçürülmüş yaddaş daşıyıcısının maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işinin 257-258-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən, üfiqi nişanlanma xəttinin xüsusiyyəti - 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan – yol kənarında fəaliyyət göstərən «Omid» mağazasında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış, özündə hadisə anını əks etdirən 01 ədəd DVD-ə köçürülmüş yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 11 (on bir) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – yol kənarında fəaliyyət göstərən «Omid» mağazasında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış, özündə hadisə anını əks etdirən 01 ədəd DVD-ə köçürülmüş yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 11 (on bir) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar