Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-920/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivində nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb daşımış, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında istintaqla müəyyən edilməyən gündə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi bağ massivində yerləşən nömrəsiz evin həyətində evə bitişik olan damı olmayan iki ədəd yarımtikilinin torpaq səthində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli xeyli miqdarda 10 (on) ədəd çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etməklə yetişdirmiş, həmin bitkilərin yarpaqlarını yığıb toplamaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi - 9,640 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə etmək üçün daşıyaraq yaşadığı həmin ünvanda evin mətbəxindəki qaz sobasının içərisində şüşə qabda saxlamış, 22 iyun 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı onun iştirakı və yazılı icazə ərizəsi ilə yaşadığı ünvana baxış keçirilərkən həyətdəki evə bitişik olan damı olmayan iki ədəd yarımtikilidən ümumi çəkisi 1250,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda 10 (on) ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri habelə, evə baxış zamanı mətbəxdə olan qaz sobasının içərisindəki şüşə qabdan həmin çətənə (kannabis) bitkiləri ilə eyni tərkibdə olan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 9,640 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun təxminən 2-3 ildir onun baş nahiyəsində şiddətli ağrılar olmuşdur. Aptekdən aldığı dərmanlar onun ağrılarını kəsməmişdir. Bundan sonra o, nəşə çəkmək qərarına gəlmişdir. Buna görə də o, Sabunçu qəsəbəsində yerləşən bazarın yanına getmişdir. Həmin vaxt o, orada tanımadığı şəxslə tanış olmuşdur. Söhbət zamanı o, həmin şəxsə baş ağrılarından əziyyət çəkdiyi üçün nəşədən istifadə etmək istədiyini demiş və həmin şəxsdən ona nəşə toxumu tapa bilibbilmədiyini soruşmuşdur. Həmin şəxs ona nəşə toxumu axtarıb tapa biləcəyini demişdir. Onlar səhəri gün həmin yerdə görüşməyi razılaşmışlar. O, səhəri gün yenidən Sabunçu qəsəbəsində yerləşən bazarın yanına getmiş və həmin şəxslə görüşmüşdür. O, həmin şəxsdən sayını dəqiq xatırlamadığı, təxminən 10-15 ədəd nəşə toxumu almışdır. O, toxumu aldıqdan sonra həmin şəxslə heç vaxt görüşməmişdir. Bundan sonra o, həmin toxumları əkmək qərarına gəlmişdir. Təxminən 2023-cü ilin may ayında o, həmin toxumları ailə üzvlərinin görə bilməyəcəyi bir yerdə əkməyə qərar vermişdir. Bundan sonra o, həmin toxumları yaşadığı evin həyətyanı sahəsində olan iki yarımtikililərin içərisində əkmişdir. O, həmin toxumları əkdikdən sonra onlara xüsusi qulluq göstərməyə başlamışdır. Belə ki, onun əkdiyi 10-15 ədəd toxumdan cəmi 10 ədədi yetişmiş və həmin yetişən bitkilərə mütəmadi olaraq su vermiş, diblərini təmizləmiş, həmçinin bitkidən çıxan yarpaqları da kəsib götürmüşdür. O, kəsdiyi yarpaqları yaşadığı evin yataq otağında sərib qurutmuşdur. O, qurutduğu yarpaqları mətbəxdə olan qaz sobasının içərisindəki şüşə qabın içərisində saxlamışdır. O, hər gün qurutduğu çətənə kollarını siqaretə doldurub çəkmişdir. O, həmin narkotik vasitələri satmamış və özü üçün çəkib istifadə etmişdir. 22 iyun 2023-cü il tarixdə, saat 21:00 radələrində o, evdə olduğu vaxt bir neçə mülki geyimli şəxslər həyətə girmişlər. Həmin şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduğunu və həyətə baxış keçirəcəklərini demişlər. O, polis əməkdaşlarına həyətinə baxış keçirmələrinə razılıq vermişdir. Baxış zamanı o və mütəxəssis-aqronom da iştirak etmişdir. Baxış zamanı həyətyanı sahəsində olan iki yarımtikilinin içərisində 10 ədəd şəxsi istifadəsi üçün əkib becərdiyi nəşə kolları aşkar edilib götürülmüşdür. Bundan başqa evinin mətbəxində olan qaz sobasının içərisindəki şüşə qabın içərisində saxladığı “nəşəni”də aşkar etmişlər. Bundan sonra müvafiq protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, doğruluğu onun və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi bağ massivində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkibbecərməsi, yaşadığı evdə narkotik vasitə saxlaması və istifadəsi ilə məşğul olması barədə “Xaş-xaş-2023” adlı tədbirlə bağlı 22 iyun 2023-cü il tarixdə onun işlədiyi 42-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Mehmanın yaşadığı ünvanda axtarış, baxış, üzərində şəxsi axtarış aparılmasına dair təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Polis bölməsinin baş əməliyyat müvəkkili, Şahid1 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyun 2023-cü il tarixdə saat 21 radələrində o, Şahid1 ilə birlikdə Mehmanı Nardaran qəsəbəsi bağ massivinin qarşısında saxlamışlar. Polis bölməsinin təhqiqatçısı İsa Süleymanov onların və aqronom mütəxəssis X1 iştirakı ilə Mehmanın yaşadığı Nardaran qəsəbəsi bağ massivində nömrəsiz ev ünvanında axtarış, baxış və götürmə istintaq hərəkətinə başlamışdır. Mehman həmin istintaq hərəkətinin aparılmasına etirazının olmadığını bildirib onları yaşadığı ünvana dəvət etmişdir. Onlar birlikdə Mehmanın yaşadığı evin həyətinə daxil olmuşlar. Baxış zamanı evin yerləşən damı olmayan birinci natamam tikilinin içərisində torpaq üzərində beş ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Mehman digər tikilidə də həmin bitkilərdən olduğunu demişdir. Onlar həyətdə yerləşən ikinci damı olmayan natamam tikiliyə daxil olmuşlar. Həmin tikilidə də torpaq üzərində beş ədəd bitkinin əkildiyi müəyyən edilmişdir. Mehman həyətində başqa bitkinin olmadığını, lakin, evdə qurudulmuş marixuananın olduğunu bildirmişdir. Aşkar edilmiş on ədəd bitki bir-birindən bir neçə metr məsafədə əkilmiş, dibləri dairəvi formada çala halında qazılmış, suvarılmışdır. Baxışda iştirak etmiş aqronom mütəxəssis bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Mehman bitkiləri istifadə etmək məqsədi ilə təxminən bir aydır əkdiyini bildirmişdir. On ədəd bitki kökündən çıxarılıb bir ədəd qara rəngli sellofan torbada qablaşdırılmış, imzalanmış və möhürlənib götürülmüşdür. Bundan sonra Mehman yaşadığı evin mətbəxində yerləşən qaz sobasının içərisindən bir ədəd şüşə bankada olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Mehman həmin kütlənin qurudulmuş marixuana olduğunu, əkdiyi bitkilərdən topladığını bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə bir ədəd qara rəngli sellofan torbada qablaşdırılmış, möhürlənib, imzalanıb götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən hər hansı bir maddə aşkar edilməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Axtarış, baxış və götürmə aparılması haqqında” 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 21:00 dəqiqədən saat 21:17 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi bağ massivində yerləşən nömrəsiz evin ünvanına onun, polis əməkdaşlarının və aqronommütəxəssisin iştirakı ilə baxış keçirilmişdir. Baxış “Samsung” markalı video kamera vasitəsi ilə video çəkilişlə qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda və həyətyanı sahəsində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində evə bitişik iki ədəd dam hissəsi olmayan yarım tikilidə torpaq sahədə əkib-becərdiyi və qulluq etdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmiş, həmin çətənə bitkisini bir aydır ki, öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində təqdim etdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkiləri bir ədəd kisədə qablaşdırılmış, Azərbaycan Respublikası daxili İşlər Nazirliyinin “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik maddə olduğunu bildirmiş, mətbəx otağında qaz sobasının içərisində şüşə qabın içində olan qurudulmuş ot kütləsini təqdim etmiş, həmin ot kütləsinin “nəşə” adlandırılan narkotik tərkibli bitki olduğunu, istifadəsi üçün saxladığını bildirmiş, mətbəx otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən və evin digər otaqlarından qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya, maddə və dəlil tapılmamışdır (i.v.16-18). 22 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyət evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yaşadığı evin yarımtikili üstüaçıq otaqların ikisində - hər otaqda beş ədəd olmaqla ümumilikdə on ədəd əkini qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərini əkib becərmişdir. Aşkar olunan çətənə bitkiləri qumsal torpaqda yuvarlaqda əkilmiş, suvarılmış, dibləri yumşaldılmış, aqrotexniki və kultivasiya tədbirləri yerinə yetirilmişdir (i.v.19). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 23 iyun 2023-cü il tarixli, 7/921 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada 1 ədəd sellofan torbada təmiz çəkisi - 9,640 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada 1 ədəd sellofan torbada yaş vəziyyətdə, ümumi sayı 10 (on) ədəd, ümumi çəkisi - 1250,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən götürülmüş marixuana ilə həyətyanı sahəsindən götürülmüş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir (i.v.52-56). Məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli, 3991 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.60-61). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd sellofan torbada təmiz çəkisi 9,640 qram miqdarda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd kağız paketdə qablaşdırılmış sellofan torbada 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra 9,620 qram qurudulmuş marixuananın qalıq miqdarı və 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilməsi qərara alınmışdır (i.v.68-69). “Sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, onun yaşadığı evdə axtarış, baxış və götürmə istintaqı hərəkətini özündə əks etdirən DVD diskin maddi sübut kimi saxlanılaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.111-118). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə, saat 21:00-dan tutulmuş hesab edilmişdir (i.v.29). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.88-90). “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyun 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.92-93). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 may 2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 29,120.2.2, 120.2.3, 29,120.2.10, 120.2.3, 120.2.10-cu maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 iyul 2006-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 15 il müddətə azadlıqdan məhhrum etmə cəzasına endirilmiş, 15 oktyabr 2020ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.109-110). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etdiyini və peşman olduğunu, yaşlı olduğunu (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, məhkəmə iclas zalından həbsə alınmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan qurudulmuş marixuana və narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 9,620 qram narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd ümumi çəkisi 1249,5 qram narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq zamanı sərf etdiyi 25 iş saatı, məhkəmə istintaqı zamanı sərf etdiyi 18 iş saatı, cəmi 43 iş saatına görə 258 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-920/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-920/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver