Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-927/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, “Makarov” konstruksiyalı odlu silahı və döyüş sursatı hesab edilən 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançanın komplekt hissəsi olan 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı, 04 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1960-cı ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları əldə edib gəzdirib daşıyaraq saxlamaqla ünvan 2 ünvanında yerləşən yaşadığı evdə gizlətmiş, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu RPİ 13-cü PŞ-nin əməkdaşları tərəfindən 06 avqust 2023-cü il tarixdə, saat 00:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 3 ünvanında küçədə Sabunçu RPİ-nin 13-cü PŞnin əməkdaşları tərəfindən saxlanılıb Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman əynində göy rəngli cins şalvarın bel nahiyəsində gəzdirdiyi yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, “Makarov” konstruksiyalı odlu silahı və döyüş sursatı hesab edilən 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançanın komplekt hissəsi olan 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı, 04 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1960-cı ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, barəsində “həbs” qətimkan tədbiri seçilməmişdən təxminən 4-5 ay əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən gölün ətrafında piyada gəzərkən yerdən 01 ədəd tapança tapmış, həmin tapançanı yoxladıqda içərisində 01 ədəd daraq, darağın içərisində isə 04 ədəd patron olduğunu görmüşdür. O, həmin tapançanı, patronları və darağı ilə birlikdə götürərək əynindəki şalvarın arxa tərəfində kəmərə bərkitmiş və üzərində gəzdirərək yaşadığı evə gətirmişdir. Həmin tapançanı, darağını və patronlarını yaşadığı evdə bir müddət saxlamış, daha sonra polis əməkdaşları tərəfindən tutulma ehtimalını nəzərə alaraq tapdığı yerə tullamaq qərarına gəlmişdir. Bu məqsədlə, 06 avqust 2023-cü il tarixdə, saat 00:10 tapançanı, darağı və patronları ilə birlikdə əynində olan göy rəngli cins şalvarın arxa tərəfində kəmərin altında gizlətmiş, saat 00:30 radələrində ünvan 3 ilə piyada gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları olduqlarını bildirərək adını və soyadını soruşmuş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ona birlikdə bölməyə getməyi təklif etmişlər. O, polis əməkdaşlarından Sabunçu RPİ-nin 13-cü PŞ-yə getmə səbəbini soruşduğu zaman polis əməkdaşları qanunsuz olaraq oldu silah əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişdir. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü PŞ-yə gəlmişdir. Şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Polis Şöbəsində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşyaların üstündə olub-olmaması, olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın arxa tərəfindən kəmərin altına keçirərək gəzdirdiyi tapançanı təqdim etmişdir. Həmin tapançaya baxış keçirilmiş və baxış zamanı tapançanın içərisindən 01 ədəd daraq, darağın içərisindən isə 04 ədəd patron olduğu müəyyən edilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sabunçu RPİ-nin 13-cü PŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 06 avqust 2023-cü il tarixdə, saat 00:30 radələrində ünvan 3ndə zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin piyada getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək onu Sabunçu RPİ-nin 13-cü PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü PŞ-yə getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis şöbəsində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, sonuncu əynindəki şalvarın arxa tərəfindən kəmərə bərkidilmiş bir ədəd tapançanı təqdim etmişdir. Tapançanın içərisinə baxış keçirildiyi zaman içərisində darağının və darağının üzərində dörd ədəd patronun olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs silahı haradan, kimdən və hansı məqsədlə əldə etdiyi soruşulmuş, Təqsirləndirilən şəxs silahı təqribən 4-5 ay əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən gölün yanından tapdığını, onu götürərək yaşadığı evə apardığını, sonradan isə polis əməkdaşları tərəfindən tutulacağından ehtiyat edərək həmin silahı yenidən gölün yanına tullamağı planlaşdırdığını, bu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd tapança, 04 ədəd patronları və 01 ədəd darağ qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13cü polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 11-ci vərəqəsində olan 06 avqust 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 31-32-ci vərəqəsində olan 06 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın arxa tərəfindən kəmərə bərkidilmiş içərisində 01 ədəd darağı və 04 ədəd patronu olan 01 ədəd nömrəsi silinmiş tapança aşkar edilərək götürülmüşdür. Cinayət işinin 38-42-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 07 avqust 2023-cü il tarixli, 23/646 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N°si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm Kalibrli, Makarov Konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1960-cı ildə istehsal olunmuş, 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Cinayət işinin 72-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-629/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 06 avqust 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-87-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-268/2021 saylı, 20 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-10016/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 9vmm kalibrli nömrəsi silinmiş PM modelli Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 98-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1261 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, Makarov konstruksiyalı tapançanın hissələrinin üzərindəki zavod nömrələri sonradan kustar üsulla kənar predmet vasitəsilə silinmişdir və nömrənin ilkin formasını müəyyən etmək mümkün deyil. Cinayət işinin 100-cü vərəqəsində olan 29 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 01 ədəd nömrəsi silinmiş Makarov konstruksiyalı tapanca, 01 ədəd daraq, silah və patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 02 ədəd patron istifadə edildiyindən qalan 02 ədəd patron məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 102-106-cı vərəqəsində olan 30 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 80-81-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən təyin edilmiş cəza müddəti 06 (altı) ay azaldılmış, 16 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-268/2021 saylı, 20 may 2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 avqust 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd nömrəsi silinmiş 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapança, 01 ədəd daraq, silah və patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 02 ədəd patron istifadə edildiyindən qalan 02 ədəd 9x18 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş, 01 ədəd nömrəsi silinmiş 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapança, 01 ədəd daraq, silah və patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 02 ədəd patron istifadə edildiyindən qalan 02 ədəd 9x18 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-927/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-927/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver