Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-93/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsində yerləşən “Hibrid” avtoservisdə müştəri qismində olarkən, həmin avtoservisdə usta işləyən Zərərçəkmiş şəxs məxsus avtoservisdə açıq yerdə saxlanılan “Toyota” markalı, “Prius” modelli avtomobilə aid 1100 manat dəyərində 1 dəst, yəni 28 ədəd batareyaları və 700 manat dəyərində 1 ədəd ABS sistemini Zərərçəkmiş şəxs digər servisə getməsindən istifadə edib götürərək öz avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 1800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2023-cü ilin payızından Sabunçu rayonu, B.Bünyadov küçəsində yerləşən “Hibrid” avtoservisdə işləyən elektrik ustası kimi tanıyır, bir neçə dəfə ona avtomobilini təmir etdirmişdir. 2018-ci ildən “Toyota” markalı, “Prius” modelli avtomobillərdə taksi kimi fəaliyyət göstərdiyindən həmin modelli avtomobillərin əksər ustalarını, həmçinin Rəşadla birgə Sabunçu rayonu, B.Bünyadov küçəsində yerləşən “Hibrid” avtoservisdə işləyən ABS təmiri ustası Sahil ustanı da tanıyır. 2023-cü ilin sonlarında idarə etdiyi 2007-ci ilin buraxılışı olan, 20 kuzalı, qara rəngli, “Toyota” markalı, “Prius” modelli, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ABS sistemini Sahil usta təmir etmiş, ona 750 manat pul vermişdir. Lakin ABS sistemi yaxşı işləmədiyindən 5-6 dəfə avtomobili Sahil ustanın yanına aparsa da, ABS sistemini saz vəziyyətə gətirmək mümkün olmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə avtomobilinin ABS sistemi yenidən işləmədiyindən saat 11 radələrində Sahil ustanın işlədiyi Sabunçu rayonu, B.Bünyadov küçəsində yerləşən “Hibrid” avtoservisə gələrək avtomobilini küçədə saxlamış, sexə girərək Rəşadla salamlaşmışdır. Həmin vaxt Rəşad sexində olan qırmızı rəngli “Toyota” markalı, “Prius” modelli avtomobili təmir etmişdir. O, Rəşad ustadan Sahil ustanı soruşmuş, Rəşad Sahil ustanın həmin servisdən işdən çıxdığını bildirmişdir. O, Rəşad usta ilə söhbət edərkən görmüşdür ki, Rəşadın yanında işlənməmiş, yəni təzə “Toyota” markalı, “Prius” modelli avtomobilə aid 1 dəst, yəni 28 ədəd batareya və 1 ədəd ABS sistemi var. Bu anda Rəşad usta yoldaşlarına demişdir ki, sexdə olan qaldırıcı işləmir, avtomobili itələyərək qaldırıcısı işləyən digər sexdə təmirini davam etdirmək istəyir. O, bu fürsətdən istifadə edərək həmin ehtiyyat hissələrini oğurlamaq qərarına gəlmişdir. Bu anda Rəşada köməyə gələn 2 nəfər şəxslə birgə Rəşad qırmızı rəngli “Toyota” markalı, “Prius” modelli avtomobili itələyərək sexdən çıxarıb digər sexə aparmışlar. O da sexdə heç kim olmadığından dərhal “Toyota” markalı, “Prius” modelli avtomobilinə tərəf iti yerişlə gedib avtomobilini dala-qabağa sürərək yük yerini servisin qapısının qarşısına sürmüşdür. Özü isə avtomobildən düşərək avtomobilinin yük yerini açmış, dərhal Rəşadın sexində olan 1 dəst, yəni 28 ədəd batareyanı və 1 ədəd ABS sistemini götürərək avtomobilinin yük yerinə qoymuş və sükan arxasına oturaraq servisdən uzaqlaşmışdır. O, oğurluq edərkən onu görən, yəni ona əhəmiyyət verən olmamışdır. O, həmin ehtiyyat hissələrini sosial şəbəkə üzərindən, “Tap.az” proqramına yerləşdirmiş, batareyanı 800 manata, ABS sistemini isə 350 manata, cəmi 1150 manata tanımadığı şəxslərə satmış, həmin pulu şəxsi işlərinə xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında ünvan 3ndə yerləşən “Hibrid” adlanan avtomobil təmiri servisində icarəyə 3 ədəd yan-yana olan boks, yəni avtomobil təmiri hissələri götürərək elektrik kimi fəaliyyətə başlamışdır. “Hibrid” servisdə 10 ədəd boks, yəni avtomobil təmiri hissələri var, bütün hissələrin qapıları şüşədən olmaqla bitişikdirlər, arakəsmələri yoxdur, qapıları Sabunçu rayonu, B.Bünyadov küçəsinə açılır. Maliki “Hibrid” avtoservisdə işlədikdən sonra tanımış, belə ki, 2023-cü ilin avqust ayından hadisə baş verən günədək, yəni xx.xx.2024-cü il tarixədək Malik 2-3 dəfə dövlət qeydiyyat nişanlarını xatırlamadığı “Toyota” markalı, “Prius” modelli avtomobillərdə elektrik işlərini gördürməsi üçün onun yanına gəlmişdir. xx.xx.2024cü il tarixdə saat 11 radələrində Sabunçu rayonu, B.Bünyadov küçəsində yerləşən “Hibrid” avtoservisdə işdə olarkən müştərisinin qırmızı rəngli “Toyota” markalı, “Prius” modelli avtomobilinin üzərindən istismar müddəti bitmiş ABS əyləc sistemini və enerji batareyalarını çıxararaq dəyişmişdir. O, həmin avtomobilin üzərindən istismar müddəti bitmiş 20 kuzaya aid ABS əyləc sistemini və 20 kuzaya aid batareyasını üzərindən sökmüş, özünün aldığı, özünə məxsus “Toyota” markalı, “Prius” modelli avtomobilə aid 1100 manat dəyərində 1 dəst, yəni 28 ədəd batareyanı və 700 manat dəyərində 1 ədəd ABS əyləc sistemini avtomobilin üzərinə quraşdırmaq istəyərkən sexin qaldırıcısı işləməmişdir. Bu anda Malik onun işlədiyi boksa gələrək onunla salamlaşmış, hal-əhval tutaraq ABS təmiri ustası olan Sahil ustanı soruşmuşdur. O, xx.xx.2024-cü il tarixdən Sahil ustanın servisdən işdən çıxdığını, servisdə işləmədiyini bildirmişdir. Onun fikri müştərisinin qırmızı rəngli “Prius” modelli avtomobilinə qarışdığından Malikə əhəmiyyət verməyərək işi ilə məşğul olmuşdur. Həmin vaxt onun xahişinə əsasən kənarda olan müştəri və ustaların köməkliyi ilə müştərisinin qırmızı rəngli “Toyota” markalı, “Prius” modelli avtomobilini itələyərək boksdan küçəyə çıxarmaqla digər boksa salmışlar. “Toyota” markalı, “Prius” modelli avtomobilə aid özünə məxsus 1 100 manat dəyərində 1 dəst, yəni 28 ədəd batareya və 700 manat dəyərində 1 ədəd ABS əyləc sistemi digər boksda masanın üzərində qalmışdır. O, qırmızı rəngli “Toyota" markalı, “Prius” modelli avtomobili yan-yana olan özünə aid digər boksa salıb ehtiyyat hissələri olan boksa qayıdarkən görmüşdür ki, “Toyota” markalı, “Prius” modelli avtomobilə aid 1 100 manat dəyərində 1 dəst, yəni 28 ədəd batareya və 700 manat dəyərində 1 ədəd ABS əyləc sistemi yerində yoxdur. İlkin olaraq həmin ehtiyyat hissələrin oğurlanması ağlına gəlməmiş, odur ki, ehtiyyat hissələri barədə digər ustalardan soruşmuş və müəyyən etmişdir ki, əşyaları oğurlanmışdır. O, servisin yaxınlığındakı obyektdə quraşdırılmış videomüşahidə kameralarına baxarkən müəyyən etmişdir ki, Malik idarə etdiyi qara rəngli “Toyota” markalı, “Prius” modelli avtomobildə gələrək avtomobilini servisin qarşısında saxlamış və servisə girərək onunla görüşmüşdür. Həmin anda bir neçə şəxslə boksda olan müştərisinin qırmızı rəngli “Toyota” markalı, “Prius” modelli avtomobilini itələyərək bir boksdan çıxarıb digər boksa salarkən Malik ehtiyyat hissələri olan boksun boş olduğunu görüb 1 ədəd ABS əyləc sistemini və ABS əyləc sisteminin üzərinə qoyduğu enerji batareyasını servisin qarşısında saxladığı qara rəngli “Toyota” markalı, “Prius” modelli avtomobilinə tərəf gətirmiş və avtomobilinin yük yerini açaraq ABS və batareyanı yük yerinə qoymuş, daha sonra Malik sükan arxasına oturaraq servisin qarşısından uzaqlaşmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “Hibrid” adlanan avtomobil təmiri servisinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(i.v.03-05); Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi, iş üçün əhəmiyyət kəsb edən, içərisində sonuncunun əmlakının oğurlanmasının görüntüsü olan 1 ədəd DVD disk qəbul edilmişdir (i.v.27); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qara rəngli “Toyota” markalı, “Prius” modelli avtomobil Sabunçu rayonu, B.Bünyadov küçəsində yerləşən “Hibrid” avtoservisin qarşısında, avtomobillərin hərəkəti istiqamətində dayanır, avtomobilin sükanı arxasından bir nəfər kişi cinsindən olan şəxs düşərək servisə daxil olur. Bir müddət sonra avtoservisdən qırmızı rəngli “Toyota” markalı, “Prius” modelli avtomobili 3 nəfər şəxs itələyərək küçəyə çıxarmaqla avtomobili itələməkdə davam edərək digər sexə salırlar. Həmin anda küçədə dayanan qara rəngli “Toyota” markalı, “Prius” modelli avtomobilin sükan arxasına oturan sürücüsü avtomobilini geriyə sürərək çəpəki vəziyyətdə yük yerini servisin qapısına tərəf saxlayır, avtomobildən düşərək servisə daxil olur. Qısa müddətdə qara rəngli “Toyota” markalı, “Prius” modelli avtomobilin sürücüsü əlində olan yüklə təkcə avtomobilinə yaxınlaşır, yük yerini açaraq əlindəki yükü yük yerinə qoyub yük yerini bağlayır və iti yerişlə sükan arxasına minərək avtomobilini sürüb görüntüdən itir. DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırıldı (i.v.28); Şəxsin fotoşəkillə tanınmasının aparılması haqqında 30 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkillə tanınması üçün Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu 4 fotoşəkil sırasından Təqsirləndirilən şəxs tanımışdır (i.v.34-35); Təqsirləndirilən şəxsin axtarışın elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.38); axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu ərazisində saxlanılaraq İŞ-nə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir (i.v.42); cinayəti törətməkdə təqsirləndirilən şəxsin tutulması haqqında 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində tutulmuşdur (i.v.52); Qətimkan tədbirinin seçilməsi haqqında 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.63-64); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli “Toyota” markalı, "Prius” modelli avtomobili Sabunçu rayonu, B.Bünyadov küçəsində yerləşən “Hibrid” avtoservisin qarşısında, avtomobillərin hərəkəti istiqamətində saxlayır, avtomobilin sükanı arxasından düşərək avtoservisə daxil olur. Bir müddət sonra avtoservisdən qırmızı rəngli “Toyota” markalı, “Prius” modelli avtomobili 3 nəfər şəxs itələyərək küçəyə çıxarmaqla avtomobili itələməkdə davam edərək digər sexə salırlar. Həmin anda küçədə dayanan qara rəngli “Toyota” markalı, “Prius” modelli avtomobilin sükan arxasına oturan Təqsirləndirilən şəxs avtomobili geriyə sürərək çəpəki vəziyyətdə yük yerini avtoservisin qapısına tərəf saxlayır, avtomobildən düşərək servisə daxil olur. Qısa müddətdə Təqsirləndirilən şəxs əlində olan yüklə, təkcə, qara rəngli ‘Toyota” markalı, “Prius” modelli avtomobilinə yaxınlaşır, yük yerini açaraq əlindəki yükü yük yerinə qoyub yük yerini bağlayır və iti yerişlə sükan arxasına minərək avtomobilini sürüb görüntüdən itir (i.v.66-67); Maddi sübut kimi tanıma haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs əmlakının oğurlanmasını özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.75- 76); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (i.v.77); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması(CM-59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməklə onunla barışması(CM-59.1.12- 59.1.13) cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-93/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-93/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver