Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-94/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ənvərli Səbinə Şair qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981 - ci ildə Gədəbəy rayonu Gər-Gər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəhləliklə məşğul olan, Gədəbəy rayonu, Gərgər ərazi dairəsi, Gərgər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yaşamış və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2022ci il tarixdə, günorta saatlarında təmir tikinti işləri apardığı və həmin işi ilə bağlı müvəqqəti yaşadığı Zərərçəkmiş şəxs Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Seyid Şuşinski küçəsində nömrəsiz ünvanda yerləşən fərdi evinin saxlanc yeri hesab edilən zirzəmisindəki otağının qapısını sındırıb içəriyə qanunsuz daxil olaraq orada saxlanılan Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində 01 ədəd “Bosch" markalı dəmirkəsən aləti (laqonda), 400 manat dəyərində 01 ədəd “Bosch” markalı perferatoru, 200 manat dəyərində 01 ədəd “Zero” markalı odunkəsən aparatı (drujba), hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 500 manat 05 ədəd su mühərrikinin hidrofonlarını, 100 manat dəyərində 01 ədəd “Mars” markalı su mühərrikini, ümumilikdə 200 manat dəyərində 80 metr uzunluğunda 16 mm diametrli dəmir armaturları və 100 manat dəyərində yataq örtüklərini gizli talamaqla əmlak sahibi Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bununla da təqsirləndirilən şəxs AR CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək göstərmişdir ki, o oğurluğu bağlı yerdən yox açıq yerdən etmişdir, buna görə də onun əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə uyğun olmuşdur. Belə ki, o öz ifadəsində göstərmişdir ki, 2022-ci ildə Fəhlə Bazarı deyilən yerə iş tapmaq üçün getmiş, Əfəndi kişinin evində tikinti işləri aparmaq üçün onun oğlu Faiqlə razılığa gəlmişdir. İşlərin görülməsi üçün özü ilə bərabər iki fəhlə də gətirmişdir. Fəhlələrlə günü 30 manat ödənilmək şərtilə günəmuzd ödəniş üçün razılığa gəlmiş, onlar da 2 gün işlədikdən sonra pullarının ödənilməsini tələb etmişlər. Buna görə o, Əfəndi kişinin oğluna və özünə dəfələrlə zəng edərək fəhlələrin pulunun ödənilməsini tələb etmiş, ancaq fəhlələlərin pulu ödənilmədiyindən o, məcbur qalıb həmin əşyaları götürüb sataraq fəhlələrin pulunu ödəmək qərarına gəlmişdir. Bunun üçün Zabrat dairəsinə getmiş, adı Elçin olan qırmızı rəngli LADA(VAZ)07 markalı maşın sürən şəxsə Gəncə təndirinin yanında işlədiyi evdə instrumentlərinin olduğunu, onu gətirib satıb fəhlələrin borcunu verməli olduğunu demişdir. Bundan sonra o həmin yarımtikilədən laqonda, drujba, 1 ədəd su nasosu və 4 ədəd paslanmış vəziyyətdə olan su hidraforunu və armatur kəsiklərini taksi sürücüsünün maşınına yığaraq aparmış Sabunçu BİT Bazarı yaxınlığında laqonda ilə drujba aparatının ikisini birlikdə 110 manata sataraq, ümumi götürdükdə isə yarımtikilidən götürdüklərini sataraq 180 manat gəlir əldə edərək, 120 manatını fəhlələrə, 17 manatını taksi sürücüsünə vermiş, 43 manatı isə özündə saxlamışdır. Əfəndi kişinin şikayəti əsasında onu Zabrat dairəsində saxlayıb Sabunçu rayon 12-ci polis bölməsinə gətirmişlər. Bundan sonra Əfəndi kişinin evinə getmiş və hadisə yerində onun şəkillərini çəkmişlər. Hadisə yerinə birinci baxış zamanı orada heç bir qapı olmamış, 1 il sonra 2-ci dəfə gedəndə orda qapı olmuşdur. O həmin evdə işlədiyi müddətdə Əfəndi kişi ona orda qalmağa icazə vermiş, onda da darvazanın açarı olmuşdur. Perferatoru və yataq örtüklərini götürmədiyini, götürdüyü əşyaların dəyərinin isə dəfələrlə az, 1800 manat olmadığını bildirmişdir. Hətta müstəntiq tərəfindən ona 1000 manat zərərçəkənə ödəniş edərək barışın dediyinə görə istintaq müddətində 1000 manat da ödəniş etmişdir. Təqsirləndirilən şəxs Kənan oğlu məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq prefarator və yataq ortüklərini oğurlamadığını, digər sadalanan bütün əşyaları oğurladığını, oğurladığı əşyaları evin açıq yerindən götürdüyünü, evin ikinci mərtəbəsində qapının olmadığını, qapının yalnız zirzəmidə olduğunu, zirzəminin açarının da onda olmasına baxmayaraq ordakı əşyalar ona lazım olmadığından oranı heç vaxt açmadığını, bu sadalanan əşyaları gündəlik işlətdikləri və Əfəndi kişi hər zaman orada olmadığına görə özlərinin lazım olduqca açıq otaqdan götürüb işlədərək, daha sonra yerinə qoyduqlarını bildirmiş, Əfəndi kişinin öz evini tikdikləri üçün həmin əşyalardan sərbəst istifadəyə və gecə yarımtikilidə qalmaqları üçün onlara icazə verdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadənin ziddiyətli olmasının səbəbi kimi müstəntiqin ona boş kağız imzalatması, ifadəsinin onun adından müstəntiq tərəfindən yazıldığını, dindirmə zamanı vəkilinin iştirak etmədiyini, vəkilin hansı sənədlərə imza çəkməsindən xəbəri olmadığını bildirmiş, buna görə də məhkəmə iclasında verdiyi ifadəsinin qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, zərərçəkmişin evindən oğurluq etmək niyyətində olmamış, kiçik alətləri götürməkdə məqsədi onları satıb fəhlələrin pulunu ödəmək olmuşdur. Əşyaların qiyməti ittiham aktında çox şişirdilmişdir, ödədiyi 1000 manat götürdüyü əşyaların dəyərindən 2 dəfə çoxdur. Buna baxmayaraq, imkanı olsaydı qalan 1000 manatı da ödəyərdi, amma imkanı yoxdur. Əməli düzgün tövsif olunmamışdır, çünki o əşyaları saxlanc yerindən yox, açıq yerdən götürmüşdür. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu və xəstəliyini nəzərə alaraq evə buraxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009-cu ildən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Seyid Şuşinski küçəsində nömrəsiz ünvandan 3 sot torpaq sahəsi almışdır. Ötən müddət ərzində əlində artıq pulu olduqca həmin torpaq sahəsində hissə-hissə olmaqla özünə kürsülü, yəni altında zirzəmisi və qarajı olmaqla 2 mərtəbəli fərdi yaşayış evi inşa etdirməyə başlamışdır. 2022-ci ilin iyul ayının sonlarında əlində bir qədər pulu olduğundan həmin fərdi evinin həyətinin hasarını hördürmək qərarına gəlmişdir. Sənanla razılaşmışlar və həmin gün Təqsirləndirilən şəxsla birlikdə evinə getmiş, Sənan özü ilə ona kömək etməsi üçün “Fəhlə Bazarından sonradan adını bildiyi Şahid1 da fəhlə kimi götürmüşdür. Sənanın işi tez görməsi məqsədi ilə yolda vaxt itirməməsi üçün gecəni evində qalmalarını xahiş etmiş, o, Sənanın Vüqarla birgə gecəni evində qalmalarına etiraz etməmiş, həmçinin həyətin yenicə qoyulan darvazasının açarının 1 ədədini Sənana vermişdir. Tikintidə istifadə olunan alətləri bir otağa yığıb qapısını bağlamış və həmin otağın açarı yalnız özündə olmuşdur, Sənanda olan isə darvazanın açarı olmuşdur. 2022-ci ilin avqust ayının sonlarında maddi imkanı ilə bağlı tikinti materialları almağa pulu olmamış və bu səbəbdən tikinti işlərini davam etdirə bilməmişdir. Sonuncu dəfə isə Sənan ona sement almasını demiş və evdə iş görəcəyini bildirmişdir. Növbəti dəfə evinə baş çəkərkən görmüşdür ki, alətləri və ittiham aktında olmayan geyimləri oğurlanmışdır. Baxış keçirərkən müəyyən etmişdir ki, otaqdan özünə məxsus təxminən 700 manat dəyərində 01 ədəd “Bosch” markalı dəmirkəsən aləti (laqondası), 170 manat dəyərində 01 ədəd “Bosch” markalı perferatoru, 140 manat dəyərində 01 ədəd “Zero” markalı odunkəsən drujba adlanan (taxtakəsən) aparatı, hər birinin dəyəri 80 manat, olan 05 ədəd su mühərrikinin hidrofonları, 60 manat dəyərində 01 ədəd “Mars” markalı su mühərriki, ümumilikdə 100 manat dəyərində 80 metr uzunluğunda 16 millimetr diametrli dəmir armaturları və 100 manat dəyərində yataq örtükləri Sənan tərəfindən oğurlanmışdır. Zərəçəkmiş şəxsə qeyd etdiyi qiymətlərlə dəymiş ziyan məbləğinin ittiham aktında göstərilən ziyan məbləğindən az olduğu deyildikdə, ittiham aktındakı qiymətlərin düzgün olduğunu bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sənana açar verdiyinə görə evdə sərbəst qala bilirdi. Otağın qapısı isə 2009-cu ildən orada olmuşdur. Əşyaları saxladığı otağın qapısının açarı ancaq özündə olmuşdur. Əgər “Sənan və fəhlələr həmin əşyaları gündəlik işlədirdilərsə və siz onların yanlarında olmurdunuzsa otağın da qapısı bağlı olurdusa əşyaları onlara kim verirdi?” sualına “Mən onlara hər gün gedib alət verə bilməzdim ki, özləri götürüb işlədirdilər” cavabını vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində, hadisənin üzərindən uzun müddət keçdiyindən və Təqsirləndirilən şəxs kimi bir çox vətəndaş metal qəbuluna gəldiyindən Sənanın ona hansı əşyaları gətirdiyini və həmin əşyaların qarşılığında ödədiyi pul məbləğinin miqdarını xatırlamadığını və ibtidai istintaq zamanı hadisəni olduğu kimi ifadəsində qeyd etdiyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Buna görə də, onun istintaqda verdiyi aşağıdakı məzmunda ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat dairəsinin yaxınlığında yerləşən əlvan metal qəbulu və satışı məntəqəsində işləyir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında tanımadığı, yalnız istintaq prosessində adını bildiyi Təqsirləndirilən şəxs “VAZ” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşınla işlədiyi məntəqəyə 04 ədəd markalarını xatırlamadığı işlək vəziyyətdə olmayan su hidrofonu, 01 ədəd “Mars” markalı su mühərriki və təxminən 30-35 ədəd 40-50 sm uzunluqlarında 16 millimetr diametrli dəmir armatur kəsiklərini gətirmişdir. Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olduğunu və işlək vəziyyətdə olmaqdıqlarına görə satmaq istədiyini bildirmişdir. “VAZ” markalı avtomobilin sürücüsü söhbətlərinə və qiymətlə bağlı razılaşmalarına müdaxilə etməmişdir. O, həmin əşyaları ümumilikdə 70 manata qiymətləndirərək Sənandan almışdır. Sənan ondan aldığı 70 manatı cibinə qoyaraq gəldiyi “VAZ” markalı avtomobilə minib oradan uzaqlaşmışdır. Sənandan aldığı su hidrofonunu, 01 ədəd "Mars” markalı su mühərrikini və təxminən 30-35 ədəd 40-50 sm uzunluqlarında 16 mm diametrli dəmir armatur kəsiklərini həmin ərəfədə əlvan və metal qəbul edən müəssisələrə satmışdır. ”VAZ” markalı avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır, avtomobilin sürücüsünü ümumiyyətlə tanımır, sürücü onunla Təqsirləndirilən şəxs söhbətinə və qiymət razılaşmasına müdaxilə etməmişdir, Sənan ondan aldığı pulu cibinə qoyaraq avtomobilinə əyləşib getmişdir. Təqsirləndirilən şəxs ondan aldığı məbləğdən sürücüyə verməsini görməmişdir. Həmin sürücünü heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sənanla Əfəndi kişinin evində birlikdə işləmiş və orada qalmışlar. Əfəndi kişi onlara evində qalmaqlarına icazə vermis və şərait yaratmışdır. Tikinti işləri Əfəndi kişinin öz evində aparıldığına görə alətlər lazım olduqda istənilən vaxt Əfəndi kişinin əlavə razılığını almadan sərbəst şəkildə həmin alətlərdən istifadə edərək yenidən yerinə qoyurdular. O evdən ayrıldığı zaman qeyd edilən əşyalar evdə olmuş, Sənanın hər hansısa bir əşyanı götürdüyünü görməmişdir. O orda olduğu müddətdə evdə otaqlarda heç bir qapı olmamışdır. Cinayət işi materialında şəkli olan qapı ona göstərildikdə, bildirmişdir ki, onun yarımtikilidə işlədiyi müddətdə belə qapı olmamış, qapı o getdikdən sonra qoyulmuşdur. Həmçinin həmin qapının evin girişindən soldakı otağın qapısı olmasını, əşyaların isə evin girişindən sağdakı otaqda olduğunu, ordan götürüldüyünü bildirmişdir. Şahid1 oğurluqdan təxminən 4 gün əvvələdək, yəni o evdən gedənədək o qapının olmamasını bildirməsi ilə zərərçəkmişin həmin qapının həmişə, yəni 2009cu ildən orda olması ilə bağlı dediklərindəki uyğunsuzluğun səbəbi soruşulduqda zərəçəkən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmişə orda olan zirzəminin qapısı olmuşdur. Oğurluq isə zirzəmidən yox, otaqdan olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən yarımtikili fərdi evdir. Baxış zamanı hər hansı bir izin götürülməsinin mümkün olmaması, iş üçün əhəmiyyət kəsb edən fotoşəkillərin çəkilərək işə əlavə edildiyi müəyyən edilmişdir. (i.v. 4-7). “Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X1 olaraq 1000 (min) manatı iş üzrə Zərərçəkmiş şəxs ödəmişdir.(i.v 133) Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş 13 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası tərəfindən ziyandan ödəniş edilmiş 1000 manat pul məbləğini qəbul etmişdir və Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir.(i.v 134) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə, saat 14:00-da tutulmuşdur. (i.v 45) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması barədə” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (i.v 62-64) “İfadənin yerində yoxlanılması haqqında” 28 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq zamanı hərəkətlərinin mexanizmini, oğurluq etdiyi yeri və həmin əşyaları satdığı yeri əyani olaraq göstərmişdir. (i.v. 79-83). “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (i.v 100) “Təqdirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v 101-102) Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-737/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 1 ay 20 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v 129-132) DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Gədəbəy rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmiş və cəza şərti sınaq müddəti ilə əvəz edilmişdir. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzası dəyişdirilərək 5 il azadlıqdan məhrum etmə cəzası üzərində saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci İl tarixli qərarı ilə qalan 7 ay 25 gün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 5 ay, 29 gün azadlıqdan məhrum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə hökm ləğv edilərək həmin Məcəllənin CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. (i.v 146-148) “Sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxsin oğurladığı əşyaları almış metal qəbulu məntəqəsinin işçisi Şahid2 həmin əşyaların oğurluq olmasını bilmədiyindən barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Cinayət işində olan “Abşeron rayonu, Məhəmmədli qəsəbəsi” yazılarının “Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Seyid Şuşinski küçəsi” kimi oxunması qərara alınmışdır. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il və xx.xx.2013-cü il təvəllüdlü Əsgərov Rəvan və Əsgəova Fidan adlı yetkinlik yaşına çatmayan 2 uşağı vardır. Məhkəmə ilkin olaraq verilmiş ititham üzrə tövsifedici əlamət olan və cinayət qanunvericiliyinin 177.2.3-cü maddəsində təsbit olunan normaya münasibətdə qeyd edir ki, oğurluq etmiş şəxsin əməlində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma halları araşdırılarkən aşağıdakı xüsusatlar müəyyən edilməlidir:
1. daxil olmanın qanunsuz olması,
2. təqsirli şəxsin hansı məqsədlə yaşayış sahəsində və s. olması,
3. onda özgə əmlakının ələ keçirilməsi niyyətinin hansı anda yaranması. Məhkəmə ilkin olaraq qeyd edir ki, daxil olma qanunsuz olduğu, yaşayış sahəsinə, binaya və s. saxlanc yerlərinə daxil olmanın qanunvericiliklə müəyyən edilmiş qaydalarını pozmaqla, habelə belə yerlərin mülkiyyətçisinin və ya sahibinin iradəsindən kənar və ya onun iradəsi ziddinə olduğu zaman qeyd olunan əməl CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilməli, əksinə şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə tanışlığa, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olduğu halda isə qeyd edilən tövsifedici əlamətlərin mövcudluğu istisna edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxs zərərçəkənin evində usta kimi işləmiş, zərərçəkənin razılığı ilə gecələr orada qalmış, darvazanın açarı onda da olmuş, istədiyi vaxt yarımtikiliyə sərbəst şəkildə gedib-gələ bilmiş, ittiham aktı üzə adı keçən alətləri qoyulduqları yerdən sərbəst şəkildə götürərək evin tikintisində istifadə edə bilmişdir. .(proses iştirakçılarının məhkəmə istintaqı zamanı verdiyi ifadələrə əsasən). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir. - İlk növbədə iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, tikilinin 1-ci mərtəbəsindəki zirzəminin saxlanc yerinin taxtadan olan qapısı sındırılmışdır. Hadisə yerinə baxış protokolunda zirzəminin qapısından başqa hər hansı digər qapı barədə məlumat olmamış və hadisə yerində yarımtikilinin çəkilmiş fotoşəkillərində də hər hansı qapı şəkli və ya saxlanc yeri əks olunmamışdır. - Zərəçəkən şəxs ilkin izahatında “Oğurlanan əşyaları harada saxlamışdınız?” sualına “Oğurlanan əşyaları evin bir otağına qoymuşduq ustalar ordan götürüb işlədirdilər.” cavabını vermişdir. 16 sentyabr 2022-ci il tarixli zərərçəkmiş şəxsin dindirilməsi protokolundan isə görünür ki, “03.092024-cü il tarixdə Şahid1 uzun müddətli təmir işi tapdığından təmir aparacağı evdə qalması üçün mənim evimdən çıxdı, Sənan evdə təkcə yaşamağa davam etdi. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yarımtikiliyə gəldim, Sənana verdiyim təmir-tikinti alətlərini, Vüqarın istifadə etdiyi yataq örtüklərini, həmçinin qalıq tikinti materiallarını Sənandan təhvil alaraq zirzəmidəki anbar otağa, yəni saxlanc yerinə yığıb otağın qapısını bağladım. … xx.xx.2022-ci il tarixdə növbəti dəfə evimə baş çəkərkən gördüm ki, zirzəmidəki anbar otağın, yəni saxlanc yerinin taxta qapısı açıq vəziyyətdədir, qapıya fiziki güc tətbiq edilməklə qapı və açar yeri sındırılıb. …” Eyni məzmunlu cümlələr Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrdə eyni ilə əks olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadələrin ona aid olmadığını, tanış olmaq imkanının olmadığını, müstəntiq tərəfindən nə yazılıbsa imzaladığını bildirmişdir. - Təqsirləndirilən şəxs kimi 28 noyabr 2023-cü il tarixində verdiyi ifadədə “…Həmin vaxt evin qapısını özümdə olan açarla açaraq zərərçəkənə məxsus 01 ədəd Bosh…. ” sözləri əks olunmuşdur. - 28 noyabr 2023-cü il tarixdə ifadə hadisə yerində yoxlanılarkən cinayət işinin başlanmasından təxminən 01 il 02 ay sonra taxta qapının fotoşəkilləri çəkilmişdir. Halbuki, bu qapı daha öncəki hadisə yerinə baxış zamanı materiallarda öz əksini tapmamışdır. Bundan başqa, zərərçəkənin və təqsirləndirilən şəxsin ifadələrində bəhsi keçən qapı evin birinci mərtəbəsində olan zirzəminin qapısı olduğu halda məhkəmə istintaqı zamanı həm zərərçəkən şəxs, həm təqsirləndirilən şəxs, həm də evdə fəhlə kimi işləmiş Şahid1 həmin otağın evin ikinci mərtəbəsində olan otaq olduğunu təsdiq etmişlər. - İş üzrə şahid Vüqar Dadaş oğlunun nə verdiyi ilk izahatda, nə də 28 noyabr 2023-cü il tarixli şahid kimi dindirilməsi protokolunda əşyaların saxlanc yerində saxlanılması və ya evdə qapı olması ilə bağlı heç bir məlumat əks olunmamışdır. Təqsirləndirilən şəxsin əməli CM-nin 177.1-ci maddəsindən CM-nin 177.2.3-cü maddəsinə tövsif edildikdən sonra da şahidin əşyanın saxlanc yerində saxlanılıbsaxlanılmaması ilə bağlı əlavə ifadəsi alınmamış və lazımi qaydada araşdırma aparılmamışdır. Şahid məhkəmə istintaqı zamanı hadisədən 4 gün əvvəl evi tərk etdiyini və həmin tarixə kimi evdə cinayət işi materiallarında şəkli olan taxta qapının olmadığını, qapının sonradan qoyulduğunu və həmçinin həmin qapının evin girişindən soldakı otağın qapısı olmasını, əşyaların isə evin girişindən sağdakı otaqda olduğunu, ordan götürüldüyünü bildirmişdir. - 15 sentyabr 2022-ci il tarixdə AR CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış, uzun müddət ibtidai istintaq həmin maddə ilə davam etdirilmiş, yalnız 11 dekabr 2023-cü il tarixdə təxminən 01 il 03 ay sonra yeni heç bir sübut əldə olunmadan, şəxsin əməlində qanunsuz daxil olma və ya saxlanc yerindən götürmə əlamətlərininin olmasına dəlalət edən hər hansı sübut olmadan əməl AR CM-nin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. Halbuki, əşyalar bir yerdən götürülmüşdü və haradan götürüldüyü ilk gündən həm zərərçəkənə, həm də istintaqa bəlli idi. Yeni heç bir sübut əldə olunmadan 1 il 3 ay sonra hadisənin törədilməsi mexanizminin fərqli olduğu qərarına gəlinməsi və əməlin tövsifinin dəyişdirilməsi heç bir sübutla dəstəklənməmiş, əksinə özü ilə bərabər ziddiyyətlərin də yaranmasına səbəb olmuşdur. Daha öncə də qeyd etdiyimiz kimi, əməlin tövsif olunmasına qədər olan bütün izahatlarda əşyaların yarımtikilinin birinci mərtəbəsində olan zirzəmidəki saxlanc otağından oğurlandığı qeyd olunsa da, bir anda hadisənin baş vermə yeri ifadənin yerində yoxlanılması zamanı evin ikinci mərtəbəsində olan otağın fotoşəkli əks olunmaqla təsvir edilmişdir. Lakin əməlin tövsif olunmasından sonra təqsirləndirilən şəxsin ifadəsində yenə də əşyaların zirzəmidən götürüldüyü qeyd olunmuş və “…yarımtikilinin zirzəmisindəki saxlanc yerinin qapısını çiynimlə fiziki güc tətbiq edib, yəni itələyib, qapının açarını sındırdığımdan qapı açıldı. Mən “Bosch” markalı …” sözləri əks olunmuşdur. Bütün bu ziddiyyətli məqamlar olduğu halda iş üzrə əsas şahid evdə fəhlə işləmiş Şahid1 təkrar ifadəsi alınmamışdır. Həmçinin zərərçəkən məhkəmə istintaqı zamanı otağa qapının Şahid1 evi tərk etdikdən sonra qoyduğunu və gəlib əşyaları həmin otağa yığıb qapısını bağladığını bildirsə də istintaqda verdiyi ifadələrində qeyd etmişdir ki, Şahid1 03 sentyabr tarixində evi tərk etmiş, o isə növbəti gün 04 sentyabr tarixdə saat 10 radələrində gəlib əşyaları zirzəmidəki saxlanc otağına yığıb qapını bağlamışdır. Bütün bu ziddiyyətlər və qeyd olunanlar onu sübut edir ki, Təqsirləndirilən şəxs tərəfindən əməl törədilərkən yarımtikilinin ikinci mərtəbəsində qapı olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkən tərəfindən verilmiş açar olduğuna görə şəxsin darvazadan içəri daxil olması da qanunsuz daxil olma hesab ouna bilməz. Zərərçəkən şəxsin özünün məhkəmə istintaqı zamanı dəfələrlə əşyaların zirzəmidən yox tikilinin 2-ci mərtəbəsindəki otaqdan götürüldüyünü bildirməsi əşyaların zirzəmidəki saxlanc yerindən götürülməsi ehtimalını da aradan qaldırır. Göründüyü kimi, nə təqsirləndirilən şəxs, nə də zərərçəkən şəxs istintaqda verdikləri ifadələrin məzmunu ilə tam tanış olmadan formal olaraq tanış olduqlarını qeyd etmişlər. Əks halda ən azından əşyaların evin 2-ci mərtəbəsindən götürüldüyü halda zirzəmidən götürülməsinin qeyd olunması diqqətlərini çəkmiş olardı. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı onun saxlanc yerindən oğurluq etməsi ilə bağlı mötəbər bir sübut əldə edilməmişdir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Şahid1 təkrar dindirməmiş, və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında əşyaların saxlanc yerindən oğurlanmasını təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən və zərərçəkmiş şəxsin işin halları ilə ziddiyyətli ifadələrinə istinadla kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alınaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilməsinə dair verilmiş ifadələrini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CMnin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən AR CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-59.2), əməlini səmimi etiraf etməsini, dəymiş ziyan məbləğindən qismən (CM 59.1.14) ödəniş etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı və tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353 , 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanldığı 02 gün, 28 noyabr 2023-cü il tarixdə saxlanıldığı 1 gün, 11 dekabr 2024-cü il tarixdən 02 aprel 2025-ci il tarixədək həbsdə olduğu 3 ay 22 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə 2 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 07 ay 20 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 6 ünvanında yerləşən nömrəsiz yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 məhkəməyədək icraatı və məhkəmə icraatı zamanı sərf etdiyi 44 iş saatına görə, hər iş saatına 6 manat hesablanmaqla 264 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Günel Məmmədova