Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-941/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,145 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yaşayış kompleksi 810 ünvanınadək daşımış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:00-da özünü şübhəli apardığı üçün həmin ünvanın qarşısında saxlanılaraq gətirildiyi Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən içərisinə təmiz çəkisi 1,145 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin qablaşdırılmış bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi barədə protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 29 iyul 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı, adını, ünvanını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxslə təsadüfən rastlaşaraq həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə istəmiş, həmin şəxs də ondan 30 manat pul alaraq əvəzində cibindən çıxardığı bir ədəd içərisində «kakos» adlanan narkotik vasitə «heroin» olan şəffaf sellofan bükümü ona verərək oradan uzaqlaşmışdır. Həmin bükümü şalvarının cibinə qoyaraq yaşadığı evə getmiş, evdə bir hissəsini istifadə etmiş, qalan hissəsini isə cibində saxlayaraq üzərində gəzdirmişdir. Həmin gün saat 19 radələrində yaşadığı evin qarşısında gəzişərkən onu polis əməkdaşları saxlayaraq şübhələndiklərini və bununla əlaqədar onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. Vəziyyətin nə yerdə olduğunu başa düşərək etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə getmiş, orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş, həmin prosessual hərəkətdə müdaifəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmış, ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə «heroin» olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlənin «kakos» adlanan narkotik vasitə «heroin» olmasını təsdiq etmiş, üzərindən aşkar olunmuş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin polis sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, son vaxtlar xidmət apardıqları inzibati ərazidə mənzil oğurluqlarının sayının kəskin surətdə artması ilə əlaqədar iş yoldaşı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaşayış kompleksi 810 ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar, saat 19 radələrində həmin ərazidə diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırırmış, adını və soyadını belə zorla deyirmiş. Sorğu-sual zamanı onun danışdıqca sanki üzərində olan nə isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis Bölməsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 14-cü PB-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan təhqiqatçı Samir Allahverdiyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakları ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki boz rəngli idman şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan şəffaf sellofandan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə «heroin»-in olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını və digər dəqiq anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə heroinə bənzər qəhvəyi rəngli maddə təqdim etmiş, həmin maddəni 29 iyul 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisindən adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş sellofan büküm bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir ( i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 30 iyul 2022 -ci il tarixli, 6/4099 nömrəli rəyindən görünür ki, tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,145 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 33-37). “Maddi sübut kimi tanıma haqqında” 31 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,145 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 1,095 qram olan narkotik vasitə heroinin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.77). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 oktyabr 2022-ci il tarixli, 6464 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 100-101). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 29 iyul 2022-ci il tarixdə, saat 19:00-dan tutulmuş hesab edilmişdir (i.v. 21). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 31 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.70-71). “Qətimkan tədbirinin seçilməsi haqqında” 31 iyul 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.73-74). “Axtarışda olan şəxsin tutulması haqqında” 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə saxlanılmışdır (i.v.94a) “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında” 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v.97-98). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.104). 4808 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2020-ci il təvəllüdlü (X1) uşağı var (i.v.65). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı övladının olmasını (AR CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu və axtarışla tutularaq saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək tutularaq saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 1,095 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-941/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-941/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver