Məhkəmə qərarları › İş №1(008)-942/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-942/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-942/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Şuşa rayonu, Malıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən “Xəzər” adlı kafenin icarədarı işləyən, Şuşa rayonu Malıbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, təkrarən qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında şəxsiyyəti istintaqa məlum olmayan Azər adlı şəxsdən icarəyə götürdüyü Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən “Xəzər” adlı kafeyə 2023-cü ilin fevral ayının sonunda istintaqla müəyyən edilməyən tarix və saatda kart dəstləri gətirib kafedə yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid4, Şahid8 və istintaqla şəxsiyyəti müəyyən edilməyən digər şəxslərə qeyd edilən kafedə qumar oynamaları üçün qida və içki məhsulları təqdim edərək həmin kafedə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 23-24 radələrindən etibarən qeyd edilən şəxslərin eyni kafedə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şifahi razılaşma əsasında şəxsiyyəti istintaqa məlum olmayan Azər adlı şəxsdən icarəyə götürdüyü Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən “Xəzər” adlı kafeyə 10 avqust 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda kart dəstləri gətirib yerləşdirməklə, qumar oyunu oynamaq üçün Şahid4, Şahid2, Şahid3, Şahid8 və Şahid5 kafedə qumar oynamaları üçün qida və içki məhsulları təqdim edərək həmin kafedə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün təkrarən tamah məqsədi ilə yer təşkil edib saxlayaraq həmin tarixdə saat 22 radələrindən etibarən qeyd edilən şəxslərin eyni kafedə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirəri nəticəsində 11 avqust 2023-cü il tarixdə saat 01:05-də onun razılığı və iştirakı ilə həmin kafeyə baxış və götürmə aparılan zaman orada Şahid4, Şahid2, Şahid3, Şahid8 və Şahid5 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 128 manat məbləğində pul vəsaiti, istifadə olunmuş oyun kartları və 1 ədəd istifadə olunmamış oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 2 ildir ki, Almaniyada yaşayan Azər adlı şəxsdən aylıq 500 manata icarəyə götürdüyü Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən “Xəzər” adlı kafeni işlədir. Kafeyə gələn müştərilərlə normal davranıb onlara qulluq etmişdir. Həmin müştərilərdən bəzilərini şəxsən tanıyır. Onlardan Nəsib və Şahid5 adlı şəxslər kafenin arxa tərəfində, yəni yaxınlıqda yaşayırlar. Onları uzun müddətdir ki, tanıyır. Onların yanında gələn 3 nəfər şəxs isə kafeyə Elnurla birlikdə bir-iki dəfə gəlmişlər. Kafedə olan digər müştərilərdən Sadiqi də tanıyır. O da kafeyə gəlib ara-sıra pivə içmişdir. Şahid4 və Şahid8 3 dəfə kafeyə gəlib baş hissədə olan kabinetlərin qarşısında açıq havada qoyulmuş masada əyləşib kartla pul müqabilində qumar oynamışlar. Onlara arada qulluq edib, pivə və ya digər sifarişlərini çatdırmışdır, özü də həmin hissəyə göz qulaq olmuşdur ki, ətrafdan kimsə orada qumar oynanıldığını bilməsin. Nəsibə öz adı ilə deyil, Sarı deyə səslənərək müraciət etmişlər. Sarıgil ona hər oyundan ara-sıra 5 və ya 10 manat, oyun zamanı xallar bərabər olduqda isə ortaya qoyulan puldan vermişlər. Onlar hər dəfə qumar oynamağa başlayanda 20-30 oyun oynamışlar. Ümumilikdə hər dəfə qumar oyununun nəticəsində ona 30-40 manat pul qalmışdır. Onlarla birlikdə qumar oynamasa da kafenin həmin hissəsində qumar oynanılmasına şərait yaratmışdır. Birinci dəfə 2023-cü ilin fevral ayının sonlarında saat 00 radələrində onun işlətdiyi Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən “Xəzər” adlı kafedə Şahid4, Şahid8 və tanımadığı 2 nəfər şəxs ilə birlikdə qumar oyunları oynamışlar, onlara qulluq etmişdir, onlar da qumar oyunu zamanı xallar bərabər olduqda ortaya yığılan pulları ona vermişlər. Bundan başqa 2023-cü ilin mart ayının ortalarında saat 00 radələrində işlətdiyi Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən Xəzər adlı kafedə Şahid4, Şahid8 və 2 nəfər tanımadığı şəxs ilə birlikdə kart vasitəsilə qumar oynamışlar. Həmin gün onların masasına özü qulluq etmişdir, bunun qarşılığında da oyun zamanı xallar bərabər olduqda ortaya yığılan pulları ona verirmişlər. 10 avqust 2023-cü il tarixdə saat 22 radələrində Sarı, yəni Şahid4 və onun yanında montyor kimi tanıdığı Elnur, Vüsal, Babək və Şahid5 adlı şəxslər kafeyə gəlmişlər. Onlar pivə sifariş etmişlər, o da pivə gətirərək masaya qulluq etmiş və onlar pul qarşılığında qumar oynamağa başlamışlar. Qeyd etmişdir ki, Beyrək, Sadiq və Ramazan adlı şəxslər isə sonradan masa ətrafına qonaq kimi gəlib oyuna baxmışlar. Onlar oyunda iştirak etməmişlər. Təxminən 1 saat sonra polis əməkdaşları kafeyə gəlmişlər və onların iştirakı ilə kafedə qumar oynanılan hissəyə baxış zamanı baş verənləri polis əməkdaşlarına danışmışlar. Qeyd etmişdir ki, hər dəfə oyun zamanı xallar bərabər olduqda ona 2, 5 və 10 manat pul vermişlər. Baxış zamanı kafedə qumar oynanılması masa üzərində kart və təxminən 128 manat pul olması, 01 ədəd kart dəsti paylanılmış şəkildə aşkar edilmişdir. Həmin əşyalar polis əməkdaşları tərəfindən götürülmüş və onlar tərəfindən araşdırma aparılması üçün dəvət edilmişlər. O, ilk dəfə 2023-cü ilin fevral ayının sonlarında işlətdiyi Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən kafədə qumar oyunlarının oynanılmasını təşkil etmişdir. O, ümumilikdə 3 dəfə qumar oyunlarını təşkil etmiş, hər üçünü də işlətdiyi “Xəzər” adlı kafedə təşkil etmiş, birinci dəfə 2023-cü ilin fevral ayının sonlarında, ikinci dəfə 2023-cü ilin mart ayının ortalarında və sonuncu dəfə 10 avqust 2023-cü il tarixdə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmişdir. Onun qumar oyunlarını təşkil etməkdə məqsədi oyun zamanı xallar bərabər olduqda yığılan pulları əldə edərək qazanc yaratmaq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yaxınlığında yerləşən “Xəzər” adlı kafeni Təqsirləndirilən şəxs işlədir. Səbuhi işlətdiyi həmin kafedə qumar oyunlarının oynanılmasını təşkil etmiş və onlara şərait yaratmışdır ki, həmin kafedə qumar oyunları oynasınlar. Onlar da bunun qarşılığında qumar oyunu zamanı kartdakı xallarda eynilik olanda yığılan pulları kənara qoyaraq oyunun sonunda Səbuhiyə vermişlər. Ümumiyyətlə o, indiyə qədər “Xəzər” adlı kafedə Səbuhinin təşkil etdiyi qumar oyunlarında 3 dəfə qumar oyunu oynamışdır. Belə ki, birinci dəfə 2023-cü ilin fevral ayının sonlarında saat 00 radələrində Təqsirləndirilən şəxs işlətdiyi Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən “Xəzər" adlı kafedə o, Şahid8 və adlarını hazırda xatırlamadığı 2 nəfər şəxs ilə birlikdə qumar oyunları oynamışlar, Səbuhi onlara qulluq etmiş, onlar da qumar oyunu zamanı xallar bərabər olduqda ortaya yığılan pulları Səbuhiyə vermişlər. Bundan başqa 2023-cü ilin mart ayının ortalarında saat 00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsində yerləşən Xəzər adlı kafedə o, Şahid8, Şahid3 və 1 nəfər tanımadığı şəxs ilə birlikdə kart vasitəsilə qumar oynamışlar. Həmin gün onların masasına Səbuhi özü qulluq etmişdir, bunun qarşılığında da oyun zamanı xallar bərabər olduqda ortaya yığılan pulları Səbuhiyə vermişlər. Oyun zamanı oynadıqları oyun kartlarını da onlara Səbuhi özü almışdır. Qumar oyunlarına kafedə müştəri az olması məqsədi ilə 23-dən sonra oynamağa başlamışlar. Qumar oyunları zamanı xallar bərabər olduqda yığılan pullarını kənara qoymuşlar və oyunun sonunda Səbuhiyə vermişlər. O, qumar oyunlarını Şahid8, Şahid5, Şahid3 və Şahid2 ilə oynamışdır. Oyun zaman onlara həmişə Səbuhi özü qulluq etmişdir. Oyun zamanı oynadıqları oyun kartlarını da onlara Səbuhi özü almışdır. Qumar oyunlarını kafedə müştəri az olması məqsədi ilə 23-dən sonra oynamağa başlamışlar. Qumar oyunları zamanı xallar bərabər olduqda ortaya qoyulan pulları kənara qoymuşlar və oyunun sonunda Səbuhiyə verirmişlər. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şahid8, Şahid5, Şahid3 və Şahid2 ilə birlikdə kafedə oyun kartları ilə qumar oynamağa başlamışlar. Həmin qumar oyunlarını yenidən kafeni işlədən Təqsirləndirilən şəxs təşkil etmişdir. Oyun zamanı onlara kafeni işlədən Səbuhi qulluq etmişdir və kafedə onlardan başqa müştəri yox imiş, oyun zamanı ilkin gediş bir manat imiş. Onlar qumar oynayarkən kənarda dayanan Şahid6, Şahid1 və Şahid7 oynamırmışlar, onlar sadəcə olaraq onlara baxırmışlar. xx.xx.2023-cü il tarixdə saat 01:05 radələrində onlar qumar oynayarkən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən “Xəzər” adlı mülki geyimdə olan şəxslər içəri daxil olmuşlar. Mülki geyimdə olan şəxslər polis əməkdaşları olmalarını bildirirərək qumar oynayanlara masadan əllərini çəkmələrini, heç nəyə toxunmamalarını istəmişlər. Polis əməkdaşları kafeyə daxil olarkən onlar masa ətrafında olan şəxslər qumar oynamışlar. Sadiq, Beyrək, Ramazan isə onlara baxmışdır. Polis əməkdaşları tərəfindən masa üzərində olan oyun zamanı istifadə olunan kartlar və pul vəsaitləri götürülmüşdür. Qumar oynayanlardan qumar oyununu kimin təşkil etməsi soruşulduqda hamı bildirmişdir ki, qumar oyununu Səbuhi təşkil etmiş və oyun zamanı xallar bərabər olduqda ortaya qoyulan pulları da o yığmışdır. Bundan sonra onlar izahatlarının alınması üçün Baş İdarəyə dəvət edilmişlər. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, həmin kafeni icarə əsasında işlədir. Təqsirləndirilən şəxs həmin kafeni icarəyə götürməklə orada həm içki və yemək məhsullarının satışını həyata keçirmişdir, həm də qumar oyununu təşkil etmişdir. Yadında qaldığı qədər üç dəfə Xəzər adlı kafedə qumar oynamış, sonuncu dəfə isə polis əməkdaşları tərəfindən aşkarlanmışdır. O, həmin oyun vaxtı ziyan etməmiş, amma qazanc da əldə edə bilməmişdir. Onlar adətən kart vasitəsilə poker növündə qumar oyununu oynamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid8, Şahid5 və Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən “Xəzər” adlı kafeyə gəlmişdir. Həmin kafedə əmisi oğlu Şahid4 ilə görüşmüşdür. Nəsib özündən başqa dörd nəfər şəxs ilə masa ətrafında oturaraq kart vasitəsilə qumar oyunu oynamışlar. O, dostları Ramazan və Beyrək ilə telefon əlaqəsi saxlayaraq onlarla danışmışdır və belə razılaşmışlar ki, onlar gəlib onu götürəcəklər, onlar birlikdə oyun zalına gedəcəklər. Buna görə də Ramazan və Beyrək gələnə qədər Xəzər kafesində gözləmişlər. Bu müddət ərzində əmisioğlu Nəsib digər şəxslərlə qumar oynamış, oyun zamanı onlara kafeni işlədən Təqsirləndirilən şəxs qulluq etmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30-da Ramazan və Beyrək də kafeyə gəlmişlər. Qumar oyunu maraqlı olduğu üçün o, Ramazan və Beyrək oyuna baxmışlar. xx.xx.2023cü il tarixdə saat 01:05-də biz “Xəzər” adlı kafedə qumar oynayanlara baxarkən mülki geyimdə olan şəxslər Səbuhi ilə birlikdə daxil olmuşlar. Mülki geyimdə olan şəxslər polis əməkdaşları olmalarını bildirərək qumar oynayanlara masadan əllərini çəkmələrini, heç nəyə toxunmamalarını istəmişlər. Polis əməkdaşları gələrkən masa ətarafında olan şəxslər qumar oynayırmışlar, o, Beyrək və Ramazan isə kənarda dayanaraq qumar oynayanlara baxırmışlar. Polis əməkdaşları tərəfindən masa üzərində olan oyun zamanı istifadə olunan kartlar və pul vəsaitləri götürülmüşdür. Hər birindən kimlikləri və nə işlə məşğul olmaları soruşulmuşdur. O da özünü təqdim edərək qumar oynamadığını kənarda dayanaraq oynayanlara baxdığını bildirmişdir. Qumar oynayanlardan qumar oyununu kimin təşkil etdiyi soruşulduqda hamı bildirmişdir ki, qumar oyununu Səbuhi təşkil etmiş və oyun zamanı xallar bərabər olduqda ortaya qoyulan pulları da o, yığmışdır. Bundan sonra onlar izahatlarının alınması üçün Baş İdarəyə dəvət edilmişlər. Qumar oynayan şəxslərin söhbətlərindən bəlli olmuşdur ki, qumar oyununun keçirilməsini Təqsirləndirilən şəxs təşkil etmişdir. Çünki Təqsirləndirilən şəxs kartdakı xallarda bərabərlik olanda pul götürmüşdür. Bundan əlavə qumar oynanılan masaya da özü qulluq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid6 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( i.v.1); Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs kafeyə baxış keçiriləcəyi və baxışın videoçəkilişlə aparılacağı barədə məlumat verildi və o, baxışa etirazlarının olmadığını bildirdi. Təqsirləndirilən şəxs kafenin kabinet olan hissəsində müştəri olub-olmaması sual edildikdə Təqsirləndirilən şəxs orada müştərilərin olduğunu və həmin hissəyə baxış edilməsinə etirazı olmadığını bildirdi və Təqsirləndirilən şəxs iştirakı ilə həmin hissəyə baxış edilməsinə etirazı olmadığını bildirdi və Təqsirləndirilən şəxs iştirakı ilə həmin hissəyə daxil olduqda orada açıq havada kabinetin qarşısında masada 8 nəfər şəxsin olması, masanın üzərində 5 nəfərin qarşısında paylanılmış vəziyyətdə kart olması, 1;5;10 və 50 manatlıq pul əskinasları ilə ümumilikdə 128 manat pul olması, digər tərəfdə isə əlavə bir dəst kart olması müşahidə edildi. Baxış zamanı orada olan şəxslər hər biri özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs kafenin müdiri olduğunu, həmin masaya qulluq etdiyini bildirdi. Şahid4, Şahid5, Şahid3, Şahid8, Şahid2 həmin kafedə kafe müdriyyətinin xəbəri olması şərti ilə pul ilə kart oyunu-qumar oynadıqlarını bildirdilər. Şahid4 qumar oynamaq üçün kart dəstini aldığını, kafe müdriyyətinin xəbəri olmaqla həmin yerdə bir saatdır pul müqabilində qumar oynadıqlarını bildirdi. Masa ətrafında olan digər 3 nəfər şəxs, yəni Şahid8, Şahid6 və Şahid7 isə masa ətrafında oyuna baxdıqlarını və heç biri qumar oyununda iştirak etmədiklərini, masa ətrafına oyuna baxmaq üçün gəldiklərini bildirdilər. Qeyd edilən halı qumar oyununda iştirak edənlər və kafenin müdiri Təqsirləndirilən şəxs da təsdiqlədi. Baxış zamanı masanın üzərindən paylanılmış kartlar, 1 ədəd əlavə kart dəsti, 43 ədəd 1 manat, 1 ədəd 5 manat, 3 ədəd 10 manat, 1 ədəd 50 manat –ümumilikdə 128 manat pul aşkar edildi. Qeyd edilənlər maddi sübut əhəmiyyəti daşıdığı üçün götürüldü (i.v.13-15); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarından görünür ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 10 avqust 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında“ qərar qanunauyğun hesab edilmişdir (i.v.61-62); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.71); Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 11 avqust 2023-cü il tarixli protokol və 01 ədəd disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir.Baxış zamanı otaqdan aşkar edilmiş qumar oyunlarından əldə edilmiş 128 manat pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün isifadə olunmuş kartlar və istifadə olunmamış 01 dəst oyun kartı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək 128 manat pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün istifadə olunmuş kartlar və istifadə olunmamış 01 dəst oyun kartı Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması kamerasına verilmişdir (i.v.104- 110); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 244-1.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ( i.v.124-126); Qətimkan tədbirinin seçilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.142-143); Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X1 “Vətən Müharibəsi iştirakçısı” medalı və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə istintaqı zamanı 01 ədəd video diskə baxış keçirilmiş, diskdə olan video görüntü baxış keçirilməsi və götürmə protokoluna uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama təkrar törədildikdə—on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, oğlunun “Vətən Müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir(CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:0-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış qumar oyunlarının keçirilməsi zamanı istifadə olunan 128 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar– Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış qumar oyunlarından əldə edilmiş 128 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmış qumar oyunlarının oynanılması üçün istifadə olunmuş kartlar və istifadə olunmamış 01 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar