Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-947/2022 13.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X21 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi X6, Barələrində xususi ittiham qaydasında şikayət verilmiş şəxslər X5, X2 və onların nümayəndəsi Müdafiəçi iştirakları ilə, X5 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X5 və X2 AR CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmələrini və cəzalandırılmalarını, X5 və X2 hər birindən ona vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X12 və həyat yoldaşı X7 onu 10 aydan çoxdur ki, yəni 2022-ci ilin fevral ayından başlayaraq hal-hazırki dövrə qədər kütləvi şəkildə sosial şəbəkələrdə, onun özünə və ümumi tanışlarına mobil telefonla zəng və ya səsli mesaj göndərmək yolu ilə ərizəyə yazılmayacaq dərəcədə ağır küçə söyüşləri, ümumiyyətlə səsləndirilməsi belə insanı narahat edən, şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirərək kütləvi qaydada insanlığa sığmayan hərəkərlər etmişdir. X12 və həyat yoldaşı X7 yazıb bildirir ki, o Rusiya Federasiyasında doğulsa da, artıq 13 ildir ki, Bakı şəhərində yaşayır. Milliyətcə rusdur. Ailəlidir. Həyat yoldaşı azərbaycanlıdır. Azərbaycan Respublikasının vətəndaşıdır. 2022-ci iln fevral ayından başlayaraq əvvəldən ailəvi tanışı olan Ədalət Fətalıyev və həyat yoldaşı Aygün Fətalıyeva adlı şəxslər onu və ailə üzvlərini özlərinə məxsus olan mobil telefonlarla « Whatsapp » sosial şəbəkəsi vasitəsilə ağır küçə söyüşləri ilə nalayiq söyüşlərlə söyüb təhqir edir, həyat yoldaşını və uşaqlarını öldürəcəkləri ilə hədələməyən səsli və yazılı mesajdar göndərməyə başladılar. Həmin yazılı və səsli mesajlar hələ də onun telefonunda vardır. O həmin hədəqorxunu real olaraq qəbul etdiyindən uşaqlarının başına bir iş gələcəyindən ehtiyat edib həmin şəxslərin ona və ailə üzvlərinə mesaj yazmasını mobil telefonunda əngəlləmə rejimi ilə məhdudlaşdırmış. Lakin, bu dəfə Ədalət və Aygün Fətalıyevlər ona müxtəlif şəxslərə məxsus olan mobil telefonlardan zəng edib söyməyə və ya özündə nalayiq küçə söyüşlərini ifadə edən səsli və yazılı SMS-lər göndərdilər. Bir müddət sonra onun və ailə üzvləri haqqında ağır söyüşlər və təhqir dolu mesajları onların bütün dostlarının və qohumlarının mobil telefonlarına göndərdilər. Həmin mesajlarda Ədalət və Aygün onu və ailə üzvlərini əxlaqsız adlandıraraq guya Ədaləti həyat yoldaşından ayırmaq üçün onunla cinsi münasibətə girməyi iddia olunur. Bu da ona qarşı ən ağır təhqirdir. Onların bu təhqirlərindən, hədə-qorxusundan qorxub daha da çox onu tanıyan insanların arasında onun ailə-üzvləri ilə birlikdə çıxıb Rusiya Federasiyasına getmiş. Təxminən 2 ay Rusiya Federasiyasında yaşadıqdan sonra yenidən Azərbaycana qayıtmışdır. Düşünmüş ki, bəlkə bu təhqirlərin və hədə-qorxuların arası kəsilər. Lakin, Bakıya qayıdan kimi Ədalətin və arvadı Aygünün onun və ailə üzvlərinin ünvanına təhqirləri yenidən başladı. Təhqirlər elə biabırçı şəkildə davam edirdi ki, yaxınlarının, qohumlarının və dostlarının üzünə çıxmağa utanırdı. Müxtəlif mobil telefon nömrələrindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə « Whatsapp » sosial şəbəkəsi vasitəsilə ağır küçə söyüşləri ilə təhqir edərək səsli və yazılı mesajlar göndərirdilər. Aygün və Ədalət Fətalıyevlər tez-tez onun rəfiqələri İlahə Abbasova, Naidə Maqomedova və Zeynəb Kazımovaya onunla bağlı təhqiredici səs mesajları göndərmişdir. Ağızla ifadə etməyə utandığı səsli və yazılı mesajları Ədalət və Aygün aşağıdakı mobil telefon nömrələrindən göndərmişlər: ( bu siyahıya telefon zəngləri daxil deyil). 20 fevral 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon. 04 mart 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon, 25 aprel 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon, 26 aprel 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon, 28 aprel 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon, 14 iyun 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon, 12 iyul 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon, 24 iyul 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon, 27 iyul 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon, 15 avqust 2022-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefon. Ədalət və Aygün Fətalıyevlərin ağır təhqir dolu səsli mesajları hələ də onun və tanışlarının mobil telefonlarında saxlanılır. Həmin faktları məhkəmə araşdırmasına təqdim etməyə hazırdır. Aygün Fətalıyevin qadın olmasına baxmayaraq etdiyi ağır şəkildə təhqirlər onu bir qadın və ana kimi dərindən yaralamışdır. X3 göndərdiyi səsli mesajlardakı küçə jarqonu ilə təhqirlərini hər dəfə eşidərkən ağır mənəvi sarsıtı və iztirablar keçirmişdir. Bəzən onlar küçə söyüşlərini « Whatsapp » sosial şəbəkəsində status bölməsində yayımlayır, sonra isə onun nömrəsinə pornoqrafik xarakterli videolar və fotoşəkillər göndərirdilər. Bundan əlavə, 23 avqust 2022-ci il tarixdə o oğlu və qızı ilə Quba rayonu Qəçrəş kəndində istirahətdə olarkən orada Ədalət Fətalıyev idarə etdiyi kvadrotsikli onun idarə etdiyi avtomobilin üzərinə qəsdən sürərək sağ yan təkərinə vuraraq onu və ailə üzvlərini rəfiqəsi Naidə xanımın və qonşuların gözü qarşısında küçədə, ucadan nalayiq söyüşlərlə söyüb təhqirf etdi, onun və həyat yoldaşı Aygünün hücumundan evə girərək darvazanı içəridən bağlamağımıza baxmayaraq Ədalət onu fahişə və rus donuzu kimi sözlərlə və daha yazmağa utandığı sözlərlə təhqir edərək darvazanı daşla vurmuşdur. Həmin mesajlar onun mobil telefonumda saxlanılır və məhkəməyə təqdim edir. Quba RPŞ-də aparılan təhqiqat zamanı verdiyi izahatında X12 həqiqətən də, ona təhqirlə dolu səs mesjları göndərdiyini etiraf etmişdir. X12 və X2 qanunsuz hərəkətləri birbaşa ona ailəsində, qohumları, dostları, iş yerində nüfuzdan salmaq məqsədi daşımış və bu hərəkətlər ona çox pis təsir edərək həddindən çox arzu olunmaz vəziyyətə salmışdır. Onun barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar verilməsi, habelə onun nalayiq formada təhqir edilməyi onun şərəf və ləyaqətini alçaltmış, hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X2 nümayəndəsi Müdafiəçi etiraz ərizəsi ilə məhkəmə müraciət edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Quliyeva Alyona X1 və X8ma qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı əsaslara görə xüsusi ittiham qaydasında şikayətin qəbul edilməsindən imtina edilməlidir. Xüsusi ittiham qaydasında şikayətdə xüsusi ittihamçının məşğuliyyət növü və vəzifəsi göstərilməmişdir. Eyni zamanda şikayətdə CPM-nin 293.3.4 maddəsinə əsasən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeydj edilməli olduğu halda şahidlərlə bağlı məlumatlar və konkret olaraq digər sənədlərə istinad edilməmişdir. Eyni zamanda törədilən cinayət haqqında kokret məlumatlar: hansı ifadələrin özünə təhqir sayması əks olunmamışdır. Xüsusi ittiham qaydasında şikayətdə Aygün və Ədalət Fətaliyevlərin hər birinə qarşı konkret ittihamlar əks olunmamışdır. Bundan əlavə CPM-nin 293.3.3 maddəsinin məzmununa görə bir xüsusi ittiham qaydasında şikayətdə iki şəxsi cəlb etmək nəzərdə tutulmamışdır. Yuxarıda göstərilən Plenum Qərarının 12-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər ər-arvaddılar və Bakı şəhəri Xətai rayonu Bopru keçidi ev 17 yaşayırlar. Hazırki şikayət ayrı ayrılıqda yuxarıda göstərilən prosessual qanunların tələblərinə uyğun Xətai rayon məhkəməsinə verilməli idi. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətdə mülki iddianın verilməsi nəzərdə tutulmamışdır və belə iddia verildikdə müvafiq dövlət rüsumu ödənilməlidir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 nümayəndəsi X14 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12, X7 və onların nümayəndəsi Müdafiəçi ayrı-ayrılıqda məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri və onların nümayəndəsini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Məhkəmə verilmiş şikayət ərizəsini nəzərdən keçirərən qeyd edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan təhqir xarakterli hərəkətlərin “whatsapp” ani mübadilə mesajlaşma sistemində əks olunması ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozitiv şərtlərinə əsasən təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə,müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X12 və X7 ilə X4 arasında baş vermiş hadisə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə baş vermiş və şikayət ərizəsində göstərilən ifadələr ona “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə bildirmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılma hesab edilməməklə bu kimi halda onları bildirmiş şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan savayı, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.1-ci maddəsinin tələblərinə riayət etməyərək şikayət ərizəsində özünün məşğuliyyət növünü və vəzifəsini göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Digər tərəfdən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən verilmiş şikayətdə CPM-nin 293.3.2-ci maddəsinin tələblərinə də əməl edilməyərək müvafiq əməlin konkret nə vaxt törədilməsi göstərilməmiş, şikayətin məzmununda ümumi ifadələrlə X12 və onun həyat yoldaşı X2 10 aydan çox olmaqla 2022-ci ilin fevral ayından başlayaraq halhazırki dövrədək təhqir etdikləri göstərilmişdir. Halbuki, AR CPM-nin 293.3.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, kim tərəfindən törədilməsi bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərilməlidir. Həmçinin, xüsusi ittiham qaydasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizədə X5 və X2 onu təhqir etdiklərini ümumi şəkildə göstərsə də, onlardan hansının konkret hansı ifadələrini təhqir hesab etdiyini göstərməmişdir. Bununla yanaşı, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, X12 ünvan 2 ünvanda yaşayır. Bununla yanaşı, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİnin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X12 Bakı şəhəri, Xətai rayonu, Boru keçidi, ev 17 ünvanda qeydiyyatdadır. Məhkəmə iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin nümayəndələri tərəfindən təqdim edilmiş və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon mənzil-kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, 3585 saylı arayışdan görünür ki, X9 Bakı şəhəri, Xətai rayonu, G.Əhmədov küçəsi, 17 saylı evdə qeydiyyatsız yaşayır. Hazırki halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barələrində şikayət verilmiş şəxslərin müvafiq əməli onların yaşadığı yer üzrə törətdiklərinə istinad etmiş, lakin X5 ünvan 2 ünvanda yaşamasını göstərməsinə baxmayaraq ona qarşı da ünvanlanmış şikayət ərizəsini X2 qeydiyyat ünvanı üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə vermiş və qanunla müəyyən edilmiş aidiyyət qaydalarına da riayət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, verilmiş şikayət əsassız olmaqla yanaşı xüsusi ittiham qaydasında verilmiş şikayətin tərtib edilməsinə dair tələblərə də xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-947/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-947/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver