Məhkəmə qərarları › İş №1(008)-95/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-95/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-95/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq təmiz çəkisi 1,018 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamini əldə edib üzərində saxlamaqla daşımış və 19 sentyabr 2024-cü il tarixdə saat 14:45 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,018 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün 1 (bir) büküm psixotrop maddə olan metamfetamin almış və onu əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Metamfetamini şəxsi istifadəsi üçün almışdır. 19 sentyabr 2024-cü il tarixdə saat 14:45 radələrində Zabrat qəsəbəsi, Çapayev küçəsi ev 8 A ünvanında piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhə edildiyindən Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirililmişdir. Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkil dəvət edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmiş, lakin üzərində metamfetamin olduğundan videoçəkilişlə keçiriləcək şəxsi axtarışda vəkilin iştirak etməsini istəməmişdir. Daha sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetamin kimi tanıdığı kütləni təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni adını bilmədiyi şəxsdən 20 (iyirmi) manat əlbəəl pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra ondan aşkar olunaraq götürülmüş metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 19 sentyabr 2024-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun tərkibinə o və Sabunçu RPİnin 15-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə saat 14:45-də Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çapayev küçəsi ev 8A ünvanında piyada hərəkətdə olan zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə məlumata malik olduqlarını bildirib Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə aparılanadək olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində psixotrop maddə olan metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarışın keçiriləcəyi izah edilmişdir. Lakin Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini tələb etmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin metamfetamin olduğunu deyərək, həmin maddəni üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunaraq düzgün tərtib edildiyinə görə imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 32-33-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİnin 15-ci PB-nin təhqiqatçısı X4, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında, xidməti iş otağında Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilində, psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, bu maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəklində, psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəklində, psixotrop maddə olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 6/4633 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 161” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut; İştirak etdilər: 1. /imza/ Şahid2; 2. /imza/ Şahid1; Şübhəli şəxs: /imza/ Məhəmmədov Əliağa; Qablaşdırdı: 15-ci PB-nin təhqiqatçısı polis leytenantı /imza/ Toğrul Vəlizadə” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,018 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin 82-85-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 21 sentyabr 2024-cü il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Samir Seyidin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 86-87-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 98-100-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 22 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə təmiz çəkisi 1,018 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut hesab olunması və tədqiqata 0,1 qram sərf edilməsi nəzərə alınmaqla 0,918 qram qalığın saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 19 sentyabr 2024-cü il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd “DVD” diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 6718 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-120-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) ay 23 (iyirmi üç) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 121-127-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-501/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 04 iyun 2021ci il tarixə kimi (02 gün) şübhəli şəxs kimi həbsdə saxlandığı müddətin nəzərə alınması, həmin müddətin təyin olunmuş cəzadan çıxılması və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəsissəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 01 noyabr 2021-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,018 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun hökmlə təyin olunmuş və çəkilməmiş qalan cəzasının 01 ay 23 gün hissəsini Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarına əsasən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu, yəni xx.xx.2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 19 sentyabr 2024-cü il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,918 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar