Məhkəmə qərarları › İş №1(008)-951/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-951/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-951/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi, ev 27 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətinə daş hasardan aşıb keçməklə, evin qonaq otağının pəncərəsini sındırıb oraya qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 170 manat nağd pulu, 1430 manat dəyərində 14.5 qram çəkidə 750 əyarlı qızıl qolbağı və 1500 manat dəyərində 18 qram çəkidə 585 əyarlı qızıl boyunbağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 3100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi, ev 27 ünvanında qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs qonşusudur. 05 yanvar 2023-cü il tarixdə yaşadığı məhəllədə olduğu zaman maddi ehtiyacı yarandığından oğurluq edərək pul əldə etməyi qərara almışdır. O, yaxınlıqda yerləşən marketdən pivə alaraq qəbul etmiş, bir qədər sərxoş olmuşdur. Həmin gün, yəni, 05 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində qonşusu Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı evdən getdiyi görərək, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, ilk öncə ətrafı bir qədər müşahidə etmiş, heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq Zərərçəkmiş şəxs məxsus evin həyətinə enmiş, evin pəncərəsinin dəmir çərçivəsini əliylə sıxıb pəncərini açmış, oradan evə daxil olaraq otaqlarda axtarış aparmışdır. O, masanın üzərində olan qabın içindən 170 manat nağd pulu, 01 ədəd qızıl qolbağı və 01 qızıl qadın sepini götürərək oradan uzaqlaşmışdır. Növbəti gün oğurladığı qızılları “Gənclik” metrostansiyası yaxınlığına apararaq satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. 2023-cü ilin iyun ayında törətdiyi əməldən peşman olaraq etdiyi oğurluqla bağlı ilk öncə Zərərçəkmiş şəxs qohumlarına, daha sonra özünə məlumat vermiş, dəymiş ziyanı ödəmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evi ona məxsusdur. Təqsirləndirilən şəxs qonşu kimi tanımışdır. 05 yanvar 2023-cü il tarixdə, saat 14:30 radələrində ailə üzvləri ilə birlikdə yas mərasiminə getmiş, həmin gün, saat 18:30 radələrində evə geri qayıtmışdır. Evə qayıtdığı zaman, evin qonaq otağının dəmir çərçivəsinin sındırıldığını, açıq pəncərədən evə daxil olan şəxsin evdəki masanın üstündə olan qabın içindən ona məxsus 170 manat pulun, 1430 manat dəyərində 14.5 qram 750 əyarlı qızıl qolbağın və 1500 manat dəyərində 18 qram 585 əyarlı qızıl sepin oğurlanmasını aşkar etmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu RPİ-nin 14-cü PB-yə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, onun izahatı alınmışdır. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsinin sərxoş vəziyyətdə onun tərəfindən törədildiyini bildirmiş, əməlindən səmimi peşman olduğunu bildirərək ona dəymiş ziyanı ödəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2023-cü ilin iyun ayında məhlədə olarkən Samir onun və Zərərçəkmiş şəxs qardaşı oğlu Toğrulun yanında Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etdiyini, peşman olduğunu bildirmişdir. O, Samirlə birlikdə Zərərçəkmiş şəxs yanına getmiş, orada Samir etdiyi əməli etiraf edərək Vüqardan üzr istəmiş, o, Vüqara dəymiş maddi zərəri ödəmişdir. Cinayət işinin 41-43-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-366/2016 nömrəli, 28 sentyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 53-55-ci vərəqəsində olan 11 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 56-cı vərəqəsində olan 12 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 93-94-cü vərəqələrində olan 13 sentyabr 2023-cü il tarixli MSY-dən azad edilmə və qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Bakı şəhəri Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 102-ci vərəqələrində olan Zərərçəkmiş şəxs 01 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 44-45-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 fevral 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 12 sentyabr 2023-cü il tarix saat 03:00-dan 13 sentyabr 2023-cü il tarix saat 13:25-dək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar