Məhkəmə qərarları › İş №1(008)-953/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-953/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-953/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyıb, saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahəsində yerləşən tikintisi tam başa çatmamış, iki mərtəbədən ibarət, üstü açıq, 5 otaqdan ibarət yarımtikilinin birinci mərtəbəsində yerləşən 12 kv metr sahədən ibarət otağının içərisində qanunsuz olaraq xeyli miqdarda, yəni 5 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya edərək həmin bitkilərin yarpaqlarını dərib qurutmaqla şəxsi istehlak miqdarından artıq miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaqlarından qurudulmuş vəziyyətdə ümumi təmiz çəkisi 24,619 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq həmin otağın küncünə qoyulmuş plastik qabın altında bir ədəd polietilen torbanın içərisində saxlamış, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 17 iyul 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın yaxınlığında saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə yerləşən tikintisi tam başa çatmamış iki mərtəbədən ibarət, üstü açıq, 5 otaqdan ibarət yarımtikilinin birinci mərtəbəsində yerləşən otağının içərisində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkisi 2100,0 qram olan 05 ədəd əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və həmin otağın küncündən isə plastik qabın altında bir ədəd polietilen torbanın içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 24,619 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurma vasitəsi ilə çəkməklə istifadə edir. 2023-cü ilin aprel ayında tanımadığı şəxsdən əldə etdiyi çətənə bitkisinin toxumlarını yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahəsində yerləşən tikintisi tam başa çatmamış, iki mərtəbən ibarət, üstü açıq, otaqdan ibarət yarımtikilinin içərisində əkmişdir. Əkdiyi toxumların çıxmasını görüb onların yaxşı becərməsi üçün onlara su verməklə qulluq etməyə başlamışdır. O həm bitkilərə qulluq etməyə davam etməklə həmin bitkilər də daha yaxşı inkişaf etməyə başlamışdır. Həmin bitkilər böyüdükcə özünün istifadəsi üçün bitkilərin yarpaqlarını dərib qurutmaq üçün həmin yarımtikili evin otağında yerə düzüb qurudaraq torba yığıb həmin otaqda plastik qabın altında gizlətmişdir. 17 iyul 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında olarkən ona bir neçə şəxs mülki geyimdə yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib onun hərəkətlərindən şübhələnərək Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Ona şübhəli şəxs qismində tutulmağının səbəbləri və şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilməklə hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-də olarkən onun üzərinə şəxsi axtarış keçirmişlər və üzərindən qanunsuz saxladığı predmet və əşya aşkar edilməmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-də polis əməkdaşları ona bildirmişlər ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməlidirlər, belə ki, onun həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib becərməyi və narkotik vasitə saxlamağı barədə məlumatları vardır. PŞdə olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə razılığı əsasında yaşadığı evin həyətyanı sahəsinə axtarış keçiriləcəyi barədə izah edilmiş, vəkilin iştirakı olmadan yaşadığı evin həyətyanı sahəsinə axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. O yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməməyi ilə bağlı ərizə yazdıqdan sonra öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə çətənə bitkilərini becərməsini etiraf etmiş və onlarla birlikdə yaşadığı evin həyətinə gəlib həyətdə yerləşən iki mərtəbən ibarət, üstü açıq, 5 otaqdan ibarət yarımtikilinin içərisində becərdiyi 5 ədəd çətənə bitkilərini göstərmişdir. Polis əməkdaşları həmin çətənə bitkilərini dəvət olunmuş aqranomun iştirakı ilə videoçəkiliş aparmaqla torpaqdan çıxartmışlar. Bundan başqa becərdiyi çətənə bitkilərinin yarpaqlarından qurutduğu həmin yarımtikilinin 12 kv metr sahədən ibarət otağında plastik qabın altında gizlətdiyi bir ədəd polietilen torbanın içərisində olan bitki kütləsini də polis əməkdaşlarına təqdim etmişdir. Həmin çətənə bitkiləri və bitki kütləsi onun iştirakı ilə qablaşdırılaraq möhürlənməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən dəvət olunmuş aqranomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi, oradan becərilmiş çətənə bitkilərinin və həmin bitkilərin yarpaqlarından qurutduğu bitki kütləsinin aşkar olunub götürülməsinə dair protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Narkotik tərkibli çətənə bitkilərini becərməkdə, onların yarpaqlarını qurutmaqda məqsədi şəxsi istifadəsi ilə bağlı olmuşdur. O həmin narkotik vasitəni özü qəbul edəcəkdir. Həmin narkotik vasitəni kiməsə satmaq, pay vermək fikri olmamışdır. Əməlindən səmimi peşmandır, yaşını peşmançılığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə çətənə bitkisini əkib becərməsi və yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün idarə rəisinin adına 17 iyul 2023-cü il tarixdə raport yazmışdır, idarə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə çətənə bitkisini əkib becərməsi, yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 17 iyul 2023-cü il tarixdə qərar verilməklə idarə əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında idarənin əməkdaşı Şahid2 ilə birlikdə 17 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın yaxınlığına gələrək mövqe seçib müşahidəyə başlamışlar. Həmin gün saat 19 radələrində qeyd olunan ünvanda yerləşən evin qarşısına bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin çıxdığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin də özünü təqdim etməsindən məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkisini əkib becərməsi və yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə PŞ-nə məlumat daxil olduğunu bildirib Təqsirləndirilən şəxs PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə Təqsirləndirilən şəxs vəkilin üzərinə şəxsi axtarışın keçirilməsində iştirak etməsindən imtina etmiş və bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olmayan əşyaların olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübut müəyyən olunub götürülməmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə yaşadığı evdə axtarış keçiriləcəyi barədə izah edildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan yaşadığı ünvanda axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahəsində narkotik vasitə çətənə bitkisi əkib becərməkdə, yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğundan yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirdikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin yaxınlığında yerləşən həyətyanı sahədə qanunsuz olaraq narkotik vasitə çətənə bitkisinin əkib becərməsi ilə məşğul olur. Hazırda həyətyanı sahədə yerləşən yarımtikilidə özünün qəbul etməsi məqsədi ilə çətənə bitkisini əkib becərmiş və özü də qulluq etmişdir. Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs yaşayış evinin yaxınlığında yerləşən həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilməsi təklif olunduqda o buna razılıq verib bu barədə ərizə yazdıqdan sonra onun yaşadığı evin həyətindəki həyətyanı sahəsinə daxil olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində və yaşadığı evdə baxış, axtarış və götürmə aparılması barədə qərarla tanış edib yaşadığı ünvanda və həyətyanı sahədə qanunla dövriyyəsi qadağan edilmiş əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən tikintisi tam başa çatmamış, iki mərtəbədən ibarət, üstü açıq, 5 otaqdan ibarət yarımtikilinin birinci mərtəbəsinin 12 kv metr sahədən ibarət otağı göstərib bildirmişdir ki, həmin otaq sahəsində çətənə bitkilərini qulluq edərək suvarmışdır ki, həmin çətənə bitkilərinin yarpaqlarını gələcəkdə qurudaraq özü üçün istifadə edib qəbul edəcəkdir. Həmin günü dəvət olunmuş mütəxəssis aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs etirazı olmadan həyətyanı sahəsinə baxış keçirilmişdir. Mütəxəssis aqranomun iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən yaşayış evinin həyətyanı sahəsində iki mərtəbədən ibarət, üstü açıq, 5 otaqdan ibarət yarımtikilinin birinci mərtəbəsinin 12 kv metr sahədən ibarət otağında həqiqətən də 180-200 sm hündürlüyündə 05 ədəd torpaq üzərində əkilmiş, xüsusi qaydada qulluq edilmiş çətənə bitkilərinin olması aşkar olunmuşdur. Həmin bitkilərin yetişdirildiyi yerə baxan mütəxəssis çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunduğunu, alaq otlarından təmizləndiyini, suvarıldığını və diblərinin götürüldüyünü bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün tərəflərindən polietilen torbalara yığılaraq möhürlənmiş və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o həmin çətənə bitkilərinin gələcəkdə yarpaqlarını qurudaraq özü üçün qəbul edəcəkdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin otağın küncündə plastik qabın altında bir ədəd polietilen torbanın içərisindən bitki kütləsini göstərib bildirmişdir ki, həmin bitki kütləsini öz istifadəsi üçün əkdiyi çətənə bitkilərinin yarpaqlarını qurudaraq əldə edib saxlamışdır. Bundan sonra baxış zamanı hər hansı bir qanunsuz əşya və bitki aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən iki mərtəbədən ibarət, üstü açıq, 5 otaqdan ibarət yarımtikilinin otağından 05 ədəd torpaq üzərində əkilmiş, xüsusi qaydada qulluq edilmiş çətənə bitkilərinin və həmin çətənə bitkilərinin yarpaqlarından qurudaraq əldə etmiş olduğu narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsinə dair protokol tərtib olunmuş və tərtib olunmuş protokola tədbir iştirakçıları o cümlədən Təqsirləndirilən şəxs özü də etiraz etmədən imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.102-105); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.17); şəxsi axtarış və götürmə haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübt əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir əşya və ya predmetin olmadığını bildirmişdir. Əlavə suallara cavab olaraq narkotik vasitə olan nəşə istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxsə ona məxsus fərdi evin həyətində qanunsuz olaraq tərkibində narkotik vasitələr olan çətənə bitkilərini əkib-becərməsi barədə məlumatın daxil olması bildirilmiş, o isə cavab olaraq həmin bitkilərin və ot kütləsinin yaşadığı evin həyətində olan yarıtikildə olmasını qeyd etmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində qanunla əldə edilməsi, sxlanılması və daşınması qdağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.30-31); fərdi evin həyətyanı sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini həyətyanı sahəsinin hansı hissəsində əkib-becərdiyi könüllü surətdə göstərməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini fərdi evinin həyətyanı sahəsində olan iki mərtəbədən ibarət üstü açıq, 5 otaqdan ibarət yarımtikilinin içərisində əkib-becərdiyini bildirərək həmin yeri göstərmiş, sahəsi təxminən 12 kv metr olan otaqların birində plastik qabın altında bir ədəd polietilen torbanın içərisində yaşıl rəngli spesifik iyə malik olan ot kütləsi aşkar edilmişdir. Həmçinin alim-aqronom mütəxəssisin iştirakı ilə həmin yerə baxış keçirilən zaman əkilməsi və becərilməsi qadağan olunan 180-200 sm hündürlüyündə 5 ədəd bitki kolları aşkar edilmiş həmin narkotik tərkibli çətənə bitkiləri aqrotexniki qulluq edildiyini bildirmişdir.Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bitkiləri istifadə üçün əkdiyini və ot kütləsi istifadə üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş çətənə bitkiləri kökllərı və polietilən torbada olan ot kütləsi Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Hadisə yerinə baxış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.37-38); 17 iyul 2023-cü il tarixli aqronomiki rəydən görünür ki, həyətyanı sahəyə daxil olanda ikimərtəbəli üstüaçıq tikilinin birinci mərtəbəsində təxminən 12 kvadrat metr sahəsi olan otağı içərisində əkilməsi və becərilməsi qadağan olunan 180-200 sm hündürlükdə 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmışdır (i.v.39); məhkəmə-bioloji ekspertizasının 18 iyul 2023-cü il tarixli 3-16-16/2-7/1033 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs həytyanı sahəsindən aşkar edilərək götürülmüş ot kütləsi” yazılar və imzalar olan polietilen torbada təmiz çəkisi -24,619 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs həytyanı sahəsindən aşkar edilərək götürülmüş 5 ədəd kol” yazılar və imzalar olan 1 ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 5 (beş) ədəd, ümumi çəkisi 2100,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qullaq göstərilmişdir (i.v.46-49); baxış keçirilməsi barədə 19 iyul 2023-cü il tarixli protokoldan görüünr ki, fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi geyimində bir nəfər şəxs və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 12-ci PŞ-nin təhqiqatçısı Bəhram Bəhramov kimi təqdim edir və Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən narkotik bitkiləri əkib becərməsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evinin yaxınlığında saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə 17 iyul 2023-cü il tarixdə baxış keçirilməsini bildirir. Bundan sonra baxışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ-nin CAŞnin rəis müavini Şahid1, RPİ- nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2, mətəxəssis aqranom X1 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində və yaşadığı evdə axtarış və götürmə aparılması barədə qərarla tanış edib yaşadığı ünvanda və həyətyanı sahədə qanunla dövriyyəsi qadağan edilmiş əşya olduğu halda təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən tikintisi tam başa çatmamış, iki mərtəbədən ibarət, üstü açıq, 5 otaqdan ibarət yarımtikilinin birinci mərtəbəsinin 12 kv metr sahədən ibarət otaqda torpaq üzərində 5 ədəd çətənə bitkisi becərməsini göstərib bildirir ki, həmin çətənə bitkilərini özünün gələcəkdə qurudaraq qəbul etməsi üçün becərmişdir. Dəvət olunmuş mütəxəssis aqranomun iştirakı ilə həmin sahəyə baxış keçirilir. Mütəxəssis aqranomun iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı yaşayış evinin həyətyanı sahəsində torpaq üzərində əkilmiş və xüsusi qaydada qulluq edilmiş 5 ədəd çətənə bitkilərinin olması aşkar olunur. Bundan sonra həmin çətənə bitkiləri aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etmək məqsədi ilə mütəxəssis aqranomun iştirakı ilə sahəyə baxış zamanı mütəxəssis aqronom çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunduğunu, alaq otlarından təmizləndiyini, suvarıldığını və diblərinin götürüldüyünü bildirir. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün çətənə bitkiləri polietilen torbalara yığılaraq möhürlənir və götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, o həmin çətənə bitkilərinin gələcəkdə yarpaqlarını qurudaraq özü üçün qəbul edəcəkdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin otağın küncündə plastik qabın altında bir ədəd polietilen torbanın içərisindən bitki kütləsini göstərib bildirir ki, həmin bitki kütləsini öz istifadəsi üçün əkdiyi çətənə bitkilərinin yarpaqlarını qurudaraq əldə edib saxlamışdır. Baxış zamanı başqa qanunsuz əşya və predmet aşkar edilmir. Təhqiqatçı həmin çətənə bitkilərinin qablaşdırmaq üçün bağlamaların üzərində qeydlər edir, iştirak edənlər bağlamanın üzərini imzalayır və bağlamalar qablaşdırılmaqla möhürlənir. Baxış keçirilmiş disk zərfə qoyulmaqla qablaşdırılır və möhürlənir (i.v.62-63); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 85-88); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, qərar ona xx.xx.2023-cü il tarixdə saat 12:50də elan edilmişdir (i.v.89-90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.98); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 5175 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserndə qeydiyyata alınması məsləhət görülür (i.v.99-100); sübutların qiymətləndirilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi təmiz çəkisi 2100,0 qram olan 5 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və həmin bitkilərin yarpaqlarından qurudaraq əldə etdiyi 24,619 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmaqla (ekspertiza tədqiqatından sonra qalıq 2099,75 qram 5 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 24,599 qram narkotik vasitə qurudulmuş marixuana) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı shəsində əkib yetişdirməklə kultivasiya etdiyi 5 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin və həmin bitkilərin yarpaqlarından qurudaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsinə dair baxış keçirilməsi görüntülərini əks etdirən 01 ədə DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v.107-115); əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilmiş 05 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (i.v.117-118); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 24,619 qram olan narkotik vasitə – qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər» adlı İİİ siyahının 1.2-ci qrafasına əsasən 5 ədəd çətənə kolu xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tarkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237-ci maddələri ilə təqsirli bilinməlii, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.2),ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik təbiətli çətənə (kaannabis) bitkiləri və narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03(üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 03(üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2099,75 qram 5 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 24,599 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar