Məhkəmə qərarları › İş №1(008)-96/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-96/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-96/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük sovxozu, nömrəsiz yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,132 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 06 iyul 2023cü il tarixdə, saat 13.45 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozu, nömrəsiz yaşayış evin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir bükümdə təmiz çəkisi 5,132 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rrayon Məhkəməsinin 30 sentyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, narkotik vasitələrdən bir neçə müddətdir ki, istifadə edir və istifadə etdiyi narkotik vasitələri Bak şəhəri ərazisində tanımadığı şəxslərdən alır. 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 50 manat müqabilində bir büküm marixuana alaraq istifadə etmək üçün üzərində daşımışdır. 06 iyul 2023-cü il tarixdə, saat 13:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ərazisində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığı onu Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis bölməsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarını sol yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə marixuana olduğunu, həmin psixotrop maddəni 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunan narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsi daşıyır. 06 iyul 2023-cü il tarixdə, saat 13.45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ərazisində Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə Polis bölməsinə getmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 14-cü PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarını sol yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə marixuana olduğunu, həmin psixotrop maddəni 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 4-cü vərəqəsində olan 06 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqəsində olan 06 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarını sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 31-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-7/968 nömrəli, 06 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 5,132 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 5.082 qramdır. Cinayət işinin 58-59-cu vərəqələrində olan 08 iyul 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Səmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 60-61-ci vərəqələrində olan 08 iyul 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan İ-34518 nömrəli Azərbaycan Respublikası Medalı Vəsiqəsindən görünür ki, X4 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinin 70-71-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 18 iyul 2023-cü il tarixli, 4551 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yararan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 79-80-ci vərəqəsində olan 12 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5.082 qram narkotik vasitə marixuana məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 67-68-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 iyul 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rrayon Məhkəməsinin 30 sentyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, övladının Vətən Müharibəsi iştirakçısı olmasını, özünün ikinci dərəcəli əli olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmamalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 5.082 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 5.082 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar