Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-966/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və nümayəndəsi Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili X1, Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X4 AR CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “Hürriyyət” qəzetinin, “Hurriyyet.org” saytının və “Hurriyyet TV”-nin baş redaktoru, ünvan 1 ünvanında yaşayan X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini törətmişdir. Belə ki, Vüqar Məmmədov yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları kütləvi çıxışlarda bəyan edərək kütləvi nümayiş etdirib və kütləvi informasiya vasitələrində yaymışdır. Vüqar Məmmədov “TikTok” və digər sosial media platformalarında “hurriyyet tv” profili ilə qeydiyyatdan keçərək həmin sosial şəbəkədə, eyni zamanda, “hurriyyet tv” youtube kanalında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən, yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə yaymış, onun, habelə ailəmin şərəf və ləyaqətini qəsdən nalayiq formada alçaltmış, onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə qəsdən böhtan atmışdır. Halbuki 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkib hissələri;Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma: Vüqar Məmmədov “TikTok” və digər sosial media platformaları vasitəsi ilə çəkdiyi videolarda qeyri-etik, onun şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan bu ifadələri işlətmişdir: “Paylaşın xahiş edirəm, mən burada nağıl danışmıram. Dünəndən mənim həyatım təhlükədədir. Dünən axşamdan məni axtarırlar, yerini de gəlirik. Deməli, 2011-ci il 11 iyunda toplantı keçirəndən sonra Whatsapp qrupunda dedilər ki, o toplantı düzgün keçirilməyib, ona görə də torpaq filankəsin afiına verilməlidi, indi də bələdiyyədən başqa şəxsin adına keçdi. Əsas məsələ odur ki, bu torpaq kənd camaatının iradəsini ifadə edən Səxavət Məmmədovun əlindən çıxarılsın. Əsas məqsəd budur. Kəramət Məmmədov hər dəfə camaatı qurumlardan birinin rəhbərinin adı ilə təhdid edir: mən filankəsə tapşıraram, Vüqarı tutarlar və s.Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma:Bu cür X2 birinin rəhbəri haqqında boş-boş danışırdı ki, tapşıracam, Vüqarı tutacaqlar. Sonra kənd camaatı Səxavət Məmmədovun arxasında olduğundan və tutdurmaq işi alınmadığından, ölümlə şantaj etməyə, təhdid etməyə keçdilər. Təxmini 3 gün bundan qabaq bu məsələnin arxasında duran adamın Siyavuş Novruzov olduğu aşkara çıxdı. O, Azərbaycan Respublikası parlamentinin deputatı, 5-ci kolonun ən aktiv iştirakçılarındandır. Sinif yoldaşım olduğu üçün bugünədək onun haqqında heçnə deməmişəm. Amma bugün artıq onun maskası düşdüyündən mən bunu açıqlamağa məcburdur. Sən demə bu işin arxasında Siyavuş Novruzov durub. Hətta məndə olan məlumatlara görə kimlərinsə əlavə sifarişləri verilib. Siyavuş Novruzovun kimlərlə bağlı Kəramət Məmmədova sifariş verdiyi ilə bağlı açıqlama verəcəm. Verilən sifariş qorxudan yerinə yetirilməyibdir. ”“Ona görə də X2 xahiş edirəm, bu adamı çəksinlər, qulağını bursunlar.Bunun pulu qudurdub bunu, milyonlarla vəsaiti var, restoran şəbəkəsi var, avtosalonları var, zəbt olunmuş hektarlarla torpaqları var. Xahiş edirəm X2, çəksinlər bunu, oturtsunlar yerinə. X8 oturda bilməyəcəksə, bir daha təkrar edirəm, Allah özümüzə versin, oğlanlarıma versin, qardaşıma versin və qohumlarıma versin. Hər halda istər Siyavuşun, istər Kəramətin ailəsindən mənlə bərabər kimsə qəbirstanlıqda dəfn olunacaqdır. Bunu da mən Sizə deyirəm! ”Diqqətinizə çatdırmaq istəyirəm ki, Vüqar Məmmədov tərəfindən deyilən bu ifadələrin hamısı yalandır, heç biri həqiqəti əks etdirmir və onun şəxsiyyətimə, şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə gətirir. Belə ki, Vüqar Məmmədov sadəcə onun barəsində ümumi xarakterli qeyri-etik ifadələr işlətməmiş, eyni zamanda onu əsassız olaraq ittiham etmişdir. Bu faktların hamısı yalan olduğundan sadəcə bu cür videolar çəkərək insanlarda, cəmiyyətdə mənə qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır. Bununla mənə həm maddi, həm mənəvi ziyan vurmuşdur. Yuxarıda qeyd olunan heç bir əsası olmayan və sübut edilməyən bu ifadələr tamamilə yalandır və böhtan xarakteri daşıyır. Bu arqumentlərin əksi məhkəmə baxışı zamanı lazımi sənədlər və sübutlarla təsdiq olunacaqdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 və onun nümayəndəsi Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili X5 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X7 “Hürriyyət” qəzetinin hüquqi ünvanının Bakı şəhəri, Nərimanov rayonunda yerləşdiyini qeyd edərək X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkmə iclasıbda iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi məhkəməyə müraciət edərək X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.1-ci maddəsinin tələblərinə riayət etməyərək şikayət ərizəsində özünün məşğuliyyət növünü və vəzifəsini göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bununla yanaşı, şikayət ərizəsində onun tərtib edildiyi tarix və yer göstərilməli olduğu halda göstərilməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət ərizəsində X4 AR CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, hansı əməllərinə görə AR CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını göstərilsə də, hansı əməlinə görə AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması göstərilməmişdir ki, bu da şəxsə qarşı irəli sürülmüş ittihamın aydın olmamasına və onun əməllərinə ayrı-ayrılıqda qiymət verilməməsinə dəlalət edir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə iclasında barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X7 “Hürriyyət” qəzetinin hüquqi ünvanının Bakı şəhəri, Nərimanov rayonunda yerləşdiyini, “Hüriyyət TV”-nin də qəzetin hüquqi ünvanında fəaliyyət göstərdiyini qeyd edərək X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, “Hürriyyət” qəzetinin hüquqi ünvanı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində yerləşsə də, xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən məlumatlar həmin qəzetdə deyil, “Youtube” sosial şəbəkəsində qeydiyyat keçmiş “Hüriyyət TV” kanalında yayımladığından və “Youtube” sosial şəbəkəsinin hüquqi ünvanı Azərbaycan Respublikasında yerləşmədiyindən, X7 isə Bakı şəhəri Sabunçu rayonu ərazisində qeydiyyatda olduğundan xüsusi ittiham qaydasında şikayət düzgün olaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə verilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlilərni törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-966/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-966/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver