Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-98/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Günel Məmmədovanın sədrliyi, məhkəmə iclasının katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Kiçik Qaladərəsi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 11 yanvar 2023-cü il tarixdən hesablanmaqla 15 may 2012-ci il təvəllüdlü X1, 28 yanvar 2014-cü il təvəllüdlü X2 və 12 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması ilə əlaqədar hər ay, hər uşağa görə 200,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 iyun 2023-cü il tarixli, 2(008)-1726/2023 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 3(008)-4489/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə və həmin məhkəmənin 07 dekabr 2023-cü il tarixli, 3(008)- 7477/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-1 -ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 24 iyul 2024-cü tarixədək 7730,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri digəri ilə uzlaşan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, məhkəmə prosesində artıq boşanmış olduqlarını anladıqdan sonra özündə olmamış və bu səbəbdən yanvar ayının alimentini ödəyə bilməmişdir. Şuşa rayon İcra idarəsindən ona aliment borcu ilə əlaqədar zəng gəldiyi zaman daha yeni boşanmış olmasına baxmayaraq onun borcunun 4500-4600 manat məbləğində olması ona məlum olmuşdur. Uşaqları üçün etmiş olduğu ödənişlərin mövcudluğunu zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs əvvəllər təsdiq etmiş olsa da, halhazırki vaxtda onların mövcudluğuna etiraz etmişdir. O 15-20-50 manat şəklində nağd formada ödənişləri gündəlik olaraq, bəzən isə bir gündə 380 manat ödəmişdir. Bundan başqa sentyabr ayında uşaqlarına məktəb üçün bazarlıq etmiş, onların məktəb ləvazimatlarına 300 manat xərc çəkmişdir və həmin xərcləri təsdiqləyəcək çekləri də iş materiallarına əlavə etmişdir. Həmçinin uşaqlarını mağazaya apararaq onlar üçün 215 manat xərc çəkmiş, həmçinin müəyyən aylar üçün evin kirayə ödənişini, aylıq internet ödənişini ödəmişdir. Bütün bu dedikləri ilə uşaqlarını unutmadığını, onların üzərindən əlini çəkmədiyini və çəkməyəcəyini, əgər 7 min manat borcu ödəmək imkanı varsa dərhal ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, təqsirləndirilən şəxs olan keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxslə birgə nikahdan 3 uşaqları olmuşdur. İlk olaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1726/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun yanında qalması müəyyən edilmiş və hər uşaq üçün 200 manat, ümumilikdə isə 600 manat məbləğində onlar yetkinlik yaşına çatanadək aliment borcu müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs aliment borcunu ödəyə biləcəyi halda ödəməmiş və ona ödəməyəcəyini bildirmişdir. Yalnızca iki ay bir dəfə 800 manat, bir dəfə isə 600 manat olmaqla ödəmişdir. Nəyə görə bu şəkildə ödənişlər etməsinin səbəbini soruşmuş, ancaq təqsirləndirilən şəxs “Sultan Servis”də işləməyinə baxmayaraq işləmədiyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4489/2023 saylı qərarına əsasən aliment borcunu ödəmədiyi üçün 500 manat məbləğində cərimə edilmiş, daha sonra həmin məhkəmədə 3(008)-7477/2023 saylı qərarı ilə 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işi məhkəməyə daxil olanadək 3062 manat məbləğində borcu olmuş, ondan sonra müəyyən məbləğdə ödənişlər etmiş və son olaraq 2468 manat borcu qalmışdır. Hal-hazırda aliment borcu tam ödənilmədiyindən və şəxsin bu ittiham aktı üzrə olan borcundan başqa da aliment borcu olduğundan Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon İcra şöbəsində böyük icra məmuru vəzifəsində xidmət edən Şahid2 ilə qarşı otaqlarda fəaliyyət göstərmişlər. Təqsirləndirilən şəxs icra şöbəsinə davamlı olaraq gedib-gəldiyi zaman onu görmüş və icra məmuru Şahid2la olan danışıqlarını eşitmişdir. İyul ayı üçün təqsirləndirilən şəxsin 7 min manatdan artıq borcu olmuş və bildiklərinə əsasən həmin borcdan ödəniş etməmişdir. Həmin şəxs barəsində icra tədbirləri görülmüş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, şəxsə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş və barəsində məcburetmə tədbirləri tətbiq edilmişdir. Şəxsin aliment borcunu ödəməməsini, onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi kimi anlaşılmalı olduğunu qeyd edərək, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan aliment borcu ilə bağlı icra işi olmuşdur. Həmin icra vərəqəsində üç uşağın saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 600 manat aliment ödənilməsi qeyd olunmuş, ona aylıq olaraq ödəməli olduğu aliment borcunun 600 olmasına baxmayaraq 700 manat ödəməsini bildirmişdir. 11 yanvar 2023-cü il tarixdən Şuşa icra idarəsindən gələn icra vərəqəsi əsasında aliment ödənişləri həyata keçirməli olduğu halda həmin ödənişləri həyata keçirməmişdir. İş icraatında olan zaman Təqsirləndirilən şəxs dəfələrlə dəvət etmiş və ona aliment borcunu ödəməsi ilə bağlı xəbərdar etmişdir. Bunlara baxmayaraq o, aliment borcunu tam məbləğdə ödəməmiş, yalnız müəyyən ödənişləri həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək, məhkəməyə verilmiş, həmin dövrdə 500 manat məbləğində cərimələnmişdir. Daha sonra aliment borcunu ödəməsi ilə bağlı yenidən xəbərdar etmiş olsa da, Zərərçəkmiş şəxs aliment borcunun ödənilməməsi ilə bağlı təkrarən icra şöbəsinə müraciət etmişdir. Bundan sonra şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə iş məhkəməyə təqdim olunan vaxtı 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonrasında mütəmadi olaraq ödənişlər həyata keçirərək 24 iyul tarixinədək 7730 manat borcundan ümumilikdə 3070 manat ödəniş həyata keçirmişdir. Öncəki həftə zərəçəkmiş şəxslə danışmış və ona işin artıq məhkəməyə verildiyini bildirmişdir. Əvvəl aliment borcu 7730 manat təşkil etmiş, daha sonra 5-6 ay ərzində aliment borcu 10 min manatı ötmüşdür. Hazırda isə ödənişlərlə bağlı özündə hər hansısa bir sübut yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)- 1726/2023 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 02 iyul 2011-ci il tarixli, 435 saylı akt qeydinə əsasən bağlanmış nikah pozulmuş, 15 may 2012-ci il təvəllüdlü X4, 28 yanvar 2014-cü il təvəllüdlü X5 və 12 mart 2015-ci il təvəllüdlü X6 anaları Zərərçəkmiş şəxs yanında qalmaları, tərbiyə edilmələri və onların saxlanılmaları üçün 11 yanvar 2011-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat alimentin tutularaq Zərərçəkmiş şəxsə ödənilməsi qət edilmişdir (i.v.10-15). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, 2(008)-1726/2023 saylı icra vərəqəsindən görünür ki, icra vərəqəsi 07 iyun 2023-cü il tarixdə verilmişdir (i.v.16-17). “İcraata başlamaq haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, 2(008)- 1726/2023 saylı icra vərəqəsi ilə bağlı iş üzrə icraata başlanılmışdır (i.v 22). “Tələbin könüllü icrası haqqında” 03 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixli, 2(008)-1726/2023 saylı icra vərəqəsində göstərilən tələbi dərhal könüllü icra etməsi, əks təqdirdə baş verə biləcək nəticələr barədə məlumat göndərilmişdir(i.v.23). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 3(008)- 4489/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v.31-35). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 8(008)- 727/2023 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.53-55). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 3(008)- 7477/2023 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1- 1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir (i.v.45-49). “Cinayət məsuliyyətinə cəlb olunması haqqında” 21 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir (i.v.61). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə iki dəfə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə, elə də cinayət işi məhkəmənin icraatında olduğu müddətdə borc məbləğinin ödənilməsi üçün kifayət qədər zaman verilərək şərait yaradılmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri tam şəkildə yerinə yetirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs iş materiallarında olan 01 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, o, maddi imkanı yüksək olmadığına görə aliment borcunu ödəməmişdir. (i.v.145-148). Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəfələrlə sənə aliment ödəməyəcəm dediyini bildirmiş, bunun səbəbinin isə təqsirləndirilən şəxsin boşanmalarını qəbul etməməsi və onu maddi cəhətdən sıxmaqla yenidən barışmağa məcbur etmək istəməsi olduğunu bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin daha öncə ona avtomobil şəkli göndərərək, barışacaqları təqdirdə ona o avtomobili lizinqlə ala biləcəyini dediyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq təqsirləndirilən şəxs indi də zərərçəkmiş şəxsin onunla barışacağı təqdirdə lizinqlə avtomobil ala biləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin onunla barışması şərti ilə avtomobil ala biləcəyini bildirməsi, eləcə də istintaq zamanı və iş məhkəmənin icraatında olduğu müddətdə aliment borcunun yarısından çox hissəsinin ödənilməsi onun məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmasının bariz nümunəsidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs maddi imkanının olmaması özü-özlüyündə dövlət adından çıxarılmış və icrası məcburi olan məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq üçün əsas olmamaqla onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(008)-1726/2023 saylı qətnaməsindən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququ barədə məlumatı olmasına baxmayaraq bu hüququndan istifadə etməmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 12/ƏN-224 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.100). “Qətimkan tədbiri seçmək haqqında” 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.142-143). Məhkəmə baxışı zamanı təqdim edilmiş qəbzlərin surətindən, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ittiham aktı üzrə ödənilməli olan aliment borc məbləğindən 2468 manat ödənilməmiş borc məbləği qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), vurulmuş ziyanı qismən, yarıdan çox hissəsini ödəməsini (AR CM 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanını axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-98/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-98/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver