Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-980/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,379 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi “Akkord” binalarının qarşısınadək daşımış, 21 iyul 2023-cü il tarixdə saat 05:30 radələrində özünü şübhəli apardığına görə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Bakı şəhəri Sabunçu RPİnin 13-cü polis şöbəsinə aparılmış, polis şöbəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağıza bükülmüş təmiz çəkisi 0,379 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “Toyota-Pirius” markalı minik avtomobili ilə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 21 iyul 2023-cü il tarixdə, saat 05:30 radələrində o, Bakıxanov qəsəbəsində yaşayan əvvəllər bir neçə dəfə taksi ilə apardığı X2 onu taksi sürücüsü kimi çağırmış və avtomobilə əyləşmişdir. Veronika avtomobildə olarkən kiminləsə telefonda yazışmış və ona demişdir ki, gözləsin dəqiqləşdirib hara getməli olduğunu ona deyəcəkdir. O, avtomobili saxlayaraq Veronikadan cavab gözləyən zaman 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onlara avtomobildən enmələrini bildirmişlər. Onlar avtomobildən enmişlər, polis əməkdaşları ilk öncə avtomobilə baxış keçirmişlər, lakin avtomobildən hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Ondan sonra onlar Veronika Şıxəliyevanın üzərinə baxış keçirən zaman üzərində narkotik vasitə aşkar etmişlər, bundan sonra isə onun üzərinə baxış keçirmişlər, lakin heç nə aşkar etməmişlər. Polis əməkdaşları onların hər ikisini post-patrul avtomobilinə əyləşdirərək polis bölməsinə aparmışlar. Həmin polis əməkdaşlarından biri isə onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobili idarə edərək bölmənin həyətinə gətirmişdir. Bölmədə ona bir büküm təqdim edilərək videoçəkiliş zamanı həmin bükümü avtomobilində yerdən tapmasını, əvvəllər psixotrop maddə istifadə etməsini bildirməli olması deyilmiş, o, etiraz etdikdə avtomobilinin cərimə meydançasına aparılması ilə təhdid edilmişdir. Onun yeganə qazancı taksi fəaliyyətindən gəldiyindən o, avtomobilinin cərimə meydançasına aparılmasından çəkinərək polis əməkdaşlarının dediyini etməyə razılaşmışdır. Bundan sonra o, üzərinə şəxsi axtarış və baxış keçirilən zaman cibindən həmin bükümü çıxararaq bükümü avtomobilində yerdən tapdığını, bükümün içərisində psixotrop maddə olduğunu bildiyini, özünün də əvvəllər psixotrop maddə istifadə etdiyini bildirmişdir. Lakin işin əsli belə olmamış, onun nə üzərindən, nə də avtomobilindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. O, avtomobilin cərimə meydançasına aparılmaması üçün polis əməkdaşlarının dediyini etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, dəqiq tarix yadında deyil, lakin yay aylarından birində o, Sabunçu rayonu Bakıxanov qəsəbəsində polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə xidmətdə olmuşlar. Həmin vaxt onlar Yavər Əliyev küçəsində “Akkord binaları”nın yanında bir nəfər kişi cinsli və bir nəfər qadın cinsli şəxsin olduğunu görüb həmin şəxslərə yaxınlaşmışlar. Onlar həmin şəxslərdən harada yaşadıqlarını soruşmuşlar. Həmin şəxslər harada yaşadıqlarını deməmiş, özlərini şübhəli aparıb onlardan yayınmağa çalışmışlar. Onlar həmin şəxslərin narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu görüb, üzərlərində belə maddələrdən olmasının yoxlanılması üçün həmin şəxsləri 13-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində yoxlama zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs və X1 müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs və Veronika Şıxəliyevəm polis şöbəsinə aparmaqları ilə bağlı raport yazmışlar. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid3 iştirak etmişdir. Şahid2 isə “Sony” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. X4 Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya və predmet olduğu halda təqdim etməsini təklif etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağız büküm və sol yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsi çıxarıb masanın üzərinə qoymuşdur. X4 Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümü açmış, içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs maddənin metamfetamin olduğunu, həmin metamfetamini tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən hər hansı bir başqa maddə, əşya aşkar edilməmişdir. Bundan sonra X4 tərəfindən içərisində metamfetaminə bənzər maddənin olduğu bir ədəd selofan bükümü ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara Şahid1 Təqsirləndirilən şəxs yanındakı qızla saxlanıldığı zaman həmin yerdə olan Orxanın avtomobilinə üzdən vizual baxış keçirdiklərini, səhv etmirsə avtomobildən falqa aşkar olunduğunu, Veronika adlı şəxsin üzərindən bölmədə hər hansı qanunsuz əşya və ya predmetin aşkar olunmadığını, nə Orxanın, nə də Veronikanın üzərinə bölməyə gətirilənədək baxış keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Orxanın saxlanıldığı yerdə olan avtomobilinə baxış keçirilmədiyini, bölmədə Veronika Şıxəliyevanın üzərinə baxış keçirilən zaman onun üzərindən heç nə aşkar edilmədiyini, Təqsirləndirilən şəxs cibindən isə bir bükümün aşkar olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində bildirmişdir ki, 21 iyul 2023-cü il tarixdə, saat 05:30 radələrində o, Sabunçu rayonu Bakıxanov qəsəbəsində polis nəfərləri Şahid1 və Şahid2 ilə birlikdə xidmətdə olmuşlar. Həmin vaxt onlar Yavər Əliyev küçəsində “Akkord binaları”nın yanında biri kişi və biri qadın olmaqla iki nəfər şəxsin olduğunu görüb həmin şəxslərə yaxınlaşmışlar. Onlar həmin şəxslərdən harada yaşadıqlarını və kimi gözlədiklərini soruşmuşlar. Həmin şəxslər harada yaşadıqlarını deməmiş, özlərini şübhəli aparıb onlardan yayınmağa çalışmışlar. Onlar həmin şəxslərin narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu görüb, üzərlərində belə maddələrdən olmasının yoxlanılması üçün həmin şəxsləri 13-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində yoxlama zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs və X1 müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs və Veronika Şıxəliyevəm polis şöbəsinə aparmaqları ilə bağlı raport yazmışlar. X4 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid1 iştirak etmişlər. Şahid2 “Sony” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. X4 Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya və predmet olduğu halda təqdim etməsini təklif etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağız büküm və sol yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsi çıxarıb masanın üzərinə qoymuşdur. X4 Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümü açmış, içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs maddənin metamfetamin olduğunu, əvvəllər metamfetamin istifadə etdiyini, həmin metamfetamini işlədiyi taksi avtomobilindən tapdığını və götürüb üzərində saxladığını bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən hər hansı bir başqa maddə, əşya aşkar edilməmişdir. Bundan sonra X4 tərəfindən içərisində metamfetaminə bənzər maddənin olduğu bir ədəd selofan bükümü ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirmədiklərini, Şahid1 çox güman ki, hazırki işi başqa işlə qarışdararaq avtomobilə vizual baxış keçirdiklərini bildirdiyini, Orxanla yanındakı qadını saxlayan zaman onların avtomobildə olmadıqlarını, onların hər birinin hər gün başqabaşqa şəxsləri saxladığını və bu səbəbdən bəzən hadisələri qarışdırmalarının, nəyisə dəqiq xatırlamamalarının mümkün olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağız büküm və sol yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsi çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X4 Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümü açmış, içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs maddənin metamfetamin olduğunu, əvvəllər metamfetamin istifadə etdiyini, həmin metamfetamini işlədiyi taksi avtomobilindən tapdığını və götürüb üzərində saxladığını bildirmişdir. Polis nəfəri Şahid1 Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən hər hansı bir başqa maddə, əşya aşkar edilməmişdir. X4 içərisində metamfetaminə bənzər maddənin olduğu bir ədəd bükümü ağ rəngli bir ədəd kağız zərfə qoymuş, möhürləmiş, iştirakçılar zərfin üzərini imzalamışlar (i.v. 25-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 21 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3942 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zəiflər üçün №160” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 61-65). “Əşyanın maddi sübut kimi tanınması haqqında” 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,379 qram çəkidə psixotrop maddə metamfetamin işi üzrə maddi sübut kimi tanınmış, həmin metamfetaminin tədqiqatdan sonra 0,329 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (i.v.72-73). Məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 6547 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.133-134). “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, üzərinə şəxsi axtraış və götürmənin keçirilməsini əks etdirən DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.136-146). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı psixotrop maddənin olmadığını, ona psixoloji təzyiqlər göstərildiyindən və taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilin cərimə meydançasına aparılması ilə hədələndiyindən etirafedici ifadələrə imza etdiyini, narkotik vasitələrin istifadəçisi olmadığını, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmiş, onun avtomobilinin cərimə meydançasına aparlması ilə polis əməkdaşları tərəfindən hədələnməsi səbəbindən özünü cinayətdə təqsirli bildiyini göstərməsinə dair dəlili isə absurd olmaqla məntiqli və inandırıcı deyil. Məlumdur ki, avtomobilin cərimə meydançasına aparılması şəxsin avtomobilindən məhrum olması nəticələnməməklə həmin avtomobilin müəyyən cəriməni ödəməklə cərimə meydançasından götürülərək idarə edilməsi maneə deyil və bu hal avtomobil idarə edən, xüsusilə də taksi fəaliyyəti ilə məşğul olan hər bir sürücüyə məlumdur. Belə olan halda avtomobilin cərimə meydançasına aparılması hədəsi nəticəsində şəxsin törətmədiyi cinayət əməlini üzərinə götürməsi, nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasını gözə almayan şəxsin (nəzərə alınsa ki, həmin avtomobilin cərimə meydançasından götürülməsi şəxsin cəriməni ödəməsindən asılı olmaqla hətta həmin gün də mümkün idi) törətmədiyi cinayətlə əlaqədar cəzaya məruz qalmasını gözə alması real deyildir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağız büküm və sol yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsi çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin metamfetamin olduğunu, əvvəllər metamfetamin istifadə etdiyini, həmin metamfetamini işlədiyi taksi avtomobilindən tapdığını və götürüb üzərində saxladığını bildirmiş, hətta təhqiqatçı tərəfindən ona bir neçə dəfə həmin tapdığı maddənin psixotrop maddə olub-olmamasını bilib-bilməməsi barədə sual ünvanlanmış, hər dəfəsində Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bilərək üzərində daşıdığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə iclasında şahidlərdən Şahid2 və Şahid1 istintaq zamanı verdikləri ifadələrlə hazırda məhkəmə iclasında verdikləri ifadələrdə müəyyən nüanslarla bağlı aşkar olunmuş ziddiyyətlərlə bağlı isə məhkəmə hadisənin üzərindən uzun zaman keçdiyini, polis əməkdaşlarının hər gün müxtəlif tədbirlərdə iştirak edərək müxtəlif şəxsləri saxladıqlarını nəzərə alaraq onların müəyyən detlları unutmalarının və səhv salmalarının mümkün olması qənaətinə gəlir. Həmçinin, məhkəmə iclasında onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunduqdan sonra şahidlər Şahid2 və Şahid1 hadisə ilə bağlı müəyyən məqamları unutduqlarını və ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə, saat 05:30-dan tutulmuş hesab edilmişdir (i.v.14). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.95-97). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.99-100). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.131- 132). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2011-ci il təvəllüdlü (X6) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla (Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə, saat 05:30-dan tutulmuş hesab edilmiş, 22 iyul 2023-cü il tarixdə, saat 11:20-dən 13:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan (taksi fəaliyyəti ilə məşğul olması nəzərə alınaraq) vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,329 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-980/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-980/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver